Polis Akademiyasının öldürülən kursantının qardaşı ifadə verib

 

 

Ötən gecə Bakının Nərimanov rayonunda öldürülən Daxili İşlər orqanlarının 31 yaşlı zabiti Anar Ramazanov Polis Akademiyasının kursantı olub.

Bu barədə paralel.az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

A.Ramazanovun qətlində iştirak etməkdə şübhəli bilinən qardaşı 28 yaşlı Araz Ramazanov tutulub.

İstintaq zamanı məlum olub ki, Anar Nəsimi rayonu 19-cu Polis Bölməsində sürücü işləyib və eyni zamanda, Polis Akademiyasının ikinci kurs tələbəsi olub.

Bildirilir ki, ötən gecə ərazi patrul polisləri onun qan içində küçəyə qaçdığını görüblər. Anar onlara bıçaqla özünü yaraladığını deyib. Lakin Ramazanovun qonşuları polislərə onun kiçik qardaşının bu işdə əli olduğunu bildiriblər.

Araz Ramazanov qardaşını sinəsindən bıçaqlayıb. 18-ci Polis Bölməsinin əməliyyatçıları şübhəli şəxsi tutublar.

İlkin dindirmə zamanı həmin şəxs bıçağın əvvəlcə Anarın əlində olduğunu deyib. Onun sözlərinə görə, qardaşının əlindən soyuq silahı necə götürdüyünü və onu yaraladığını xatırlamır.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. İstintaq davam edir.

Ramella İbrahimxəlilova

1.1255269050598