Dinimiz Allahdan, dindarlığımız özümüzdəndir...

(Əvvəli 5 martl

tarixli sayımızda)

 Maraqlıdır ki, müxtəlif fiziki-mənəvi işgəncələrə məruz qalan imam Malik, uzun sürən  prostat xəstəliyini yalnız vəfat etməzdən qabaq agah edib. Ölüm yatağında o deyib: "Əgər həyatımın son anları olmasaydı, dərdimi sizə deməzdim... Mənim xəstəliyim sidiyimi saxlamamaqdır. Peyğəmbər(ə)-nin məscidinə gedə bilmirdim. Rəbbimə şikayət olmasın deyə, xəstəliyimi heç kəsə söyləmirdim".

 İmam Malikə görə, iman söz, inanc və əməlin vəhdətidir. O, xeyir və şəri ilə qədərə inanıb, insanın azad və ixtiyar sahibi olduğunu təsdiq edib. İmamın böyük günah (kəbirə) işlədənlər haqqında baxışı belə idi: böyük günah sahibləri günahları qədər əzab görəcəklər. Qiyamət günü Allahı görmənin mümkünlüyünü qəbul edən imam, onun necəliyinin izahı barədə  susub.

Malik ibn Ənəs 4 rəşidi xəlifənin xilafətini qanuni sayıb. Ona görə:

1) "Peyğəmbər(ə)-nin səhabələrini təhqir edən şəxsin dünyada yeri yoxdur;

2) Haqsız iş görülən və  keçmişini baltalayan məmləkətdə yaşamaq caiz deyil;

3) Hökmdar zalım olarsa, səbirli olmaq və onu irşad etmək lazımdır.

Buradakı səbr zülmə boyun əyən zavallı insanın səbri yox, xalqın istək və məsləhətini nəzərə alan şəxsin səbridir. «Zalım hökmdarı nəsihətlə, dinin əmrlərini ona xatırlatmaqla ədalətli olmağa sövq etmək lazımdır. Əgər həmin şəxs zalım hökmdarın qəzəbinə tuş gəlib nəsihət yolunda öldürülərsə, şəhid hesab olunur". İmam xilafətin yalnız Haşimi ailəsinə və ya həz. Əli övladlarına məxsus olduğunu qəbul etməyib. Çünki Malikə görə, həz. Əbu Bəkr, həz. Ömər və həz. Osman nə Haşimi, nə də Əli  övladlarıdır. İmam qəbul edib ki, səhabənin rəşidi xəlifələri seçdiyi üsul ən sağlamdır. O, azad seçim və zor olmadan beyət edilmək şərtilə ölən xəlifənin bir nəfəri xəlifəliyə tövsiyə etməsini məşru ( qanuni) hesab edib. Malikə görə, xəlifə seçimində ölkə əhalisinin hamısının yox, Məkkə və Mədinə müsəlmanlarının beyəti kifayətdir. Məkkə və mədinəlilərin beyəti olmazsa, digər bölgələrdəki müsəlmanların beyəti yetərli deyil.

 İmam Malik ibni Ənəsin əsas əsəri «Kitab əl-Muvattadır». Bu kitab bu günə qədər bizə çatan ən qədim müsəlman fiqh kitabıdır.  Maliki məzhəbi Tunis, Əlcəzair, Mərakeş, Müsəlman İspaniya, Afrikanın İslamı qəbul edən ölkələrində hökm sürür.  

 İmam Şafi (767-820) və məzhəbi

 Əş- Şafi əl- İmam Əbu Abdullah Məhəmməd ibn İdris 767-ci, imam Əbu Hənifənin vəfat etdiyi ildə Qəzza şəhərində anadan olub. İttifaqla rəvayət edildiyinə görə, Şafinin atası Qureyş qəbiləsindəndir. O, Peyğəmbər(ə)-nin babası olan Haşimin qardaşı Mütəllib oğullarına mənsubdur. Bəzi rəvayətlərə görə, onun anası həz. Əli ailəsindən olub. Atasını erkən itirən  Şafini anası tərbiyə edib, təhsil verib. Yüksək nəslə mənsub olmasına baxmayaraq, çox kasıb yaşayıb. Şafi 20 yaşında ikən fətva verəcək və hədis rəvayət edəcək bir mərtəbəyə çatmışdı. Lakin o, bununla kifayətlənməyib Mədinə imamı Malik b. Ənəsin yanına gedib ondan təhsil alıb və onun himayəsində yaşayıb.

İmam Malik vəfat etdikdən sonra Şafi əvvəl Məkkəyə, sonra Yəmənə gedir. O, Yəmənin Nəcran şəhərində qazi vəzifəsinə təyin edilir. Lakin Şafi Nəcran valisinin ədalətsizliyinə susa bilmir.

 Məlumdur ki, Abbasilər də Əməvilər kimi həz. Əli övladlarına qarşı mübarizə aparıblar. Halbuki, həm həz. Əli, həm də Abbasilər Peyğəmbər(ə) ilə qohum idilər. Buna baxmayaraq, Abbasilər bir vali və ya qazinin həz. Əli övladlarına rəğbətini hiss etdikdə, onları təqib edirdilər. Abbasilərə görə,  məmləkət düzəninin rəvan getməsi üçün bəzən günahsız bir adamı öldürmək, bu düzənin pozulmasına səbəb ola biləcək ittiham altındakı kimsənin azad edilməsindən yaxşıdır. Nəcran valisi də Abbasilərin bu məntiqindən çıxış edərək, Şafinin Əli övladları ilə işbirliyi olduğu barədə həmin dövrdə xilafət məqamını zəbt edən Harun ər- Rəşidə(786-809) belə məzmunda məktub göndərir:  "Ələvilərdən 9 nəfər sizə qarşıdır. Onlardan biri də Mütəllib oğullarından Şafi deyilən birisidir. O, sözü ilə qılıncın edə bilməyəcəyini edir".

Nəticədə, Şafi əli qandallı mərkəzə- Bağdada gətirilir. Digər mənbə qeyd edir ki, Şafi Yəməndə Ələvilərin gizli fəaliyyətinə qoşulur və hətta Zeydi təriqətinin imamı Yəhya ibn Abdullaha beyət edir. Həmin səbəbdən o, 803-cü ildə digər Ələvilər kimi tutularaq xəlifənin yanına gətirilir. Hər iki mənbə təsdiq edir ki, Harun ər-Rəşid Şafinin sübut və məntiqinə heyran olur və onu azad edir. İmam 804-cü ildə Misirə gedir və Malik ibni Ənəsin tələbəsi kimi yaxşı qarşılanır. 811-ci ildə Bağdada gəlib orada dərs deyən Şafi, imam Məhəmmədin himayəsində qalır. Sonradan o, Beytül-harama gedib dərs verməklə məşğul olur.

Sünni cərəyanının III məzhəbinin qurucusu və rəhbəri imam Şafi İslam aləmində məşhur olan alimlər yetişdirib. Onun tələbələrindən biri,  sünni məzhəbinin dördüncüsünün qurucusu və rəhbəri olan Əhməd b. Hənbən deyib: "Peyğəmbər(ə) buyurub: " Allahu-Təalə bu ümmətin dinini doğru təbliğ etmək üçün hər 100 ildə bir şəxs göndərir. Birinci yüzillikdə bu şəxs Ömər b. Abduləziz olub. İkinci yüzillikdə isə bu şəxsin Şafi olacağına inanıram". Qeyd edək ki, hüccətül-imam (islamın dəlili) adlandırılan əl-Qəzzali (?- 1111), ən- Nəvavi (?- 1277) və digər məşhur alimlər Şafi məzhəbinin nümayəndələri olublar.

 Şafinin idrak və hafizəsi çox güclü olub. O, müəllimi imam Malikin "əl- Müvətta"sını bir dəfə oxuyandan sonra  əzbər bilirdi. Şafi güclü açıq ifadəyə malik, müəllimi imam Malik kimi dərin bəsirət və fərasətə, yüksək ixlasa sahib idi.

İmam Şafinin xilafət və onun şərtləri haqqında 3 maddədən ibarət  baxışı belə olub:

1) Şafi xilafətin (imamətin) dini bir əmr olduğuna inanıb. Yəni  xilafətdə həm müsəlmanlar, həm də kafirlərin birgə yaşamının mövcudluğunu qəbul edib (Tolerantlığın bariz nümunəsi- V.C.); 2) Şafi xilafətin Qureyşə aid olduğunu qəbul edib və bu mövzuda Peyğəmbər(ə) -yə istinad edilən 2 hədisə söykənib:

  1. a) "Kim Qureyşə xəyanət etsə, Allah da ona xəyanət edər";
  2. b) (Qureyşə xitabən) "Siz haqdan ayrılmadıqca, bu işə daha layiqsiniz. Ancaq ədalətdən ayrılsanız xurma yarpağı kimi soyulacaqsıznız".

Kəlama görə, xəlifə ədalətli olmalıdır. Zalım şəxs xəlifə (imam) kimi qəbul edilməz; 4) Şafi xilafətin səhih olması üçün beyətin qabaqcadan edilməsini şərt hesab etməyib. Şübhəsiz ki, beyətin qabaqcadan edilməsi daha yaxşıdır. Lakin Şafiyə görə, Qureyşdən bir nəfər zorla hakimiyyəti ələ keçirərsə, sonra ədalətlə hərəkət etsə və xalq onu dəstəkləyərsə, həmin şəxs qanuni xəlifədir. İmam Şafi əmin idi ki, insanların xilafətə ən layiqlisi həz. Əbu Bəkr, həz. Ömər. Həz. Osman və hidayət yolunun imamı həz. Əlidir. Təqdirəlayiqdir ki, o, bu sıranı dörd xəlifənin xilafətdə olması ardıcıllığı ilə  tərtib etmişdi. Bununla yanaşı, Şafi Ömər b. Abduləzizi beşinci xəlifə kimi də tanıyırdı. Diqqətçəkən məqamlardan biri də özünün Qureyşdən olmasına baxmayaraq, Şafi üstünlük baxımından həz. Əbu Bəkrdən sonra həz. Əlini seçib. O, həz. Əlini xüsusən alimliyi, igidliyi, zahidliyini və şərəfli olmasını qeyd edirdi. Digər tərəfdən, Şafi Peyğəmbər(ə)-nin həz. Əlinin Quran elmi haqqında başqalarından üstünlüyü barədə

kəlamına ("Mən elmin şəhəri, Əli o şəhərin qapısıdır. Elm axtaran Əlidən öyrənsin") xüsusi önəm verib. Çünki həz. Əlinin verdiyi hökmləri  Peyğəmbər(ə) həmişə imzalayardı. İmam Şafi həz. Əli ilə Muaviyyə arasındakı  ixtilafda həz. Əlini haqlı, Müaviyyəni isə asi sayıb. Asilərlə qələm vuruşu aparan Şafi barəsində bir alim imam Əhməd b. Hənbələ deyir: "Şafi bütün dəlillərini həz. Əlidən alıb". Əhməd b. Hənbəl buna rəğmən cavab verir: "Eşq olsun! Bəs Şafi qələmi ilə savaşarkən kimə müraciət etməli idi?" Məgər bu ümmət içində asilərlə savaşan ilk adam həz. Əli olmayıb?"

 Şafi öz fiqhinin qaynaqları barəsində "əl- Umm" kitabında yazıb: "Elm müxtəlif təbəqələrə ayrılır: Birincisi, kitab və sabit olan sünnətdir. İkincisi, haqqında kitab və sünnətdə olmayan məsələlər barədə icmadır. Üçüncüsü, Peyğəmbər(ə)-nin səhabələrindən bir qisminin dediyi sözlərdir. Burada digər səhabələrin onlara müxalif olan sözləri hökmən nəzərə alınmalıdır. Dördüncüsü, səhabələrin birmənalı ixtilafda olduqları sözlərdir. Beşincisi, qiyasdır".

 İmam Malikin tələbəsi olan imam Şafi müəlliminin istihsan (zahiri qiyasın hökmünü buraxıb illətindəki (səbəbindəki) təsiri nəzərə alaraq, daha qüvvətli olan gizli qiyası qəbul etmək prinsipi) haqqında dediklərini qəbul etməyi ləğv edib, onu batil sayıb. Əgər imam Malik: "İstihsan elmin onda doqquzudur" deyirdisə, imam Şafi: "Kim istihsan edərsə, o, şəriətə əlavə etmiş olar", deyib. Şafinin əsas arqumentləri bunlar olub:

1) İstihsanı qəbul etmək, bəzi məsələlərin hökmünü şəriət bəyan etməyib- deməkdir. Halbuki, Allah Quranda buyurub: "Məgər insan elə guman edir ki, o, başlı-başına buraxılacaq?!" (Qiyamə 36).

2) Peyğəmbər(ə) hökmlərini istihsanla etməyib. O, bəyan edilməyən məsələlər barəsində ancaq növbəti vəhyi gözləyərdi;

3) Peyğəmbər(ə) səhabənin istihsanla verdiyi hökmləri bəyənməyib;

4) İstihsanın bəlli bir ölçü və qaydası yoxdur. Həmin səbəbdən o, ixtilaflara yol açır və s. və i.

 İmam Şafi dövrünün ortaya çıxan bütün fiqh məsələləri ilə məşğul olub. Həmin səbəbdən, imam üsul əl- fiqhin banisi sayılıb. O, 820-ci ildə Misirdə vəfat edib. İmam Şafi əl-Müqəttəm dağının ətəyində, Bənu Əbdülhəkəm türbəsində dəfn edilib. Sonradan böyük İslam əri  Səlahəddin Əyyubi burada böyük mədrəsə tikdirib. Bu gün imamın türbəsi izdihamlı ziyarətgaha çevrilib.

 Hazırda Şafi məzhəbi Cənubi Ərəbistanda, Bəhreyndə, Malayya adalarında, Tanzaniyada, Dağıstanda və bəzi Orta Asiya ölkələrində hakim durumdadır.

 Və nəhayət, imam Şafi elmi yaradıcılığı və fəaliyyətində düşündürücü bir  məqamı da qeyd etmək yerinə düşərdi. Belə ki, Şafinin ata və ana tərəfdən əhli-beytə  qohumluğunu nəzərə alsaq, o, ya şiələrin VI imamı Cəfəri-Sadiqin məzhəbində qalmalı, ya həmin məzhəbi daha da təkmilləşdirməli, ya da sözügedən cərəyanın (şiəliyin) ikinci məzhəbini yaratmalı idi. Lakin belə olmadı. İmam Şafinin əhli-beytə yaxınlığı və  ona olan sevgisinə baxmayaraq, o, yeni bir məzhəbin qurucusu kimi sünni cərəyanını seçdi. Səbəbləri axtararkən, ola bilsin, aşağıdakı ehtimallar da müəyyən rol oynayıb: 1) Şiələrə görə, Cəfəri-Sadiq məzhəbinin dörd sünni məzhəbinə nisbətən  daha tamam, toxunulmaz olması. Əks təqdirdə böyük elm, sarsılmaz iradə və  kamil iman vəhdətində olan növbəti şiə imamları yeni məzhəb(lər) qurardı; 2) Əhli-beyt tərəfdarları və nümayəndələrinin uzun müddət  təqibi; 3) Əməvilər və Abbasilər iqtidarında xəlifələrin sünni olmaları; 4) İmam Şafinin sünni imamı Malikin və sünni qazisi Məhəmmədin tələbəsi olması və onların himayəsində yaşaması və s. və i. Burada həqiqət axtarışlarında olan qələm və məntiq aciz qaldığı üçün: Doğrusunu Allahu-Təalə bilir, deyirik.

«Ardı var» 
Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru

0.49341893196106