Azərbaycan Konstitusiyası multikulturalizm düşüncəsini təsbit və təşviq edir

Mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə nail olmaq üçün dialoq və əməkdaşlıq qaçılmaz şərtlərdən biridir

Son illər multikulturalizmin və tolerantlığın inkişaf etdirilməsi, mədəniyyətlərarası əməkdaşlığın və dialoqun genişləndirilməsi ilə bağlı beynəlxalq məkanda görülən işlər, aparılan diskussiyalar, müxtəlif ölkələrdə keçirilən beynəlxalq konfranslar, simpoziumlar XXI əsrdə sivilizasiyalararası dialoq ideyasının nə qədər böyük aktuallıq kəsb etdiyini göstərir. Çünki qloballaşan dünyamızda qarşılıqlı əməkdaşlıqdan və dialoqdan qaçmaq sivilizasiyalararası qarşıdurmaların daha da güclənməsinə və gərginliyin artmasına səbəb ola bilər. Məhz buna görə də, dünyanın söz sahibi olan  BMT, UNESCO və digər nüfuzlu beynəlxalq təşkilatları da darşılıqlı dialoqun və əməkdaşlığın qaçılmaz olduğunu bəyan edirlər. Bu məsələ həm də bir çox dövlət başçıları tərəfindən dəfələrlə gündəmə gətirilib. Onlar da dünyada mövcud olan qlobal problemlərin bütün dünya xalqlarının birgə səyləri ilə həll edilməsinin vacibliyini qeyd edirlər. Çünki dünyada sülhə və əmin-amanlığa, mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə nail olmaq üçün dialoq və əməkdaşlıq qaçılmaz şərtlərdən biridir. İndiki qarışıq zamanda bəşəriyyət qarşısında duran həlli vacib məsələlərdən biri də  Şərq və Qərb, başqa sözlə desək, İslam və xristian sivilizasiyaları arasında dialoq mühiti yaratmaq, onlara aid mütərəqqi dəyərlərin qarşılıqlı mübadiləsini təmin etməkdir ki, Azərbaycan Respublikasının bu sahədəki təcrübəsi bütün dünyaya nümunə ola bilər.

Müstəqilliyinin ilk illərindən ölkəmizdə vicdan azadlığının təmin edilməsi istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasəti, bununla bağlı yaradılan hüquqi təminat bazası, Azərbaycanı həm də dünyada multikultural məkan kimi tanınmasına gətirib çıxardı. Azərbaycan Respublikasının Ali qanunu olan Konstitusiyamız özünün demokratik mahiyyəti ilə cəmiyyət həyatının bütün sahələrində multikulturalizm düşüncəsini təsbit və təşviq edir.

Bu da danılmaz faktdır ki, ictimai münasibətlər sisteminin sivil şəkildə tənzimlənməsi ilk növbədə insanların digər mədəniyyətlərə dözümlülük səviyyəsi ilə sıx bağlıdır. Buna görə də təsadüfi deyil ki, son illərdə bir sıra iqtisadi, siyasi, humanitar və beynəlxalq tədbirlərin keçirilməsi üçün ən məqsədəuyğun məkan kimi, məhz ölkəmizin paytaxtı seçilir. Ölkəmizin bu sahədə nümayiş etdirdiyi yüksək təşəbbüskarlıq həm də tədbir iştirakçılarının məmnunluğu ilə nəticələnir. Bu gün paytaxtımızda təşkil edilən çoxsaylı mötəbər beynəlxalq tədbirlər Bakının artıq regionun təkcə diplomatik deyil, həm də multikulturalizm mərkəzi kimi tanınmasına səbəb olub. Son illər bu istiqamətdə Respublikamızda həyata keçirilən tədbirlər arasında Beynəlxalq Humanitar Forumu, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransını, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin Zirvə

görüşünü, Krans Montana Forumunu, Davos Forumunu, III Qlobal Bakı Forumunu, habelə ilk Avropa Oyunlarını və digər beynəlxalq tədbirləri göstərmək olar. Bütün bu forumlar, konfranslar vasitəsilə sivil dialoqun qurulması, ideyalar, nəzəri və praktiki bilik mübadiləsi, konstruktiv debat və müzakirələr onu deməyə əsas verir ki, Bakı şəhəri artıq multikultural ideyaların gerçəkləşdirildiyi  bir məkan statusunu qazanıb. 

Bunu da qeyd etmək vacibdir ki, 2012-ci ildə "Evrovizion-2012" kimi qlobal musiqi yarışmasını yüksək təşkilatçılıqla keçirən Azərbaycan  2015-ci ilin iyun ayında "Baku 2015" ilk Avropa Oyunlarına da böyük uğurla ev sahibliyi etdi və həmin günlərdə bütün  Avropanın diqqətini özünə cəlb edə bildi. Dünya ictimaiyyəti Bakı şəhərinin sülh və sabitlik paytaxtı olduğunu, respublikamızın qısa zamanda böyük sosial-siyasi və iqtisadi uğurlara imza atdığının əyani şahidi oldu. Xalqımızın qonaqpərvərliyinə, qədim mədəniyyətinə, ecazkar musiqisinə, zəngin incəsənət nümunələrinə heyran olan qonaqlar, həm də bu məkanda multikultural dəyərlərin, eləcə də ən müxtəlif xalqların dinc- yanaşı yaşadıqlarını öz gözləri ilə görmək imkanı qazandılar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Baku 2015" ilk Avropa Oyunlarının açılış mərasimində  "Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələrinin birgə, bir ailə kimi yaşaması nadir təcrübədir. Azərbaycan Avropa ilə Asiyanı, sivilizasiyaları birləşdirir, qarşılıqlı anlaşmanın bərqərar olması üçün səylər göstərir" fikri də bunu bir daha sübut etdi.

Bu siyasət, məhz ona görə uğurludur ki, onun əsası Azərbaycan xalqının böyük oğlu, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Məlumdur ki, 1998-ci ilin dekabrında Bakı şəhərində keçirilən "İslam sivilizasiyası Qafqazda" mövzusunda beynəlxalq  simpoziumun açılış mərasimində çıxış edən Ümummilli lider din azadlığının müdafiəsi kontekstində dözümlülüyün təmin edilməsinin vacibliyini xüsusi qeyd edib: "Dünyada bir çox böyük dinlər mövcuddur. Hər dinin özünəməxsus yeri var. Biz azərbaycanlılar İslam dini ilə fəxr edir, eyni zamanda, heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərmirik, düşmənçilik , ədavət aparmırıq və heç bir xalqı da öz dinimizə itaət etməyə məcbur etmirik.

Əslində, başqa dinlərə qarşı dözümlülük, onlarla qarşılıqlı anlaşma şəraitində yaşamaq İslami dəyərlərin ortaya qoyduğu xüsusiyyətlərdir. Məlumdur ki, ölkəmizdə İslam dini ilə yanaşı xristian, yəhudi  və digər dinlərin də daşıyıcıları əsrlər boyu yaşayıb və indi də yaşamaqda davam edirlər. İnsanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə hörmət etməli, o dinlərin bəzən kiməsə xoş gəlməyən adət-ənənələrinə qarşı belə, dözümlü münasibət göstərməlidirlər. Bütün səmavi dinlər ədavəti, münaqişəni, müharibələri yolverilməz hesab edir. Buna görə də çalışmaq lazımdır ki, müasir zamanda belə hallara ümumiyyətlə, yol verilməsin.

Bu sahədə ölkəmizdə görülən işlər bir daha təsdiqləyir ki, Azərbaycan Respublikasında dinlərarası əməkdaşlığın mövcudluğu, dövlət-din münasibətlərinin ən yüksək səviyyədə olması respublika rəhbərliyinin siyasi uzaqgörənliyi ilə bağlıdır. Son beş ildə respublikamızda dinlərarası dialoqa, millətlərin tolerant mühitdə yaşamasına xidmət edən forumlarda dünyanın 100-dən çox dövlətinin ictimai-siyasi və din xadimləri, Nobel mükafatı laureatları, alimlər, jurnalistlər iştirak ediblər. Onlar ölkəmizdə mövcud olan multikultural və tolerant mühiti çox yüksək dəyərləndirirlər.

Buna görə də Prezident İlham Əliyevin 15 may 2014-cü il tarixli sərəncamı ilə dünyada  ilk multikultural qurum olan Beynəlxalq Bakı Multikulturalizm Mərkəzinin yaradılması da, təsadüfi sayıla bilməz. Ulu Öndər Heydər Əliyevin dünyəvi bir dəyər kimi ortaya qoyduğu Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək mərkəzin əsas vəzifəsi kimi ortaya qoyulub.

Azərbaycanda multikulturalizmin və tolarantlığın qorunaraq inkişaf etdirilməsi istiqamətində görülən qlobal işlərin nəticəsidir ki, ölkəmizdə din azadlığının təmin olunması ilə bağlı məsələlər beynəlxalq məruzəçilər tərəfindən yüksək dəyərləndirilir və nümunə olaraq digər dövlətlərə də tövsiyə olunur.

Hazırda ölkəmizdə din azadlığının hüquqi tənzimlənməsi sahəsində çox böyük qanunvericilik bazası yaradılıb. "Dini etiqad azadlığı haqqında" qanun (20 avqust 1992-ci il), "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun (4 dekabr 2015-ci il),  Prezident İlham Əliyevin "Azərbaycanda dini mədəniyyətin, tolerantlığın, dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" 5 avqust 2015-ci il tarixli sərəncam və digər sənədlər imkan verir ki, bu sahədə ortaya çıxan bütün anlaşılmazlıqlar qanun çərçivəsində öz həllini tapsın.

Bununla yanaşı, Azərbaycan həm də insan hüquqları sahəsində 300-dən çox beynəlxalq müqavilənin iştirakçısı və mühüm nüfuzlu beynəlxalq təşkilatların (BMT, Avropa Şurası, MDB, UNESCO, İslam Konfransı Təşkilatı və s.) üzvüdür. Hazırda  Azərbaycan dövləti insan hüquqlarının müdafiəsinin bütün beynəlxalq mexanizmləri ilə sıx əməkdaşlıq edir və onlara müvafiq dövri hesabatlar verir. Eyni zamanda beynəlxalq mexanizmlər tərəfindən irəli sürülən tövsiyələr də Azərbaycan Respublikası tərəfindən dövlətdaxili qanunvericiliyin daha da təkmilləşdirilməsində bir nümunə kimi istifadə olunur.

Bu baxımdan, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan olunması da, multikulturalizm ideologiyasının  xalqımız və dövlətimiz üçün necə vacib əhəmiyyət kəsb etdiyini bir daha ortaya qoyur. Heç şübhəsiz ki, multikulturalizm cəmiyyətdə yeni termin kimi qarşılana bilər, əslində isə onun da fəlsəfi-ideoloji mahiyyətində Azərbaycan xalqının əsrlər boyu əxz etdiyi sivil dəyərlər dayanır ki, onlar xalqımız üçün yeni deyil . Digər xalqlara, mədəniyyətlərə hörmət, əslində, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vahid sistem halına gətirdiyi azərbaycançılıq ideologiyasının da ana xəttini təşkil edir. Məhz, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan çoxdan bu proseslərin fəal iştirakçısı kimi çıxış edir.

(Ardı səh.12-də)

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.89845013618469