Sənədsiz tikililər niyə sənədləşdirilmir?

Bu işdə məmur maraqları dövlət və vətəndaş maraqlarından öndə durur

 Son zamanlar tez-tez sənədsiz tikililərlə bağlı müzakirələr açılır, qeyri-qanuni inşa edilən obyektlərin ciddi problemlər yaratdığı qeyd olunur. Hətta, bu problemin aradan qaldırılması üçün təşəbbüslər də göstərilir. Lakin problem aradan qalxmaq əvəzinə bir qədər də dərinləşir. Məsələn, 2010-cu ildə regionların inkişafı üzrə dövlət proqramının ikinci mərhələsi qəbul edildiyi zaman ölkə prezidenti tapşırıq verdi ki, ölkənin hər yerində sənədsiz daşınmaz əmlak problemi aradan qaldırılsın. Həmin vaxt Bakı və ətraf qəsəbələrdə pilot layihələr də həyata keçirildi. Həmin ərazilərdə sənədləşdirilməsi mümkün olan çoxsaylı daşınmaz əmlak qeydə alındı və qısa müddətdə sənədləşdirilərək çıxarışlar verildi. Lakin bu "qaranquş"ların (pilot layihələrin) ardınca sənədsiz daşınmaz əmlak seqmentinə "yaz" gəlmədi, yəni bu iş kütləvi xarakter almadı. Ötən il Əmlak Məsələləri Dövlət Komitəsi də bir neçə təşəbbüsdə bulundu. "Kütləvi çıxarış" və "əmlakını qeydiyyata al və mülkiyyətə sahib ol" şüarları altında sənədsiz əmlakların sənədləşdirilməsi kampaniyaları keçirdi. Amma bu kapmaniyalar da ölkədə qeyri-qanuni tikililərin kəskin azalmasına səbəb olmadı.

Hazırda bütün ölkə üzrə 700 mindən çox müxtəlif təyinatlı qeyri-qanuni daşınmaz əmlak mövcuddur. Bunlardan 500 mindən çoxu Abşeron iqtisadi rayonunun, yəni Bakı və ətraf qəsəbələrin payına düşür. Bütün dünyada qeyri-qanuni daşınmaz əmlaka, qeyri-qanuni doğulmuş uşağa yanaşıldığı kimi münasibət göstərilir. Qeyri-qanuni uşaq sənədsizliyinə görə öldürülmədiyi kimi, sənədsiz tikililər də mümkün qədər sökülmür, sənədləşdirilir. İstənilən müqayisə qüsurlu olduğu kimi, burada da uyuşmayan məqamlar var. Belə ki, bir çox hallarda sənədsiz daşınmaz əmlakın sənədləşdirilməsi mümkün olmur. Məsələn, dövlət əmlaklarının, yol və kommunikasiya xəttlərinin mühafizə zolağında, başqa hüquqi və fiziki şəxslərin əmlakı üzərində inşa edilən və s. bu kimi tikililər heç cür sənədləşdirilə bilmir. Belə tikililərə hətta dünyanın inkişaf etmiş ölkələrində də rast gəlmək olur. Bu halda maraqlı tərəflər məhkəməyə müraciət edir, mübahisə məhkəmənin qərarı ilə həll edilir. Yəni bu problemin ən düyünlü məqamı yuxarıda qeyd etdiyimizdir ki, bunun da çıxış yolu var. Elə isə nə üçün ölkədə sənədsiz daşınmaz əmlak sənədləşdirilmir?

Əvvəla onu qeyd etmək vacibdir ki, qeyri-qanuni tikililərin sənədləşdirilməsi həm dövlətə, həm də sahibkara ciddi dividendlər gətirir. Qeyri-qanuni tikililərə görə vətəndaşlar əmlak vergisi ödəmir, ödəyənlər isə həmin vəsaiti kimlərinsə cibinə ötürür, qanuni ünvana çatmır. Belə ki, 50 min sənədsiz əmlakın hər birinə görə ildə 100 manat əmlak vergisi ödənilsə, bu, ildə büdcəyə 50 milyon əlavə vəsaitin cəlb edilməsi deməkdir. Halbuki həmin sənədsiz əmlakların əksəriyyətinin illik əmlak vergisi 300-500 manat arasında dəyişir. Bundan əlavə, sənədsiz tikili sığortaya cəlb edilə bilmir. 500 min sənədsiz tikilinin illik icbari sığorta haqqı 25 milyon manat vəsaitdir ki, bu da sığorta bazarının inkişafına böyük töhfə verə bilər. Digər tərəfdən vətəndaş bədbəxt hadisə zamanı zərərinin bir qismini geri almaq imkanına malik olar. Mülkiyyətə sənəd əldə etdikdən sonra vətəndaşın əmlakı tam sığortalamaq imkanı olacaq ki, belə halda hər iki tərəf, sığortaçı və sığorta olunan ciddi dividendlər əldə edə bilər. Son zamanlar paytaxt ətrafında baş verən yanğınlar onun göstəricisidir ki, ölkədə sığorta sisteminin inkişaf etdirilməsinə ciddi ehtiyac var. Bunun üçün isə daşınmaz əmlakın mütləq dövlət qeydiyyatı olmalıdı. Bununla yanaşı əmlakın qeydiyyatı yoxdursa, vətəndaş nə ünvana qeydiyyata düşə, nə əmlakı girov qoya, nə də deklorativ hesabatlarda onun varlığını göstərə bilir. Bütün bu hallar isə ölkədə qeydiyyatsız iqtisadiyyatın ("kölgə iqtisadiyyatı") genişlənərək çiçəklənməsinə rəvac verir.

Maraqlıdır, sənədsiz tikililərin dövlət qeydiyyatına alınması həm vətəndaş, həm də hökumət üçün sərfəlidirsə, onda bu prosesə mane olan nədir? Bu sualı biz istənilən qanunsuz tikili sahibinə versək, cavabı çox sadə olacaq - məmurlar. Belə tikililərin yağışdan sonrakı göbələk kimi çoxalmasının da əsas səbəbkarları elə məmurlardır. Abşeron iqtisadi rayonunda tikilən sənədsiz əmlakın demək olar ki, hamısı məmurların nəzarəti altında, rüşvət müqabilində tikilib. Birinci mərhələdə icra hakimiyyətlərinin məmurları rüşvət alıb, qeyri-qanuni tikintiyə şifahi icazə verir. İkinci mərhələdə isə tikintinin sənədləşdirilməsi üçün elə əmlakın dəyəri qədər rüşvət tələb edilir. Bu gün Azərbaycan qanunvericiliyi əsasında tikilən fərdi əmlakın sənədləşdirilmə xərci 150-200 manat arasında dəyişir. Amma belə sənədsiz əmlakın - fərdi yaşayış evlərinin rüşvət müqabilində sənədləşdirilməsi 40-50 min manata başa gəlir. Məhz, bu səbəbdən də bu gün bu sahəyə cavabdeh olan məmurların hamısı sənədsiz tikililərin kütləvi sənədləşdirilməsinin əleyhinədir və onlar hələ də bu problemin həllinə ciddi müqavimət göstərə bilirlər. Dövlətə və vətəndaşa səmərəli, məmura isə sərf etməyən bu prosesin uzanmasının yeganə səbəbi rüşvətdir.

 Akif Nəsirli

0.11655616760254