Çünki yanlış yoldayıq...

Çünki yanlış yoldayıq...
 

Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]

 Yola qayıda bilməsək, həyatı normal yaşamaq çətin olacaq

 İlimizin təqvimində olan günlərin əksəriyyətini milli faciə və matəm qeyd etməklə keçiririk. Millət olaraq aciz və məğlub durumdayıq. 20 Yanvar, 26 fevral və .... qeyd etmədiyim digər çoxsaylı faciə və matəm günlərini xala- xətrin qalmasın, deyə, birtəhər yola veririk... Bu bədnam durumumuz dostumuzu narahat edir, düşmənlərimizi sevindirir. Nə kamil iman sahibiyik, nə fədakar vətənpərvər, nə də normal vicdan daşıyıcısıyıq. Bəşəriyyətə müsbət bir şey də verə bilmirik. Amma utanmadan, bəşəriyyətin əldə etdiyi yaxşı hər şeydən istifadə etməkdə çox pərgarıq. Müşahidəmin nəticəsi olaraq, belə qənaətə gəlmişəm ki, Allah xristianlara, buddistlərə, iudaistlərə bacarıq, hünər, qabiliyyət, müsəlmanlara isə gözəl təbiətli, yeraltı sərvətlərlə zəngin torpaq bəxş edib. Amma Tanrı müsəlmanlara bu yeraltı sərvətləri və gözəl təbiəti qoruyub, ondan firavan həyatı təmin etmək üçün səmərəli istifadə etməyə qabiliyyət, bacarıq və şans verməyib...

Qeyd etdiyim məqamları özümdən uydurmuram, tarixin mənə verdiyi imkandan istifadə edib, az qala hər günümüzü yasa, qəmə, kədərə məhkum edən düşmənin millətimizə vurduğu sağalmaz yaralarından bəhs edirəm. Düşmənə yenilməyimizin acı məhsulu olan torpaqlarımızın mənfur qonşularımız tərəfindən işğal olunmasının, millətimizin bir neçə yerə bölünüb pərən-pərən düşməsinin və milli birliyimizin pozulmasının səbəbləri barədə daim düşünərək, nəhayət, belə nəticəyə gəlmişəm ki, millətimiz heç zaman düz yolda olmayıb və bu gün də düz yolda deyil.

Millət olaraq, ən böyük nöqsanımız odur ki, daim nəfsimizə qul olmuşuq və təəssüf ki, bu gün də beləyik. Unutqanlığımız heç zaman bizə dostumuzla düşmənimizi düz seçməyə imkan verməyib və bu gün də belədir. Bəlalarımızın və uğursuzluğumuzun bir səbəbi də özümüzü müsəlman hesab etsək də, kamil iman sahibi deyilik, haram, zina, şərab icmək, haqsızlıq və digər mənfi adətlərə vərdiş etmişik, Allahın buyurduğu kimi yaşamağı bacarmırıq, dinimizin mahiyyətini düz dərk edə bilmirik, çünki dünya nemətlərinə hədsiz vurğunuq, nəfsimizin islah olunmaz quluna çevrilmişik.

Sadaladığım bu və digər insana xas olmayan naqis xarakter və xüsusiyyətlər bizi millət kimi formalaşmaqdan və normal yaşamaqdan məhrum edir və bundan sonra da edəcəyinə şübhə etmirəm.

Yuxarıda qeyd etdiyim mənfi xüsusiyyətlər, eyni zamanda, milləti hədsiz qorxaq, çox yaltaq, dəhşətli oğruya çevirir. Bu mənfi xüsusiyyətlərin milli bəlaya çevrilməsinin qarşısını almaq istiqamətində köklü və fundamental tədbirlər görülməsə, millətimizin gələcək taleyi, hətta mövcudluğu belə, sual altına düşə bilər.

0.018722057342529