Antisemitizm və islamofobiya «virusunun» vaksini multikulturalizm və tolerantlıqdır

Azərbaycan multikultural dəyərləri dünyada təbliğ edən dünyəvi müsəlman ölkəsidir

Bu gün dünyada baş verən qlobal hadisələrin önündə gedən koronavirus epidemiyası demək olar ki, bütün dövlətləri ciddi narahat edir və gündəmin əsas mövzusuna çevrilib. Bizim də diqqəti bu mövzuya yönəltməkdə məqsədimiz odur ki, dünyada baş verən hadisələrin bu və ya digər şəkildə bir-biri ilə bağlı olduğunu diqqətinizə çatdıraq.

Biz terrorizmi, islamofobiyanı, antisemitizmi və bunun fonunda yaranan milli və dini münaqişələri virus adlandırmasaq da, bu amillərin də bəşəriyyət üçün böyük bəla olduğunu heç zaman yaddan çıxarmamalıyıq.

Bu gün bir çoxları koronavirusun təbii fəlakət olduğunu, bir başqaları isə bu virusun siyasi köklərdən qaynaqlandığını düşünür. Çünki məsələ qloballaşdıqca, onun bir çox aspektləri də üzə çıxır.

Diqqət etsəniz görəcəksiniz ki, antisemitizm, islamafobiya, terror, dini-milli qarşıdurma kimi təzahürlər də koronavirus kimi, gözlənilmədən müxtəlif ölkələrin ərazisində baş verir və böyük faciələrə səbəb olur.

Bu da onu deməyə əsas verir ki, istər təbii, istərsə də süni şəkildə hansısa dövlətlərin maraqları çərçivəsində həyata keçirilən siyasi proseslər, son nəticədə bəşəriyyətin başbəlasına çevrilir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyada baş verən hadisələrə münasibət bildirdiyi bütün çıxışlarında qeyd edir ki, multikulturalizmin alternativi yoxdur, multikulturalizmin alternativi antisemitizm, islamofobiya, xristianafobiyadır, terrordur, insan faciələridir.

Bütün bu fobiyalar da, virus epidemiyası kimi, az bir zamanda böyük əraziləri əhatə edə bilir.

Ən maraqlısı odur ki, milli və dini qarşıdurmalara səbəb olan antisemitizm, islamofobiya, xristianafobiya kimi virusların vaksini var və bunu bütün bəşəriyyət bilir.

Bu vaksinin adı multkulturalizm və tolerantlıqdır. Lakin təəssüflər olsun ki, bir sıra Qərb dövlətləri, öz maraqlarını bəşəri maraqlardan daha önə çəkərək, bu vaksinin(multikulturalizmin) effektsiz olduğunu (multikulturalizmin iflasa uğradığını) sübut etməyə çalışırlar.

Bəlkə də, koronavirus epidemiyası kimi ideyaları da onlar meydana buraxıblar ki, multikulturalizmin və bəşəri birgəyaşayışın mümkün olmadığını bu yolla ortaya qoy            sunlar.

Biz məsələnin siyasi tərəfini təhlil etmək fikrində deyilik. Bizi daha çox narahat edən bu virusun ölkəmizin sərhədlərinə yan almasıdır. Ancaq hesab edirik ki, bütün dünyada bəşəri birgəyaşayışın ən mükəmməl formasını təbliğ edən Azərbaycan dövləti, bu "virusun" da öhdəsindən gələcək.

O ki qaldı multikulturalizm və tolerantlıq vaksininin dünyada təbliğinə, bu istiqamədə özünün aktiv fəaliyyəti ilə seçilən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə Amerikanın Los-Anceles ştatında "Azərbaycan multikulturalizmi modeli və dinlərarası harmoniya" mövzusunda keçirdiyi tədbir buna bariz nümunə ola bilər.

Məlumdur ki, son vaxtlar dünyada lokal müharibələrin sayı xeyli artıb. Bu da öz-özlüyündə separatizmin və terrorizmin geniş yayılmasına səbəb olub. Bütün bunlar dünyada dinlərarası, hətta məzhəblərarası münasibətləri daha da idarəolunmaz vəziyyətə gətirib çıxarır. Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti də daxil olmaqla, dünyanın bir çox sülhsevər ölkələr bəşəriyyətin qurtuluşunu dilindən, dinindən, milliyyətindən asılı olmayaraq xalqların əmin-amanlıq şəraitində birgəyaşayışında görür və bu amal uğrunda mübarizə aparır. Bu mübarizənin əsas elementlərindən biri də, ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq tədbirlərdir. Belə nüfuzlu tədbirlərdən biri olan 6-cı Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev deyib: "Bu gün siyasətçilər, ictimai xadimlər, həm də media nümayəndələri tərəfindən multikulturalizmlə bağlı çox ziddiyyətli fikirlər səsləndirilir. Ona görə də hesab edirəm ki, bu məsələ ilə bağlı vahid yanaşma olmalıdır və burada heç bir ziddiyyətli fikrə yer ola bilməz. Hesab edirəm ki, Azərbaycanın bu sahədəki təcrübəsi həm təqdirəlayiqdir, həm də gözəl nümunə ola bilər. Biz multikulturalizmin bəhrəsini gündəlik həyatda görürük. Bu gün Azərbaycanda yaşanan sabitlik, vətəndaş və milli həmrəylik, o cümlədən də, dini  konfessiyalar arasındakı harmoniya, məhz bu dəyərlərə əsaslanır".

Amerikada keçirilən tədbirdə çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, təkcə Los-Ancelesdə 1 milyona yaxın erməni yaşayır və onlar imkan düşdükcə, ölkəmiz barədə yanlış təbliğat apararaq reallıqdan uzaq məlumatları yaymağa çalışırlar. Azərbaycan tərəfi də müxtəlif tədbirlər həyata keçirməklə, bu təbliğatın qarşısını alır. Səfir həmçinin qeyd edib ki, bu kimi tədbirlərin keçirilməsində məqsəd Azərbaycan həqiqətlərini Los-Ancelesdə yaşayan insanlara doğru-düzgün çatdırmaqdır. Səfir hesab edir ki, ölkəmizin həqiqətlərini yaymaq və bu istiqamətdə təbliğatı gücləndirmək onların əsas vəzifələrindən biridir. Nəsimi Ağayev onu da diqqətə çatdırıb ki, yüzilliklər boyu müxtəlif mədəniyyətlərə və dini etiqadlara mənsub xalqlar ölkəmizdə sülh və əmin-amanlıq şəraitində yaşayıblar. Ölkəmizdə milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması faktdır və bu, Azərbaycan xalqının güc mənbəyidir, həyat tərzidir:"Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə sıx əməkdaşlıq edir. Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Mərkəzin böyük rolu var".

Tədbirdə çıxış edən ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyasının üzvü Conni Mur insanların sülh şəraitində birgəyaşayışının önəmindən danışaraq qeyd edib ki, çox çətin bir dövrdə  İraqda olub, orada insanlarla söhbət etmək imkanı qazanıb və onların necə çətin bir vəziyyətdə yaşadıqlarını öz gözləri ilə görüb. Conni Mur məhz bundan sonra dünya ölkələrinin dinlə bağlı modellərini araşdırmağa başlayıb. Bu araşdırmaların məqsədi, tətbiq edilən modellərlə tanış olmaq, istamofobiya, antisimitizm və bu kimi digər halların qarşısını almaqda hansı modelin daha məqsədəuyğun olduğunu öyrənmək olub. Araşdırmaçı bu məqsədlə səfər etdiyi bir çox ölkələrdə apardığı araşdırmalar nəticəsində mühüm məlumatlar əldə etməyə müvəffəq olub."Azərbaycanda isə öyrəndim ki, fərqli dinlərin, məzhəblərin nümayəndələri çox qədim zamanlardan bir yerdə yaşayıblar. Belə vəziyyət bu gün dünyada bir nümunədir", - deyə Conni Mur bildirib.

Dünyada multikulturalizmin inkişaf etdirilməsinin əhəmiyyətindən danışan ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbərinin müavini, ravvin Abraham Kuper qeyd edib ki, multikulturalizm mədəni plüralizmin inkişafına da geniş imkanlar açır:"Dünyada multikulturalizmin müxtəlif modelləri mövcuddur. Azərbaycan isə multikulturalizm dəyərlərinin dünyada təbliği istiqamətində müxtəlif layihələri həyata keçirən dünyəvi bir müsəlman ölkəsidir. Azərbaycan dövlətinin həyata keçirdiyi multikulturalizm siyasəti isə dünya ölkələri üçün bir nümunədir".

Toplantı iştirakçıları əmin olduqlarını bildiriblər ki, bu görüş Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işinə öz töhfəsini verəcək. Eyni zamanda qeyd olunub ki, Azərbaycanda müxtəlif dini ayinləri icra etmək üçün hər kəsə bərabər şərait yaradılıb.  Bugünkü tolerant, inkişaf etmiş və sivil Azərbaycanda multikulturalizmin və beynəlmiləlçiliyin uğurlu adaptasiyası bu modelin parlaq təzahürüdür. Azərbaycanda etnik və dini tolerantlıq daim yüksək səviyyədə olub və bu ənənə davam etdirilir.

Amerikanın Los-Anceles ştatında böyük uğurla başa çatan toplantıda çıxış edən digər iştirakçılar da, multikulturalizmin müxtəlif mədəniyyətlərin paralel şəkildə yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərindən biri olduğunu qeyd edərək Azərbaycanın bu sahədə gördüyü işləri yüksək qiymətləndiriblər. Bildirilib ki, tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur, bu da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə sıx bağlıdır.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə beynəlxalq miqyasda keçirdiyi tədbirlərdən biri də, multikulturalizm Yay və Qış məktəbləri layhəsidir. Bu günlərdə "Azərbaycan multikulturalizmi modelinin bəşəri sülhə töhfəsi" adlı X Beynəlxalq Multikulturalizm Qış Məktəbi öz işini sona çatdırıb. Bununla bağlı keçirilən tədbirdə çıxış edən BBMM-in icraçı direktoru Rəvan Həsənov Multikulturalizm Məktəbinin əhəmiyyətindən danışaraq bildirib ki, bu kimi tədbirlər Azərbaycan multikulturalizminin dünyada tanıdılması baxımından böyük önəm daşıyır. Bu ilin fevral ayında keçirilən Qış Məktəbinin iştirakçıları da Azərbaycan xalqının qonaqpərvərliyinin və burada mövcud olan multikulturalizmin və tolerantlığın əyani şahidi olublar. Qeyd etmək lazımdır ki, multikulturalizm qış və yay məktəbləri BBMM-in mühüm layihələrindən biridir və ildə iki dəfə təşkil edilməklə Bakı şəhəri ilə yanaşı, bir sıra bölgələrimizi də əhatə edir. Dövlət başçımız İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu tədbir, ənənə halı alıb və artıq bir çox ölkələrin nümayəndələri bu layihənin iştirakçıları olublar. Önlar da öz növbələrində Prezident İlham Əliyevin gerçəkləşdirdiyi uğurlu multikulturalizm siyasətini bu layihə çərçivəsində keçirilən tədbir vasitəsilə beynəlxalq aləmdə təbliğ edirlər.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

1.2901010513306