Əlavə şərhsiz...

Korlanan zövqlər, reytinq yığan televerlişlər

“Su daşı itiləyər”, deyib atalar. Doğrudur, ataların dediklərini çox hallarda söhbətinin məğzinə, fikrinə, məqsədinə uyğun seçənlər də olur. Bəziləri atalar sözləri olmadan öz fikrini əsaslandıra bilmir, bəziləri onların deyimlərinin əbədiyaşar olduğunu, daim müasirliyini qoruyub-saxladığını söyləyir. Elələri var ki, atalar sözlərini qəbul etmir, öz eqosunu önə çəkir, bu sözlərin hikmətini aşağılamaq üçün dəlil-sübutlar gətirir, ictimai qınağa tuş gəlməyi də gözardı edib, yalnız beyninə girəni dilinə gətirir.

Bəli, atalar sözləri barədə istənilən qədər danışmaq olar. O atalar ki, onlar üçün mövzu qıtlığı olmayıb, hansı sahəyə baxsaq, mütləq o barədə yaxşı bir atalar misalı görəcəyik. Həmin maraqlı, ibrətamiz sözlərdən biri də belədir: “Ədəb bazarda satılmaz”... Bəli, satılmaz, onun hansı mənada deyildiyini də məhz ariflər bilər.

Lakin müasir dünyamızda ədəb-ərkanın gerilik kimi təqdim edildiyi ciddi məkanlar da mövcuddur. Həmin məkanlardan biri də efirdir.

Yadımda deyil konkret neçə vaxtdır, amma son onillikdə efirin məhz tərbiyəni, milli adət-ənənələri, daşlaşmış mənəviyyat qaydalarını pozduğu dəqiqdir. O zaman ki mədəniyyət, incəsənət sahəsinə təsadüfi düşən adamları ciddiyə alaraq televiziyalara buraxdılar, elə onda da millətin “evi yıxıldı”. Çünki insanlar, əksər əhali qrupu televiziya kanallarını əsrarəngiz, zəhmli, əlçatmaz bir qala kimi təsəvvür edirdi. Bu təsəvvürlə də ora düşən, səsi ordan gələn, o mərtəbədən, yəni “yuxarılar”dan “aşağılara” məsləhət, tövsiyə verən adamların dediyi hər kəlmə, söylədiyi bir cümlə də təbərrük kimi idi. O “uca”lıqdan deyilənlərin, diqtə edilənlərin, bir sözlə, beyinlərə yeridilənlərə qeyd-şərtsiz əməl edilməsinin qarşısını alacaq bir qüvvə də yox idi. Kim bu deyilənlərin əksini söyləsəydi, yaxud, onların dediklərinin əsassız, yalan, şər-böhtan olduğunu desəydi, yalançı, saxta qalmaqalların böyük bir reklam oyunu olduğunu açıb ortaya töksəydi, o adamı yerindəcə linç edərdilər. Əlbəttə, gerizəkalılıqdan tutmuş, gözügötürməzliyə kimi sözlər eşitmək beyni aydın insan üçün ən ağır ittihamdır. Bu “linç”i isə zaman-zaman əksər aydınların aqibətində gördük.

Bu gün ümumi adı müxtəlif, mahiyyəti isə eyni olan müasir efir məkanında kimi istəsən tapmaq olar; müğənnidən tutmuş aktyoradək, yaxud, müğənni-aktyordan başlamış, aparıcı-artistədək, hamı efirdədir. Bugünün saatsazı, sürücüsü, satıcısı, dərzisi, zərgəri təkcə sənətkar deyil, həm də özünü efir məkanının “sənətkar”ı hesab edir. Bu hesabetmənin nəticəsi də göz qabağındadır – efirdən sənət naminə, sənət adından heç nə səslənmir, hamı “mənəm-mənəmlik” iddiasıyla zəbtetməklə məşğuldur. Əlbəttə, təkcə teleefiri deyil, kütləvi tamaşaçı, dinləyici zövqünü, bütövlükdə insan mənəviyyatını “işğal” edən, yerindən ertə duran, yuxudan erkən oyanan istənilən kateqoriyadan olan şəxs üçün daim açıq olan bir qapı var – EFİR!

Burda söz demirəm, yalnız atalar sözlərindən bəzisini misal gətirəsiyəm, məsələn, “məscidin qapısı açıqdır, itin də həyası gərək”, “nə qanır, nə qandırır”, “qamış ola, gomuş ola, görməmiş ola...” və s. və i. Siyahını uzatmaq da olar, amma yenə də atalar demiş, “söz ki var, dəmirdir, vurduqca uzanar”...

Maraqlıdır, bu millət bəs nə vaxt illərdir danışıb müzakirə açdığımıza, yazdığımıza qoşulacaq, sözümüzə dəstək, səsimizə səs verəcək, korlanmış zövqünün müdafiəsinə qalxacaq? Axı “söyləyəndən dinləyən arif gərək”, deyib müdrik atalar...

Bəlkə də telekanalların bugünkü xaotik bulantısından tamaşaçıya sırınanlarda bizlər də günahkarıq, axı hər halda, efirin bütün hallarda şouya çevrilməsini ictimailəşdirənlərin, onu kütləviləşdirənlərin də günahı az deyil. Bu məqamda, “öz gözündə tiri görmür, basqasında tük axtarır”, atalar sözü nəzərimizə çatdırılmamış, mənəvi aşınmada rolu olanların hər birini açıq-aşkar qeyd edirik...

Bəli, cəmiyyətimizdə hər dürlü insan, hal-xasiyyət, xarakter yiyəsi var. Lakin onların hamısına eyni prizmadan baxılması tamamilə yolverilməzdir. Ən azından, bugünün tamaşaçısı bütövlükdə, əksəriyyətdə tək şou zövqlü deyil. Amma onlara müxtəlif efirlərdən, televiziya kanallarından eyni münasibət, veriliş və proqramlar, telelayihələr təqdim edilir.

Nəticədə, insanlara, bütöv cəmiyyətə məcburi tamaşaçılıqla korlanmış mənəviyyat, yanlış zövq aşılanır. Necə deyərlər, “bir ziyandan min böhtan doğur”. Tamaşaçı zövqünə etinasızlığın, bu kütləviliyin fonunda özünü “Bağdadda kor xəlifə” hesab edənlər üçün hazırkı efir açıq bazar rolunu oynayır. Bax, elə belə yerdə deyirlər: “Matahın matah olunca, bazarın bazar olsun”...

Hələ ki bu qədər. Mənəvi dəyərlərin itirilməməsi üçün günün vacib məsələlərindən vaxtaşırı bəhs edəcəyik. Çünki o barədə istənilən həddə deməyə söz, etməyə söhbət var. Atalar bu yerdə necə deyib?- “Söz var el içində, söz var ev içində”. Biz də hamımızın ümumi evimiz olan ölkəmizin doğrudan da rifahı, inkişafı və gələcəyi üçün narahatlığımızı, nigarançılığımızı el içinə çıxardıq. Bu məqamda, bizi kimlərsə qınaya da bilməz. Onsuz da heç kim çatışmazlıqlardan xali deyil. Necə deyərlər, “dünyada qüsursuz iki insan var, onun da biri ölüb, o biri isə doğulmayıb”...

 Nigar Orucova 

0.87122011184692