"Qaranlıq gözlər"dən parlayan işıq

"Uhan-400" və "Koronavirus"un mənəvi əlaqələri

Son zamanlar dünya mətbuatı "koronavirus" və ya "COVID-19" infeksiyası ilə cəmiyyəti təəccübləndirməkdə davam edir. Hər gün virus haqqında bir özəllik ortaya atılır və məsələnin gündəmdə saxlanılması üçün müəyyən qüvvələr dəridən-qabıqdan çıxmaqdadır. Biz isə cəmiyyəti bu məsələyə informasiya müharibəsi kimi baxmağa çağırırıq.

Dünya inkişaf edir, bütün sahələrdə seqmentləşmə, ixtisaslaşma gedir, o cümlədən müharibə metodları da zənginləşməkdədir. Son 75 ildə, yəni İkinci dünya müharibəsindən sonra biz dünyada atıcı, nüvə və kimyəvi silahlardan istifadə etməklə qlobal müharibələri müşahidə etmirik. Amma bu o demək deyil ki, dünya artıq müharibələrdən xilas olub. Xeyr, müharibələr indi də davam etməkdədir, sadəcə olaraq müharibələrin formatı və ya platformaları dəyişdirilib. Məsələn, müasir dünyada iqtisadi, informasiya və kiber müharibələr daha aktualdır. Belə müharibələrin aktuallaşmasına səbəb daha məhdud resurslardan istifadə etməklə, hücum tərəfin canlı itki vermədən və ya məhdud saylı itki ilə istəklərinə tam nail ola bilməsidir. Məsələn, orta əsrlərdə Fransa, İngiltərə, Monqolustan və s. kimi imperialist dövlətlər hər hansı bir bölgəni istismar etmək üçün mütləq müharibələr yolu ilə həmin əraziləri işğal edərək imperiyanın tərkibinə daxil etməli, böyük bir müstəmləkə qurmalı idi. İndi isə nə təchizatlı qoşunla müharibə aparmaq, nə də imperiya qurmağa ehtiyac yoxdur. Sadəcə olaraq investisiya yatırmaq adı ilə maliyyə resurslarını hədəfdə olan bölgəyə və ya ölkəyə yerləşdirmək kifayətdir. Kiber hücum üçün isə cəmi bir neçə mütəxəssisə və yüksək texnoloji imkanlara malik kompyuterlərin əldə edilməsi kifayətdir. İnformasiya müharibəsində isə heç bunlara da ehtiyac yoxdur, ağlabatan yalan uydurmaq kifayətdir. Buna bariz nümunə isə "nəlbəkidə fırtına"ya bənzəyən "koronavirus" qalmaqalıdır. Dünyada hər gün yüz minlərlə insan ölür və doğulursa, "koronavirus" adı altında bir neçə min adamın dünyasını dəyişməsi nədən bəşəriyyətə qlobal faciə kimi sırınmalıdır? Ona görə ki, bu hansısa qüvvələrin maraqlarına uyğun gəlir.

Bu günlərdə isə Amerika elitası dünyanı daha bir "şok"la təəccübləndirməyə cəhd göstərdi. Guya Amerikanın fantastik romanlar müəllifi olan Dina Kunçanın 39 il əvvəl qələmə aldığı "Qaranlıq gözlər" ("The Eyes of Darkness") adlı romanında tam təsadüfən Çinin Uhan şəhərində hazırlanan bioloji silahdan - "Uhan-400"dan ("Wuhan-400") bəhs edilir. Romanda "Uhan-400" laboratoriya şəraitində hazırlanan təhlükəli bir virus kimi təsvir olunur.

Koronavirus adlandırılan təhlükəli virusun Çinin Uhan şəhərindən başlayaraq dünyaya yayılması, Dina Kunçanın "Qaranlıq gözlər" romanını yenidən gündəmə gətirib. İnsanların bir çoxu belə hesab edir ki, Dina Kunçanın virusa "Uhan-400" adını verməsi təsadüfi ola bilməz.

Lakin, bunun tamamilə təsadüf olduğunu söyləyən insanlar da var. Bildirilir ki, romanda haqqında bəhs olunan "Uhan-400" virusu ilə koronavirus arasında oxşarlıqlar olsa da, fərqli tərəflər də mövcuddur.

Bizim ehtimallarımıza görə bu nə təsadüfdür, nə də ki, amerikalı yazıçı Dina Kunçan dahi öncəgörəndir. Əvvəlki yazılarımızda da biz vurğulamışdıq ki, koronavirus qalmaqalını yaradan səbəblər məqsədyönlü şəkildə qurulan planlara çox oxşayır. Dünya mətbuatının "təsadüf" adlandırdığı sözügedən romandakı nüans bizim ehtimallarımızı bir qədər də gücləndirir. Sözsüz ki, istənilən layihənin bir ideya mənbəyi var. Bu mənbə təsadüfən də açıla bilər. Məsələn, İsaaq Nyutonun başına alma düşənə qədər o, bəlkə də heç vaxt ümumdünya cazibə qüvvəsi barədə düşünməmişdi.

Arxmedin qarşısına şahın tacındakı qızıldan oğurluq edilib-edilməməsi sualı qoyulmasaydı o, heç vat Arxmed qüvvəsini kəşf etməyəcəydi, bu missiyalar tamam başqa alimlərin adı ilə bağlı olacaqdı. Dina Kunçan da "Qaranlıq gözlər" romanını təsadüfən yazmayıb. Yaxın keçmiş olan ötən əsrin 70-80-ci illərini araşdırsaq görərik ki, Çinin Uhan şəhərində ABŞ dövlətinin arzulamadığı tədqiqat laboratoriyaları fəaliyyət göstərib. Həmin laboratoriyalarda Çin hökuməti bioloji silah hazırlamaq üçün tədqiqatlar aparır. Əslində, o silahların hədəfi SSRİ idi, amma Çinin bu sahədəki nailiyyətlərinə qısqanclıqla yanaşan anqlosakson dövlətləri o dövrdə buna bənzər əsərlər, filmlər sifariş edərək, rəsmi Pekini şantaj etməyə çalışırdı. Sözügedən roman da həmin sifarişlər silsiləsindən yaranan əsərlərdən biridir. Lakin bu roman Çinə qarşı duran qüvvələrin yenidən işinə yarayıb - çox güman ki, "koronavirus" layihəsinin ilham pərisi elə Dina Kunçanın bu romanı olub. Çinin Uhan şəhərindəki bioloji laboratoriyalar bu gün də fəaliyyətdədir. Görünür "Qaranlıq gözlər"i sifariş verən qüvvələr indi həmin yazıçının fantaziyasını reallıqlara çevirmək qərarına gəlib və "çox uğurlu" bir layihəyə imza ata biliblər.

Sonda qeyd edək ki, anqlosaksonlar üçün "Qranlıq gözlər"in bu gün yenidən gündəmə gəlməsi arzuolunmaz haldır, çünki bu romanda cərəyan edən hadisələrin müasir gündəmlə üst-üstə düşməsi layihə rəhbərlərinin qaranlıqlarına işıq salmaq üçün ipucu rolunu oynaya bilər. Burada təsadüf, sadəcə olaraq romanın kimlər tərəfindənsə gündəmə gətirilməsidir.

Akif Nəsirli

1.3732440471649