DQİDK dövlətin multikulturalizm siyasətini həyata keçirir

Radikal dini qruplaşmalara qarşı dövlət qurumları maarifləndirmə tədbirləri ilə mübarizə aparır

Bu gün Azərbaycanda multikulturalizmin ölkə daxilində qorunub saxlanılması və inkişaf etdirilməsinin əsas yükü dövlət qurumu olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin üzərinə düşür. Düzdür, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Qafqaz Müsəlmanları İdarəsinin də əməyini danmaq olmaz, ammu bu iki qurumdan birincisi əsasən Azərbaycanın multikulturalizm modelinin dünyada yayılması, digəri isə  İslam dini inanclı insanların mənəvi baxımdan idarə edilməsi ilə məşğuldur. Lakin DQİDK ölkədəki bütün dini idarələr və cəmiyyətin bütün inanclı kəsimi üzrə dövlət siyasətini yürüdür. Ona görə də biz gündəmə nəzər saldıqda DQİDK-nın daha intensiv çalışdığının şahidi oluruq. Bu yazıda biz DQİDK-nın bir gün ərzində keçirdiyi tədbirləri şərh etməyə və onları öz rakursumuzdan qiymətləndirməyə çalışacağıq. Əvvəlcədən onu da vurğulayaq ki, haqqında danışdığımız bütün tədbirlər fevral ayının 19-da həyata keçirilib.

Qurumun rəsmi internet səhifəsində məlumat verilir ki, Dövlət Komitəsinin Binəqədi Rayon İcra Hakimiyyəti ilə birlikdə Binəqədi rayonu Xocəsən qəsəbəsində keçirdiyi tədbirdə mövzu "Dövlət-din münasibətləri: tarix, hüquq və ənənə" olub. Tədbirdə təşkilatçı qurumların nümayəndələri və Binəqədi Rayon Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları, din xadimləri və qəsəbə sakinləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi Şəmsi Gülməmmədov dövlətin dinə münasibəti, din sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dini etiqad azadlığı prinsiplərinin qorunması, dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi istiqamətində aparılan işlərə xüsusi diqqət çəkib.

DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov çıxışında bildirib ki, bu gün Azərbaycan bütün dünyada dövlət-din, həmçinin dinlərarası münasibətlərin ideal göstəricilərinin olduğu ölkə kimi tanınır. Azərbaycan tolerant, multikultural mühitin formalaşması, radikal baxışlara ictimai qınağın və dövlət nəzarətinin olması baxımından mükəmməl nümunə təşkil edir. Multikultural və tolerant dəyərləri öz siyasətinin tərkib hissəsinə çevirən dövlətimiz dini etiqadından asılı olmayaraq, bütün vətəndaşlara öz inanclarını yaşamaq üçün lazımi şərait yaradıb və bu, hər sahədə hiss edilir.

Sözügedən tədbirin əhəmiyyətindən söz açdıqda ilk növbədə vurğulamaq yerinə düşər ki, din-dövlət münasibətlərində ta qədim zamanlardan ciddi problemlər yaşanıb. Belə ki, sivilizasiyanın qədim mərhələsində səmavi dinlər dövlətdə hakim mövqeyə malik olub. Dini liderlər həm də dövləti idarə edib. Bu günümüzdə də dünyada belə dövlətlərə rast gəlirik. Məsələn, İran İslam Respublikası, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Vatikan və s. dövlətlərdə dini liderlər, həm də dövlətin birinci şəxsi hesab olunurlar. Lakin sivilizasiyanın inkişafı göstəridi ki, dinlərin liderlik etdiyi dövlətlər müəyyən mərhələdə durğunluq yaşamaq zorunda qalır - bu dövlətlərin liderləri olan dindarlar, xalq hakimiyyətini, demokratik üsul-idarəsini həzm edə bilmirlər. İnanclı cəmiyyətlərin əksəriyyətində isə dini liderlər hakimiyyətdə uzun müddət, bəzən ömürlük qalmaq üçün dindən bir çətir kimi istifadə edirlər. Ona görə də orta əsrlərdən başlayaraq dinin dövlətdən ayrılması ideyası ortaya atıldı. Doğrudan da, din insanların mədəni-mənəvi dəyərləridir ki, bu dəyər inzibati kodekslərlə deyil, əxlaq kodeksləri ilə idarə edilməlidir. Həmin dövrdən başlayaraq dövlət orqanları dini liderləri cəmiyyətə sərbəst buraxmağa qərar verdi. Hazırda Azərbaycanda din-dövlət münasibətləri çox yüksək səviyyədə, qarşılıqlı anlaşma şəraitində inkişaf edir. Qanunlara əsasən ölkə vətəndaşı istənilən dinə inanmaqda, etiqad edib onun qaydaları ilə Allaha ibadət etməkdə və heç bir dinə inanmadan, ateist olmaqda sərbəsdir. Respublikada heç bir vətəndaş, xarici vətəndaş və ya ölkədə vətəndaşlığı olmadan yaşayanların hər hansı bir dinə biət etdiyinə və ya heç bir dinə inanmadığına görə ittiham edilə bilməz. Yəni ölkədə sərhədsiz vicdan azadlığı hökm sürür. Lakin burada bir sıra incə məqamlara da diqqət etmək lazım gəlir. Dindən daxili və beynəlxal siyasətdə bir vasitə kimi istifadə edən dövlətlər ötən əsrin 90-cı illərində öz məkrli siyasi dayaqlarını qurmaq üçün Azərbaycanı açıq alan kimi qiymətləndirdilər. Bunun ardınca isə ölkəyə xaricdən siyasiləşmiş dini missionerlər axışmağa başladı. Həmin dövrdə Azərbaycan İslam dininin ciddi yasaqlandığı sovet imperiyasından yenicə qurtulmuşdu. Əhalinin böyük əksəriyyəti özünü müsəlman hesab etsə də, biət etdiyi dinin qayəsinə yaxından bələd deyildi. Ona görə də ölkəyə axışan missionerlər İslam dinini əhaliyə öz dövlətinin və ya tapşırıq aldığı qurumun siyasi maraqları baxımından təqdim edirdi. Beləcə, ölkədə din-dövlət münasibətlərində müəyyən mərhələdə bir sıra problemlər yarandı. Lakin Ümummilli ilder Heydər Əliyevin yendən xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsindən sonra bu problemlər köklü şəkildə həll edildi. Respublikamızda din-dövlət münasibətləri sakit məcraya salındı. Prezident İlham Əliyev isə həmin siyasəti uğurla həyata keçirir.

Həmin dövrdə Azərbaycanda qarşısına siyasi hədəflər qoyulan radikal dini qruplaşmaların missionerləri də yuva salmışdı. Onlardan bəziləri, hətta, ölkədə siyasi çevriliş etmək iddiasında idi. Sözsüz ki, belə bir məqamda dövlətin proseslərə radikal müdaxiləsi qaçılmaz idi. Bu cür radikal müdaxilə yolundan, yalnız vacib olduğu halda istifadə etmək olar. Digər hallarda isə dövlət qurumları belə radikal dini qruplaşmalara qarşı maarifləndirmə tədbirləri ilə mübarizə aparır. Bu mexanizmin bütün yükü isə təkcə dövlət orqanlarının üzərinə düşmür. Bu işdə dini icmalar, qeyri-hökumət təşkilatları, televiziya və mətbuat da yaxından iştirak edir.

Qax rayonu Zərnə kənd tam orta məktəbində DQİDK-nın Qax RİH və Qax rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirdiyi "Dini radikalizmlə mübarizədə elmin rolu" mövzusundakı  tədbir də, məhz bu qəbildəndir. Dövlət Komitəsinin rəsmi saytında bildirilir ki, tədbirdə DQİDK-nın Şimal bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Qax RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Fərid Muradov, Zərnə kənd tam orta məktəbinin müəllimləri və yuxarı sinif şagirdləri iştirak edib.Tədbirdə mövzunun əhəmiyyəti vurğulanaraq qeyd edilib ki, dini radikalizmlə mübarizədə ən təsirli metod gənclərin dərin biliklərə yiyələnməsidir. Eyni zamanda dini fanatizmin və dini radikalizmin mahiyyətindən danışılıb, belə mənfi halların cəmiyyətimizə və mənəvi dəyərlərimizə xələl gətirdiyi vurğulanıb. Gənclərimizin savadlı olmasının, geniş dünyagörüşünə sahib olmalarının yuxarıda sadalanan mənfi halların qarşısının alınmasında və sağlam gəncliyin formalaşmasında önəmli faktor olduğu bildirilib. Bəli, doğrudan da padikal-dini qruplaşmalar və digər zərərli dini təbliğata qarşı mübarizənin ən rahat və zərərsiz yolu cəmiyyət üzvlərinin savadlı və elmli olmasından keçir. Birincisi, savadlı vətəndaş eşitdiyi və oxuduğu təbliğat mətnində dərhal siyasi çalarları duyacaq və bu təbliğatın üzərində bərqərar olduğu dəyərləri araşdırmağa başlayacaq. Azərbaycanda radikal-dini qruplaşmalar, əsasən İslam təriqətlərinə söykənir. Ona görə də cəmiyyəti bu cür ünsürlərdən qorumaq üçün onu mütləq maarifləndirmək lazımdır. Çünki İslam dininin müqəddəs kitabı olan Qurani-Kərimi mükəmməl bilən müsəlmanı heç bir təbliğatla yolundan sapdırıb siyasi möhtəkirlərin quluna çevirmək mümkün deyil. Bu səbəbdən də, belə radikal-dini qruplaşmalar əsasən cəmiyyətin savadsız, psixoloji cəhətdən dayanıqlı olmayan, dünyagörüşü zəif olan, dinin əsas prinsiplərini ayırd edə bilməyən fərdlərini öz şikarına çevirir. Biz dövlət və cəmiyyət olaraq vətəndaşlarımızın savadlanmasına nail olmaqla əhalimizin böyük kəsimini bu bəladan sığortalaya bilərik.

Bəzi zərərli radikal qrumlar isə öz şikarı ilə əvvəlcədən müəyyən iş qurur. Məsələn, fərdlərin əvvəl narkomaniya aludəliyinə qurşanmasını təşkil edir və sonradan onları öz buxovuna salır. Bu tendensiyanın qarşısını almaq üçün narkomaniyanın sosial bəla olduğunu cəmiyyətin gənc üzvlərinə, yeniyetmələrə aşılanmasının xüsusi əhəmiyyəti var. Dövlət Komitəsinin Cəlilabad şəhəri 2 saylı tam orta məktəbində Cəlilabad Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən "Narkomaniyanın mənəvi və fiziki zərərləri" mövzusunda seminar-treninqi bu məqsədləri hədəfləyib.

Maarifləndirmə məqsədi daşıyan tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Tural Şahmarov, Cəlilabad Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Mübariz Quliyev, Cəlilabad şəhər 2 saylı tam orta məktəbin direktoru Səyyad Bağırov, ictimaiyyət nümayəndələri və gənclər iştirak edib.

DQİDK-nın internet səhfəsində bildirilir ki, çıxış edənlər millətin sağlam həyat tərzi üçün təhlükənin narkotik maddələrin qəbulu və narkomaniyadan qaynaqlandığını bildiriblər.

Bütün bu kompleks işlərin həyata keçirilməsində vətəndaş cəmiyyətinin bir parçası olan könüllülərin də öz rolu var. Ölkədə böyük işlər görə biləcək könüllülər hərəkatının stimullaşdırılması və təbliğ edilməsi də DQİDK-nin diqqətindən yayınmır. Həmin tarixdə DQİDK-nın digər tədbiri Ağdaş rayonunda keçirilib. Belə ki, "Könüllülər ili" çərçivəsində, "Könüllülük öz xalqına və dövlətinə xidmətdir" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, şöbənin əməkdaşı Sahib Hacıyev, Ağdaş RİH-nin nümayəndəsi - dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev, Ağdaş Rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov iştirak edib.

Tədbiri giriş sözü ilə açan Ağdaş Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev ölkəmizdə hər zaman dövlətimiz tərəfindən gənclər siyasətinə diqqət və qayğı göstərildiyini və bunun bariz nümunəsi olaraq 2020-ci ilin "Könüllülər ili" elan edildiyini bildirib.

Yazının hazırlanmasında DQİDK-nın məlumatlarından istifadə olunub

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

1.278911113739