Qəhrəmanlar...

Günümüzün qəhrəmanları hər addımda var. Onlarla təkcə döyüş meydanlarına aid xatiratlardan, yazılan əsərlərdən, bəstələnən rekviyemlərdən tanış olmuruq. Hər birimiz qəhrəmanlığa real namizədlərik, cəhd etsək...

Bugünlərdə ölkəmizin qan yaddaşından növbəti təqvimi, fevral ayının məlum soyqırım faciəsinin növbəti ildönümünü yaşadıq. Əslində, yaşamadıq, növbəti dəfə öldük, o dünyanı görüb-qayıtdıq. Xocalı soyqırımının bütün dünyada təkrar olunmayan, ağlasığmaz dəhşətini yenidən hiss etdik. O səhnələrdə gördüklərimizi ötən illərin dəyişməyən ağrısıyla duyduq, bəlalı başımızın nələr çəkdiyinə növbəti dəfə məəttəl qaldıq...

Müharibə səhnələrində qəhrəmanlarla bahəm, fərarilər, qorxaqlar da olur, nə yazıq. Lakin bütün müharibələr tarixində, yüzilliklər boyu həmin adamların adı bircə mənbədə də yazılmır, elə ona görə də hərb, döyüş, müharibə məhz qəhrəmanlıq salnaməsi kimi tarixə yazılır. O tarixi sətir-sətir oxuyan da, oxuyanlardan eşidən də, nəsillərin şanlı ənənəsinin davamı, bir estafet kimi daşıyanlar da var bu gün. Tarix elə ona görə qəhrəmanlıq səhifələrindən xali olmur...

... Ölkəsinə xidmət təkcə güclü cinsin alnına yazılmayıb, zatən. Mənən güclü qadınlar da var ki, onların adı ötənlərin bütün hərb tarixində özünə dəyişməz yer tutub. Onlar ilk təyyarəçi qadınlarımızdan olan Leyla Məmmədbəyova, Züleyxa Seyidməmmədova, Sona Nuriyeva və digərləridir.

Həm ön, həm də arxa cəbhədə zərifliyin gücündən qüvvə alan qadınlarımızın əməyi də danılmazdır. Konstruktor İsmət Mehdiyevanın, bioloq Dilşad Mugalinskayanın fəaliyyəti qələbənin qazanılmasında vacib məqamlardan biri olub.

Məhz İzzət Orucovanın rəhbərliyi nəticəsində isə bir qrup kimyaçının tank, təyyarə və s. üçün yanacaq-yağ kəşf etməsi yaddaşlardan çıxmayacaq.

Dünyada cəmisi iki qadın gəmi kapitanından biri olan həmyerlimiz Şövkət Səlimovanın beşillik müharibə dövründə, gəmiylə neft və silah daşınmasındakı fəaliyyəti də unudulmazdır.

41-45-ci illərdə 129 alman əsgərini məhv edən ilk azərbaycanlı nişançı Ziba Qəniyevanın adını da bütün söydaşlarımız bilməlidir...

Beləliklə, həm uzaq, həm də yaxın müharibə tarixində qəhrəman qadınlarımız çox olub. Qarabağ müharibəsinin qadın milli qəhrəmanları - Gültəkin Əsgərova, Qaratel Hacımahmudova, həmkarımız Salatın Əsgərovanın adını sanıram, bilməyən tapılmaz. Onların sırasını müxtəlif sənət sahibləri olan, fəqət yolları bir amalda kəsişən Növrəstə Yusifovanın, Şücaət İsgəndərovanın, Vəfa Mansurovanın, Kəmalə Qəhrəmanovanın, Gülarə Musayevanın və digərlərinin adı ilə artırmaq olar...

... Qarlı qış, dözülməz şaxta, amansız düşmən və çıxılması, xilas olunması mümkün olmayan bir labirint. Zənnimcə, bütün müharibə və hərb tarixində sadaladığımız şəraitin diqtə və təqib etdiyi səhnələri aşmaq heç də asan olmayıb. Lakin bu səhnələrin içində tək biri var ki, onun bütün iştirakçılarını qeyd-şərtsiz qəhrəman adlandırardım. Bu gün kimsənin ürək edib baxa bilmədiyi, az müddətdə belə, tamaşa etməyə dözmədiyi xocalıların soyqırımından danışıram. Orda həlak olanların, əsirlikdə saxlanılanların, taleyi müəmmalı qalanların, az qisim sağ qalanların belə, hamısı bir soyqırım adlı faciənin qurbanıdır.

Müharibədə qəhrəman adı qazanmaq, ondan qələbə ilə çıxmaq, bəzən məğlub olaraq növbəti qalibiyyətə yürüş etmək də mümkündür. Faciələrdən qəhrəman kimi çıxmaq isə...

O qəhrəmanların hər birinin öz ismi var. Lakin onları həm bu həssas məqamda, həm də ilboyu xatırlanacaq anımlarda bir-birindən ayırmaq istəmirəm. Onların adı bütövlükdə soyqırım qurbanıdır. Lakin istər-istəməz, o qurbanların içindən öz zərifliyinə yenməyən, qarlı meşələrdə günlərlə ayaqyalın, başaçıq qalan, şərəfini qorumaq üçün özünü qayadan atan, əsirlikdə işgəncələrə, zorakılığa məruz qalan, bütün yaşananlara dözməyərək özünü asıb-öldürən qadınlarımız, qızlarımız tam başqa bir qiymətə layiqdir.

Həmin qiyməti onlar düz 28 il öncə qazanıb və qərinələr keçdikcə də onu itirməyəcək. Onlar dünyada bütün qəhrəman adına layiq olanların ilk sırasında, hər iki cəbhənin önündə dayananlardır.

Baxmayaraq ki, rəsmiyyətdə adlarına niyəsə, nədənsə daim mülki əhali damğası vurulur...

Nigar Orucova 

0.21874213218689