Dinimiz Allahdan, dindarlığımız özümüzdəndir...

Vaqif Cəliloğlu
Tex. elmləri üzrə fəlsəfə doktoru

(Əvvəli qəzetin ötən sayında)

İmam Əbu Hənifə (təqr. 699-767) və məzhəbi 

 

 İslam dini coğrafiyasını genişləndirərkən əsir düşənlərdən biri də İran əsilli Zuta idi. İslamı qəbul etməsi, sosial mövqeyi və şəxsi keyfiyyətlərinə görə Zuta azadlığa qovuşub Kufə şəhərində məskunlaşdı. O, burada imam Əli ilə görüşdükdən sonra onu hədsiz sevib. Zutanin Sabit adlı oğlu da həz. Əlidən çox şey öyrənib. Həz. Əli isə Allahdan Sabitə xeyirli bir övlad verməsini diləyib. Allah bu duanı qəbul edir və sonradan İslamın görkəmli fiqh alimi olmuş Numəni dünyaya gətirir. Tarixin "Əbu Hənifə" ismini verdiyi Numən b. Sabit bu künyə ilə tanınıb.

  Hələ kiçik yaşlarında Qurani-Kərimi əzbərləyən Əbu Hənifə ailəsinin ticarətlə məşğul olmasına baxmayaraq, qiraət və hədis elmini öyrənməklə dini bilgisini daha da mükəmməlləşdirib. O, elmi axtarışlarının nəticəsi olaraq fiqh elmi ilə xüsusi məşğul olub. Özünün dediyi kimi, o, elm mərkəzində- Kufədə yaşayırdı. Həz. Əli b. Əbu Talib, Abdullah b. Məsud kimi böyük səhabələrin elmi ilk olaraq bu şəhərdə təşəkkül tapmışdı. Əbu Hənifə imam Cəfəri- Sadiqin "Əli b. Əbu Talibin şəhəri" dediyi Kufədə müxtəlif şiə, o cümlədən Zeydiyyə və İmamiyyə təriqətləri ilə elmi təmasda olub.

 Dörd sünni fiqh məktəbinin- məzhəbinin birincisinin qurucusu və rəhbəri olan Əbu Hənifə həz. Peyğəmbərin ailə və pak soyuna- əhli-beytə böyük məhəbbət bəsləyib, şiə imamları və onların ardıcıllarının elmindən istifadə edib. Xəlifə Mənsurun: "Ey Numən, elmi kimlərdən öyrəndin?" sualına, o belə  cavab verib: "Tələbələri vasitəsilə həz. Əli, həz. Ömər və Abdullah b. Məsuddan".

 Əbu Hənifə həm də ticarətlə məşğul olduğu üçün sosial-iqtisadi durumu digər məzhəb rəhbərlərindən daha yaxşı olub. Həmin səbəbdən Beytül- malda (dövlət  malında) gözü olmayıb. Təqva sahibi olan bu şəxsiyyət gözəl geyinməyi, ətirlənməyi ilə yadda qalıb. O, həm də çox səxavətli olub.

 Əbu Hənifə şiə olmasa da, fəqət Əməvilərin xilafətdə haqqının olmaması fikrində idi. O, Əməvilərin əleyhinə bilavasitə fəaliyyət göstərmədiyi kimi, əhli-beyt əleyhinə olan hərəkətləri də dəstəkləməyib. Belə ki, Zeyd b. Əli Zeynalabidin Kufədə xəlifə Hişama qarşı üsyan etdiyi zaman Əbu Hənifə deyib: "Zeydin bu hərəkəti Rəsululləhin Bədr  günündəki döyüşünə oxşayırdı".  O: "Nə üçün Zeyd hərəkatına qatılmadın?" -sualını belə cavablandırıb: "Əgər xalqın Zeydi daha öncə babası həz. Hüseyni  tərk edib qaçdığı kimi qaçmayacağına əmin olsaydım, mən də Zeydlə birlikdə savaşardım. Çünki o, həqiqi imamdır".

 Mənbələrə görə, Əbu Hənifə imam Zeydə 10 min dirhəm məbləğində yardım edib və elçisinə: "Mənim üzürümü ona çatdırın" deyib.

    Təbii ki, Əbu Hənifənin əhli-beyt sevgisi, Zeydə olan xoş münasibəti onun Əməvilər tərəfindən təqib edilməsinə səbəb olub.  Lakin vilayətdə baş verən ixtişaşlar,  Zeydi öldürdükdən sonra ölüsünü təhqir edən Əməvilər camaatdan qorxaraq Əbu Hənifəyə cəza verməkdən ehtiyat edirdi. İqtidar onu pul vasitəsilə ələ almağa cəhd etdi. Əməvi valisi İbni Hubeyrə muamilələri təsdiq edən möhürü Əbu Hənifəyə vermək istəsə də, fəqət imam bundan qəti surətdə imtina edib. Rədd cavabı alan vali Əbu Hənifəyə yaxın olan alimləri xahişə göndərdi ki, möhürü qəbul etsin. İmam xahişçilərə belə cavab verib: "Vali mənim hökmümlə adamların boynunu vurmaq istəyir. Mən ölsəm belə, bu işlərə möhür vurmaram".  Zalım iqtidara xidmətdən imtina edən Əbu Hənifəni şallaqla vursalar da,  zindana salsalar da, o, fikrindən dönməyib. İmam həbsdən azad olduqdan sonra Hicaza gedərək  Abbasilər hakimiyyətə gələnə qədər orada məskunlaşıb. Əbu Hənifə Abbasi xilafəsi Əbul- Abbas əs- Səffaha (749-754) beyət etdikdən sonra yenidən Kufəyə qayıdıb.

  İmam Əbu Hənifənin (imam Əzəm -böyük imam) Abbasilər xilafətinin ilk illərindən onlaırn əleyhinə olması barədə istifadə etdiyimiz mənbələrdə məlumat yoxdur. Lakin Abbas oğulalrı ilə həz. Əli övladları arasında sonradan baş verən çəkişmələr vaxtı Əbu Hənifəyə işgəncələr verilib. İmamın əhli-beyt sevgisinə mətanətini görən xəlifə əl- Mənsur (754-775) ona qazilik vəzifəsini təklif edir. Əbu Hənifə xəlifəyə deyir: "Qazı ola biləcək şəxs həm sənin, həm də övlad və komandanlarının əleyhinə hökm verəcək bir ruha sahib olmalıdır. Mən isə belə bir ruha sahib deyiləm". Xəlifə təklifini rədd edən imama 10 dəyənək  vurduqdan sonra zindana atırlar. Həbsdə səhhəti ağırlaşan Əbu Hənifə azad edilsə də, fəqət xəlifə ona dərs və fətva verməyi qadağan edir. Nəhayət, təqib və həbsxana şəraiti imamın səhhətinə mənfi təsir göstərdiyi üçün az sonra o, gözlərini əbədi yumur. İmam vəsiyyət edib ki, onu qəsb edilmiş və ya xəlifənin qəsb etdiyi yerdə dəfn etməsinlər...  Bütün Bağdad xalqı imam Əzəmin cənazə namazında  iştirak edib. İmam Əzəmin cənazə namazına 50 min müsəlman qatılıb.

İmam Əbu Hənifənin fiqhi bu əsaslara söykənir: 1) Kitab (Quran); 2) Sünnət. Bu, Allahın kitabını açıqlayan Peyğəmbər(ə) kəlamlarıdır; 3) Səhabə və tabiinlərin sözləri; 4) Qiyas. İmam kitab, sünnət, səhabə və tabiinlərin sözlərində bir dəlil tapa bilmədikdə qiyasa müraciət edərdi; 5) İcma; 6) Örf. Bu metod qeyd olunan üsullar yetərincə olmadıqda qanun və şəriətin əmr və qadağalarına əks olmayan, xalqın ümumən qəbul etdiyi metoddur.

 Hənifə məzhəbi özünün qeyri-radikallığı, xristian və yahudilərlə  tolerantlığı, barışdırıcı və xalqın adət-ənənəsini də nəzərə alan bir məktəb olduğu üçün bu məzhəb 5 məzhəbdən ən çox yayılanıdır. Sözügedən məktəb Abbasi dövlətinin rəsmi dini məzhəbi kimi 500 ildən artıq əksər İslam ölkələrində aparıcı rol oynayıb. Osmanlı imperiyası dövründə də dini hökmlər, əsasən bu məzhəbin qaydaları ilə icra edilib. Müasir Türkiyənin əksər müsəlmanları bu məzhəbin nümayəndələridir.

 

Mədinə imamı Malik ibn Ənəs (711-795) və məzhəbi

 

İmam Malik ibn Ənəs Mədinədə Yəmən qəbiləsinə mənsub ərəb nəsilli bir ailədə dünyaya gəlib. Onun həm ailə, həm də ətraf mühiti elm adamları ilə əhatədə idi. İmam Malik əvvəl Qurani-Kərimi əzbərləyib, sonra da Mədinədəki alim Rabiədən dərs alıb. Bununla kifayətlənməyən imam ibni Hürmüzdən 13 il elm öyrənib. O deyib: "İbni Hürmüzün belə dediyini eşitdim: "Bir alim tələbəsinə "lə ədri" (bilmirəm) deməyi miras qoymalıdır". Dövrünün aparıcı alimlərindən faydalanan Malik elm yolunda bütün var-dövlətini, hətta evini belə satıb. O, zəki və qavrayışlı gənc kimi şiə imamı Cəfəri-Sadiqin  məclislərində də fəal iştirak edib. İmam yazıb: "Cəfər b. Məhəmmədin yanına gəldim. O, çox şux və gülərüzlü idi. Yanında həz. Peyğəmbərin adı zikr edildikdə siması  saralardı. Onu tez-tez ziyarət edirdim. Abdəst almadan Peyğəmbər (ə)-dən hədis söyləməzdi..." İmamın ustadları fiqh və rəy, hədis və rəvayət alimləri olduğu üçün o, fətva verərkən həmin metodlardan geniş istifadə edib.

 Qurani-Kərimi dəlillərin dəlili qəbul edən imam Malik, kitaba müxalif olan şübhəli hədisləri rədd edib. Məsələn, o, "Köpək bir şəxsin qabına toxunarsa, qabı torpaqla 7 dəfə yumaq lazımdır" hədisini rəvayət etsə də,  fəqət özü bu hədisi qəbul etməyib. Çünki hədisi səhih və sabit saymayıb. Zira Rəbbimiz buyurub: "(Ya Rəsulum!) Səndən hansı şeylərin halal edildiyini soruşurlar. De: "Bütün pak nemətlər sizə halal buyurulub. Allahın sizə öyrətdiyi (ov üsulları) ilə  təlim edib əhliləşdirdiyiniz yırtıcı heyvanların (ov iti, şahin və s.) ovladıqları da sizə halaldır.. Onların sizin üçün tutub gətirdiklərindən yeyin..." (Məidə 4). Bu ayədən sonra imam Malik soruşur: "Köpək nəcis isə onun ovu necə mübah olar?"

  Malik ibn Ənəs Mədinədə dərs verərkən xəlifə Ömərin əyləşdiyi yerdə oturmağı, Abdullah b. Məsudun evində qalmağı çox sevərdi. Çünki dərs dediyi yer və yaşadığı ev  həmin insanları ona xatırlatmaqla yanaşı, həm də səhabələrin kitabları ilə zəngin idi. Lakin imam prostat xəstəliyinə tutulduqdan sonra dərslərini evdə verib.

 Sünni cərəyanının ikinci məzhəbinin qurucusu və rəhbəri imam Malik Əməvi də Abbasilərin hakimiyyəti dövründə yaşayıb -yaradıb. Bu iqtidarların hər ikisi ölkəni xilafət adı ilə idarə edib. Əslində isə onlar xilafəti yox,  monarxiya üsul-idarəsinə uyğun olaraq  atadan oğula ötürülən səltənəti idarə ediblər. Yuxarıda qeyd edildiyi kimi, xilafətlə səlltənət arasında mühüm fərq var. Xilafətin əsasını şura (məşvərət) təşkil edirsə, atadan oğula miras kimi ötürülən istibdad səltənətində isə şuraya yer yoxdur.

Abbasilər dövründəki üsyanlar haqqında "kiminlə -xəlifə iləmi, yoxsa üsyançılarla savaşmaq lazımdır?" sualı imam Malikə verildikdə o, cavab  verib: "Əgər üsyançılar Ömər b. Abduləziz kimi bir hökmdara qarşı çıxarlarsa, onlarla vuruşmaq lazımdır. Əks təqdirdə onları Allaha buraxın. Allah əvvəl bir zalımdan başqa bir zalım vasitəsilə intiqam alar. Sonra da hər ikisindən intiqam alar". Ümumiyyətlə, imam Malik nə iqtidara, nə də müxalifətə qoşulub. Lakin fitnələrdən uzaq olmasına baxmayaraq, o, Abbasilərin ikinci  xəlifəsi Əbu Cəfər əl- Mənsurdan işgəncələrə məruz qalıb. Səbəb də guya imamın mütə nikahının haram olduğuna dair fətva verməsi olub. Çünki xəlifənin babası Abdullah b. Abbas mütəni halal saymışdı. Lakin digər mənbələrə görə,  Abdullah b. Abbas həz. Əlinin tövsiyyəsilə bu fikirdən imtina etimişdi. Əksər mənbələrə görə, imamın iqtidardan zülm görməsinə səbəb onun: "İkrah( zor, güc- V. C.) qarşısında qalan kimsənin andı mötəbər deyil" fətvasını tez-tez təkrarlaması olub. Malikin düşmənləri bu fətvadan sui-istifadə edib xəlifəyə deyirdilər ki, imam sənə müxalifdir. Bundan sonra o, xəlifənin əmri ilə döyüldü, qabırğaları sındırıldı.

(Ardı var)

 

 

1.5172920227051