Ukraynanın keçmiş nazirinin evində sirli ölümlə bağlı təfərrüat

 

 

İntihar etdiyi iddia edilən biznesmen Sergey Staritskinin ölümündə Ukraynanın sabiq Xarici işlər naziri Leonid Kojaranın əli ola bilər.

Bu barədə “Obozrevatel” öz mənbəsinə istinadla xəbər yayıb.

Bildirilir ki, bir sıra əlamətlər Kojaranın qətldə iştirakından xəbər verir. Staritskinin üzündə silahı özünə doğruldan şəxsə məxsus ifadə olmayıb. Bundan başqa, tapança ölən şəxsin əlində olub, halbuki cəsəd yerə yıxılanda silah da yerə düşməli idi.

Mənbə ehtimal edib ki, ev sahibi bilərəkdən, ya bilməyərəkdən öz qonağını vurub, sonra baş verənlərdən qorxuya düşərək tapançanı onun əlinə qoyaraq şübhələri özündən kənarlaşdırmaq istəyib.

Sabiq nazirin öz evinin həyətində dəfələrlə silahdan atəş açdığını görənlər var.

Qeyd edək ki, fevralın 22-də Serqey Staritskinin Leonid Kojaranın evində öldüyü barədə xəbər yayılıb. Əvvəlcə onun ölümü intihar kimi qiymətləndirilsə də, sonradan istintaqın əldə etdiyi bəzi dəlillər onun özünü öldürmədiyi ehtimalını irəli sürməyə əsas verib.

Staritski “Atlantic Group” kommunikasiya holdinq şirkətinin baş direktoru olub. Bundan əvvəl o, Ukrayna Dövlət Televiziya və Radio Şirkətinin beynəlxalq əlaqələr departamentinə rəhbərlik edib.

0.70110511779785