“Beşinci kalon”u yenidən formalaşdırmaq istəyirlər, amma...” – Musa Quliyev

Paralel.az Teleqraf.com-a istinadən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevlə müsahibəni təqdim edir.

- Musa müəllim, Prezident İlham Əliyevin iştirakı ilə Milli Məclisin ilk toplantısı keçirildi və rəhbər heyət dəyişildi. Təəssüratınız nədən ibarətdir?

- Fikrimcə, VI çağırış parlamentdə bir sıra işlər var ki, bu, tarixi hadisə hesab oluna bilər. Parlamentin rəhbər heyəti, komitələrin sədr və müavinlərinin əksəriyyəti dəyişildi. Parlamentdə müxtəlif partiyaların nümayəndələri artıq rəhbərlikdə təmsil olunurlar. Bu, cənab Prezident tərəfindən dialoqa çağırış və hormoniyanın yaradılmasına, cəmiyyətin çoxpartiyalı əsasda idarə olunmasına real töhvədir.

Hesab edirəm ki, bunu Azərbaycan cəmiyyəti çox müsbət qarşıladı. Eyni zamanda, bu da islahatların mühüm tərkib hissəsi və əlamətdar nəticələrdən biri kimi dövlətçilik tariximizdə qalacaq.

Cənab Prezidentin 2018-ci ildən başlatdığı çoxşaxəli islahatlar davam edir. Bu islahatların tərkib hissəsi olaraq ötən ilin ortalarında struktur dəyişiklikləri aparıldı. O cümlədən, Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıldı. Bu da yenilikdir. Həmçinin, Milli Məclisin yeni heyətində çoxpartiyalı əsasda rəhbərliyin formalaşması da cəmiyyətdəki bütün qrup insanların qanunvericilik hakimiyyətində rəhbərlik səviyyəsində təmsilçiliyi deməkdir.

Cənab Prezident Milli Məclisdəki çıxışında da Azərbaycan cəmiyyətinin dövlətin daima yanında olmasının vacibliyini qeyd etdi və fərqli qruplardan olan insanların maraqlarının təmin edilməsinin vacibliyini vurğuladı. Həmçinin, cənab Prezident dünyanın müxtəlif ölkələrində Azərbaycana qarşı dost münasibətdə olan və olmayanları diqqət mərkəzinə gətirdi. Müəyyən qruplar, dairələr var ki, onlar Azərbaycanla təzyiqlər vasitəsilə danışmaq, “beşinci kalon”u yenidən formalaşdırmaq istəyirlər. İstəyirlər ki, özlərinin qara niyyətlərini Azərbaycan vətəndaşlarının əli ilə həyata keçirsinlər. Bu təhdidlərin qarşısını almaq, onlara qarşı daha ciddi müqavimətin təminatı üçün cəmiyyətin monolitliyinin qorunması və möhkəmlənməsi vacib faktordur. Cəmiyyətin monolitliyinin qorunması üçün müxtəlif maraqların təmin olunması əsas şərtdir. O cümlədən, qanunverici hakimiyyətdə. Bu mənada Milli Məclis rəhbərliyində müxtəlif partiyaların nümayəndələrinin təmsilçiliyi maraqlı formatdır. Hesab edirəm ki, bu format Milli Məclisin daha çevik, qanunların aşkarlıq şəklində müzakirə və qəbul edilməsinə, camaatı narahat edən məsələlərin, o cümlədən, müxalifyönlü fikirlərin parlament çərçivəsində müzakirəsinə və uyğun qərar qəbul edilməsinə zəmin yaradacaq. Beləcə həm də məhsuldar bir iş şəraiti formalaşacaq.

- Prezident çıxışı zamanı hakimiyyətin siyasi partiyalarla dialoqu məsələsinə toxundu. Bildirdi ki, siyasi partiyalarla görüşlər keçirilir. Bu onu göstərir ki, Azərbaycanda hakimiyyətlə siyasi partiyalar arasında müntəzəm danışıqlar gedir...

- Bəli, cənab Prezident bu haqda fikirlərini ifadə etdi. Bizdə olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən partiyaların sədrləri dialoq məqsədilə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri tərəfindən dəvət olunub, onlarla danışılıb, fikirləri öyrənilib, söhbətlər aparılıb. Bildiyim qədər Müsavat Partiyası və AXCP dialoqa hələlik qatılmayıb. AXCP sədri Əli Kərimli ötən gün bəyan etdi ki, dialoqa gəlməyəcək. Bu da onların öz niyyəti, fikiri və seçimidir. Bizim partiyamız da, iqtidar da dialoqa hazırdır. Əslində Əli Kərimli ilə dialoqa heç kimi ciddi ehtiyac da yoxdur. Sadəcə bütövlükdə cənab Prezidentin tövsiyəsi ondan ibarətdir ki, bütün siyasi partiyalarla müzakirələr aparılsın, ümumilli, dövlət məsələləri haqqında fikir ortaqlığı yaradılsın. Kim istəyər gələr, kim istəyər gəlməz və buna bizim ehtiyacımız da yoxdur. Əsas odur ki, xalqımızın mütləq əksəriyyəti dövlətin yanındadır, Prezidentin apardığı siyasi kursu dəstəkləyir və bu siyasətin arxasındadır.

- Azlıqda olan müxalifət partiyalarının parlament rəhbərliyində təmsil olunması ilk sayıla bilər. Bunu necə qiymətləndirirsiniz?

- Ümumi prosedura əsasən parlamentdə çoxluq təşkil edən YAP öz qərargahında toplantı keçirdi və rəhbər orqanlara namizədlərini irəli sürdü. Eləcə də bitərəf deputatlar bunu etdilər. Azlıqda olan siyasi partiyaların qrupu da öz namizədini müəyyən etdi. Bu namizədlərə də Milli Məclisin böyük əksəriyyəti müsbət münasibətini ifadə etdi. Burada söhbət nədən gedir? Əgər, biz, çoxpartiyalı sistemdən, parlamentdən danışırıqsa müxtəlif partiyaların və bitərəf deputatların nümayəndələrinin də Milli Məclisin rəhbərliyində təmsil olunması normal haldır. Bundan sonra azlıqda olan partiyaların da nümayəndəsi parlamentdə rəhbər vəzifələrdə yer tutacaq. Bu da həm cənab prezidentin dialoq təklifinə parlamentin uyğun reaksiyasıdır, eyni zamanda cəmiyyətdə gələn sosial sifarişlərin bu şəkildə həll edilməsi çox vacibdir.

- İlham Əliyev parlamentdə çıxışı zamanı qeyd etdi ki, deputatlar daima seçicilərlə təmasda olmalı, onların problemləri ilə maraqlanmalıdır. Prezidentin bu mövqeyi deputatların seçicilərlə işləməsinə necə təsir göstərəcək?

- Şübhəsiz ki, Prezidentin çıxışı yeni parlamentin qarşısında çox ciddi məsələlər qoyuldu. Hesab edirəm ki, bu parlament Azərbaycan dövlətçilik tarixində ən çevik, işlək, operativ və vətəndaşa açıq parlament olacaq. Cənab Prezidentin deputatların seçicilərlə fəal işləməsinə dair tövsiyələri də deputatlar tərəfindən nəzərə alınacaq. Onlar ayda iki dəfədən az olmayaraq, yerlərdə olacaq. Artıq yeni formata görə deputatlarla yanaşı, müvafiq icra qurumlarının rəhbər şəxsləri də bu görüşlərdə iştirak edəcək, qaldırılan problemlərin operativ həlli mümkündürsə, yerindəcə ediləcək. O problemlər ali icra hakimiyyəti orqanlarından asılıdır, ora müraciət etməklə bir ay müddətində problem həllini tapacaq. Təcrübə göstərir ki, deputatlar qarşısında çox zaman onların səlahiyyətinə aid olmayan məsələlər qaldırılır. Bu da seçicinin haqqıdır. Əgər seçici deputatını seçibsə, onu narahat edən probleminin həllini də ondan tələb etməlidir. Deputatın görüş və qəbullarında müvafiq dövlət qurumlarının iştirak etməsi və ya ali icra hakimiyyəti orqanları ilə Milli Məclis arasında əməkdaşlığın yüksək səviyyədə olması deputatın səlahiyyətinə aid olmayan məsələlərin də həllinə səbəb olacaq. Həm də o vaxtdan belə qəbul olunub ki, deputat xalqın elçisi və seçicinin sözünü müvafiq instansiyalara çatdıracaq səlahiyyətli şəxsdir. Bu mənada deputatın seçicilərlə daha sıx işləməsi seçici və vətəndaş məmnunluğunun təmin edilməsinə şərait yaradacaq, digər tərəfdən yerlərdə olan problemlərin aşkar edilməsi, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə və digər səlahiyyətli şəxslərə çatdırılması da, deputatın neqativ halların aradan qaldırılmasında, dövlətin inkişafında, bürokratik əngəlin yox edilməsində dövlətimizə töhvəsi olacaq.

- Prezident “Azərbaycan daim müstəqil, prinsipial və öz milli maraqlarına uyğun siyasət yürüdür. Heç bir qüvvə Azərbaycan dövlətinə təzyiq göstərə bilməz” fikrini təsadüfən səsləndirmədi. Həmin fikirləri necə açıqlaya bilərsiz?

- Hesab edirəm ki, yalnız xalqın dəstəyinə arxayın olan siyasi lider bu fikri ifadə edə bilər. Cənab Prezident tam əmindir ki, Azərbaycan xalqı onu dəstəkləyir, təklif, addım və ideyalarını bəyənir. Əslində bunu indiyə qədər keçirilən bütün seçkilər də sübuta yetirib. Cənab Prezident açıq bəyan etdi ki, Azərbaycanla heç kəs diktə dili ilə danışa, fikir və maraqlarını Azərbaycan dövlətinə zorla qəbul etdirə bilməz. Bu, həm də cənab Prezidentin siyasi iradəsini, qətiyyətini və lider kimi xarizmatik keyfiyyətlərinin ifadəsidir. Eləcə də cənab Prezidentin yüksək idarəçilik, dövlətçilik və rəhbər keyfiyyətlərinin, digər tərəfdən isə xalqla dövlət başçısının birliyinin əyani nümayişidir.

İlham Əliyev xüsusilə qeyd etdi ki, bəzi dairələrdə bizi sevmirlər, amma hörmət bəsləyirlər. Nəyə görə hörmət bəsləyirlər? Çünki biz, qanuni fəaliyyət göstəririk, haqqın tərəfindəyik və heç kəsin də haqqına girmirik. Bu mənada cənab Prezidentin çıxışı əslində gələcək 5 il ərzində Milli Məclisin fəaliyyət proqramı kimi qəbul oluna bilər.

- Musa müəllim, islahatlar davam edəcəkmi?

- İslahatlar həmişə davam edir. Nə qədər ki, dövlət və cəmiyyət var, islahatlar da olacaq. Sürətli islahatlara cənab Prezident 2018-ci ildən başlayıb. Bu islahatlar ona hədəflənir ki, Azərbaycan inkişaf etmiş dövlətlərin sırasına çıxarılsın. Ötən gün Prezident bir vacib məqamı da qeyd etdi ki, dövlət qulluğuna gələn hər bir adamın niyyəti də, əməli də təmiz olmalıdır. Bu artıq yeni mesaj, çağırışdır. Hər kəs bilməlidir ki, dövlət qulluğunda hansı tələblər var, necə işləmək lazımdır.

Korrupsiya ilə mübarizə ciddi gedir və hesab edirəm ki, bundan sonra da güclənəcək. Bütün neqativ hallar- süründürməçilik, qohumbazlıq, tərəfbazlıq aradan qaldırılacaq. Cənab Prezident bütün bunları açıq tekstlə bildirdi. Qeyd etdi ki, bəzi deputatlar səlahiyyətlərindən indiyə qədər şəxsi dost maraqlarına görə istifadə ediblər. Bunlar da aradan qaldırılacaq. Əgər Prezident deputatlar qarşısında belə tələb qoyursa, görün icra orqanlarından nələr tələb edir. Azərbaycan doğurdan da demokratik, sivil, ədalətli, modern dövlət kimi inkişaf etdiriləcək.

1.3349208831787