Bakı dünyanın nadir tolerantlıq və multikulturalizm mərkəzlərindən biridir

Dini liderlərin II sammitini keçirməklə Azərbaycan dünya sülh prosesinə böyük töhfə verdi

Son on-onbeş ildə Azərbaycanda onlarla beynəlxalq dinlərarası və millətlərarası dialoqa xidmət edən sammit, konfrans və simpoziumlar keçirilib. Artıq Bakı belə tədbirlərin paytaxtına çevrilib. Düşünəndə ki, nədən Avropanın, Amerikanın, batının və doğunun möhtəşəm şəhərləri deyil, bu iş üçün məhz Bakı seçilir, başqa ölkə vətəndaşına görə cavab çətin gələ bilər. Amma biz azərbaycanlılar Bakını dünyanın tolerantlıq mərkəzi kimi seçmələrinin səbəbini çox gözəl bilirik. Dünyada dini və etnik tolerantlığın, mültikulturalizmin yayılması ilə məşğul olan beynəlxalq təşkilatların mütəxəssisləri də bu sadə həqiqətə çoxdan bələddirlər. Çünki Azərbaycan və onun paytaxtı olan Bakı dünyanın nadir tolerant və multikultural diyarlarından biridir. Hələ sovetlər dönəmində Bakı beynəlmiləl şəhər adlanırdı. Keçmiş SSRİ-nin heç bir paytaxtında "Xalqlar dostluğu" adlı metrostansiya yoxdur, bu yalnız Azərbaycanın paytaxtında olub və bu adı da Bakıdakı metrostansiyalardan birinə əbəs yerə verməyiblər. Hətta, sovetlər birliyi Azərbaycan xalqının tolerantlığından və dözümlülüyündən istifadə edərək imperiyanın müxtəlif bölgələrində "arzuolunmaz xalqlar" hesab edilən etnosları belə, Azərbaycana, əsasən də Bakıya köçürüblər. Bu proses üç əsir ərzində davam edib. Rus çarı II Aleksandır ilk dəfə Azərbaycana gələndə Abşeron yarmadasının əhalisi və iqlimi ona təzadlı təsir bağışlayıb. Rus çarı Abşerona yay aylarında səfər etdiyindən burada havalar çox isti olub. Çar Azərbaycandan getdikdən sonra öz köməkçilərinə deyib ki, əhalisi mülayim və qonaqpərvər, iqlimi isə cəhənnəmi xatırladan bu məkan katorqa üçün çox uyğun bir yerdir. 1855-ci ildə atası I Nikolayın ölümündən sonra imperator taxt-tacına sahiblənən II Aleksandır 26 illik hakimiyyəti dövründə Rusiyanın müxtəlif bölgələrindən Azərbaycana, əsasən də Abşeron yarmadasına onminlərlə insanı sürgün edib. Müxtəlif xalqların nümayəndələri olan insanlar yerli əhalinin tolerantlığı və qonaqpərvərliyi sayəsində Azərbaycanda məskunlaşıb, hətta, sürgünlük müddəti bitdikdən və ya əfv edildikdən sonra belə, ikinci vətəni saydığı məmləkəti tərk etmədən burada məskunlaşaraq yerli əhaliyə çevriliblər. Abşeron yarmadasında, əsasən də Bakıda yaşayan yerli rusdilli əhalinin böyük əksəriyyəti, məhz həmin dövrlərdə Azərbaycana zorən köçürülənlərdir.

Bundan başqa, malakan adlandırılan, slavyan kökənli əhali Azərbaycana təxminən iki əsr əvvəl sürgün edilib. Əslində, malakanlar da milliyətcə rusdurlar. Onlar yalnız dini inanclarına görə, imperiyanın müxtəlif istiqamətlərindəki hüdudlarına sürgün ediliblər. Həmin kəsimin bir hissəsi də Azərbaycanın İsmayıllı rayonuna köçürülüb. O dönəmdən ta indiyə qədər malakanlar məskunlaşdığı əraziyə bağlanıblar. İndi İsmayıllı rayonunun İvanovka kəndində yaşayan malakanlar, artıq rus dili ilə yanaşı Azərbaycan dilində də danışa bilirlər. Bu kəndin elə adət-ənənələri var ki, artıq Rusiyada yaşayan ruslar o adət-ənənələri yaddan çıxarıblar. Amma Azərbaycanda yaşayan malakanlar bu adətləri yaşadaraq, bugünümüzə qədər qoruyub saxlaya biliblər. Bu gün rus hamamı bütün dünyada məşhurlaşsa da, Rusiyada yaşayan rusların böyük əksəriyyətinin artıq bundan xəbəri yoxdur. İvanovkada yaşayan malakanların isə hər birinin həyətində rus hamamı qədim aksesuarları ilə birlikdə fəaliyyət göstərir. "Dubnaya venik" (palıd süpürcəsi) adlandırılan rus hamamına məxsus aksesuar üçün material meşədən xüsusi mövsümdə yığılıb, hazırlanır. İndi İvanovkada fəaliyyət göstərən rus hamamlarının istifadəçiləri yalnız malakanlar deyil, onlar özlərinin azərbaycanlı qonşularını da, bu hamama "qonaq" edirlər. Kənddəki rus hamamları adət-ənənəyə görə həftənin yalnız iki günü - şənbə və bazar günləri fəaliyyət göstərir. Çox maraqlıdır ki, malakanlar rus hamamından istifadə üçün əsasən haqq almırlar, şənbə və bazar günlərində isə hamamdan istifadəyə görə haqq almaq, ümumiyyətlə günah sayılır.

Malakanların qədim rus mədəniyyətindən olan rus peçini də bu günə kimi İvanovkada yaşadırlar. Rus peçi təxminən yataq otağınan üçdə ikisini əhatə edir. Peçin özü yataq otağında yerləşsə də qapıları mətbəxə, odluğu isə bayıra açılır.  Bu peçdən həm yeməklərin bişirilməsi, həm də yataq otağının və yatağın qızdırılması üçün istifadə edilir. Ailənin bütün üzvləri peçin üstündə düzəldilən isti yataqlarda yatır. Yeri gəlmişkən, belə peçlər səmərəli olduğundan malakanların köməyi ilə azərbaycanlı ailələr də yataq otaqlarında qədim rus peçləri quraşdırır, bununla da qədim rus mədəniyyətinin dəyərlərindən faydalanırlar.

Bu yerdə bir vacib məqamı da qeyd etməyi özümüzə borc sayırıq ki, vaxtı ilə Rusiyanın mərkəzlərindən kənarlara köçürülən malakanlar sovetlər dönəmində öz köhnə dədə-baba yurdlarına qayıtmaq imkanı əldə etdi. İmperiyanın digər bölgələrinə köçürülən malakanlar bu fürsətdən istifadə edərək, Moskva ətrafına və Sankt-Peterburqa (o vaxtkı Leninqrada) köç etdilər. Yalnız Azərbaycanda yaşayan malakanlar Rusiyaya köçmək fikrindən vaz keçdi. İvanovkada yaşayan malakanlar deyir ki, həmin vaxt - ötən əsrin 70-80-ci illərində kənddə belə bir fikir yaranmışdı: "Rusiyaya köçmək ideyası populyarlaşdı. Bunun üçün bizə təklif olunan məskənlərə də kəşfiyyat xarakterli səfərlər etdik. Lakin biz artıq buranı özümüzə vətən seçmişdik, babalarımızın köç acılarını yaşamamaq və azərbaycanlı qonşularımızdan ayrı düşməmək üçün geriyə köç fikrindən daşındıq. O vaxt qərar qəbul edən insanların çoxu artıq dünyasını dəyişib, amma verdikləri doğru və müdrik qərara görə dualarımız həmişə onlarladır".

Məhz bu və buna bənzər yüzlərlə nümunəni nəzərə alaraq, dünyaya multikulturalizm toxumu səpmək istəyən beynəlxalq mərkəzlərin mütəxəssisləri belə mötəbər toplantıların Bakıda keçirilməsini tövsiyyə edir. Azərbaycan hökuməti isə başda ölkə prezidenti İlham Əliyev olmaqla, bu beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil edir. Dünyanın beyin mərkəzlərinin mütəxəssisləri Bakıya yığışaraq həm bu sahədəki problemləri dartışır, həm də bir tolerantlıq, multikulturalizm nümunəsi ilə tanış olurlar. Bu amacla Bakıya səfər edən dini və mədəni dialoq mütəxəssisləri təkcə fikir mübadiləsini hədəfləmir, həm də multikulturalizmin Azərbaycan modeli ilə yerində tanış olmaq məqsədini qarşıya qoyur. Beynəlxalq tədbirlərin Bakıda keçrilməsini şərtləndirən əsas amillərdən biri də budur.

Ötən ilin noyabır ayında Bakıda keçirilən sonuncu multikultural sammitdə - Dünya dini liderlərinin II Bakı Sammitindəki çıxışında Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan dinlərarası dialoqun inkişafında öz önəmli rolunu oynayır, bundan sonra da oynayacaq: "Bakıda belə mötəbər tədbirin keçirilməsi təbiidir. Çünki Azərbaycanın qədim dinlərarası əlaqələri, ənənələri var. Bu istiqamətdə bütün dövrlərdə ictimai-siyasi quruluşdan asılı olmayaraq, Azərbaycan özünü nümunəvi ölkə kimi göstərib. Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıb. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanın uğurlu inkişafı, sabitliyin bərqərar olması istiqamətində atılan bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq dayanır".

Prezident İlham Əliyev qeyd edib ki, bizim qədim tariximizi əks etdirən həm də dini abidələrimizdir: "Dini abidələrimiz, ilk növbədə, Azərbaycanın qədimliyinin şahididir.  Bu, həm də onu göstərir ki, müxtəlif dövrlərdə müxtəlif dinlərin nümayəndələri Azərbaycanda yaşayıb, yaradıb və gözəl tarixi miras qoyublar. Biz fəxr edirik ki, İslam aləminin ən qədim məscidlərindən biri Azərbaycanda yerləşir. Şamaxı Cümə məscidi 743-cü ildə inşa edilib. Məscid bir neçə il əvvəl əsaslı təmir olunub. Bu məscid Dərbənd məscidindən sonra Qafqazın ən qədim məscididir. Eyni zamanda qədim dövlət olan Qafqaz Albaniyası dövrünə aid kilsə də Azərbaycanın digər tarixi şəhərində - Şəkidə yerləşir. Bu kilsənin çox qədim tarixi var, Qafqazın ən qədim kilsələrindən biridir. Bakıda atəşpərəstlik məbədi - Atəşgah yerləşir. Bu da onu göstərir ki, Zərdüştlük dininin Azərbaycanda qədim kökləri olub. Sonrakı dövrlərdə Azərbaycanda rus pravoslav kilsələri, sinaqoqlar, katolik kilsələr inşa olunub".

Azərbaycan multikulturalizmi modelinin əsas əlamətlərindən biri də odur ki,  bu dəyər ölkəmizdə dövlət siyasəti kimi qəbul edilir, respublikamız bu əlamətinə görə də ən nadir dünya dövlətlərdən biridir. Təsadüfi deyil ki, bu gün Azərbaycan dünyanın əsas multikulturalizm mərkəzlərindən biri hesab olunur. Dünya dini liderlərinin II Bakı Sammitində səslənən fikirlər də, məhz bu məqamlardan xəbər verir.

Dünyanın 5 qitəsindən 70-dən çox dövlətin, 25 ənənəvi din və dini təriqətin lider və təmsilçiləri, həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksək səviyyəli nümayəndəsi, o cümlədən Rusiya Federasiyası subyektlərinin başçıları və dini rəhbərlərinin bu tədbirə qatılması heç də sadə məsələ deyil.

Dünya Etnospor Konfederasiyasının prezidenti Bilal Ərdoğan sammitdə çıxışı zamanı deyib ki, Azərbaycan dünya dini liderlərinin sammitini keçirə biləcək nadir ölkələrdən biridir. Belə bir mötəbər qurumun liderindən bu cür yüksək qiymətə layiq görülmək hər ölkəyə nəsib olmur. Onun sözlərinə görə, dünya dini liderlərinin II sammitini keçirməklə Azərbaycan dünya sülh prosesinə töhfə verir.

Vatikanın Dinlərarası Pontifik Şurasının İslam ilə dialoq Departamentinin sədri Xaled Akaşe sammitdəki çıxışında vurğulayıb ki, Azərbaycanda şiələr və sünnilər bərabər və mehriban şəraitdə yaşayırlar, onlar iki ayrı məzhəbin nümayəndəsi kimi yox, vahid məzhəbin nümayəndələri kimi həyat sürürlər: "Mən buradan digər dövlətləri də  Azərbaycandakı bu modeli əxz edərək özlərində tətbiq etməyə çağırıram. Bu, çox faydalı metoddur".

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.21702122688293