Milli dilənçilik...

Nigar Orucova 

 

Məmləkətdə dilənməyən varmı?

 

Yazının başlığını istənilən adamın adına yaraşdırmaq istəyənlər tapılacaq anında. Məsələn, müxtəlif qurumların həftəbecər strukturlarından narazı kəsim onu mütləq məmurlara şamil edəcək. Vəzifənin gətirdiyi prestijin müqabilində, həmin adamların daimi dilənçilik mərəzini, bu “xəstəliyi” başqasına ötürmədiyini, “yoluxdurmadığını” söyləyəcək...

Yaxud, orta təhsil müəssisələrinə rəhbərlik edənlərin dövlət vəsaitinə göz dikməsi, daimi büdcə oğurlamalarından “affekt” vəziyyətində çıxması bəzilərinin yadına düşəcək. Dövlətdən, ya da özəl şirkətlərdən məktəb təmirinə, avadanlıqların alınmasına nə qədər vəsait ayrılsa da, başda dayananların gözünün heç vəchlə doymadığından şikayətlənənlər olacaq...

Təcili tibbi yardım heyətinin hər bir üzvünə xəstəsindən “şirinlik” istəyənlər, 10 manata az olduğu üçün yaxın durmayıb “mən dilənçi deyiləm, bu pulu özünə saxla” deyənlər, binəva Hippokratı çağırışa gedən andaca unudanlar da xatırlanacaq...

Dükan-bazarda milləti elektron tərəzidə belə, aldadanların mal-məhsulunu satmaq üçün adamı and-amanla zinhara gətirdiyi də yada düşəcək...

“Uşaqkən evdə çörəyi utana-utana analığımdan istədim, sonra ər evində qaynanamdan, indi də gəlinimdən”, deyərək özünü “evinin dilənçisi” hesab edənlərin çöldəki dilənçilərə bəxtəvərlik verməsindən də söz açanlar olacaq...

Şəxsi və ya, ictimai statusundan asılı olmayaraq, daim başqalarının həyatına, fəaliyyətinə, gəlirinə-çıxarına, bir sözlə, məişətdən tutmuş, bütün məqamlarına gözünü-nəzərini dikənlər də xatırlanacaq... Həyatın bütün mərhələsində yada düşməyən adam qalmayacaq. Çünki, bu və digər mənada, gözləntisi olmayan insan yoxdur və aşırı dərəcədə yoluxanlar təəssüf ki, hələ də mənliyini, şəxsiyyətini qoruyanlardan, vicdanı olanlardan maddiyyatda heç nə olmasa da, “ hər nə isə” gözləməkdədir...

Bu, birinci hissə. İkinci hissədə konkret olaraq dilənçilik edənlərdən bəhs edəcəyik. Birbaşa mənada dilənçilik edənlərdən. Onları isə xüsusi olaraq tanıtmağa ehtiyac yoxdur. Bu məqamda etiraf edək, hansı kəndə-kəsəyə getsək, əliçıraqlı gəzsək də, orada dilənçi bir insana rast gəlmərik. Doğrudur, bunun obyektiv, yaxud, subyektiv səbəbləri var. Lakin istənilən halda, məkan-məkandır, pulu, geyimi, qidası olmayan da elə hər yerdə mövcuddur. Bu mənada, iri şəhərlər dilənçiliyin inkişafı, belə fəaliyyəti həyatının gündəlik bir parçası, işi hesab edənlərin var olması üçün ideal bir məkandır.

Kim deyə bilər ki, meqapolisə çevirmək, onu sivil ölkələrdəki kimi görmək istədiyimiz paytaxtımızda dilənçilik yoxdur? Onun sətiraltı mənada varlığını yuxarıda qeyd etdim, lakin birbaşa, açıq şəkildə dilənçiliklə məşğul olanların, bu işi çəkinmədən həyata keçirənlərin də bu gün sayı-hesabı yoxdur.

Ətrafdan keçib-gedənlərə əllərində salfet bağlaması, qələm, yelpik təklif edənlərin bəlkə də onu almaq üçün pul uzadanlara xitabən dua-səna etmələri hamıya tanış mənzərədir. İndi adamlar bu cür xırdavat “satanlar”ın malına gözucu da baxmır, əlindəki xırda pulu bu tip “satıcılar”ın ovcuna qoyur, bir sözlə, mədəni dilənçiliyi leqallaşdırırlar.

Dediyim kimi, belə adamlar paytaxtda çoxdur. Onlar - sıravi adamlardan geyiminə, danışığına, bəlkə də maddi vəziyyətinə görə fərqlənməyən “yeni dövr dilənçiləri” tarixən bu peşəylə məşğul olan qaraçıları da “bazar”dan vurub-çıxarıblar. İndi nə kəndlərdə, nə də iri şəhərlərdə qaraçılara nadir hallarda rast gəlmək olar. İmtahan verilən məkanların daimi sakinləri olan qaraçılar, artıq bu missiyanı “milli dilənçilər”ə buraxmalı olublar. Məşhur məsəli tərsinə yazsaq, “yerli gəldi, yersiz, qaç!”.

Bəli, adı ucadan-ucada olan, şərəfinə dastanlar, nağıllar qoşulan, igidliyinə, qəhrəmanlığına salnamələr yazılan millətimin belə bir kəsimi də var ki, onun varlığını, təəssüf, inkar edə bilmərik. Əslində, onların fizioloji baxımdan, sağlamlıq cəhətdən hansısa çatışmazlığı yoxdur. Məsələ sağlamkən dilənçilik edən, gözü görən, qulağı eşidən, ayaqları gəzən, əlləri iş-güc tutan, dili danışan, ağlı başında olan, fəqət öz ayaqlarının üstündə dayanmaq istəməyən kəsimin niyə bu qədər çoxalmasındadır. Dediyim kimi, bəlkə də onların var olmasına, ölkədə bir “milli dilənçiliyin” təşəkkül tapmasına cəmiyyət olaraq bizlər imkan yaradırıq.

Onlara deyil, tək ayağının üstündə dayana bilməyən, qışda səkinin üstündə oturan, heç kimdən əl uzadıb pul dilənməyən, bir sözlə, görünüşündən çarəsizlik yağan kimsəyə sədəqə vermək yaraşar bizlərə... Həmin kəslərdən birinə pul uzadarkən, əlinin olmaması səbəbindən, pulu qarşısındakı karton qutuya atırdı gəlib-keçən. Ən ibrətli məqam da bilirsiniz nə idi o mənzərədə? Həmin şikəst adamın qara rəngli qoruyucu maskası. Kim bilir, özü başqalarından qorunurdu, yoxsa, əksinə...

Çətin deyilsə, söyləyin, böyük bir toplum olaraq “milli dilənçilər”dən “qorunmasaq”, vəziyyət necə olacaq, görəsən?

 

1.4437479972839