Rüşvətin əsas həlqəsi-dəllallar

Dəllalı gör, çap diyarı

Hə millət, çoxdandır sizinlə görüşə bilmirəm, mən sizin üçün çox darıxmışam, bilmirəm sizin darıxmaq üçün vaxtınız olub-olmayıb. Heç zaman düşünməzdim ki, insanın vaxt qıtlığı ola bilər. Çünki sərvət, mal-dövlət qıtlığı daim məni kabus kimi izləyən bir şakərimdir. Nə qədər qaçsam da, ona çatmaq mümkün deyil. Ancaq vaxt sarıdan heç zaman narahatlığım olmayıb. Son zamanlar bilmirəm zaman tələsir, yoxsa mən qocalıb tempimi aşağı salmışam, nə isə vaxtla ayaqlaşa bilmirəm.

Bu gün bir qədər boş vaxtım oldu, dedim bir oxucularımla da görüşüm.

Dahi bəstəkarımız Üzeyir bəy Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasında belə bir epizod var. Həmin epizoddakı dialoqu dəqiq ifadə edə bilmərəm, təxminən belədir, Rüstəm bəy öz həyətində Əsgərin xalası ilə üzləşir və xəbər alır ki, xanım siz kimlərdənsiniz və mənim həyətimdə nə edirsiniz? Xanım da cavab verir ki, rəhmətlik məşədi filankəsin zövcəsiyəm. Rüstəm bəy bir qədər təəccüblə: "Mənim dəllal-məllala işim olmaz, allah rəhəmət eləsin",- deyir.

Deyəcəksiniz ki, bu epizodu nədən xatırlatdın? Sözümün canı odur ki, o dövrdə bələrin dəllallarla işi olmasa da, müasir bəyzadələrin ( məmurların və digər vəzifə sahiblərinin) dallallar olmasa heç bir işi keçmir.

Məhz buna görə də, bu gün məsələni sizinlə bölüşmək qərarına gəldim.

İlk əvvəl onu diqqətinizə çatdırım ki, dəllal sözünün Azərbaycan dilində mənası alanla satan arasında vasitəçilik etmə, anlamının verir. Bu söz dünyanın müxtəlif yerlərində çoxçalarlı mənaları özündə ehtiva edir. Məsələn, rus dilində dəllalın vasitəçilik etdiyi sahəyə uyğun olaraq onu "makler", "situnyor"(qadın alveri ilə məşğul olan, elə arasında onlara "baştutan" "mama roza", "papa roza" deyənlər də var ) da adlandırırlar.

Buna görə də bütün dövür və zamanlarda dəllallara münasibət də birmənalı olaraq  mənfi olub. Yuxarıda misal çəkdiyim epizodda Rüstəm bəyin dəllal sözünə reaksiyasına diqqət edin,"mənim dəllal-məllalla işim olmaz".

Hələ öz zamanında dəllallara münasibət bildirən Seyid Əzim Şirvani belə deyib:

-Genə şəhr içrə gördü ol minval, Satır əvvəlki eşşəyi dəllal.

Bununla da şair demək istəyir ki, dəllallıq edən şəxslərə inanmaq olmaz. Onlar eyni zamanda bir eşşəyi belə, bir neçə nəfərə sata bilərlər. Necə ki müasir maşın və mənzil dəllalları da, bu üsuldan məharətlə yararlanmağı bacarırlar. Dəllalların bu bacarığını görən xalqımızın böyük söz ustadı, qəzəlxan şair Əliağa Vahid yazır:

-Dəllallar ilə hiylədə şeytan da bacarmaz,

-Şeytan nədir, cin nədi, xortdan da bacarmaz!

Yəni öz fəaliyyətlərində dəllallar o qədər pərgardırlar ki, hətta şeytana belə kələk gələ bilirlər, nəinki sadə Azərbaycan vətəndaşlarına.

Azərbaycanın xalq yazıçısı Mirzə İbrahimovun bir əsərində də dəllallarla bağı maraqı bir məqam var. "Aradüzəldən, vasitəçi (dəllal) fəlakətə düşmüş qadınları dərhal görür".

Bütün bunlar onu deməyə əsas verir ki, insanlar dəllallarla təmasda olduqları zaman ehtiyatı əldən verməməlidirlər.

Bu gün, məhz bu məsələni bu qədər qarbartmağım da səbəsiz deyil. Heç kimə sirr deyil ki, müasir, müstəqil Azərbaycan dövləti bu gün dəllallar oylağına çevrilib. Məmləkətimizin hər bir yerində dəllallar at oynadır. Onlardan kənar hansısa bir işin öz məcrasına düşməsi mümkün deyil. Proses artıq qarşısıalınmaz hala çatıb.

Hazırda ölkəmizdə dəllal, makler dedikdə ilk növbədə pul müqabilində (daha doğrusu rüşvət) aradüzəldən şəxslər yada düşür. Əlbətdə ki, onların hamısının dələduz olduğunu demək də, düzgün olmaz. Lakin böyük əksəriyyətinin, məhz dələduzluqla məşğul olduqları danılmaz faktdır.

Günlərin birində bir tanış polis zabiti ilə onun iş yerində görüşdük. Mənə masanın üstündə qalaqlanan şikayət ərizələrini göstərərək dedi ki, bütün bu ərizələr dəllalların dələduzluğunun qurbanı olan insanlara aiddir.

Son illər ölkəmizdə rüşvətxorluğun daha geniş vüsət alması heç kimə sirr deyil. Dövlət başçımız, Prezident İlham Əliyevin bu sosial bəlaya qarşı apardığı məqsədyönlü mübarizə də göz qabağındadır.

Ölkəmizdə həmçinin Respublika Prokurorluğu yanında Korrupsiyaya  Qarşı Mübərizə İdarəsi, Respublika Prezidenti yanında Korrupsiya və Ruşvətxorluğa Qarşı Mübərizə Komissiyası fəaliyyət göstərir.

Bütün bu tədbirlərə baxmayaraq, ölkəmizdə rüşvətin və korrupsiyanın qarşısına almaq mümkün olmur. Son zamanlar yüksək vəzifə tutun dövlət məmurlarına qarşı keçirilən əməliyyətların da böyük əksəriyyətində rüşvət və korrupsiya faktı ana xətt kimi keçir.

Mənə belə gəlir ki, burada da əsas aparıcı qüvvə dəllallardır.

Bütün ölkə əhalisinə məlumdur ki, bizdə dəllallar təkcə alqı-satqı əməliyyatlarında vasitəçilik etmirlər. Azərbaycanın bütün sosial-iqtisadi həyat sferasının ən aktiv seqmenti məhz dəllallardır. Bunun da əsas səbəbi rüşvətxor və korrupsioner məmurların sadə vətəndaşlarla yox, daha çox dəllallarla təmas qurmaqda maraqlı olmalarıdır. 

Vətəndaş-dəllal-məmur mexanizmi bu cür qurulur. Dəllal rüşvətin ötürülməsində vətəndaşla məmur arasında vasitəçilik edir, heç şübhəsiz ki, özünü də yaddan çıxarmır və rüşvətin bir hissəsi də ona çatır. Məsələn, vətəndaş Abşeron (bu şərti addır, çünki rüşvət mexanizmi ölkəmizin hər yerində eyni formada həyata keçirilir ) rayonunda torpaq alıb, ev tikdirmək istəyir. İllərlə məmurların qapısını döysə də, buna nail ola bilmir. Məcbur qalıb, bu rayonun "ştatlı" dəllallarını tapacaq, onlar da dövlətin təyin etdiyi deyil, ondan on qat baha qimətə vətəndaşa həm torpaq satacaq, həm də onun sənədləşməsini həyta keçirəcək. Vətəndaşın illərlə görə bilmədiyi məmurların qapıları dəllalar üçün daim açıq olur və problem bir neçə gün ərzində öz həllini tapır. Bu da vətəndaşa çox baha başa gəlir. Həmin prosesdən əldə olunan vəsaitin də böyük hissəsi dövlətin yox, məmurların və dəllalların cibinə gedir.

Bu prosesdə məmurların marağı ondadır ki, onu vətəndaşın ödədiyi məbləğ əsla maraqlandırmır, o dəllaldan öz istədiyi haqqı alır. Eyni zamanda proses zamanı hər hansı bir xoşagəlməz hal yaşanarsa, dəllal bütün məsuliyyəti öz boynuna alır və məmur məsuliyyətdən kənarda qalır. Dəllal da vəzifə sahibi olmadığı üçün sadəcə olaraq dələduzluqda ittiham edirlər ki, bu da onun üçün adi bir həyat normasıdır.

Azərbaycanda hansı sahələrdəki pul, rüşvət müqabilində prosesləri həyata keçirmək mümkündür, həmin sahərin hamısının özünün "ştatlı" dəllalları var.

Gömrük-keçid məntəqələri, polis idarələri, dövlət yol polisi, dövlət sosial mudafiə fondu, yerli icra hakimiyyətəri və s. və i. harda pul və rüşvət varsa, orada mutləq şəkildə dəllallar da var. Bu siyahını istənilən qədər artırmaq olar, ancaq "görünən dağa nə bələdçi".

Bu da ondan irəli gəlir ki, vətəndaş bilavasitə məmurla təmas qurmaqda çətinlik çəkir. Bu çətinliyin özünü də bilavasitə dəllallar yaradır.

Məsələn, biri uşağını məktəbə qoymaq istəyir, ona cavab verirlər ki, "yer yoxdur, mümkün deyil". Valideyin çıxır məktəbin həyətinə o andaca bir nəfər yaxınlaşır və problemi ilə maraqlanır. Daha sonra problemin həllinə öz köməyini təklif edir və tələb olunan məbləği açıqlayır. Valideyin həmin məbləği ödəməyə razılaşırsa, bir müddət əvvəl yer olmayan məktədbə anındaca yer tapılır. Uşaq bağçalarında da eyni sxemlə uşaq qəbulu həyata keçirilir. Burada söhbət dövlət uşuq bağçalarında və məktəblərdən gedir.

Özəl sektorda isə açıq bazardır. Orada "yer yoxdur" söhbəti ümumiyyətlə olmur. Sadəcə olaraq uşağa yaradılacaq konfort şəraitdən asılı olaraq qiymətlər artır.

O ki qaldı dələduzlara, Azərbaycanda bütün çətin problemlərin dəllalların yoluna qolduğuna inanan insanlar uşağı məktəbə düzəlmək, iş tapmaq, polislə problemi həll etmək üçün hüquqi yollar axtarıb tapmaq əvəzinə, dəllallara müraciət edirlər və bir çox hallarda da dələduzların qurbanına çevrilirlər.

Bütün bu mənfiliklərə baxmayaraq, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan və insanlar arsında artıq böyük nüfuz qazanan "Asan xidmət" mərkəzləri, demək olar ki, bir çox rüşvətxor məmurları və onların dəllallarını "işsiz" və pulsuz qoyub. Bununla da "Asan xidmət" mərkəzləri sanki vətəndaş -dəllal, dəllal-məmur münasibətləri qarşısında bir sipər çəkib.

Lakin təəssüflər olsun ki, müflisləşmiş və məhz bu səbəbdən öz qızını varlı tacirə ərə vermək zorunda qalan Rüstəm bəydən fərqli olaraq, milyonlara sahib olan müasir  bəyzadələrimiz daha çox dəllallarla işləməyə üstünlük verirlər. Bunun da əsas səbəbi dəllalların rüşvətxorluq zəncirində əsas həlqələrdən biri olmasıdır. Nə qədər ki bu hələqə qırılmayıb, dəllallar bütün dövlət orqanlarında sözükeçən şəxslər olaraq qalacaqlar. Pul hərisi olan məmurların da, puldan gözü doymayan dəllallarla işbirliyi sona qədər davam edəcək.

Allah bizi bu bəladan qorusun!

 

Yusif Seyid

1.3648409843445