İnsanlığa qarşı ən ağır cinayət-Xocalı qətliamı

Papa Fransisk: "Azərbaycandakı dini icmalar arasında münasibətlər əsl tolerantlıq nümunəsidir"

Ölkəmizdə həyatımızın bütün sahələrində olduğu kimi, dini və milli münasibətlər sahəsində də sabitlik, harmoniya və tolerantlıq hökm sürür. Məhz bu səbəbdən də Azərbaycan dünyada tolerantlıq və multikulturalizm nümunəsi kimi qəbul olunur.

Prezident İlham Əliyevin və Birinci vitse - prezident Mehriban xanım Əliyevanın Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşündə də, bu məsələyə xüsusi diqqət ayrılıb. Respublikamızda ictimai-siyasi sabitliyin hökm sürdüyünü, xalqımızın rifah içərisində yaşadığını qeyd edən Papa Fransisk ölkəmizdə dini icmalar arasındakı tolerant münasibətləri yüksək qimətləndirib. Papa Fransisk qeyd edib ki, müasir zamanda biz bəzi ölkələrdə dini baxımdan məzhəblər və təriqətlər arasında qarşıdurmalar, toqquşmalar müşahidə edirik, din adı altında gizlənən radikal, ekstremist qrupların həmin ölkələrdə öz məqsədlərinə çatmaq üçün dini istismar etdiklərini görürük, ancaq Azərbaycanda bu baxımdan sabitlik hökm sürür və ölkənizdə müxtəlif dini konfessiyalar və təriqətlər arasında heç bir qarşıdurma müşahidə olunmur. Bu da ondan irəli gəlir ki, Azərbaycanın dünyaya təqdim etdiyi tolerantlıq və birgəyaşayış nümunəsi, bu kimi münaqişələrin və toqquşmaların aradan qaldırılmasına xidmət edir.  Azərbaycanda mədəniyyətlərarası dialoq, multikulturalizm, həmçinin müsəlmanlar, xristianlar və yəhudilər arasında harmoniyanın möhkəmlənməsinə, bütün dini konfessiyaların sərbəst fəaliyyətinin təmin olunmasına yönəlik bir siyasət həyata keçirilir. Buna görə də ölkəmizə səfər edən istər xristian və yəhudi, istərsə də müsəlman ölkələrindən gələn nümayəndələr bu tolerantlığı və multikulturalizmi, eləcə də Azərbaycan dövlətinin bu sahədəki siyasətini yüksək dəyərləndirirlər.

Heç şübhəsiz ki, bu nailiyyətlər Azərbaycan dövlətinin dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqinə və təbliğinə mühüm əhəmiyyət verməsindən qaynaqlanır.

Məlumdur ki, ötən il Azərbaycanda Dünya dini liderlərinin ikinci böyük sammiti keçirildi və həmin sammitdə dünyanın tanınmış dövlət və din xadimləri də yaxından iştirak etdilər. Tədbirdəki bütün çıxışlarda Azərbaycandakı dini və milli birgəyaşaşyış mühiti yüksək qiymətləndirildi. Bu da dövlət başçımız İlham Əliyevin bu istiqamətdə apardığı uğurlu siyasətin, eləcə də  Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycanın multikultural və tolerantlıq dəyərlərinin dünya miqyasında tanıdılması istiqamətində gördüyü qlobal işlərin məntiqi nəticəsidir.

Bu da şərəfverici haldır ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva, məhz dini tolerantlığın və multikulturalizmin dünyada təbliği istiqamətində göstərdiyi müstəsna xidmətlərinə görə Vatikanda Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb. Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu ordenə həm də mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə layiq görülüb. Bu, həm də beynəlxalq aləmdə Mehriban xanım Əliyevanın nüfuzunun bariz göstəricisidir.

Papa Fransiski ilə görüşü zaman Prezident İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycanın təqdim etdiyi tolerantlıq nümunəsi dünyada münaqişələrin aradan qaldırılmasına, insanlar, millətlər, dinlər və dövlətlər arasında qarşılıqlı əməkdaşlığın və dialoqun yaradılmasına böyük töhfələr verir: "Azərbaycanın təqdim etdiyi tolerantlıq nümunəsi dünyada münaqişələrin aradan qaldırılmasına xidmət edir"

Roma Papa Fransiski də öz növbəsində dünyada bəzi radikal dairələrin dini amildən istifadə edərək ədavəti və nifaqı daha da yaymağa çalışdığı bir vaxtda Azərbaycanın bu sahədə əsl tolerantlıq nümunəsi göstərdiyni etiraf edib. Onun Azərbaycana səfəri isə dünyada sivilizasiyalar və dinlər arasında münasibətlərin daha da inkişaf etdirilməsində xüsusi rol oynayır və ölkəmiz üçün mühüm əhəmiyyət daşıyır.

Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşən Prezident İlham Əliyev qeyd edib ki, ölkəmiz bütün dünyada dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, qardaşlıq və həmrəylik hisslərinin bərqərar olmasına çalışır və bu baxımdan dünyaya nümunədir: "Azərbaycanın təqdim etdiyi tolerantlıq və birgəyaşayış nümunəsi dünyada münaqişələrin və toqquşmaların aradan qaldırılmasına xidmət edən əsas meyarlardan biridir".

Papa Fransisk Azərbaycanda ictimai-siyasi sabitliyin hökm sürdüyünü, xalqımızın rifah içərisində yaşadığını qeyd edərək ölkəmizdə dini icmalar arasındakı münasibətlərə toxunaraq bunun əsl tolerantlıq nümunəsi olduğunu bildirib.

Bütün bunlara baxmayaraq, ölkəmizin ərazisində həyata keçirilən soyqırım faktına dünya ictimaiyyətinin hələ də siyasi, hüququ qiymət verməməsi, sözün həqiqi mənasında, dünyanın müxtəlif dövlətlərində bu məsələyə ikili münasibətin mövcudluğunu deməyə əsas verir. Dünya Azərbaycanı multikulturalizm və tolerantlıq məkanı kimi hamıya nümunə göstərir. Eyni zamanda bu tolerant xalqa qarşı erməni separatçılarının həyata keçirdikləri soyqırım faktına susqunluq nümayiş etdirir.    

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalıda dinc əhaliyə qarşı soyqırım aktı həyata keçiriblər. Atıq bu faciənin 28-ci ildönümü qarşısındayıq.

 Azərbaycan xalqının qan yaddaşında həkk olunan bu tarixi fakt ondan ibarətdir ki, erməni işğalçıları öz havadarlarının köməyi ilə Xocalı şəhərinə qəfil silahlı basqın edərək oranın dinc, silahsız əhalisinə qarşı amansız kütləvi qırğın-soyqırımı törədiblər. Xocalı şəhərində həmin gecə erməni silahlı quldurları tərəfindən qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla 613 nəfər mülki əhali xüsusi qəddarlıqla öldürülüb. Şəhər yerlə yeksan edilib, əhalinin 150 nəfəri itkin düşüb, 1275 nəfər əsir götürülərək ağır işgəncələrə məruz qalıb, vəhşicəsinə qətlə yetirilən dinc sakinlərin meyitlərinin üzərində ağlasığmaz təhqiramiz hərəkətlər edilib.

Müasir dövrün insanlığa qarşı ən ağır cinayəti kimi qəbul olunan bu faciəyə, indiyə kimi bəzi dövlətlərin susqunluq və ikili standartlarla yanaşması anlaşılan deyil. Çünki   beynəlxalq hüquqa görə də, genosid sülh və bəşəriyyət əleyhinə yönələn ən ağır  cinayətlərdən biri hesab olunur. Xocalı faciəsi də öz mahiyyətinə görə Holokost, Hernika, Xatın soyqırımları kimi insanlığa qarşı törədilən cinayətlərin ən qəddar formalarından biridir. Separatçı Ermənistanın təcavüzü nəticəsində Azərbaycan xalqı öz doğma torpaqlarında etnik təmizləmə, fiziki və mənəvi terrora məruz qalıb, erməni ekstremistləri torpaqlarımızın 20 faizini işğal edib, bir milyondan çox soydaşımız doğma yurd-yuvalarından didərgin salınıb. Ermənilər zəbt etdikləri Qarabağ torpaqlarında vandalizm aktları həyata keçirərək tarixi, dini və mədəniyyət abidələrini məhv ediblər. Xocalıda törədilən soyqırım aktı isə erməni vəhşiliklərinin kulminasiya nöqtəsi idi. Lakin üstündən 28 il keçməsinə baxmayaraq, bu cinayətə görə heç kim hələ də cəza almayıb. Azərbaycanın beynəlxalq ictimaiyyətə mütəmadi müraciətlərinə obyektiv yanaşan dünyanın bir sıra dövlətləri və beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanısa da, təəssüf ki, bu dəhşətli cinayətə etinasız yanaşanlar daha çoxdur.

 Məhz bunun nəticəsidir ki, bu gün dünyada baş verən zorakılıq halları, terrorizm və ekstremizm kimi cinayətlərin təməlində də həmin dövlətlərin izi görünür. Bəzi dövlətlərin, təşkilatların və dini liderlərin bu kimi problemlərə münasibətindəki ikili standartlar da, dünyada rasizm, antisemitizm, ksenofobiya, islamofobiya kimi təhlükəli meyllərin artmasına səbəb olur. Bu baxımdan Xocalı faciəsi layiqli qiymətini almadıqca, yeni-yeni bəşəri cinayətlərə yol açılır, dünyanın müxtəlif bölgələrində soyqırımların təkrarlanmasına, terror, ekstremizm, separatçılıq üçün meydan açılır. Bu da çox böyük təəssüf doğuran məqamdır ki, bəzi dövlətlər real tarixi soyqırımların deyil, saxta soyqırım iddialarının tanınması yönündə səy göstərir, onlara himayədarlıq edirlər.        Bu da həmin dövlətlər arasında qarşılıqlı anlaşmaya və dialoqa ciddi maneələr yaradır. Dünyada multikultural və tolerant dəyərlərə ən yüksək səviyyədə dəyər verən bir dövlət kimi tanınan Azərbaycanın üzləşdiyi bu faciəyə biganə münasibət də, həmin dövlətlərə olan etimadımızın sarsılmasına səbəb olur.

Biz əminik ki,  Xocalı qətliamında əli olanlar tarixin mühakiməsindən boyun qaçıra bilməyəcəklər və gec-tez öz cəzalarını alacaqlar. Bu canilərin beynəlxalq tribunala çıxarılacağı gün heç də uzaqda deyil. Azərbaycanda yaşayan müxtəlif konfessiyalardan olan din xadimləri, ölkəmizdə fəaliyyət göstərən milli icma rəhbərləri Azərbaycanın dövlət rəhbərinin ölkəmizin ərazi bütövlüyünün bərpası yönündə səylərini dəstəkləyir və uğurla nəticələnəcəyinə inanırlar. Azərbaycanda yaşayan bütün dinlərin və xalqların nümayəndələri bütün dünya xalqlarına sülh, səadət, əmin-amanlıq və rifah diləyir. Dağlıq Qarabağda beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə ədalətin bərqərar olmasını, qaçqın və məcburi köçkün soydaşlarımızın öz doğma torpaqlarına qayıtmasını arzulayırlar. Buna görə də dünyanın dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edərək, onlardan Azərbaycan xalqına qarşı erməni ekstremistlərinin təcavüzünə və vəhşiliklərinə prinsipial siyasi, hüquqi qiymət verməsini, Xocalıda törədilən cinayətin soyqırım aktı kimi tanınmasını tələb edirlər.

Azərbaycanda mövcud olan multikultural və tolerant mühit, burada yaşayan bütün insanların və dini konfessiyaların qarşılıqlı anlaşma və qardaşlıq şəraitində yaşamalarına tam təminat verir və bu, dövlətimizin qanunlarında da öz əksini tapıb.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

1.2094218730927