Azərbaycan Konstitusiyası multikulturalizm düşüncəsini təsbit və təşviq edir

Azərbaycançılıq ideologiyası multikulturalizmin və tolerantlığın inkişaf etdirilməsində mühüm rol oynayır

(Əvvəli səh.10-da)

Azərbaycançılıq ideologiyası ölkənin bütün sahələrində olduğu kimi multikulturalizmin və tolerantlığın, eləcə də sivilizasiyalar və mədəniyyətlərarası dialoqun və əməkdaşlığın inkişaf etdirilməsində mühüm rol oynayır. Öz dövründə bu məsələyə münasibət bildirən Ümummilli Lider Heydər Əliyev deyib: "Avropa ölkələri ilə münasibətlərin inkişafında qədim İpək yolunun bərpasını nəzərdə tutan TRASEKA proqramının həyata keçirilməsi mühüm yer tutur. Bu nəhəng nəqliyyat dəhlizinin mərkəzində yerləşən ölkə kimi Azərbaycan Şərqlə Qərbin qovuşmasında böyük rol oynayır".  Bu da onu deməyə əsas verir ki, siyasi və iqtisadi müstəvidə bu tendensiyanı dünyada ilk dəfə nəzərə alan və Böyük İpək yolunun bərpası ideyasını irəli sürən də məhz Ulu Öndər Heydər Əliyev oldu. Onun bilavasitə təşəbbüsü ilə hələ 8-9 sentyabr 1998-ci ildə 32 dövlət rəhbərinin iştirakı ilə Bakıda keçirilən beynəlxalq konfransda bir sıra planetar miqyaslı strateji layihələrin həyata keçirilməsi istiqamətində ciddi addımlar atıldı. Bu addımı ilə Heydər Əliyev Azərbaycanı dünya üçün əhəmiyyətli bir dövlət kimi təqdim etməklə, həm də ölkəmizin sosial-iqtisadi, siyasi və humanitar sahələrinin dirçəlişinə start vermiş oldu. Burada da dövlət-din münasibətlərinin düzgün formalaşdırılması, multikulturalizmin və tolerantlığın inkişaf etdirilməsi, milli və dini birgəyaşayışın təmin olunması ən mühüm amillərdən biri kimi özünü göstərdi.

Ümummilli lider Heydər Əliyev ölkədə multikultural mühitin inkişaf etdirilməsi istiqamətində gördüyü işlərin arasında respublikamızda mövcud dini ziyarətgahların təmiri və bərpasına, qorunmasına da xüsusi diqqət yetirirdi. Ulu Öndər ölkədə mütərəqqi İslam dəyərlərinin inkişafına diqqət yetirməklə yanaşı, burada mövcud olan digər dinlərin inkişafına da tolerant mühitin yaradılmasını təmin edir, dini konfessiyalar arasında qarşılıqlı hörmətə söykənən münasibətlərin formalaşması üçün lazım olan bütün şəraiti yaratdı. Məsələn, 1999-cu ildə ölkəmizdə sayları çox az olsa da, katolik icması dövlət qeydiyyatına alındı. Əvvəllər dini ayinləri evlərdə icra edən icma üzvlərinə öz inanclarına ibadət etmək üçün lazım olan bütün şərait yaradıldı. 2000-ci ildə isə onlara öz ibadətlərini yerinə yetirmək üçün ayrılan xüsusi bina kilsəyə çevrildi. Daha sonrakı illərdə isə Azərbaycan hökuməti ilə Vatikan arasında əldə olunan razılığa əsasən, Bakıda Nobel prospektində Roma katolik kilsəsi inşa edildi. Vatikanın başçısı II İoann Pavel 2002-ci ilin may ayında Bakıda səfərdə oldu, dövlət rəsmiləri, ictimaiyyətin nümayəndələri ilə görüşərək ölkədəki mövcud tolerantlığı yüksək qiymətləndirdi: "Azərbaycanda dinlər arasındakı tolerantlıq münasibətləri dünyanın bir çox ölkələri üçün yaxşı nümunə ola bilər".

Bu gün Azərbaycanda mədəni müxtəlifliyin inkişafına xidmət edən bu strateji kursu dövlət başçımız İlham Əliyev böyük inamla davam etdirir. 2003-cü ildə keçirilən prezident seçkisində qələbə qazanan İlham Əliyev andiçmə mərasimində "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" deməklə, ölkə vətəndaşlarının ona olan etimadını daha da gücləndirmiş oldu. Prezident İlham Əliyevin müxtəlif xalqların mədəniyyətlərinin qorunması və inkişaf etdirilməsi ilə bağlı siyasəti çağdaş dövrün reallıqları ilə özünü təsdiq etdi. Prezident İlham Əliyev hesab edir ki, müasir dünyada qloballaşma prosesinin nəticəsi kimi ortaya çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın dini dəyərlərinin qorunması məsələsini çağdaş dövrün aktual məsələlərindən birinə çevirib.

Bu da danılmaz faktdır ki, ölkəmizdə mədəni müxtəlifliyin, sivilizasiyalararası dialoq mühitinin qurulmasında ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın da xidmətləri danılmazdır. Mehriban xanımın rəhbərliyi ilə Fondun mədəniyyət diplomatiyasına və mədəniyyətlərarası dialoqa töhfələr verən, Qafqazda və keçmiş sovet məkanında analoqu olmayan uğurlu layihələrin həyata keçirilməsi, Azərbaycanı bütün dünyaya tanıtmış oldu. Məsələn, Parisdə Versal Sarayının parkında yerləşən abidələrin bərpasına, Strasburqda Müqəddəs Məryəm Kafedral kilsəsinin yenidən qurulmasına, Pakistanda zəlzələdən zərər çəkən qızlar məktəbinin yenidən inşasına, Hollandiya, Rusiya, Gürcüstan, Rumıniya, Misir və digər ölkələrdə təhsil ocaqlarının müasirləşdirilməsinə, Afrika  ölkələrinin qeyri-maddi mədəni irsinin qorunmasına göstərilən yardım və diqqət ölkəmizin dünyaya nümayiş etdirdiyi humanizm nümunəsidir. Bununla yanaşı, Mehriban xanımın təşəbbüsü və dəstəyi ilə Qəbələdə  Beynəlxalq Musiqi Festivalının təşkili, Avroviziya musiqi yarışmasında Azərbaycanın iştirakına dəstək və s. Heydər Əliyev Fondunun Azərbaycanın dünyada təbliğinə verdiyi böyük töhfədir.

Qeyd etmək lazımdır ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu hər bir layihəsi ilə müxtəlif xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin, multikulturalizmin və tolerantlığın bərqərar olmasına xidmət edir. Fondun həyata keçiridiyi "Tolerantlığın ünvanı Azərbaycan" layihəsi çərçivəsində ölkədəki məscidlərdə, kilsələrdə, sinaqoqlarda gördüyü təmir-bərpa işləri də dövlət-din münasibətlərinin tənzimlənməsinə böyük töhfədir. Azərbaycanda mövcud olan dini və milli icmalar arasındakı dostluq və qardaşlıq əlaqələrinə münasibət bildirin Mehriban xanım Əliyeva deyib:"Xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, tolerantlığın hökm sürdüyü Azərbaycan cəmiyyəti bizim tarixi nailiyyətimizdir və bu amil ictimai-siyasi həyatımızın aparıcı normasına çevrilib. Ölkəmizdə yaşayan müxtəlif xalqlara öz milli- mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün demokratik şərait təmin edilib. Azərbaycanın bütün vətəndaşları dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, əsas insan hüquq və azadlıqlarına malikdirlər. Qürurverici faktdır ki, Azərbaycan dünya ölkələri üçün tolerantlıq örnəyi hesab olunur və bir çox dövlətlər bizim təcrübəmizdən yararlanmağa çalışırlar".

Lakin onu da qeyd etmək lazımdır ki, bizim təcrübəmizi mənimsəmək, öyrənmək istəyən dövlətlər olduğu kimi, tam əksinə, multikulturalizmin iflasa uğradığını iddia edən bir sıra dövlətlər də var. Bu dövlətlərin böyük əksəriyyətinin Avropada yerləşməsi də, istər-istəməz hər kəsi düşünməyə vadar edir. Avropanın bu qəflət yuxusundan ayılmasında ölkəmizdə keçirilən ilk Avropa oyunlarının da mühüm rolu olub.  

İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin əsas səbəblərindən biri də, ölkəmizdə insan hüquqları və demokratikləşmə, habelə milli-etnik, dini tolerantlığın təmini sahəsindəki  böyük nailiyyətləri təbliğ etməkdir. Bu oyunlar zaman bir daha təsdiqləndi ki, Azərbaycan qətiyyən geridə qalmış müsəlman və ya Şərq ölkəsi deyil, müasir, qonaqpərvər, gülərüz olmaqla yanaşı, həm də çox tolerant bir ölkədir. Burada müxtəlif dini konfessiyaların, ayrı-ayrı xalqların nümayəndələri dostluq və mehriban qarşılıqlı anlaşma şəraitində uzun illərdir ki, yaşayırlar və bundan məmnundurlar. Bu gün Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sərbəst yaşamaları üçün bütün zəruri şərait yaradılıb. Bu da insan hüquqlarının dövlətimizdə tam təmin olunduğunu təsdiqləyən əsas amillərdən biridir.

Azərbaycanda yaşayan insanların hüquqlarını müdafiə edən əsas qanun Azərbaycan Respublikası Konstitusiyasıdır. Konstitusiyanın 44-cü maddəsində qeyd olunub ki, hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ var. Eyni zamanda, burada heç kəsin milli mənsubiyyətini dəyişdirməyə məcbur edilməməsi barədə imperativ norma da təsbit edilib. Ana yasamızın 21-ci maddəsinin 2-ci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir. Azərbaycan Respublikası milli azlıqların hüquqlarının müdafiəsinin təminatı üçün mövcud müvafiq konvensiyalara (məsələn, Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası, Regional dillər və ya azlıqların dilləri haqqında 1992-ci il Avropa Xartiyası və s.) qoşulub və mühüm dövlətdaxili tədbirlər həyata keçirib. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin müvafiq olaraq 28 dekabr 2006-cı il tarixli və 7 dekabr 2011-ci il tarixli sərəncamları ilə təsdiq edilən Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planında və Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi ilə əlaqədar mühüm müddəalar öz əksini tapıb.

Əgər biz müxtəlif xalqların, millətlərin, dinlərin xüsusiyyətlərinə tolerant münasibətin azərbaycanlıların mentalitetinə xas bir dəyər olduğunu nəzərə alsaq, fərqli baxışlara, adətlərə, vərdişlərə dözümlülük mövqeyini özündə ehtiva edən multikulturalizmin Azərbaycan üçün xüsusi əhəmiyyətini anlamaq heç də çətin olmaz. Ələlxüsus da  "Multikulturalizm ili" çərçivəsində həyata keçirilən çoxsaylı tədbirlər ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətlərin həm ölkə ictimaiyyətinə, həm də beynəlxalq aləmə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini açıq şəkildə ortaya qoydu. Ölkəmiz dünyada sözün həqiqi mənasında tolerant və multikultural dövlət olaraq tanındı.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

2.3227560520172