Virus təhlükəlidirsə...

Yox, əksinədirsə?

Bəlkə də insanlar indiyədək hazırda olduğu həddə çaşqınlıq yaşamamışdı. Bu çaşqınlığın əsas səbəbi də təhlükəsiylə, qorxusuyla dünyaya meydan oxuyan məlum virusla bağlıdır.

Dünya əhalisinin yaşantılarından bəhs etmək istəməzdim, gözümlə görməmişəm. Elə ona görə də özümüzdən, özümüzünkülərdən danışıram, baş verənlərin fonunda nə edəcəyinə doğru-düzgün qərar verə bilməyən, çaş-baş qalan millətimdən.

Bunu qoyub, ona keçim. Deməli, bugünlərdə verilən qərarla ölkənin bütün təhsil müəssisələri fəaliyyətini dayandırdı, məktəblilər, tələbələr müvəqqəti “tətil”ə çıxdı. Doğrudur, həmin ərəfədə dərsə getməyəcəyi üçün sevinənlər, atılıb-düşənlər, qol qaldırıb oynayanlar da oldu. Təbii, aşağı sinif şagirdlərini nəzərdə tuturam. Lakin məlum tətil müddəti daha sonra martın 27-dək uzadılandan sonra insanlarda istər-istəməz şübhələr yaranmağa başladı. Çünki bugünədək koronavirusla bağlı qaynar gündəmə böyük əksəriyyətdə əhəmiyyətsiz yanaşmışdılar. Virusla bağlı tədris müəssisələrində görüləcək dezinfeksiyaedici işlərə, qabaqlayıcı tədbirlərə barmaqarası baxaraq, dərslərin bir həftəlik təxirə salınmasını hətta sevinclə qarşılamışdılar. Lakin sözügedən müddətin ayın sonlarınadək uzadılması insanlarda müəyyən təşviş yaratdı və onlar koronavirusun doğrudan da, hansısa ciddi fəsad yaradacağından təşvişə düşdülər. Əhali küçəyə çıxmaqdan, kütləvi alış-veriş, əyləncə mərkəzlərindən uzaq durmağa, hətta toya-yasa getməyə də ehtiyat etdi. Övladlarını isə birmənalı şəkildə evdən bayıra buraxmadılar. Məcburiyyətdən küçəyə-bayıra çıxmaq ehtiyacı yarananda isə bu get-gəl prosesi maskasız, dezinfeksiyaedici məhsullarsız ötüşmədi. Adamlar az qala sabunun özünü sabunlamağa, spirtin qabını spirtləməyə qədər anlaşılmayan addımlar atmaqdan da çəkinmədi. Gördükləri hər şeydən qorxmaqdan, eşitdiklərindən, rastlarına çıxandan həyəcana düşməkdən cana yığılan insanların qəlbinə ciddi vəsvəsə düşdü. Bu arada ölkə infeksionisti elan etdi ki, bugünkü həyatın yaşam zərurəti olan pul, mobil telefon heç bir vəchlə virus daşıyıcısı deyil. Yəni insanlar pul və telefon vasitəsilə koronavirusa yoluxmağı ağıllarına da gətirməsin...

Bu məlumatla nisbətən ürəyi sakitləşən əhali, elə bugünlərdə yayılan digər məlumatla yenidən qorxuya düşdü. Belə ki,Türkiyə mətbuatında yayılan məlumatda pulun xəstəliklərin yayılmasında əsas vasitə olduğu göstərilib. Konkret olaraq, həkim Cem Karas yalnız nağdsız ödənişlərdən istifadə etməyi məsləhət görüb. Bu tövsiyənin də o, əsasən uşaqlar, hamilə qadınlar və immuniteti zəif olanlar üçün vacib olduğunu söyləyib. Beləliklə, həkimə görə, nağd pullar əldən-ələ keçərək virusları ötürür...

Bu məqamda, yerli infeksionistimizlə tülkiyəli həkimin dediklərinin üst-üstə düşməməsindən həyəcanlananların narahatlığı başadüşüləndir. İnsanlar araşdırma aparılıb, konkret nəticə hasil olandan sonra məlumat verilməsinin tərəfdarıdır. Onlar bu iddiada olmaqda da tamamilə haqlıdır – söhbət az qala bütün dünyaya meydan oxuyan təhlükəli bir virusdan gedir axı!

Bu məqamda, məktəblərin dezinfeksiyalanması barədə də bir-iki kəlmə demək yerinə düşər. Çünki məktəblilərin az qala bir aylıq tətilə buraxılmasında da əsas məqsəd sözügedən tədbirlərin ölkə üzrə bütün məktəbləri, təhsil-tədris müəssisələrini əhatə etməsi idi. Amma görək, bu tədbirlər necə yerinə yetirilir?

Etiraf edək ki, bu virus söhbəti başlanandan hamı birmənalı çəkildə panikaya düşməmişdi. Qeyd etdiyim kimi, bütün tədris müəssisələrində dərslərin martın sonlarına kimi dayandırılmaq qərarından sonra təhlükənin hansı səviyyədə olması anlaşıldı. Həyəcana düşən valideynlərin, müəllimlərin, təhsilə dair bütün mütəxəssislərin, uşaqların, tələbələrin nəzərləri indi də məlum videolara dikilib. Həmin videolar ki, orada tədris müəssisələrinin necə dezinfeksiyalandığı əks etdirilir. Həmin videoları kimin çəkdiyi məlum deyil, məlum olan sözügedən işi həyata keçirənlərin məsuliyyətsizliyidir. Çünki videolardan da görünür ki, hansısa bir orta məktəbin sinif otaqlarını necə, hansı səviyyədə dezinfeksiya edib istənilən virusu “məhv” edirlər.

Deməli, əlində dezinfeksiyaedici aparat tutan qadın məktəbin koridorunun kənarları istisna olmaqla, orta hissəyə maye səpələyir. Düşünmək olar ki, yəqin sinif otaqları daha diqqətli, arzuolunan səviyyədə dezinfeksiya edilər,

qabaqlayıcı tədbirlər doğrudan da virusların yayılmasını öncələyər. Lakin, təəssüf. Görüntülərdən aydın olur ki, qadın-əməkdaş sinif otaqlarında yalnız ortadakı bir neçə partanın arasına məhlul çiləyəndən sonra işini bitmiş sayır. Bu “dezinfeksiya” bir sinifdə isə yalnız otağın girişinə, bir də arxa sıradakı partaya şamil olunur. Sinfin kənar sıralardakı partaları, künc-bucaq, lövhə, divar, pəncərələr, partaların üstü, oturacaqlar bu prosedurdan kənarda qalır...

Dezinfeksiya etmək prosesinin əslində, necə keçirilməsini dəqiqliklə bilmirəm, ola bilsin, kəskin qoxulu, güclü tərkibli məhlulun otağın yalnız bir hissəsinə püskürdülməsi virusları məhv etməyə bəs edir. Amma... Yenə də, amansız şübhələr imkan vermir, elədirsə, bəs məlum işi görən əməkdaş niyə əlcəksiz, xüsusi geyimsiz, yalnız xalatda, dezinfeksiyaedici məhlulla məktəbin koridorunda, sinif otaqlarında asudə gəzib dolaşa bilir?!

...Bəli, koronavirusdan qorxmaq, yoxsa qorxmamaq hazırda hər kəsin öz xarakterinə, hal-xasiyyətinə, hiss-duyğusuna aid məsələ hesab edilir. Lakin insanları kənardan panikaya salacaq məsələlər də var ki, ona mütləq məsuliyyətlə yanaşılmalıdır. Onun nədən ibarət olduğunu qeyd etdim. Sadəcə olaraq, xatırladım ki, qəlbdə vəsvəsə yaratmaq insana xas, ona aid məsələ deyil... Bir də ki, elə məndən də soruşanlar var: “Koronavirus qorxuludur ki, dərsləri belə uzun müddətə dayandırdılar. Yox, qorxulu deyilsə, nədən məktəbləri elə başdansovdu dərmanlayırlar?”...

Hələlik, suala cavab tapmamışam, nədən ki eyni sual bəndənizin beynini də mütəmadi məşğul etməkdədir...

Nigar Orucova 

0.73623204231262