Feyruz Hilaloğlu-70

AYB-nin üzvü, şair-publisist

 Tanınmış şair-publisist, AYB-nin üzvü Feyruz Hilaloğlunun 70 yaşı tamam oldu. Feyruz Hilaloğlu Beyləqan rayonunun 1-ci Aşıqlı kəndində anadan olub. Yaradıcılığa çox gənc yaşlarından başlayıb. Dövrü mətbuatda şeirlər, müxtəlif səpkidə yazdığı məqalələri ilə tanınıb.

O cümlədən, "Paralel" qəzetində mütəmadi olaraq publisistik yazılarla çıxış edir. Yüzlərlə publisistik yazının müəllifi olan Feyruz Hilaloğlunun, artıq bir neçə kitabı da işıq üzü görüb və oxucular tərəfindən böyük maraqla qarşılanıb. Feyruz Hilaloğlu müxtəlif vaxtlarda qəzetlərdə gedən yazı müsabiqələrinin qalibi olub.

Prezident mükafatı alıb. Bu gün də yaradıcılığını davam etdirən Feyruz müəllim tez-tez telekanallara da dəvət alır və maraqlı çıxışları olur. "Mədəniyyət" kanalında nümayiş olunan "Məclisi -üns", Sumqayıt DTV-də efirə çıxan "Məhəbbət nəğmələri" verilişlərini buna nümunə göstərmək olar. 

Şair-publisist Feyruz Hilaloğlunu 70 yaşının tamam olması münasibəti ilə səmimi qəlbdən təbrik edir, yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq. Yubilyarın şeirlərindən bir neçəsini oxucularımıza təqdim edirik.

 Bu dünyanın nə günahı?

 Bu həyatı biz duyunca,

Yaşamadıq biz doyunca.

Sandıq həyat bir oyuncaq,

Bu dünyanın nə günahı?

 

Cənnət dedik qürbətə biz,

Sevgi dedik şəhvətə biz.

Düşdük dilə, söhbətə biz,

Bu dünyanın nə günahı?

 

Torpaq getdi, ar da getdi,

Daglar getdi, qar da getdi.

Heç bilmədik harda getdi,

Bu dünyanın nə günahı?

 

İnsan var ki, olub ilan,

Ogru gerçək, dogru yalan.

Şah başmagı yurdda qalan,

Bu dünyanın nə günahı?

 

Ulaq  ucuz, palan baha,

Gerçək ucuz, yalan baha,

Ölən ucuz, qalan baha,

Bu dünyanın nə günahı?

 

Dərd içində boguluruq,

Saman kimi sovruluruq.

İçimizdə qovruluruq,

Bu dünyanın nə günahı?

 

Belə şeir olar,

ay şeir yazan?

 

Niyə oxucunu sən çaşdırırsan?

Bəzi misraları çırpışdırırsan,

Hələ internetdə yer açdırırsan,

Barı utanırsan tutduğun işdən?

Nə deyər, a balam, görüb-eşidən?

Başına baxıram yekə bir qazan

Belə şeir olar, ay şeir yazan?

 

Şeirinin ölçüsü, misrası hanı?

Sözlərin düzümü, sırası hanı?

Əvvəli düz deyil, sonrası hanı?

Tər gülə, çiçəyə çayır deyirsən,

Özünə yazıçı, şair deyirsən.

Tutubsan elə bil sən göldən sazan,

Belə şeir olar, ay şeir yazan?

 

Gah YAP-çı olursan, gah da Müsavat,

Onu bilirsənmi sənsən bisavad?

Yazdığın şeirlər bərbaddı, bərbad.

Lazımsız sözləri yan-yan düzürsən,

Dəyərli kəlməyə dodaq büzürsən.

Gərək sənə tapaq bir yazı yozan,

Belə şeir olar, ay şeir yazan?

 

Çoxdan alaq basıb o söz bağçanı,

İçini bilirik, tökmə boğçanı,

Soxma gözümüzə o kitabçanı,

Qabığı qalındır, ancaq içi boş,

Söylə, belə yazı kimə gələr xoş

Özünü öyürsən: - Çiçəkli yazam,

Belə şeir olar, ay şeir yazan?

 

Sən Allah, danışma sözün bilinmir,

Qaşının altında gözün bilinmir,

Sənin heç doğrunla düzün bilinmir,

İndi heç sözünə hədd qoyan yoxdur,

İndi yazılara sədd qoyan yoxdur,

İndi at oynadır hər təzən, azan,

Belə şeir olar, ay şeir yazan?

 

Müxtəsər yormayım sizləri, dostlar,

Nə qədər desəniz indi yazan var,

Hər gün çap olunur çoxlu kitablar.

Çoxusu oxunmur toz-torpaq basır,

Yaxşı yazılara kim qulaq asır?

Başı çıxmayan da söyləyir bəzən:

- Belə şeir olar, ay şeir yazan?

 

01.02.2018

 Mən şeir deyəndə ağlama, qızım! (Qızım Emelyaya)

 

 Yamanca duyğusal, yaman kövrəksən,

Mən şeir deyəndə ağlama, qızım,

Anasın itirmiş zərif mələksən,

Mən şeir deyəndə ağlama, qızım.

 

Kövrəyəm, kövrəksən ağlatma məni,

Coşqun dəniz kimi çağlatma məni,

Gözünün yaşıyla dağlatma məni,

Mən şeir deyəndə ağlama, qızım.

 

Sən elə bilmə ki, atan var səni,

Bilirəm, it kimi tutan var səni,

Fəxr eylə, mənim tək atan var sənin

Mən şeir deyəndə ağlama, qızım.

 

Necə ki, sağlamam gələcəyəm mən,

Səninlə bir yerdə güləcəyəm mən,

Onsuz da nə vaxtsa öləcəyəm mən,

Şeirimi oxuyub ağlama, qızım.

 

Feyruzam qovğalı başına qurban,

Sənin o çatılan qaşına qurban,

Gözünün dumduru yaşına qurban,

Mən şeir deyəndə ağlama, qızım!

 

02.02.2016

 

Yaxşıdır

 

Qışın boranından, qışın qarından,

Yayın ortasında bürkü yaxşıdır!

Heyvandan-ayıdan, uzunqulaqdan,

Nə qədər pis ola, tülkü yaxşıdır!

 

Qanımı qaraltma, gəl, səhər-səhər,

Dilin həm acıdır, həm də ki, zəhər.

Səndən heç kəs ummur nə bar, nə bəhər,

Səndən barsız ağac bil ki, yaxşıdır!

 

Başın ayı başı, bir yekə qazan,

Yəqin belə yazıb o yazı yazan.

Çətin ki, tutasan nə vaxtsa sazan,

Qarmağa ilişən "Kilkə" yaxşıdır!

 

Başın çıxmayana burnunu soxma,

O qanmaz dilinlə heç kəsi sıxma,

Hərdən əsəbləşib özündən çıxma,

Sakit oturmağın bəlkə yaxşıdır?

 

Kimlərsə Feyruza yox deyə bilər,

Yalandan çoxları çox deyə bilər,

Buzlaşmış gözünə ox dəyə bilər,

Bunu öz gözünlə gör ki, yaxşıdır!

  

Mən sənin yanına dönən deyiləm!

 

Mənə yuxarıdan baxsan da, gülüm,

Göydə şimşək kimi çaxsan da, gülüm,

Nə qədər yüksəyə qalxsan da, gülüm,

Mən sənin zirvənə enən deyiləm,

Mən sənin yanına dönən deyiləm.

 

Özünü çox yorma gəlmərəm daha,

Səninlə danışıb gülmərəm daha,

Mən sənin yanında ölmərəm daha

Onsuz da yanına gələn deyiləm,

Mən sənin yanına dönən deyiləm.

 

Yalanla yoğrulub bişmisən artıq,

Sevginin pərdəsin deşmisən artıq,

Sən mənim gözümdən düşmüsən artıq,

Yalandan ha danış, dinən deyiləm

Mən sənin yanına dönən deyiləm.

 

Heç vaxt gözləmə sən açılan danı,

Artıq nimdaşlaşıb sevginin donu,

Çətin ki, açıla bu sevgi donu,

Mən artıq keçmişəm, dünən deyiləm,

Mən sənin yanına dönən deyiləm.

 

 

Mən də sizin kimi

cavan olmuşam!

 

Gənclərə

 

Soyuq bulaqlarım, dağlarım olub,

Axarlı, baxarlı bağlarım olub.

Bilirsiz nə gözəl çağlarım olub?

Siz elə bilməyin avam olmuşam,

Mən də sizin kimi cavan olmuşam!

 

Yayda İstisuda, qışda Aranda,

Çimərdim buz suda erkən duranda,

Dağların qoynunda çadır quranda,

Qayadan sürünü qovan olmuşam,

Mən də sizin kimi cavan olmuşam!

 

Hərdən qalayardı nənəm təndiri,

Lavaş arasında motal pendiri,

Yanımı əzəndə həsir kəndiri,

Döşəmə olmuşam, tavan olmuşam,

Mən də sizin kimi cavan olmuşam!

 

Bir qızı sevmişəm gözləri ala,

Uzun saçlarını atardı dala,

İllərdir o yoxdur, baxıram yola,

O yoxdur, elə bil yavan olmuşam,

Mən də sizin kimi cavan olmuşam!

 

Daha yaşlaşmışam, gözlərim görmür,

O uzun saçları əllərim hörmür,

Qayğılar çoxalıb, üzüm də gülmür,

Bu sınıq könlümü ovan olmuşam,

Mən də sizin kimi cavan olmuşam!

 

Feyruzam, yetmişi haqlayıb yaşım,

Nələr çəkmiyibdir bəlalı başım,

Köç edib dünyadan neçə yoldaşım,

Kim deyir işləri rəvan olmuşam,

Mən də sizin kimi cavan olmuşam!

06.02.2019

1.0657968521118