Nəsib bəy Yusifbəylinin Ankarada infarkt keçirən oğlu - Araşdırma + Foto

 

 

1902-ci il.

17 il sonra müstəqil Azərbaycan Cümhuriyyətinin Baş naziri olacaq şəxs Odessa şəhərində ali təhsil alır. Odessa Universitetinin Hüquq fakültəsində oxuyan bu gənc azərbaycanlı tələbələrlə birlikdə “Həmyerlilər” təşkilatını qurur, gənc yaşlarından ictimai-siyasi fəaliyyətə qatılır. Həmin illərdə bir çox türk tələbə kimi, Bağçasarayda yaşayan yazıçı-publisist, maarifçi, düşüncə adamı, məşhur “dildə, fikirdə, əməldə birlik” ideyasının müəllifi İsmayıl bəy Qaspıralını görməyə gedir.

Gələcək Baş nazir Nəsib bəy Yusifbəyli idi. O, Bağçasarayda təkcə İsmayıl bəylə deyil, onun qızı Şəfiqə xanımla da tanış olur və bu tanışlıq bir müddət sonra evliliklə nəticələnir. 1906-cı ildə onlar ailə həyatı qururlar. Həmin ilin sentyabrında gənc ailə Gəncəyə gəlir, Şəfiqə xanım Nəsib bəyin ailəsi ilə tanış olur. Bu evlilikdən onların Zöhrə və Niyazi adlı iki övladı doğulur.

Sonralar Nəsib bəylə Şəfiqə xanım faktiki ayrılsalar da, onların bir-biri ilə məktublaşmalarında övladlarına olan məhəbbətlərinin nə qədər güclü olduğunu görürük. Bir məktubunda Nəsib bəy yazır: “Uşaqları xatırladıqca, varımdan yox oluram. Yuxum ərşə çəkilib, rahatlığım itib”. Onların ayrılığına Nəsib bəyin Gəncədə başqa bir qadınla münasibəti səbəb olmuşdu.

Azərbaycan Cümhuriyyəti dövründə Şəfiqə xanım ərinin vətəninə gəlir. Burada Xalq Maarif Nazirliyi yanında uşaq bağçaları üçün tərbiyəçilər hazırlayan kurslar təşkil edir, dövri mətbuatda qadın azadlığı mövzusunda yazılarla çıxış edir. Cümhuriyyətin işğalından, 1920-ci il mayın əvvəllərində Nəsib bəyin Kürdəmir qəzasında müəmmalı şəkildə qətlə yetirilməsindən sonra Türkiyənin Azərbaycandakı səfiri Mahmud Şövkət Əsəndalın köməyi ilə Türkiyəyə gedə bilir.

Bu zaman Nəsib bəyin oğlu Niyazinin 12 yaşı vardı. Sonralar atasından xəbər aldığı son məkan olan Kürdəmirin adını soyad kimi götürən Niyazi Yusifbəyli 1908-ci ildə Gəncədə anadan olub. Professor Hacali Nəcəfoğluna görə, Şəfiqə xanım Niyazi adını Türkiyə tarixində önəmli yeri olan İttihad və Tərəqqinin mühüm simalarından Resneli Niyaziyə (1873-1913) görə qoyması ehtimal edilə bilər. Çünki atası İsmayıl bəyin Jön-Türklərlə yaxın münasibəti vardı.

Qaspıralı qızına yazdığı məktublarda nəvəsi Niyazi haqqında da bəhs edib. Məsələn, 8 iyul 1911-ci ildə Şəfiqə xanıma göndərdiyi məktubunda Qaspıralı yazır: “Sevgili Şəfi. Uşaqlar elə sağlam və şəndirlər ki, onlar haqqında mənim yazmağıma və sənin qayğılanmağına gərək yoxdur. Hər sabah yatağıma qədər gəlib onları qovanadək çəkişdirirlər”.

İşğal günü, mühacirətin başlanğıcı

Mühacirətdə nəşr olunan “Mücahid” jurnalının 8-ci sayında Niyazi Yusifbəyli imzası ilə “Aprel 1920 və bir xatirə” başlıqlı yazı dərc olunub. 27 aprel işğalı ilə bağlı bu yazıda Niyazi bəy Yusifbəylilər ailəsinin həmin gün yaşadığı hadisələrə toxunub:

“…Nəhayət, məşum an gəlib çatdı. O axşam Dr. Ağayevlərdəyik. Söhbət arasında insafsız istilaçıların hüdudumuzu keçdiyi söylənilir. Bunların qarşısını alacaq şanlı ordumuz haradadır? Axı bu ordunu neçə dəfə gözlərimiz yaşararaq, iftixardan sinəmiz qabararaq Bakı və Gəncədəki paradlarda seyr etmiş, dünyaya meydan oxuyacaq qənaətinə gəlmişdik. Halbuki, qəhrəmanlarımız bu kritik anlarda vətənin uzaq bir köşəsində ermənilərin hərəkatı ilə məşğuldu”.

Niyazi bəyin yazdığına görə, həmin gecə Gəncəyə getməyə qərar verilib: “Tələsik yeyilən yeməklərdən sonra gərəkli olan ehtiyaclar üçün zəruri əşyalar alındı, son dəfə Baş nazirliyin maşınına minildi. Boş və səssiz küçələrdən sürətlə keçilərək gur vağzal binasına gəlindi. Kupelərə yerləşdik. İntizar başlandı”.

Lakin bu əsnada artıq bolşeviklər hakimiyyəti ələ keçirdikləri üçün hər tərəf silahlı şəxslərlə dolu idi. Silahlıların ilk hücum etdikləri yerlərdən biri də vağzal olur. Qatar təxliyyə edilir. Nəsib bəyin ailəsi piyada şəkildə şəhərin uzaq bir köşəsinə yola düşürlər. Niyazi bəy yazır ki, bu yürüyüş mühacirətin başlanğıcı idi.

Zərdabinin oğlu ilə bir arada

Ailə İstanbula gəldikdən sonra Niyazi Qalatasaray liseyində orta təhsil alır, ardınca İstanbul Universiteti Dil və tarix fakültəsinin tarix bölümündə oxuyur, buradan məzun olur. 1939-cu ildə “Hiung-nular” adlı elmi işi müdafiə edir. Bir müddət müəllimlik edir (1940-cı illərdə Ərzurum liseyində), daha sonra Bədən Tərbiyəsi Ümummüdirliyində çalışır. Rusca və fransız dillərində bildiyi üçün bu qurumun xarici əlaqələr şöbəsində fəaliyyət göstərir.

Niyazi bəy gənclik illərindən etibarən mühacirlərin Türkiyədə qurduqları ilk təşkilatlarda təmsil olunub. 1920-ci illərin sonunda İstanbulda Müsavat Partiyası Xarici Bürosunun Mədəniyyət Komitəsinin nəzdində Azəri-Türk Gənclər Birliyi yaradılır. Təşkilatın sədri Cümhuriyyət deputatı Məhəmmədsadıq Aran olur. Təşkilatın katibi İsmayıl Sarı İmanquluoğlu seçilir. Fəal üzvlər isə Şəfi bəy Rüstəmbəyli, Səlim Ağasıbəyli, Məhəmməd Ağaoğlu, Niyazi Yusifbəyli, İsgəndər xan Xoyski, Mirzə Hacızadə, Hüseyn Camalbəyov olur.

Niyazi bəy 1952-ci il fevralın 8-də Ankarada təsis edilən Azərbaycan Milliyyətçilər Dərnəyinin qurucu üzvlərindən olub. Nizamnamədə dərnəyin qurucuları kimi bu şəxslər göstərilib: Əhməd Ulusoy (mühasib), Əli Taşkənt (mühəndis), Çingiz Göygöl (inşaatçı), Hidayət Turanlı (mühəndis), İsa Göçər (mühəndis), İsgəndər xan Xoyski (hüquqşünas), Qadir Dilican (mühəndis), Mehmet Altunbay (pilot), Nağı Bayramgil (mühasib), Niyazi Kürdəmir (müəllim), Səfvət Zərdabi (mühəndis).

Tale Nəsib bəy Yusifbəylinin oğlu ilə Həsən bəy Zərdabinin oğlunu bir araya gətirmişdi.

Qurulan dərnəyin “Türk izi” adlı mətbu orqanı da fəaliyyətə başlayır. Aylıq türkçü dərgi kimi təqdim edilən jurnalın nəşriyyat müdiri Şirin Şirvanlı idi. Jurnalın ilk sayında (1952-ci il, may ayı) Niyazi Kürdəmirin “Azərbaycan və mühacirətlər” başlıqlı məqaləsi dərc olunub. Yazıda qədim dünya dövründən orta əsrlərədək Azərbaycan ərazisinə köç edən tayfalardan, xalqlardan bəhs edilir. Bu yazısında o, digər mühacir Mirzəbala Məhəmmədzadənin “Azərbaycan tarixində Türk Albaniya” (1951) kitabına ad çəkmədən qarşı çıxır. Jurnalın növbəti saylarında N.Kürdəmirin “Erməni və gürcü ittihadı”, “Aktual məsələ”, “Dərsdən ibrət almayan qafillər”, “Qovma və təkrar qəbul” adlı məqalələri dərc olunub.

“Türk izi” jurnalı Azərbaycanın istiqlal mübarizəsi tarixində önəmli yer tutsa da, təəssüf ki, mühacirətdaxili qarşıdurmalarda davamlı yer alıb, Müsavat Partiyası və Məhəmmədəmin Rəsulzadə əleyhinə yazılar dərc edib. Niyazi bəy də bu qarşıdurmada tərəf kimi çıxış edib.

Niyazi bəyin əməkdaşlıq etdiyi digər nəşr “Mücahid” dərgisidir. Bu jurnalın sahibi Çingiz Göygöl, müdiri isə Səfvət Zərdabi olub. Niyazi bəy qohumu olan Çingiz bəylə yaxın dost olub. Niyazi bəy bu jurnalda bir neçə yazı qələmə alıb, Jean Bruce adlı müəllifin “Miq təyyarəsini necə qaçırdım” adlı əsərini silsilə şəkildə tərcümə edib.

Niyazi Yusifbəyli 1964-cü il dekabr ayının 25-də gecə saatlarında Ankaradakı evində keçirdiyi infarkt nəticəsində vəfat edib.

“Cümhuriyyət” qəzetində dərc olunan elanda yazılıb: “Təəssüflə xəbər aldığımıza görə, Futbol federasiyası xarici əlaqələr müdiri Niyazi Kürdəmir keçirdiyi ani infarkt nəticəsində dünən gecə vəfat etmişdir. İstanbulda oynanılan Bolqarıstan milli oyununun təşkilati işlərində xeyli yorulan Kürdəmir Ankaraya döndükdən sonra dünən Ankara yolu ilə Sofiyaya keçən müsafirlərə Ankaranı gəzdirmiş və yola saldıqdan sonra Federasiya bürosuna gəlmişdir. Federasiyada da bir müddət çalışan Kürdəmir hər zamankı kimi dostları ilə zarafat edərək ayrılmış və gecə evində keçirdiyi infarkt nəticəsində gözlərini həyata yummuşdur”.

Qeyd edək ki, Niyazi bəy Nəzakət adlı xanımla ailə həyatı qurub. 1945-ci ildə oğlu dünyaya gəlib. Oğluna atasının adını verib. 2015-ci ilin dekabrında oğlu Nəsib Yusifbəyli vəfat edib. Niyazi bəyin qızı Şaika xanım hazırda Ankarada yaşayır.

Nəsib bəyin qızı, Niyazinin bacısı Zöhrə xanım isə Azərbaycan Cümhuriyyətinin xaricdə təhsil almağa göndərdiyi yüz tələbədən biri olan Mirzə Hacızadə (Göygöl) ilə ailə həyatı qurub.

Taleyinə ərindən sonra övladının da vəfatını görmək yazılan Şəfiqə xanım isə 1975-ci ilin 31 avqustunda həyata gözlərini yumub, sentyabrın 1-də Zincirliquyu məzarlığında dəfn olunub.

Dilqəm Əhməd
Araşdırmaçı-jurnalist

0.66177487373352