Maskalar cırılır

Ölkə Prezidentinin hədəfi xəyanətkar məmurlardır

 Azərbaycanın sürətli inkişafı regionun və bəzi dünya dövlətlərinin xoşuna gəlmir. Çünki ölkəmizə qarşı düşmənçilik mövqeyindədirlər. Bu dövlətlərin əksəriyyəti ermənipərəst ölkələrdir. Bunlar bütün güclərilə ölkəmizə qarşı düşmənçilik elementlərindən istifadə edərək, Azərbaycanın nüfuzuna zərbə vurmağa çalışırlar. Düşmənlərin ölkəmizə qarşı apardığı nüfuz müharibəsində əsasən xarici amillərdən istifadə olunur. Avropanın ermənipərəst dövlətləri ölkəmizə qarşı daim beynəlxalq media qurumlarından və digər ictimai təşkilatların gücündən istifadə edərək, ölkəmiz haqqında yalan, həqiqəti əks etdirməyən informasiyaların yayılmasına üstünlük veririlər.

Son illər yüksək vəzifəli məmurların ölkədə həyata keçirdikləri yanlış media siyasəti nəticəsində Azərbaycan beynəlxalq media qurumları tərəfindən ardıcıl olaraq tənqid olunub və bu sahədə həyata keçirilən yanlış siyasətin günahı ölkə rəhbərliyinin üzərinə atılıb. Açıq qeyd etmək lazımdır ki, ölkə Prezidenti medianın inkişaf etməsinə şərait yaratsa da, media inkişaf etmək əvəzinə yanlış istiqamətə yönəldilib, ölkədə mövcud olan bütün media resursları bir məmurun yaxın adamlarının nəzarətinə keçib, qəzetlərin satış nöqtələri demək olar ki, düşünülmüş şəkildə sıradan çıxarılıb, yayım şirkətləri tamamilə özəlləşdirilib və bu yollarla mətbuatın inkişafına ciddi maneələr yaradılıb.

Azərbaycanda medianın inkişafının qarşısına bu sahəyə cavabdeh olan məmurlar tərəfindən qəsdən çəkilən keçilməz sədd ölkədə mövcud olan problemlərin ölkədaxili mediada yox, YouTubeda və digər beynəlxalq sosial şəbəkələr vasitəsilə müzakirə olunmasına səbəb olub və ölkə daxilində peşəkar jurnalistlər ordusu yaratmaq əvəzinə məmur trollarının çoxsaylı şəbəkələri yaradıldı. Bu yanlış siyasətə uyğun olaraq, xarici düşmənlər ölkədə müstəqil jurnalistlərə qarşı yaradılan baryerlərdən bezib ölkəni tərk edən peşəkar jurnalistləri maliyyələşdirərək, ölkəmizə qarşı şər-böhtan uyduran söyüş trol komandası formalaşdırdılar. Hazırda hər axşam xaricdən ölkəmizə od püskürən, şər-böhtan dəyirmanı kimi işləyən, ölkə əhalisinin beynini zəhərləyən televiziyalar fəaliyyət göstərir. Azərbaycan dövlətinin, onun rəhbərliyinin əleyhinə işləyən bu televiziyalar, bir tərəfdən düşmən əlində alətə çevrilən vətəndaşlarımızın xəyanətkar əməlinin məhsuludursa, digər tərəfdən, məhz Azərbaycan dövlətinin daxili media siyasətini özlərinin şəxsi məqsədləri üçün yanlış yola yönəldən məmurların əməyinin nəticəsidir.

Prezidentin ölkədə həyata keçdiyi dərin islahatların çox vaxtında Prezident Administrasiyasına da şamil olunmasının zəruriliyini duydu və gündüz Prezidentin üzünə gülüb, əlindən öpən, gecələr isə onun əleyhinə çalışanların taxdıqları maskanı cırdı və maska altında gizlətdikləri məkrli simalarını aşkar edərək, onları vəzifədən qovub, ifşa etdi! Bəli, bu ifşa, çoxdan baş verməli idi və bir qədər gec olsa da, nəhayət, baş verdi! Amma Prezidentin gördüyü sərt tədbirlərdən sonra vəzifədən qovulan bu tiplərin uzun illər ərzində ölkənin media sahəsinə yerləşdirdiyi trol şəbəkələri hələ də iş başındadır və öz çirkin əməllərini davam etdirirlər. Buna görə də ölkənin media sahəsində yaradılan keçilməz bataqlığı «qurutmaq» üçün radikal və təxirəsalınmaz  tədbirlərin görülməsinə ciddi ehtiyac var.

Dəfələrlə qeyd etdiyimiz kimi, ölkəmizin bütün sahələrində, o cümlədən, media sahəsində uzun illər ərzində kök salan dağıdıcı məmurların vəzifələrdən alınması prosesi nə qədər sürətlə aparılsa, Dövlətimiz, Xalqımız və Prezidentimiz üçün daha yaxşı nəticələr əldə etmək imkanı yarana bilər. Xarici düşmənlərin ölkəmizə qarşı apardıqları bütün təxribatlar daxili düşmənlərin törətdikləri təxribatlardan daha təhlükəli olmadığını nəzərə alaraq, ölkədaxili proseslərin daha ciddi nəzarətdə saxlanmasına, xüsusən media sahəsinə diqqət və qayğı göstərilməsinə ciddi yanaşma tələb edir. İnformasiya mübarizəsinin ön plana keçdiyi hazırkı mərhələdə media resurslarının xarici düşmənlərin və ayrı-ayrı şəxslərin nəzarətinə keçməsinə imkan vermək böyük təhlükədir.

 Tahir Abbaslı

1.426903963089