Monoetnik Ermənistandan fərqli olaraq, Azərbaycanda heç vaxt antisemitizm təzahürü qeydə alınmayıb

İsrail-Azərbaycan münasibətləri dünyanın bir çox ölkələri üçün ideal tolerantlıq modelidir

 

Bu, danılmaz tarixi faktdır ki, Azərbay-can Avropa və Asiyanın qovuşduğu bir məkanda yerləşməklə, həm də bu regionda baş verən bütün keşməkeşli olayların iştirakçısı olmağına rəğmən, burada dini və milli qarşıdurmaların yaranmasına imkan verməyib. Burada yaşayan bütün insanlar dini inanclarından, dərisinin rəngindən, dilindən asılı olmayaraq həmişə bir yerdə yaşayıblar və bir-birinə qarşı dostluq, qardaşlıq və dözümlülük nümayiş etdiriblər. 

Azərbaycan ərazisində məskunlaşan və bütün insani dəyərləri öz siyasi ambisiyalarına qurban verən yeganə xalq ermənilərdir ki, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri vəhşiliklərlə bir daha bütün dünyaya özlərinin işğalçı xislətini nümayiş etdirdilər. Bu gün, bu bəşəri cinayətin törədilməsindən artıq 28 il keçir.

Xocalı təkcə Azərbaycan xalqının faciəsi deyil, ölkəmizin ərazisində yaşayan bütün xalqların faciəsi olmaqla, həm də bəşəriyyətə qarşı törədilən qanlı cinayətdir və buna görə də, öz layiqli qiymətini almalıdır. Bunun üçün isə bütün dünya ictimaiyyəti Xocalıda törədilən soyqırımı faktı ilə bağlı həqiqətləri bilməlidir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının da əsas  məqsədi budur.

Xocalıda törədilən soyqırımı aktının 28-ci ildönümü günündə İsrailin Holon Texnologiya İnstitutunda "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində "Azərbaycanın geosiyasi reallığı və Cənubi Qafqaz: tarix və perspektivlər" mövzusunda birgə elmi-praktik konfransnın keçirilməsi də, məhz bu reallıqları gerçəkləşdirmək məqsədi daşıyıb.

Tədbirdə İsrailin siyasi partiyalarının nümayəndələri, alimlər,  Xolon Texnologiya İnstitutunun tələbə və müəllim heyəti, israilli jurnalistlər, əslən Azərbaycandan olan çoxsaylı icmanın üzvləri iştirak ediblər ki, bu da israili xalqının Xocalı soyqırımına diqqətli münasibətindən qaynaqlanır.

İlk əvvəl tədbir iştirakçıları İsrailin və Azərbaycanın dövlət himnlərinin sədaları altında Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbir iştirakçıları qeyd ediblər ki, "Xocalıya ədalət!" sənədli fotosərgi bir çoxlarına faciəli hadisələri - nasist Almaniyasının yəhudi xalqına qarşı törətdiyi Holokostun dəhşətli mənzərələrini xatırladıb.

Tədbirdə çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin icraçı direktoru, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut Xocalı soyqırımı ilə bağlı dərin kədərini ifadə edərək , ümidvar olduğunu bildirib ki, Azərbaycanın işğal edilmiş əraziləri tezliklə azad ediləcək və bir milyondan çox qaçqın və məcburi köçkün öz ata-baba yurdlarına qayıtmaq imkanı qazanacaqlar.

Natiq qeyd edib ki, Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan xalqının dərdinə şərikdirlər və Holokostu yaşamış bir xalq kimi, Azərbaycan xalqının diləklərini və ağrısını gözəl anlayırlar. Ekspert bildirib ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizinin, o cümlədən Dağlıq Qarabağın və ətraf yeddi rayonun işğalını 28 ildən çoxdur davam etdirir. Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olması isə bütün dünyaya bəlli olan tarixi faktdır və bunu inkar etmək mümkün deyil:"Mən İsrail KİV-lərinin nümayəndələri ilə birlikdə Xocalı soyqırımını yaşayan insanlarla dəfələrlə görüşmüşəm.

İnanın ki, onlar ermənilərin qəddarlığı və vəhşiliyi haqqında elə qorxunc şeylər danışıblar ki, onları yazmaq da, danışmaq da çox ağırdır. O müdhiş gecədə  Xocalıda baş verənləri sənədli videomateriallar, şahidlərin, o tükürpərdici mənzərəni öz gözü ilə görən xarici jurnalistlərin və ekspertlərin ifadələri də təsdiqləyir". Bu da məlum həqiqətdir ki, Xocalının mülki əhalisinin bilərəkdən kütləvi şəkildə məhv edilməsinin yeganə səbəbi onların azərbaycanlı olmasıdır.

Konfransda çıxış edən Holon Texnologiya İnstitutunun prezidenti Eduard Yakubov Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verərək bildirib ki, bir neçə ay əvvəl Arye Qutla Bakıda görüşüb və belə razılığa gəliblər ki, rəhbərlik etdiyi institutda Azərbaycan Günü təşkil etsinlər. O qeyd edib ki, əslən Azərbaycandan olan yəhudilərin birliyi olan və məhsuldar fəaliyyət göstərən "İsraildə Azərbaycan Evi" icması da İsraildə Azərbaycanın müsbət imicinin formalaşması istiqamətində çox böyük işlər görür. Məhz onlar bu qeyri-adi, gözəl xalqdan danışaraq qısa müddətdə israillilərin gözündə Azərbaycanın müsbət imicini yarada biliblər. Dünyada tolerantlıq və multikulturalizm nümunəsi kimi tanınan Azərbaycan xalqından, yəhudi xalqının Azərbaycanda təqiblərə, təhqirlərə, həqarətlərə, talanlara və antisemitizmə məruz qalmadan əsrlər boyu qardaşcasına dostluq və anlaşma şəraitində yaşamasından da, məhz onlar danışıblar. Azərbaycan əsilli israillilər artıq uzun illərdir Azərbaycan ilə İsrail arasında möhkəm və səmərəli iqtisadi, hətta geosiyasi tərəfdaşlığın formalaşmasına mühüm töhfələr verirlər:"ABŞ-ın 16-cı Prezidenti Avraam Linkoln deyirdi: "Öz gələcəyini qabaqcadan görməyin ən yaxşı üsulu bu gələcəyi özünün yaratmağındır!".

Gəlin, bu xoşbəxt gələcək üçün - bizim üçün, gözəl gənclərimiz üçün əl-ələ verib bir yerdə çalışaq. Biz xoşbəxt gələcək üçün çox şey edə bilərik və etməliyik! Mən qardaş Azərbaycan xalqına sülh, tərəqqi və müstəqil Azərbaycan Respublikasının rifahı naminə fəaliyyətində uğurlar arzu edirəm".

Daha sonra çıxış üçün söz alan Heydər Əliyev Fondunun nümayəndəsi Cavid Məmmədzadə bildirib ki, Azərbaycan ilə İsrail arasında münasibətlər heç zaman diplomatiya və ticarət çərçivəsi ilə məhdudlaşmayıb. Çünki yəhudilərin Azərbaycanda məskunlaşmasının tarixi çox qədim dövürlərə gedir çıxır. Bu da danılmaz faktdır ki, yəhudilərin ilk diasporu da, məhz Azərbaycanda yaranıb. Bunu da qeyd etmək lazımdır ki, bir çox ölkələrdən, o cümlədən monoetnik Ermənistandan fərqli olaraq, Azərbaycanda heç vaxt antisemitizm təzahürü qeydə alınmayıb. Əksinə, əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan Azərbaycanda bu gün 20 minlik yəhudi icması yaşayır, 8 sinaqoq fəaliyyət göstərir. Heydər Əliyev Fondu bu yaxınlarda İsmayıllı rayonunun Müci kəndində çoxəsrlik tarixi olan yəhudi qəbiristanlığını bərpa edib. Müqəddəs Tövratın ilk dəfə Azərbaycan dilinə tərcümə olunması da, bu iki xalq arasında mövcud olan münasibətlərin təzahürüdür.

C.Məmmədzadə elmi-praktik konfransın iştirakçılarını "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının fəaliyyəti barədə ətraflı məlumatlandıraraq deyib: "Bu beynəlxalq informasiya kampaniyası 2008-ci il mayın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılıb. Kampaniya Xocalı soyqırımı, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsas səbəbləri və nəticələri, erməni silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionundan və ətraf  7 rayonundan qeyd-şərtsiz çıxarılmasının zəruriliyi barədə beynəlxalq birliyin məlumatlılıq səviyyəsini artırmağa xidmət edir. Bu kampaniyanın əsas məqsədi soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq onların xatirəsini qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək, salamat qalanları dəstəkləmək və onların əzablarını yüngülləşdirməyin çarəsini axtarıb tapmaqdır".

Azərbaycan nümayəndəsinin çıxışından sonra Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən 10 dəqiqəlik "Xocalı soyqırımı" sənədli filmi nümayiş olunub.

Filmin nümayişindən sonra çıxış edən Holon şəhəri merinin müavini, bakılı Mixail Sutovski  Azərbaycan xalqının dərdinə şərik olduğunu bildirərək qeyd edib ki, bu gün bizə 613 insanın - uşaqların, qadınların və qocaların həyatına son qoymuş Xocalı faciəsinin qurbanlarının xatirəsini anmaq şərəfi nəsib olub:" Onları gecənin bir aləmində, aman vermədən vəhşicəsinə və soyuqqanlılıqla qətlə yetiriblər. Bu insanları zorla Həyat kitabından siliblər. Amma Xocalı qurbanları bu faciə ilə barışmaq istəməyən və barışmayan insanların yaddaşına əbədi həkk olunub. Biz hər il erməni terrorunun qurbanlarını xatırlayırıq. Bu gün bura insan həyatına dəyər verənlər, bu cür dəhşətli hadisələri unutmayanlar və buna bənzər faciələrin təkrarlanmaması üçün əlindən gələni etməyə çalışanlar toplaşıblar".

Professor Zeyev Hanin Azərbaycanın İsrail üçün strateji əhəmiyyətindən danışaraq bildirib ki, İsrail Dövləti ilə Azərbaycanın etibarlı dostluq, əməkdaşlıq və tərəfdaşlıq münasibətləri hazırda dünyanın bir çox ölkələri üçün həqiqi və ideal modeldir. Alim qeyd edib ki, bu ölkələr ən çətin vaxtlarda həmişə bir yerdə olub, həmişə bir-birinə dəstək göstərib ki, bu münasibətlərin əsas səbəblərindən biri də  insanlar arasında körpü amilidir və uzun əsrlərdir Azərbaycan ərazisində yaşayan azərbaycanlılarla yəhudilər arsında sarsılmaz qardaşlıq və dostluq münasibətləri yaranıb: "Azərbaycan tarixinin XX əsrin 90-cı illərinin əvvəlinə aid qanlı səhifələrini, eləcə də multikulturalizm və tolerantlıq məsələlərini müzakirə etdiyimiz bugünkü konfrans göstərir ki, "İsraildə Azərbaycan Evi" Azərbaycanın maraqlarını İsraildə layiqincə və ən yüksək səviyyədə təmsil edir. Bu fakt bir daha təsdiq edir ki, Azərbaycan əsilli İsrail vətəndaşları Vətəndə, Azərbaycanda baş verənləri diqqətlə izləyir və onun təəssübünü çəkirlər. Bu, unikal hadisədir".

Professor həmçinin qeyd edib ki, İsrail məhz ölkəmizdə Azərbaycanın fəal lobbiçiləri sayəsində onun ədalətli mövqeyini dəstəkləyir və Ermənistan-Azərbaycan münaqişəsini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlamağa çağırır.

Bütün bunlar onu deməyə əsas verir ki, multikultural dəyərlərə hər zaman yüksək qiymət verən və bu dəyərlərin təbliğinin müasir dövrdə daha böyük əhəmiyyət daşıdığını vurğulayan Azərbaycanın mövqeyini dünyanın bütün sivil cəmiyyətləri hər zaman dəstəkləyir. 

 

“Paralel”in  Araşdırma Qrupu

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi  Fondunun maliyyə dəstəyi ilə çap olunub

 

0.16755700111389