Azərbaycan dünyaya multikultural münasibətlərin unikal modelini təqdim edir

Multikulturalizm və tolerantlıqı fenomeninin dünya gənclərinə çatdırmaq istiqamətində hələ çox işlər görülməlidir

Açıq etiraf etmək lazımdır ki, bir çox Qərb dövlətlərinin mültikulturalizmin iflasa uğraması iddialarına baxmayaraq, Azərbaycan multikulturalizminin dünyada təbliği və təşviqi istiqamətində görülən işlər, artıq özünün səmərəli nəticələrini verməkdədir.

Bu təbliğat kampaniyasının aparıcı qüvvəsinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) olduğu da heç kimə sirr deyil. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) son illərdə gördüyü işlərdən danışan professor Aytən Qəhrəman qeyd edib ki, Mərkəz yarandığı gündən multikulturalizmin Azərbaycan modelinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük layihələrə imza atıb və  YUNESKO-da keçirdiyi görüşlər də, bu fəaliyyətin bir hissəsidir. Aytən xanım həmçinin qarşıda görüləcək işlərin daha çox olduğunu bildirib.

Məlumdur ki, BBMM-in həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda "Azərbaycan multikulturalizmi" fənninin tədrisi layihəsi çərçivəsində gördüyü işlər beynəlxalq aləmdə də böyük rəğbətlə qarşılanır. Məhz bu rəğbətin nəticəsidir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin həmin layihə çərçivəsində reallaşdırılan "Azərbaycan multikulturalizmi" fənninin tədrisi hazırda 38 yerli və dünyanın tanınmış 15 universitetində həyata keçirilir, proqram çərçivəsində Azərbaycanın multikultural dəyərləri təbliğ və təşviq olunur. 2017-ci ildə Mərkəz Azərbaycan multikulturalizmi fənninin tədrisi layihəsi çərçivəsində Fransa və İtaliyanın daha 3 universiteti ilə saziş imzalamağa müvəffəq olub və bu fənnin tədris olunduğu universitetlərin sayı 18 olub. Son illərdə görülən işlər nəticəsində isə Azərbaycan multikulturalizminin tədris olunduğu üniversitetlərin sayı 21 -ə çatıb.

Qeyd etmək vacibdir ki, Mərkəzin Azərbaycan multikulturalizminin təbliği istiqamətində  gördüyü işlər sırasında böyük diqqət yetirdiyi məsələlərdən biri də, kitabların və muxtəlif təbliğat vasitələrinin nəşidir. Bunların arasında xalqımızın ən qədim yazılı mənbələrindən olan "Kitabi -Dədə Qorqud" dastanından "Basat boyu"nun nəfis şəkildə Azərbaycanda yaşayan etnik qrupların, eləcə də dünyanın 25 dilinə tərcümə olunaraq nəşr olunmasıdır. Bu nəşir "Multikulturalizm" jurnalı və "Multikulturalizmin qaynaqları" seriyasından olan nəşrlərə aiddir. "Multikulturalizmin qaynaqları" seriyasından olan "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" adlı kitabın birinci cildi artıq rus və Azərbaycan dillərində nəşr olunub, ingilisdilli nəşri də artıq hazırdır və  çap prosesindədir.

Aytən xanım mətbuata açıqlamasında onu da diqqətə çatdırıb ki, Fransanın Müluz şəhərinin Yuxarı Elzas Universitetinin Nizami Gəncəvi adına kafedrasında keçirilən "Qafqazın timsalında multikulturalizm və mədəniyyətlərarası münasibətlər" adlı Beynəlxalq Ədəbiyyat Kollokviumunda adıçəkilən nəşrlərin təqdimatı keçirilib. Təqdimatda çıxış edən professor deyib: "Tədbirin sonunda adını çəkdiyimiz həmin nəşrlər kafedranın kitabxanasına hədiyyə olunub. Auditoriya əsasən minillik tarixə malik klassik ədəbiyyatımızın multikultural dəyərlərin daşıyıcıları olmaqla yanaşı, həm də bu ali ideyaların ötürücüləri, yəni bu ümumbəşəri dəyərləri öz dünyaya baxış prizmasından keçirən Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Hüseyn Cavid, Abdulla Şaiq kimi görkəmli nümayəndələrinin əsərlərindən parçaların yer aldığı "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" nəşrə böyük maraq göstərir. Tədbirdə iştirak edən, uzun illər dahi Nizami irsini araşdıran və XII əsr Azərbaycan şairinin yaradıcılığının eksperti olan Prinston Universitetinin professoru Maykl Barri Nizami yaradıcılığının tolerantlıq və multikulturalizm kimi dəyərlər prizmasından öyrənilməsi ideyasının vacibliyini və qeyri-adiliyini qeyd edib".

Aytən Qəhrəman bildirib ki ki, Mərkəz tərəfindən YUNESKO-nun Təhsil üzrə Beynəlxalq Bürosunun dəstəyi ilə kurrikulumun tərtib edilməsi prosesinə tolerantlıq üzrə dərsliyin də qoşulması məsələsinə baxılıb:"Xatırladım ki, YUNESKO-nun Təhsil üzrə Beynəlxalq Bürosunun baş direktoru xanım Mantsetsa Marope ilə çox maraqlı görüşümüz olub. Görüş zamanı Mərkəzin və Büronun gənc nəslin maarifləndirilməsi sahəsində birgə görüləcək işlərinə dair müvafiq sənədlərin imzalanması üzrə tərəflərin razılaşması əldə olundu. Hesab edirəm ki, Azərbaycan multikulturalizmi və tolerantlığı fenomeninin özündə daşıdığı dəyərləri dünya gənclərinə çatdırmaq istiqamətinə də hələ çox işlər görülməlidir".

Bunu da qeyd etmək vacibdir ki, YUNESKO-nun Parisdə yerləşən mənzil-qərargahında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı və Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəliyinin dəstəyi ilə  "Multikulturalizmin əhəmiyyəti və Azərbaycanın uğurlu modeli" mövzusunda konfrans da keçirilib. Konfransda  YUNESKO-nun sosial və humanitar elmlər şöbəsinin rəhbəri Ann-Belinda Preis başda olmaqla  sözügedən qurumun katibliyinin məsul əməkdaşları, Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov, xarici diplomatik heyətlərin YUNESKO yanında akkreditə olunmuş başçıları, diplomatik korpusun üzvləri, Fransa ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycanda 2016-cı ilin "Multikulturalizmin İli" elan edilməsi ilə bağlı sərəncama uyğun olaraq Prezident İlham Əliyev həm də  2016-cı il üçün 49 bənddən ibarət "Tədbirlər Planı" imzalayıb. YUNESKO-da baş tutan tədbir də  2016-cı il üçün nəzərdə tutulan tədbirlər planının "Mədəni müxtəliflik, tolerantlıq, münaqişələrin həllində mədəniyyətlərarası dialoqun rolu, Azərbaycanın multikulturalizm modeli və dünyadakı multikulturalizm modelləri mövzularında respublika və beynəlxalq miqyaslı elmi-nəzəri və elmi-praktik konfransların, seminarların, dəyirmi masaların, mühazirələrin və ədəbi-bədii məclislər təşkili və keçirilməsi" bəndinə uyğun olaraq həyata  keçirilib. Bu tədbirdə çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail filialının rəhbəri, siyasi ekspert Arye Qut Azərbaycanın tarixi həqiqətləri barədə ətraflı məlumatlara malik bir şəxs olaraq ölkəmizdə yaşayan yəhudi icmasının həyatı timsalında sənədlərə əsaslanan ətraflı təqdimatla Avropa auditoriyasına müsəlmanların, yəhudilərin və xristianların birgə yaşamasına dair dünyanın diqqətinə çatdırılmalı olan nadir təcrübə barədə geniş məlumat verib. O, öz çıxışda sülhün, əmin-amanlığın və cəmiyyətimizin ahəngdar inkişafının rəhni olan, millətlərarası və dinlərarası münasibətlərin effektiv şəkildə tənzimlənməsini təmin edən, dostluq və mehriban qonşuluq şəraitində yaşamaq imkanı verən Azərbaycanın multikulturalizm fenomeninin xüsusi əhəmiyyətini tədbir iştirakçılarının diqqətitnə çatdırıb. İsrailli ekspert qeyd edib ki, multikultural münasibətlərin unikal modelini təqdim edən Azərbaycan oxşar mədəni, etnik və dini müxtəlifliyin rast gəlindiyi bütün ölkələr üçün bir nümunədir. Çünki Azərbaycanın müsbət təcrübəsi həm də zamanın inkişaf edən şərtləri ilə uyğunluq təşkil edir. Bu da danılmaz faktdır ki, Azərbaycan tolerantlıq və mədəni-tarixi müxtəliflik ənənələrinə həmişə sadiq olub və bu da öz növbəsində ölkəmizin əsrlər boyu bu ərazilərdə yaşayan etno-mədəni və etno-dini tərkibinin inkişafında özünü açıq şəkildə göstərir. Arye Qut həmçinin, son illər ərzində Mərkəz tərəfindən bu münasibətlərə yeni təkan verən tədbirlərin həyata keçirildiyini qeyd edib.

Qeyd etmək lazımdır ki, mədəni və humanitar sahələrdə düşünülərək atılan addımlar etibarlı münasibətlər platformasının möhkəmlənməsinə ciddi kömək etməklə yanaşı, həm də mənəvi yaxınlıq amilinin güclənməsinə geniş imkanlar yaradır. Prezident İlham Əliyevin qərarı ilə 2016-cı ilin "Multikulturalizm İli" elan edilməsi də bir daha cəmiyyətimizdə mövcudluğunu qoruyan, etibar və qarşılıqlı hörmət kimi mühüm mənəvi-etik dayaqlar üzərində qurulan multikultural münasibətlərin mahiyyətini açıq şəkildə ortaya qoydu. Eyni zamanda Azərbaycan və yəhudi xalqlarının nadir birgəyaşayış təcrübəsi və Azərbaycan multikulturalizminin tərkib hissələrindən biri olan köhnə dostluğu timsalında ölkəmizin həqiqətlərini parlaq şəkildə tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Bir daha bəyan edildi ki, Azərbaycan tolerantlıq və mədəni-tarixi müxtəliflik ənənələrinə hər zaman sadiq olub və bu yalnız ölkədə dominantlıq təşkil edən millətinin deyil, həm də əsrlər boyu qədim ölkənin ərazisində yaşayan bütün milli və dini qrupların ruhunu özündə əks etdirir.

Bunu Prezident İlham Əliyevin Pasxa, Hanuka, Roş Haşana, Qurban, Ramazan, Milad və digər bayramları qeyd edən icmaları təbrik etməsi, dini bayramlarda bütün dini konfessiya nümayəndələrinin birgə iştirakı da təsdiq edir. Tədbirdə çıxış edən sülhpərvər sənətçi, xanım Hedva Serin Azərbaycanda hökm sürən mənəvi gözəllik, qonaqpərvərlik, azadlıq ruhuna toxunaraq öz maraqlı təəssüratlarını bölüşməsi və Bakıda Beynəlxalq Forumların tez-tez qonağı olmasından dərin məmnunluq ifadə etməsi də, ölkəmizdə mövcud olan tolerantlığın təcəssümüdür. Hedva xanım Azərbaycanla əyani tanış olmayan hər kəsə mütləq bu ölkəni ziyarət etməyi tövsiyyə edib.

Sonda onu da qeyd edək ki, BBMM-in həm Azərbaycan multikulturalizmi fenomeninin elmi təməlinin işlənməsi sahəsində, həm də onun yayılması və tədrisi sahəsində həyata keçirdiyi işlər dünyəvi birgəyaşayışın, multikulutarlizmin tolerantlığın bərqərar olmasında çox böyük əhəmiyyəti var.

Yazının hazırlanmasında  BBMM-in internet resurslarından istifadə olunub

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

1.2287230491638