Sosial mühitin dağıdıcı və adioz məmurları

Tapdıq ABBAS
Baş redaktor,

“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı

[email protected]

 

Dağıtmaqdan hələ də doymurlar

Millət məəttəl qalıb. Dağıdıcılarda dayanmaq, durmaq abır-həyası olmadığını gördükcə, insanlar vahimələnir. Onlar vəhşi canavarlar kimi, ölkənin bütün sərvətlərini vandalcasına dağıdırlar. Xalq aydın hiss edir ki, dağıdıcı məmurlar hətta ölkə Prezidentinin xəbərdarlığına belə, məhəl qoymurlar. Sanki insana xas olan bütün xüsusiyyətləri itiriblər. Əllərinə keçən insanların belə, heç birinin kimliyinə, varlı və ya kasıb olmasına baxmırlar. Birmənalı olaraq, deyirlər ki, hara istəyirsən get, kimə istəyirsən de, yenə də istədiyim rüşvəti verməlisən, vəssalam! Yoxundursa da, get, tap gətir, sonra sənin arayış almaq haqqını tanıyım!  Dövlət vəzifəsi tutan bütün məmurlar hər bir qanuni işi üçün onlara müraciət edən insana beləcə, çox həyasız cavab verirlər!

Xalq adioz mühitdə yetişən dağıdıcı məmurlardan sonsuz həyasızlığı gördükcə, milyonlarla şəhid qanı bahasına qurduğu dövləti, indi də bu dağıdıcı məmurlardan azad etməyə ehtiyac yarandığını hiss edir. Xalq hazırda özünü dövlətə və dövlət başçısına belə, bütün ümidini itirmiş halda hiss edir. Çünki xalq bütün ümidini bağladığı Prezidentin sözünün məmur yanında kəsərsiz olduğunu, məmurların, mafiyaların ölkə rəhbərinin tələb və tapşırıqlarına məhəl qoymadığını aydın görür. Eyni zamanda, xalq açıq şəkildə görür ki, ölkə Prezidenti uzun illərdir rüşvətxorluğa qarşı od püskürür, amma məmurlar rüşvət almaq sahəsində öz çirkin əməllərindən əl çəkmirlər. Xalq görür ki, cənab Prezident ölkə iqtisadiyyatını çökdürən korrupsiyaya qarşı müharibə elan etdiyi halda, məmurlar korrupsiyanın çiçəklənməsinə rəvac verir, amma cəzasız qalır və bəzi korrupsioner nazirdən tutmuş, ən aşağı vəzifəli məmurlar barədə heç bir ciddi tədbir görülmür.

Qeyd edim ki, ötən ilin son aylarında Ağstafanın vəzifədə olan və Yevlağın isə sabiq icra başçısının, o cümlədən bu ilin fevral ayında Neftçalanın icra başçısının rüşvətxorluq və korrupsiya zəminində DTX tərəfindən həbs olunması xalqı xeyli ümidləndirib, ölkə Prezidentinə bəslənilən ümid və rəğbət kifayət qədər yüksəlib. DTX tərəfindən həyata keçirilən həbslər xalqın əhval-ruhiyyəsinə müsbət təsir etməklə yanaşı, rüşvətxor məmurların sırasında da xeyli təlatüm və çaşqınlıq yaradıb, rüşvətin açıq-aşkar formada alınmasını xeyli önləyib. İcra başçılarının həbs olunmasının məmurlar arasında müəyyən narahatlıq yaratmasına baxmayaraq, bu sahədə rüşvətxorluğun kökünün tamamilə kəsildiyini söyləmək hələ çox tezdir. Çünki daxil olan xəbər və məlumatlarda qeyd edilir ki, bütün icra hakimiyyətlərində rüşvət və korrupsiya əməlinə hələ tam xitam verilməyib, sadəcə, bu sahədə olan fəaliyyətlərə ara verilib, hər kəs təhlükənin ötüb-keçməsini gözləyir.

Ölkə Prezidentinin başladığı islahat proqramının tərkib hissəsi sayılan və 09 fevral 2020-ci il tarixdə keçirilən növbədənkənar parlament seçkilərinin gedişinə yerli icra hakimiyyəti orqanları tərəfindən kütləvi müdaxilə edilməsi, icra hakimiyyətləri tərəfindən büdcədən maliyyələşən bütün dövlət strukturlarında çalışanların seçkinin nəticələrinin saxtalaşdırılmasına cəlb edilməsi, MSK, DSK və MnSK komissiyalarında törədilən total saxtakarlığın da xalqın ciddi etirazına səbəb olması heç kimə sirr deyil, hətta bu barədə ölkə Prezidenti də fikirini bildirib.

Seçkinin nəticəsinin kütləvi saxtalaşdırılmasına baxmayaraq, yalnız 33, 35, 74 və 80 saylı dairələrin və müxtəlif dairələrdə olan 100-dən çox məntəqənin nəticələrinin MSK tərəfindən ləğv olunması, əslində, xalqın, qalib gələn, lakin saxtakarlıq nəticəsində uduzdurulan namizədlərin və onların çoxsaylı nümayəndələrinin etirazını söndürə bilməyib. Narazılar nəticələri martın 5-də Konstitusiya Məhkəməsinin plenumunda təsdiq ediləcəyi gözlənilən növbədənkənar parlament seçkisinin yekun nəticəsinin dəyişəcəyinə hələ də ümidlə baxırlar. Əgər KM seçkilərin nəticələri tam saxtalaşdırıldığı ölkə ictimaiyyətində şübhə doğurmayan 60, 79, 125 və buna bənzər dairələrin nəticələrini ləğv etməsə, ölkədə ictimai rəy kəskin olaraq iqtidarın əlehinə yönələcək və mənfi proseslər inkişaf edəcək.

Düşünürəm ki, növbədənkənar parlament seçkilərinin kütləvi saxtalaşdırılması nəticəsində ölkədə yaranan xoşagəlməz durum ölkə Prezidentinin diqqətindədir və bu durumun aradan qaldırılması üçün ciddi tədbirlərin görülməsinə ehtiyac var. Xalq Prezident İlham Əliyevin rüşvətxorluğu, korrupsiyanı, seçki saxtakarlığını törədənlərə qarşı təxirəsalınmaz tədbirlər görəcəyini səbirsizliklə gözləyir.

Yeri gəlmişkən, qeyd edim ki, cənab Prezident dünən Ağstafaya və ölkəmizin digər bölgələrinə səfər edib, səfər zamanı insanlarla görüşüb və bu görüşlərdə ölkə əhalisini narahat edən bir çox vacib məsələlərə münasibət bildirib. Bu münasibəti izləyənlər təsdiq edir ki, ölkəmizdə fəaliyyət göstərən dağıdıcıların sonu çox da uzaqda deyil. Dövlətin sükanı etibarlı və güclü əldədir, narahat olmağa heç bir əsas yoxdur, xalqımızı və dövlətimizi Allah qorusun!

 

1.426805973053