Xocalı faciəsini dünyanın 16 ölkəsi və ABŞ-ın 24 ştatı tanıyıb

Xocalı qətliamı təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə yönəlik ən dəhşətli vandalizm aktıdır

Müasir dövrdə Azərbaycan xalqının qan yaddaşına xalqımıza qarşı törədilən ən qəddar soyqırımı kimi həkk olunan Xocalı faciəsinin daha bir ildönümünü böyük hüznlə qeyd etdik. Bu qanlı faciədən 28 il zaman müddəti keçsə də, dünyanın bir sıra dövlətlərinin biganəliyi və məsələyə ikili standartlarla yanaşması nəticəsində, bu soyqırımı aktına hələ də hüquqi və siyasi qiymət verilməyib. Özlərini dünyada sülhün, həmrəyliyin, demokratiyanın, multikulturalizmin və tolerantlığın daşıyıcıları və tərənnümçüləri kimi təqdim edən bu dövlətlərin, müasir dövrümüzün ən qəddar soyqırımı aktına bu cür yanaşması, ən azından anlaşılan deyil.

Dünya düzənində söz sahibi olan super güclərin ayrıca götürülən bir məkanda baş verən faciələrə susqunluqla yanaşması, heç şübhəsiz ki, bu kimi halların artmasına səbəb olur.

Bu gün dünyanın bir çox bölgələrində baş verən qanlı olayların, islamofobiya, antisemitizm, xrstianofobiya kim halların artmasının da əsas səbəbi Xocalı faciəsi kimi qanlı olaylara vaxtında düzgün qiymət verilməməsidir. Əgər dünya birliyi Xocalı soyqırımına vaxtında düzgün hüquqi və siyasi qiymət versəydi, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi də çoxdan öz həllini tapardı. 

Bütün dünyaya məlumdur ki, ermənilər tərəfindən ölkəmizə qarşı həyata keçirilən işğala, xalqımıza qarşı törədilən Xocalı soyqırımına baxmayaraq, Azərbaycan özünün tarixən formalaşan tolerant və multikultural dəyərlərə sadiq qalaraq, münaqişənin sülh yolu ilə həllinin tərəfdarı kimi çıxış edir. Lakin təəssüflər olsun ki, bəzi dövlətlərin xristian təəssübkeşliyinə və himayəsinə güvənən Ermənistan dövləti bu çağırışı qəbul etmir və özünün işğalçılıq siyasətini davam etdirir.

Ermənistan dövlətinin işğalçılıq siyasəti təkcə Azərbaycanın yox, bu regionda yerləşən bütün dövlətlərin siyasi, iqtisadi, sosial, dini və milli problemlərin həllinə ciddi təsir göstərir. Məhz buna görə də, ermənilər vəhşicəsinə törətdikləri Xocalı soyqırımına görə beynəlxalq hüquq normalarına uyğun şəkildə cəzalarını almalıdırlar.

Xocalı faciəsinin ildönümü ərəfəsində ölkəmizdə və ölkəmizdən kənarda keçirilən bütün tədbirlərin də əsas məqsədi, bu faciənin qurbanlarını yad etmək, eyni zamanda bu soyqırımı törədənlərin cəzalandırılmasını tələb etməkdir.

Bunu da qeyd etmək vacibdir ki, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və demək olar ki, dünyanın bir çox dövlətlərini əhatə edən "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyası mühüm yer tutur. Kampaniya çərçivəsində həyata keçirilən tədbirlərin əhatə dairəsi də günü-gündən genişlənir. Bu da öz növbəsində Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında önəmli yer tutur.

Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyda xanım Əliyevanın gördüyü qlobal işlərin, eləcə də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin mütəmadi olaraq həyata keçirdiyi tədbirlər nəticəsində Xocalı faciəsini artıq dünyanın 16 ölkəsi və Amerikanın 24 ştatı tanıyıb. Xocalı faciəsini ilk tanıyan ölkələr sırasında olan Meksika parlamentinin deputatı Markos Peres deyib:"Xocalı yer üzündən hər hansı təbii fəlakət nəticəsində deyil, məhz insan (erməni- rus birləşmələrinin) əli ilə silinib».

Xocalı faciəsini ermənilərin azərbaycanlılara qarşı soyqırımı kimi tanyıan ölkələr arasında Pakistan, Kolumbiya, Çexiya, Bosniya və Hersoqovina, Peru, Honduras, Sudan kimi dövlətlər də var. Bununla yanaşı, İslam Əməkdaşlıq təşkilatı da Xosalı soyqırımını rəsmən tanıyıb. İordaniya, Panama, Cibuti, Şotlandiya, İndoneziya, Paraqvay, Sloveniya və Qvatemala kimi dövlətlər də rəsmi olaraq Xocalı soyqırımını tanıyıblar. Lakin çox böyük təəssüflə qeyd etməliyik ki, Ermənistanın ölkəmizə təcavüzünə qarşı bizimlə birgə mübarizə aparan Türkiyə dövləti hələ də Xocalı soyqırımını rəsmən tanımayıb.  Yuxarıda da qeyd etdik ki, Amerikanın artıq 24 ştatı Xocalı soyqırımını rəsmi şəkildə tanıyıb. Bir sıra ştatlar isə bütün dünyanı bu faciəni soyqırımı kimi tanımağa çağırıb.  

Xocalı faciəsinin il dönümü ərəfəsində ölkəmizdə də bir çox tədbirlər keçirilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirməsi də bunun bir nümunəsidir. Tədbirin əvvəlində Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dəyirmi masada çıxış edən BBMM-in icraçı direktoru Rəvan Həsənov  1992-ci ilin fevral ayının 25-dən 26 -na keçən gecə ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımı haqqında ətraflı məlumat verib. R. Həsənov ermənilər tərəfindən törədilən cinayətin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlərdən, layihələrdən söz açıb. R.Həsənov qeyd edib ki, Azərbaycan tarixinin ən hüznlü səhifələrindən biri olan Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilən cinayət aktıdır və XX əsrdə etnik zəmində törədilən bu dəhşətli qətliam haqqında beynəlxalq hüquq müdafiəçilərinin, dünya ictimaiyyətinin hələ də susması təəssüf doğurur. Mərkəzin icraçı direktoru bildirib ki, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyasının da böyük rolu var.

Faciənin ermənilər tərəfindən təhrif olunduğunu bildirən Rəvan Həsənov deyib: "Prezident İlham Əliyev Münhendəki çıxışında dünya ictimaiyyəti qarşısında erməni yalanını bir daha ifşa etdi və Xocalı soyqırımının əsrin qanlı cinayəti olduğunu bildirdi".

Tədbirdə çıxış edən AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, tarix elmləri doktoru Həvva Məmmədova bildirib ki, Azərbaycan xalqının qan yaddaşına hopan Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil edilib. Bu faciənin xronikasına diqqət etdikdə görürük ki, 1992-ci ilin fevralında erməni silahlı dəstələri sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalıya hücum edib və dinc əhaliyə amansızcasına divan tutub. Hücum zamanı 613 nəfər öldürülüb, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Səkkiz ailə tamamilə məhv edilib. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, insanlar diri-diri yandırılıb, başlarının dərisi soyulub, bədən əzaları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə yarılıb. Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı sınmadı, əyilmədi və öz mübarizəsini davam etdirdi.

 Ümummilli ilider Heydər Əliyev hakimiyyətə qayıdışı ilə cəbhədə dönüş yaratmağa və atəşkəsə nail oldu. Xocalı soyqırımı kimi görülməmiş qəddarlığa məruz qalmaq, bu dəhşətli faciəni yaşamaq nə qədər ağır olsa da, Azərbaycan xalqı özünün insanlıq, dözümlülük dəyərlərindən geri çəkilmədi. Ölkəmizdə baş qaldıran bütün separatizm hallarına qarşı birlik və həmrəylik nümayiş etdirdi. Erməni faşistlərinin Xocalıda törətdikləri vəhşiliklər ölkəmizin ərazisində məskunlaşan bütün xalqların birliyini və monolitliyini daha da gücləndirdi. 

Azərbaycanda yaşayan bütün azsaylı xalqlar və etnik qruplar Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi ətrafında birləşərək, multikulturalizmin və tolerantlığın əsas qayəsi olan bəşəri birgəyaşayışın ən gözəl nümunəsini nümayiş etdirdilər. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycanın multikulturalizm modeli bütün dünyaya nümunə göstərili və təbliğ olunur. 

Bu təbliğatın əsas hərəkətverici qüvvəsini həm də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi təşkil edir. Komitə təkcə dini məsələlərin deyil, həm də ölkəmizdə mövcud olan milli-etnik problemlərin həllində digər dövlət və qeyri-dövlət qurumları ilə birgə fəaliyyət göstərir. Bu günlərdə isə Komitənin İmişli bölgəsi üzrə şöbəsi və Beyləqan rayon "N" saylı hərbi hissənin birgə təşkilatçlığı ilə hərbi hissədə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirib. Belə tədbirlər əsgərlərin milli -mənəvi, psixoloji əhval-ruhiyyəsinə müsbət təsir edir və vətənpərvərlik ruhuda tərbiyə olunmasında mühüm rol oynayır.  "N" saylı hərbi hissənin əsgər və zabitləri qarşısında çıxış edən  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalət oğlu, Beyləqan rayon "N" saylı hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini Anar Kazımov, Beyləqan rayon Qaralılar kənd dini icmasının sədri Səbuhi İbadov Xocalı faciəsi barədə əsgərlərə geniş məlumat verib.

Tədbirdə çıxış edən natiqlər erməni millətçilərinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri qırğının acı nəticələrindən danışaraq bildiriblər ki, ermənilərin 28 il əvvəl Xocalıda törətdikləri qətliam, amansızlıq və vəhşilik təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlik ən dəhşətli vandalizm aktıdır. Çıxış edənlər Xocalı soyqırımına siyasi və hüquqi qiymət verilməsi, erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüsün Ulu Öndər Heydər Əliyev tərəfindən irəli sürüldüyünü xüsusi qeyd ediblər.

Qafqaz Müsəlmanları İdarəsi də Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı silsilə tədbir keçirib. Tədbir iştirakçıları ermənilərin Xocalıda törətdiyi faciənin heç bir əsası olmadığını xüsusi vurğulayaraq, bunun sadəcə olaraq erməni cəlladlarının xalqımıza qarşı törətdikləri soyqırımı faktı olduğunu bildiriblər.

Hesab edirik ki, dünyaya multikulturalizm, tolerantlıq və dözümlülük kimi bəşəri dəyərləri təbliğ və təşviq edən Azərbaycan dövlətinə və xalqına qarşı gerçəkləşdirilən bu təcavüz və soyqırımı faktına beynəlxalq səviyyədə hüquqi və siyasi qiymətin verilməsinin vaxtı çoxdan çatıb.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

1.252760887146