BBMM-in Yay və Qış Məktəbləri proqramları dünyada böyük nüfuz qazanıb

Multikulturalizmin Azərbaycan modeli qarşılıqlı anlaşma və dialoqun ən mükəmməl formasıdır

Müasir dünyamızda dövlətlərarası münasibətlərin düzgün tənzimlənməsi, ilk növbədə həmin dövlətlərin siyasi-iqtisadi inkişafına, hərbi potensialının güclənməsinə və sosial rifahının yüksəlişinə müsbət təsir göstərir. Buna görə də qloballaşan dünyamızda insanları və cəmiyyətləri narahat edən islamofobiya, antisemitizm, xristianofobiya kimi halların aradan qaldırılmasına çalışmaq lazımdır. Bunun da ən mükəmməl yolu dinlər, millətlər və mədəniyyətlər arasında tolerantlığı və dözümlülüyü özündə ehtiva edən  multikulturalizmin bəşəri bir dəyər olaraq inkişaf etdirilməsidir. Məlumdur ki, qarşılıqlı anlaşmanın, dialoqun və əməkdaşlığın olmadığı bir cəmiyyətdə, stabilliyin, harmoniyanın və həmrəyliyin qorunub inkişaf etdirilməsi də çox çətin olur, bəzən də heç mümkün olmur.

Bir vaxtlar özünü demokratiyanın və stabilliyin, xalqlar və dinlər arasında qarşılıqı anlaşmanın mərkəzi hesab edən Amerikada və bəzi Avropa dövlətlərində, eləcə də Yaxın Şərqdə bu gün baş verənlər bunu bir daha təsdiq edir.   

Bütün bunların fonunda müasir Azərbaycan dövlətinin, tarixin butun keşməkeşlərinə rəğmən, özünün multikultural və tolerant dəyərlərini qoruyub inkişaf etdirməsi, bir çoxlarında təəccüb hissi yaratsa da, günümüzün reallığı olduğu da, heç kimdə şübhə doğurmur. Bu da ondan irəli gəlir ki, tarixən bir çox xalqların və dini konfessiya nümayəndələrinin məskunlaşdığı, qarşılıqlı anlaşma və qardaşlıq şəraitində yaşadıqları Azərbaycanda multikulturalizm artıq dövlət siyasətinin ayrılmaz hissəsinə və xalqımızın həyat tərzinə çevrilib. Bunu ölkəmizdə fəaliyyət göstərən dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının fəaliyyətində də dörürük. 

Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən və bütün sivil dünya dövlətlərində "Bakı Prosesi" kimi qəbul olunan multikulturalizmin bu formatı, artıq bəşəriyyətdə  bir çağırış kimi qəbul olunur. Bu çağırışdan irəli gələn məsələlərin tam şəkildə reallaşdırılması məqsədi ilə ölkəmizdə mütəmadi olaraq yüksək səviyyəli beynəlxalq tədbirlər təşkil olunur. Bu tədbirlərə qatılan dünyanın nüfuzlu dövlət və din xadimləri, siyasətçilər, alimlər, yazıçılar, araşdırmaçı jurnalistlər, eləcə də Azərbaycan multikulturalizminə maraq göstərən tələbələr də etiraf edirlər ki, multikulturalizmin Azərbaycan modeli bu gün üçün qarşılıqlı anlaşma və dialoqun ən mükəmməl formasıdır.    

Onu da qeyd etmək lazımdır ki, bu münasibət heç də öz-özünə, boş yerdən yaranmayıb. Bu, Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin, eləcə də ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın dəstəyi və yaxından iştirakı ilə görülən böyük işlərin məntiqi nəticəsidir.

Məlumdur ki, burada əsas yeri multikulturalizmin Azərbaycan modelinin təbliği və təşviqi tutur. Prezident İlham Əliyevin təşəbbüsü və qərarı ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) də, məhz bu missiyanı yerinə yetirir. BBMM yarandığı gündən bu istiqamətdə bir çox uğurlu layihələr həyata keçirib.

Mərkəzin belə uğurlu layihələrindən biri də "Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi" layihəsidir. Bu layihə çərçivəsində, artıq dünyanın 21, Azərbaycanın isə 38 nüfuzlu ali təhsil ocaqlarında Azərbaycan multikulturalizmi fənni tədris olunur. BBMM-in bu layihə çərçivəsində reallaşdırdığı  Yay və Qış məktəbləri proqramları da, artıq dünyada böyük nüfuz qazanmaqdadır və hər il bu məktəblərə gələn tələbələrin sayı artır. Çünki təhsil aldıqları ali təhsil müəssisələrində Azərbaycan multikulturalizminin nəzəri əsasların öyrənən tələbələr, bu proqram çərçivəsində həm də praktiki biliklər əldə etmək imkanı qazanırlar. BBMM-in təşkil etdiyi qış və yay məktəblərinin məqsədi də, həmin gənclərin ölkəmizdə multikultural və tolerant dəyərlərin qorunub yaşandığını öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır.

Bu ilin fevral ayının 16-dan start alan X Beynəlxalq Multikulturalizm Qış Məktəbinin  iştirakçıları, artıq ölkəmizin bir çox yerlərində olublar və öz təəssüratlarını bölüşüblər.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən X Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinin Monteneqrodan olan iştirakçısı Dragana Pantoviç deyir ki, Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzi və Azərbaycan səfirliyi ölkələrində çoxsaylı tədbirlər həyata keçirir. Belə tədbirlərdən birində iştirak etdiyi zaman BBMM-in təşkilatçılığı ilə keçirilən Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsi barədə məlumat alıb:"Çox şadam ki, bu layihəyə qoşulmaq imkanı əldə etmişəm və burada müxtəlif ölkələrdən olan insanlarla bir yerdəyəm. Bu, mənə multikulturalizm haqqında daha çox məlumat əldə etməyə imkan verir və layihə çərçivəsində Azərbaycanın dünyaya nümunə olan tolerantlıq modeli və mədəniyyəti ilə yaxından tanış olmaqdan məmnunluq duyuram".

Dragana Pantoviç qeyd edir ki, ilk dəfədir Azərbaycana gəlir və artıq bir neçə gündür buradadır, bu, az bir müddət olsa da, onda xoş təəssüratlar yaradıb və insanlarımızın istiqanlığından, qonaqpərvərliyindən çox təsirlənib: "Daha bir neçə gün Azərbaycanda olacağıq. Buranı daha yaxından tanımaq imkanımız olacaq. Bakı şəhərini dostlarımızla gəzdik. Çox modern şəhərdir. "Alov qüllələri"ni çox bəyəndim. Ən çox isə insanların münasibətindən xoşlandım. Mən layihənin təşkilatçılarına təşəkkür edirəm və öz dostlarıma bu tədbirdə iştirak etmələrini tövsiyə edəcəm",- Dragana Pantoviç deyir.

X Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinin Braziliyadan olan iştirakçısı Klaus Junior deyir ki, o, araşdırmaçıdır:» Bir çox ölkələrin multikulturalizm modeli haqqında məlumatları araşdırdığım zaman daha çox  Azərbaycan haqqında maraqlı məlumatlara rast gəldim. Bu məndə maraq doğurdu və gördüm ki, dünyada ən çox nümunə kimi təqdim olunan multukultralizmin Azərbaycan modelidir. Məhz buna görə də BBMM-in təşkilatçılığı ilə həyata keçirilən layihəyə qatılmaq qərarına gəldim.

Klaus Junior hesab edir ki, Azərbaycanda olmaq layihə iştirakçılarına bu sahədə böyük təcrübə qazanmaq imkanı verir və bundan yararlanmaq lazımdır:" Bütün dünyada Azərbaycanın multikulturalizm modeli öyrənilir. Qış Məktəbi çərçivəsində çox maraqlı mühazirələr dinləyirik. Azərbaycanın mədəniyyəti, ənənələri, burada yaşayan xalqlar haqqında məlumatlar əldə edirik. Mən gələcəkdə Braziliyadan olan dostlarımı bu layihədə iştirak etməyə dəvət edəcəyəm. Qoy Azərbaycan reallıqlarını öz gözləri ilə görsünlər", - deyə Klaus Junior söyləyib.

 Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən X Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinin Ukraynadan olan iştirakçısı Marina Qonçaruk qeyd edib ki, Qış Məktəbi layihəsində Ukraynanı təmsil edir: "Biz ölkəmizdə xüsusilə gənclər arasında Azərbaycanın dinlərarası və mədəniyyətlərarası münasibətlərdə əldə etdiyi təcrübəyə əsaslanan bir çox layihələr həyata keçiririk. Ukrayna gəncləri, tələbələr bu müsbət nümunəni öyrənməyə böyük maraq göstərirlər". Bu günlərdə layihə çərçivəsində Qubada olan Ukrayna təmsilçisi bildirib ki, Azərbaycanda multikulturalizm mərkəzi kimi tanınan Qubada olmaq imkanından çox şad olub:» Çünki bu bölgədə mövcud olan tolerant mühit baradə çox eşitmişdim və təsəvvür edə bilməzdim ki, nə vaxtsa buraya gəlmək şansım ola bilər. "Mənə dağ yəhudilərinin dini icmasının üzvləri ilə görüşmək, buradakı sinaqoqlarla yaxından tanış olmaq çox maraqlı gəldi. Kiçik bir rayonda bir çox millətlərin və dinlərin nümayəndələrinin heç bir təzyiq və təhdidlə üzləşmədən, mehriban dostluq və anlaşma şəraitində yaşamaları həqiqətən də məndə böyük maraq doğurdu".

Bütün gördüklərindən məmnun qaldığını bildirən M.Qonçaruk etiraf edib ki,  Azərbaycan həqiqətən də dünyada multikulturalizmin təbliği baxımından öz üzərinə böyük missiya götürüb və bu missiyanın uğurlu nəticələri üçün dövlət səviyyəsində mühüm işlər görür. Bu işlərdən biri də, məhz özünün də iştirakçısı olduğu Multikulturalizm Qış məktəbi layihəsidir."Dağ yəhudilərinin Qubada yaşayış tərzi barədə öyrənmək mənim üçün vacib idi. Çünki biz Ukrayna universitetlərində keçirilən tədbirlərdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti, Azərbaycanda olan tolerant mühit haqqında mühazirələr oxuyuruq. Həmin məlumatlar əsasında ukraynalılarda Azərbaycan haqqında təsəvvür yaranır. Buradakı tolerantlıq modeli Azərbaycanın dünyaya təqdimatının ayrılmaz hissəsidir", -M.Qonçaruk deyib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən X Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinin iştirakçıları "Azərbaycanda multikulturalizm və tolerantlıq siyasəti" mövzusunda mühazirə dinləyiblər.

Bu mühazirə çərçivəsində də Qış məktəbi iştirakçılarına Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq barədə geniş məlumat verilib. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, tolerantlıq və multikulturalizm Azərbaycan üçün sadəcə bir anlayış, reklam xatirinə həyata keçirilən ritorika deyil. Multikulturalizm anlayışı nisbətən yeni olsa da, bəşəri birgəyaşayış, tolerantlıq və dözümlülük, başqa mədəniyyətlərə, dinlər və millətlərə sayğı xalqımızın genetik kodundan gələn bir dəyərdir. Bu gün də bu dəyərlər dövlət səviyyəsində qorunur və inkişaf etdirilir.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.86499190330505