"Azərbaycan multikulturalizmi" fənni İsveçrə, İndoneziya və Rusiya universitetlərində

Stüart Adams: "Azərbaycan dünyada dini azadlıqlara göstərdiyi hörmətə və dinlərarası tolerantlığa görə tanınır"

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) Azərbaycan multikulturalizminin ölkəmizdə və eləcə də dünyanın bir çox bölgələrində təbliği və təşviqi istiqamətində fəaliyyətini mütəmadi olaraq davam etdirir. Burada əsas məqsəd ölkəmizdə mövcud olan multikultural və tolerant mühiti dünya birliyinə təqdim etməklə yanaşı, həm də dünyada dinlər və millətlər arasında birgəyaşayışın təminatı üçün bu dəyərlərin vacibliyini ortaya qoymaqdır.

Son illər ölkəmizdə, eləcə də dünyanın müxtəlif yerlərində bu mövzuda keçirilən çoxsaylı beynəlxalq tədbirlər də, bu məqsədlərin həyata keçirilməsinə xidmət edir.

BBMM-in bu istiqamətdəki fəaliyyətinin nəticəsidir ki, Azərbaycan multikulturalizmi bu gün dünyanın bir çox yerlərində birgəyaşayış nümunəsi kimi qəbul olunur.

Bu yaxınlarda BBMM-in bilavasitə təşkilatçılığı ilə ölkəmizi təmsil edin bir qrup nümayəndə heyətinin ABŞ-ın Yuta ştatına səfəri də eyni məqsədi daşıyır.

Azərbaycanın Los- Ancelesdəki Baş Konsulluğu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və ABŞ-ın Stirlinq Fondunun birgə təşkilatçılığı ilə baş tutan bu səfərdə Azərbaycanın müxtəlif dini icmaları və dövlət qurumlarının nümayəndələri təmsil olunublar.

Azərbaycan nümayəndə heyətinin iştirakı ilə Yuta Ştat Senatında plenar iclas keçirilib. İclas zamanı Azərbaycanın dinlərarası harmoniya və multikulturalizm ənənələrini təqdir edən bəyannamə qəbul edilib. Bəyannamədə Azərbaycandakı dinlərarası tolerantlıq mühiti təsvir olunaraq, bu mühitin gücləndirilməsində Azərbaycan hökumətinin xüsusi rol oynadığı qeyd olunub. İclasda qəbul edilən bəyannaməni Senator Cin Deyvis (Gene Davis) tədbir iştirakçılarının diqqətinə çatdırıb. İclasda çıxış edən Yuta Senatının sədri Stüart Adams Azərbaycanın dünyada dini azadlıqlara göstərdiyi hörmətə və dinlərarası tolerantlığına görə tanındığını xüsusi qeyd edib.

Bəyannamənin qəbul olunduğu plenar iclasda Azərbaycanın Los -Ancelesdəki baş konsulu Nəsimi Ağayev, BBMM-in icraçı direktoru Rəvan Həsənov, DQİDK sədrinin müavini Gündüz İsmayılov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski və Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Elnur Əfəndiyev iştirak edib.

Azərbaycanın Los- Ancelesdəki baş konsulu Nəsimi Ağayev plenar iclasda çıxış edərək, ölkəmizdə mövcud olan multikultural ənənələri yüksək dəyərləndirdiyinə görə Yuta Senatına təşəkkür edib. Səfir həmçinin çox çətin bölgədə yerləşən Azərbaycanın bu gün dinlərarası harmoniya baxımından gözəl bir örnək olduğunu, ölkəmizdə müsəlman, xristian, yəhudi və digər dinlərin nümayəndələrinin qarşılıqlı hörmət və qardaşlıq şəraitində birgə yaşadıqlarını bildirib.

Azərbaycan nümayəndə heyəti səfər müddətində həm də  Yuta Ştat Senatının sədri Stüart Adams, Yuta Ştat Nümayəndələr Palatasının spikeri Bred Uilson və ştatın paytaxtı Solt Leyk Siti şəhərinin meri Erin Mendenholi ilə maraqlı görüşlər keçirib, onlara ölkəmizin qədim tolerantlıq və birgəyaşayış ənənələri, eləcə də Azərbaycan multikulturalizm modeli barədə ətraflı məlumat veribr.

Daha sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, ABŞ Stirlinq Fondunun və Azərbaycanın ABŞ-dakı Konsulluğunun birgə təşkilatçılığı ilə ABŞ-ın Sutherland İnstitutunda Yuta ştatının qabaqcıl elm, mədəniyyət, din və biznes adamlarının iştirakı ilə Azərbaycan multikulturalizm modelinə həsr edilən daha bir geniş tədbir keçirilib. Tədbirdə çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Azərbaycan Respublikasının əsas dövlət siyasəti istiqamətlərindən biri olan Azərbaycan multikulturalizmi sahəsində görülən işlərdən danışıb. O, həmçinin dövlətin bütün dini və milli icmalara göstərdiyi diqqət və qayğı, Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi layihələr barədə tədbir iştirakçılarına geniş məlumat verib. Tədbir Sutherland İnstitutunun facebook səhifəsində canlı yayımlanıb.

Onu da diqqətinizə çatdıraq ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi" layihəsi çərçivəsində gördüyü işlər bu gün də davam edir. Bu baxımdan İsveçrə, İndoneziya və Rusiya universitetlərində "Azərbaycan multikulturalizmi" fənni üzrə növbəti mühazirələrin təqdim olunması da, prosesin davamlı şəkil aldığını göstərir. Qeyd edək ki, İsveçrənin nüfuzlu Frayburq Universitetində fənnin tədrisini Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Rəfi Qurbanov,  İndoneziyanın  Qacah Mada Universitetində Azərbaycan Dillər Universitetinin professoru Həbib Zərbəliyev, Rusiyanın Ural Federal Universitetində professor Aleksandr Nesterov həyata keçirir. Onların verdikləri məlumata görə, təqdim edilən mövzular tələbələr tərəfindən böyük maraqla qarşılanır.

Bu günlərdə İsveçrədən qayıdan Rəfi Qurbanov tədris prosesiylə bağlı sualları cavablandıraraq deyib: "Mühazirələr cari ilin 19-29 fevral tarixlərində BBMM-in və Frayburq Universitetinin "Sosial elmlər" fakultəsinin təşkilatçılığı ilə keçirilib. Dərslərdə tarix, sosial elmlər, ilahiyyat və antropologiya fakultələrinin tələbələri iştirak ediblər. Ümumilikdə 20-dən çox tələbənin iştirak etdiyi dərslərdə "Mədəni müxtəliflik kontekstində milli kimlik", "Dövlət-din münasibətləri", "Radikalizmlə münbarizədə dini icmaların rolu", "Milli dəyərlərin təbliğində dövlət siyasəti" və digər mövzular ətrafında geniş müzakirələr aparılıb". Rəfi Qurbanov qeyd edib ki, müzakirələr zamanı Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövzuya da toxunulub, işğal olunmuş ərazilərdə milli və mənəvi dəyərlərimizin ermənilər tərəfindən vəhşicəsinə məhv edilməsi diqqətə çatdırılıb, tələbələri maraqlandıran suallara ətraflı savab verilib. Bu da maraqlı faktdır ki, aparılan müzakirələrə həm də həmin universitetlərin sosial elmlər fakultəsinin professor - müəllim heyəti  böyük maraq göstərir və onlar da mütəmadi olaraq müzakirələrə qoşulurlar. Son müzakirələr zamanı Multikulturalizm Mərkəzi ilə Frayburq Universiteti arasında mövcud əməkdaşlığın genişləndirilməsi perspektivləri geniş təhlil olunub.

Professor Həbib Zərbəliyev isə İndoneziyanın Qacah Mada Universitetində də mühazirələrin uğurla davam etdiyini bildirərək qeyd edib ki, fevralın 26-da keçirilən dərsi Xocalı söyqırımına həsr ediblər. Bu dərs zamanı ermənilərin Azərbaycana qarşı işğalçılıq siyasəti və Xocalı soqırımı haqqında iştirakçılara  ətraflı məlumat verilib. Xocalı soyqırımı ilə bağlı çəkilən sənədli filmlər ("Khojaly genocide documentary", "Endless corridor"- İndoneziya dilində subtitrlərlə) nümayiş olunub və tələbələrin faciə ilə bağlı sualları cavablandırılıb.

BBMM-dən aldığımız məlumata görə, "Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi" layihəsi çərçivəsində bu semestrin sonunadək Koreya, İtaliya və Gürcüstan universitetlərində də "Azərbaycan multikulturalizmi" fənninin tədrisinin həyata keçirilməsi planlaşdırılır. Azərbaycanın beynəlxalq aləmdə müsbət imicinin möhkəmləndirilməsi, ölkə həqiqətlərinin dünyaya çatdırılması, eləcə də mədəni müxtəlifliyin idarə edilməsi sahəsində əldə etdiyi uğurlu təcrübənin təbliği də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin qarşısında duran əsas vəzifələrdən biridir. Məhz buna görə də, BBMM Azərbaycan multikulturalizminə həsr edilmiş mühazirələri digər xarici ölkə universitetlərində də davam etdirir.

Onu da qeyd etmək vacibdir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti təkcə xarici ölkələrdə gördüyü təbliğat işləri ilə məhdudlaşmır.

Mərkəz həmçinin Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondu ilə birgə nəşri olan "Multikulturalizm" jurnalı vasitəsi ilə ölkə daxilində də öz fəaliyyətini davam etdirir. 

Jurnalın son nömrəsi Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycanlıların Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Azərbaycan xalqına təbriki ilə açılır. Daha sonra Dünya dini liderlərinin II Bakı Sammitinin gündəliyi çap edilib. Jurnalın rəsmi bölməsi bu materialla bağlanır.

Jurnalın "Tolerantlıq" bölməsində BBMM-in İcraçı direktoru Rəvan Həsənovun  və Leyli Quliyevanın rus dilində məqalələri dərc olunub. "Multikulturalizm məsələləri" rubrikasında isə BBMM-in əməkdaşı Araz Qurbanovun "Multikultural təhlükəsizlik: problemlər və vəzifələr", eləcə də  Ceyhun Məmmədovun "Multikultural təhlükəsizliyin təmin olunmasında din amilinin rolu" məqalələri yer alıb.

"Çoxmədəniyyətlilik" rubrikasında isə Mərkəzin Analitika şöbəsinin rəhbəri Rəşad İlyasovun "Professor Aida İmanquliyevanın yaradıcılığında multikultural inteqrasiya tendensiyası" adlı məqaləsi çap olunub.

Bütün qeyd olunanlar onu deməyə əsas verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi istər ölkəmizdə, istərsə də ölkəmizin hüdudlarından çox-çox uzaqlarda belə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılıması istiqamətində çox böyük işlər görür. Məhz bu fəaliyyətin nəticəsidir ki, Azərbaycan multikulturalizmi modeli bütün sivil cəmiyyətlərdə nümunə kimi qəbul olunur.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

1.4628908634186