Saxtakar məmur olmasa, saxta deputat mandatı da olmaz

Saxtakar məmur olmasa, saxta deputat mandatı da olmaz
 

Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]

 Ölkəmiz hazırda növbədənkənar parlament seçkilərinin saxtakarlıqla keçirilməsinin yaratdığı dözülməz acını yaşayır. Aləm bir-birinə qarışıb. Haqsızlığı törədib, xalqa meydan oxuyanların qarşısına çıxıb "dayan" deyən hələlik yoxdur. Mərkəzi Seçki Komissiyası və bu komissiyanın 20 ildir sədri vəzifəsində lövbər salaraq, hər gələn seçkiləri sifarişlə saxtalaşdıran fizika-riyaziyyat elmləri doktoru Məzahir Pənahov sınaqdan keçirdiyi bütün saxtakarlıq metodlarından "səmərəli" istifadə edərək, xalqın demokratik və şəffaf seçki hüququnu həyata keçirməyə imkan vermir. Xalqın gözü qarşısında açıq şəkildə törədilən kütləvi saxtakarlıq özünün pik həddini çoxdan keçsə də, kütləvi saxtakarlığı həyata keçirən MSK və yerli hakimiyyət orqanları barəsində heç bir ölçü götürülmür. Bu da saxtakarların daha da geniş əl-qol açmasına, saxtakarlığın genişlənməsinə rəvac verir, xalqın dövləti təmsil edən məmurlara və ölkə başçısına bəslədiyi inam və etibara, aradan qaldırılması heç də asan olmayan, zərbə vurur.

Ölkə Prezidentinin və 1-ci vitse-prezidentin həyata keçirməyə başladıqları yeni çağırışlara cavab verən dərin islahat prosesinin tərkib hissəsi sayılan növbədənkənar parlament seçkilərinin normal, yəni demokratik və şəffaf keçirilməsinə rüşvətxor və korrupsioner məmurlar ciddi əngəl yaratdılar. 9 fevralda məntəqə və dairə seçki komissiyalarında başlayan seçki saxtakarlığı hazırda MSK-nın rəhbərliyi ilə dairələrdə davam etdirilir. Xalqdan, namizədlərdən, onların nümayəndələrindən alınan təkzibedilməz faktlar, xəbərlər də təsdiq edir ki, seçkilərin saxtalaşdırılması prosesi yerli hakimiyyət orqanlarının, xüsusən icra hakimiyyəti başçılarının rüşvətxorluğu əsasında kütləvi olaraq baş verir.

Təəssüf ki, ölkənin media nümayəndələri bir qayda olaraq, şəxsi qazanclarından dolayı daim saxtakarlığı törədən icra başçılarını yox, əksər hallarda icra başçılarının korporativ və marginal maraqlarını təmin edən və bu vasitə ilə saxta mandat almağa can atan namizədləri daha çox hədəfə alırlar. Hər bir normal düşünmək qabiliyyətinə malik olan vətəndaş yaxşı başa düşür ki, saxta yolla mandat almağa çalışan hər kəsə yardım edən və bu çirkin əməli, xalqın qəzəbinə və nifrətinə məhəl qoymadan, həyata keçirən ölkənin ali icra hakimiyyəti orqanının yerlərdə olan və bütün qanunları çəkinmədən pozan yerli icra hakimiyyəti orqanlarının başçılarıdır!

Bir neçə ay öncə Ağstafa və Yevlaxın icra başçılarının, o cümlədən onlarla əlbir olanların və srağagün Neftçalanın icra başçısının rüşvətxorluq və korrupsiya əməlinə görə həbs olunmasını ölkə Prezidentinin bəyan etdiyi "rüşvətxorluqla ciddi mübarizə aparılacaq və heç kimə güzəşt edilməyəcək" bəyanatına sadiqliyin bariz nümunəsi hesab edirəm! Bu proses ardıcıl davam etməlidir, rüşvətxorluq və korrupsiya ölkəmizdə birdəfəlik təmizlənməli və bu çirkin əməldən əl çəkməyənlər çox ağır cəza almalıdırlar! Ataların yerində və zamanında dediyi "dişi qana batmış canavarı öldürməkdən başqa çarə yoxdur", hikmətili sözünə uyğun olaraq, rüşvətə əli dəymiş məmurun da düz yola qayıdacağı mümkün deyil və onlar mütləq azadlıqdan məhrum olunmalı, cəmiyyətdən tam təcrid edilməlidirlər!

Ölkə Prezidentinin tutduğu hazırkı daxili və xarici siyasət kursu çox doğru yoldur və bu yol ölkəmizin qədirbilən xalqı tərəfindən dəstəklənir, müdafiə olunur!

Biz, media nümayəndələri də cənab Prezidentin yüksək dəqiqliklə müəyyən etdiyi bu kursu müdafiə edərək, daim onun yanında olmaqda israrlıyıq!

Bu Vətən də, bu Xalq da, bu Prezident də bizimdir!

0.067416906356812