Yeni Milli Məclisin "köhnə" sakinləri

Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]

 Seçilən rəhbərlik suallara cavab verəçəkmi?

 Növbədənkənar parlament seçkisinin nəticəsi xalqın gözləntisini doğrultmadı. Xalqın seçdiyi yox, yenə də hakimiyyətin seçdiyi adamlar yenilənmiş parlamentdə əyləşdi. Möcüzə baş vermədi. Köhnə saxtakarlıq metodları işə salındı. Xalqın gözü görə-görə, səsi oğurlandı. Beləcə, Xalqın Prezidentin sözünə inanıb ümid bəslədiyi növbədənkənar parlament seçkisi də, islahatlara müqavimət göstərən məmurların müqavimətilə, özündən əvvəlki növbətilərin təkrarı oldu. «Yenilik» ondan ibarət oldu ki, özünü parlamentə yararsız hesab edib, buraxan parlamentin qoca tərkibi yenidən MM-ə qayıtdı. Xalq aldandığına üzüldü və məyus oldu. "Köhnə qvardiya", "5-ci Kalon" Prezidentin xalqa vəd etdiyi "demokratik və şəffaf seçki, xalq kimə səs versə, o şəxs də Milli Məclisdə əyləşəcək,"- vədinin gerçəkləşməsinə imkan vermədi.

Rusiya prezidenti V. Putinin dünyada təlxəyi kimi tanınan partiya sədri V. Jirinovskınin seçki ərəfəsində "Rusiyanın əleyhinə olanlar Azərbaycan Milli Məclisinə düşməməlidir!,"- çağırışına tam əməl olundu. Bununla bu seçkidə də Rusiyanın vassalı olduğumuz təsdiqləndi. Bu, həm də o deməkdir ki, Rusiya ərazimizin 20 faizini alıb ermənilərin işğalına verməsi ilə kifayətlənmir, ölkəmizin idarə olunmasını da nəzarətində saxlayır.

Əslində, qeyd etdiyim hal ölkə vətəndaşları üçün yenilik, sirr deyil. Dünyanın nüfuzlu dairələri də bilir ki, Azərbaycanın və SSRİ-nin tərkibindən çıxan ölkələrin tam müstəqil olması Rusiya imperiyasının çökməsi və parçalanıb, yerində yeni müstəqil dövlətlərin yaranmasından keçir. Hazırda bu hadisənin baş tutması üçün dünya gücləri şər imperiyasını çökdürməyin yollarını arayırlar...

Gəlin, mövzudan uzaqlaşmayaq. Yeni parlamentin ilk toplantısında spiker seçilən Sahibə Qafarova barədə cəmiyyətdə dolaşan bir neçə fikir üzərində dayanaq.

Qəbul etsək də, etməsək də, sosial şəbəkələrin müasir dövrün aynasına çevrildiyini inkar etmək mümkün deyil. Bu sosial şəbəkələrdə və müstəqil mediada MM-in yeni spikeri seçilən Sahibə Qafarovanın Rusiyanın kadrı kimi irəli çəkildiyi xüsusi olaraq vurğulanması təsadüfi deyil. Bu, həm də Sahibə Qafarovanın Azərbaycanın müstəqilliyinin inadkar düşmənlərindən biri, Rusiyanın dövlətimizə qarşı məkrli planlarının memarı və müəllifi Yevgeni Primakovun 90 illik yubileyinin Azərbaycan Dillər Universitetinin prorektoru olaraq, təntənəli şəkildə qeyd edilməsini təşkil edənlərdən biri olması ilə izah olunur...

Sahibə Qafarovanın MM-ə spiker seçilməsini xanımın YAP-ın fəal üzvlərindən olması, professorluğu, bir neçə xarici dil bilməsi, ölkənin birinci vitse-prezidentinə yaxın olması və digər keyfiyyətlərlə izah edənlərin əsas məqsədi isə, əslində, ölkə rəhbərliyinin öz iradəsi ilə deyil, məcburən Rusiyanın təsiri altında olması faktorunu ört-basdır etməyə xidmət etdiyini siyasi proseslərdən normal baş çıxaran hər kəs yaxşı başa düşür. Amma dünyanın hazırkı şəkillənməsində elə arxitektura formalaşıb ki, ölkənin hərbi, siyasi, iqtisadi təhlükəsizliyini təmin etmək məsələsinin həllində gücün həlledici rola malik olduğunu da unutmaq mümkün deyil. Bu baxımdan, ölkə rəhbərliyinin Rusiyanın rəhbər elitası ilə isti münasibət qurmasına, hətta ölkənin idarə olunmasına cəlb olunan kadrların təyinatında onların rəğbət bəslədiyi şəxslərə etimad göstərilməsinə haqq qazandırmaq mümkündür. Dünyanın siyasət tarixinə diqqət yetirsək, belə hallara aid xeyli nümunələr, özünü doğrultmuş hallarla qarşılaşarıq.

Ölkədə aparılan islahatların, daxili və xarici siyasətin Prezident tərəfindən müəyyən edildiyini və həyata keçirildiyini nəzərə alanda, MM-in formalaşmasında və yeni rəhbərliyin seçilməsində qeyd etdiyim mənfi nüansların ölkədə təhlükəli nəticə verəcəyinə inanmıram. Bir şərtlə ki, hakimiyyət tərəfindən cibinə deputat mandatı qoyulan bütün şəxslər ölkə rəhbərliyinin onlara verdiyi avans şansı doğrultmaq üçün çox iş görməlidirlər. Ölkə qanunlarını pozmaqdan çəkinməlidirlər, bizneslə məşğul olmağa, onların yaxınlarının adına qurduqları, lakin özlərinə məxsus olan ticarət şəbəkələrində vergidən yayınma hallarına son qoymalıdırlar. Daim seçicilərilə görüşməlidirlər, onların problemlərinin həlli ilə məşğul olmalıdırlar. Xalqın ayağına getməlidirlər, insanları incidən, əzən, soyan, talayan, haqqına girən məmurların əlinə baxmaqdan, onların əlavəsinə çevrilmiş acizlikdən qurtarmalıdırlar və əksinə, məmurların fəaliyyətinə nəzarət edən fiqura çevrilməlidirlər. Məmur özbaşınalığına, ölkəni məhv edən rüşvətxorluğa və korrupsiyaya qarşı ciddi mübarizə aparmaqla, ölkə Prezidentinin həyata keçirdiyi dərin islahatlara fəal dəstək verməlidirlər.

Əgər deputatlar öz vəzifələrini normal icra edərlərsə, seçicilərin problemlərinin həll olunmasında seçki zamanı üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirərlərsə, xalqın da onlara hörmətlə yanaşacağına heç kim şübhə etmir.

1.4818589687347