Sahil Babayevin "çəpiş" alveri

Kəskin təzad - sosial iş və "ödənişli"

 Artıq bir neçə ildir ki, respublikamızda işsizliyin azaldılması istiqamətində müxtəlif istiqamətli layihələr həyata keçirilir. Belə ki, bir tərəfdən dövlət şirkətlərində ştatların sayı lazım oldu-olmadı artırılır, digər tərəfdən rayonlarda əhali ödənişli sosial işlərə cəlb edilir, özünüməşğulluq layihəsi həyata keçirilir və s. Lakin bu qədər layihələr həyata keçirilsə də, ölkədə işsizlər ordusunun sayı azalmır. Bu yazıda biz həmin layihələrin Avropada ciddi uğur qazanmasına rəğmən, Azərbaycanda iflasa uğramasının səbəbləri barədə söhbət aça-cağıq.

Onu da bəribaşdan qeyd edim ki, Avropada nə böyük dövlət şirkətlərin, nə də onların ştat cədvəllərinin şişirdilməsi hallarına rast gəlinmir. O ki qaldı ödənişli sosial işlərə, bu barədə bir qədər ətraflı danışmağa ehtiyac duyuruq. İlkin olaraq qeyd edək ki, "sosial iş" anlayışı ilə "ödənişli" anlayış bir araya sığmır. Çünki bütün dünyada sosial işlər könüllülər tərəfindən təmənnasız həyata keçirilir. Həyata keçirilən tədbir sosial iş kateqoriyasına aiddirsə, o mütləq ödənişsiz olmalıdır. Azərbaycan hökuməti isə bu anlayışı tamamilə fərqli anlamda qəbul edir. Düzdür, sosial iş də işsizliyin aradan qaldırılması üçün bir vasitə kimi qiymətləndirilir. Amma sivil dünyadakı "sosial iş"lə bizdəki "sosial iş" fəlsəfəsi arasında böyük fərq var. Sivil dünyada sosial iş normal əmək haqqı olan iş yerləri tapmaq üçün bir tramplin hesab edilir. Yəni könüllülər sosial işləri həyata keçirməklə öz qabiliyyətlərini nümayiş etdirir - bir növ öz qabliyyətlərini reklam edirlər. Peşəkar işçiyə tələbatı olan şirkətlər isə könüllülərin qabiliyyətini qiymətləndirərək, onlara müxtəlif işlər təklif edir. Yəni bu gün işsiz kimi evdə oturan peşəkar mütəxəssislə eyni qabiliyyətə malik olan könüllünün fərqi onun daha tez iş tapmaq ehtimalıdır. Ona görə də könüllülərin həyata keçirdiyi sosial işlər təmənnasız həyata keçirilir. Sözsüz ki, könüllülük layihəsinə baş vuran mütəxəssis öz qabiliyyətinə güvənərək bu işə başlayır. Yəni könüllük ömürlük seçilmiş əmək fəaliyyəti sahəsi deyil, bir start platforması - iş tapmaq üçün tramplin kimi qiymətləndirilir.

Azərbaycanda isə sosial iş öz fəlsəfi kontekstindən çıxarılaraq - "ödənişli sosial iş" kateqoriyasına çevrilib. Belə işlərin ödənişi dövlət büdcəsindən kartlar vasitəsi ilə həyata keçirilir ki, bu kartlardakı pulların taleyi artıq cəmiyyətə bəllidir. Ən yaxşı halda icra başçıları bu kartlardakı pulu çıxarıb rayonun abadlıq işlərinə xərcləyir, pis halda isə sadəcə olaraq mənimsəyir. Sosial işlə ödənişli sosial işin bir fərqi də ondan ibarətdir ki, birinci nəticəsində tapılan iş yerlərinin maliyyə mənbələri qeyri-məhdud, ikincinin isə maliyyə mənbələri çox məhduddur. Çünki "ödənişli sosial iş" haqqı dövlət tərəfindən müəyyən edilən büdcədən, sosial işlərin həyata keçirilməsi nəticəsində əldə edilən iş yerlərinin əmək haqqı isə özəl şirkətlər tərəfindən ödənilir. Azərbaycanda ödənişli sosial işlərin işsizliyin aradan qaldırılması istiqamətində uğur qazanmamasının, əvəzində isə korrupsiya qurbanı olmasının səbəbi də məhz budur.

O ki qaldı özünüməşğulluq layihəsinə, bu da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin korrupsiya «karusel»inə çevrilib. Bu layihə əsasən kənd rayonlarında həyata keçirilir və o həmişə şikayətlərlə müşayət edilib. Əvvəllər bu layihə çərçivəsində vətəndaşlara dövriyyə vəsaiti qismində məhsuldar inəklər əvəzinə xəstə və arıq heyvanlar verilirdisə, indi fermerlərə keçi və çəpiş paylanması dəbə minib. Belə ki, ölkənin dağlıq və dağətəyi rayonlarında iqlimə uyğun olaraq külli miqdarda keçi saxlanılır. Nazirliyin Məşğulluq idarələrinin əməkdaşları, artıq ölkədə olan bütün arıq keçiləri satın alaraq aran rayonlarının əhalisinə dövriyyə vəsaiti kimi təhfil verib. Bununla da ölkənin şimal bölgəsində artıq keçi qıtlığı yaranıb. Nazirlik yetkililəri 40-50 manata Aldığı keçiləri 250-300 manatdan sənədləşdirərək vətəndaşlara təhfil verir. Beləcə ƏƏSMN hər keçidə 200-250 manat "mənfəət" əldə edir. Elə bu səbəbdən də özünüməşğulluq layihəsinə cəlb edilən vətəndaşlar həmin keçilərdən xeyir götürə bilmir. Hətta, əldə etdiyimiz bir məlumata görə, nazirlik yetkililəri yanı balalı aldığı keçiləri bir neçə gün yemləyir, balalarını götürdükdən sonra fermerlərə təhfil verirlər. Analarından ayrılan çəpişlər isə bir neçə ay bəsləndikdən sonra yenidən ana keçi qiymətinə sənədləşdirilərək fermerlərə təhfil verilir.

Sual oluna bilər, nə üçün məhz keçi? Bəli, bu sualın da çox sadə cavabı var - ölkədə heyvandarlıqla məhğul olan fermerlərin sayı kəskin şəkildə azaldığı üçün  digər növdən olan iri və xırdabuynuzlu heyvanların da sayı kəskin azalıb, ona görə də həm bazarlarda ətin qiyməti qalxıb, həm də ƏƏSMN-nin həyata keçirdiyi özünüməşğulluq layihəsində qoyun və inəkləri keçi və çəpişlər əvəzləyib.

Digər tərəfdən, təsdiqlənməmiş məlumatlara görə nazirlik xaricdən südlük cins keçilər "alıb" - yəni sənəd üzərində belə keçilər "alınsa" da onlar ölkəyə gətirilməyib. Deyilənlərə görə, bir müddətdən sonra isə belə sənədləşmə aparılacaq ki, guya alınan südlük keçilər ölkənin iqliminə uyğunlaşa bilmədiyindən arıqlayıb və süddən kəsilib.

Bəli, əziz həmvətənlərimiz, sonra da deyirik ki, dünyanın öndə gedən ölkələrində uğur qazanan sosial layihələr nədən Azərbaycanda uğur qazana bilmir?!

 Akif Nəsirli

1.4118509292603