Multikulturalizmin təbliğində çap və elektron KİV-in böyük rolu var

Azərbaycan multikulturalizmi yalnız təbliğ etmir, həm də onun inkişaf etdirilməsinə mühüm töhfələr verir

Azərbaycan multikulturalizminin dünyaya yayılması, təkcə Azərbaycan dövlətinin və xalqının təbliğ edilməsi anlamına gəlməməlidir. Sözsüz ki, hər bir dövlət və ya xalq öz dəyərlərini həm özü, həm də bəşəri mədəniyyətə töhfə vermək məqsədi ilə təbliğ edir, dünyaya yayır. Bu prosesdə həm xalqın - dövlətin qazancı olur, həm də bütün bəşəriyyət bundan faydalanır - özü üçün örnək götürür. Bu baxımdan Azərbaycandakı multikultural mühitin dünyada təbliğindən Azərbaycan xalqından daha çox bəşəriyyət faydalanır. Məlumdur ki, dünyanın inkişaf etmş ölkələri əsasən müasir texnika və texnologiyalarla  özlərini təbliğ edir. Məsələn, "alman maşını", "fransız keyfiyyəti", "ingilis ornamenti" və s. kimi məşhur ifadələr həmin ölkələrin özünütəbliğ mexanizminin məhsuludur. İfadələrdən göründüyü kimi, sözügedən yüksək keyfiyyətlər cəmiyyət üçün xüsusi önəm kəsb etsə də, onları istənilən ölkədə savadlı, texnokrat məmurların köməyilə bir neçə ilə əldə etmək mümkündür. Lakin "fransız dili-musiqi dilidir", "alman dili - düşmən dilidir", "ingilis dili - siyasət dilidir" kimi dünyada təsdiqlənmiş mənəvi brendləri heç bir texnokrat məmur, alim, dilçi və s. peşə sahiblərinin köməyilə yüz ilə də yaratmaq mümkün deyil. Bu dəyərlər xalqın minilliklərlə yaratdığı mənəvi sərvətdir ki, onlar bununla qürur duymağa, fəxr etməyə layiqdirlər. Azərbaycan xalqı bundan sonra əsrlərlə çalışsa da dilini siyasət və ya musiqi dilinə çevirə bilməz. Sadəcə olaraq, biz inkişaf etmiş xalqların mədəniyyətlərinin bizim üçün əhəmiyyət kəsb edən xüsusiyyətlərindən yararlana bilərik. Hər bir xalqın mədəniyyət bağçasında bütün dünyanın həvəslə qəbul etdiyi bir və ya bir neçə "çiçək" olur. Azərbaycan xalqının minillik qaynaqlarından süzülüb gələn o qədər zəngin mədəniyyəti var ki, bu mədəniyyət bağçasında bəşəriyyətə töhfə verəcək çiçəklər deyil, bütöv çəmənliklər var. Həmin çiçək çəmənliyinin bir elementi də, məhz multikulturalizm, tolerantlıq, yad mədəniyyətlərə qarşı dözümlü davranışdır. Bu gün biz mədəniyyət bağçasının bu çiçəklərini təbliğ etməklə özümüzdən daha çox dünya mədəniyyətinə töhfə vermiş oluruq. Yuxarıda qeyd etdik ki, digər xalqların doğal brendləri kimi, Azərbaycan mədəniyyətinin multikulturalizm brendinin də başqa xalqların bundan sonrakı dövrdə yarada bilməsi mümkün deyil. Amma dünya üçün hazırkı mərhələdə məhz Azərbaycan mədəniyyətinin sözügedən brendinə ehtiyacı var. Ona görə də Azərbaycan hökuməti öz səxavətini göstərərək xalqının dünyaya gərəkli olacaq dəyərlərini bütün mümkün yollarla təbliğ etməyə çalışır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən və artıq ənənəyə çevrilən Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsi də, məhz bu məqsədlərə xidmət edir.

BBMM-nin rəsmi internet saytının verdiyi xəbərə görə, bu günlərdə Multikulturalizm Qış Məktəbinin iştirakçıları "Azərbaycanda multikulturalizm və tolerantlıq siyasəti" mövzusunda mühazirə dinləyiblər.

Belə ki, Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun əməkdaşı, İlahiyyat İnstitutunun müəllimi Anar Qafarov dünyada multikulturalizmin və tolerantlığın əhəmiyyətdən danışaraq, Azərbaycanın bu istiqamətdə həm sosial, həm də hüquqi sahədə gördüyü işlər sayəsində nümunə bir ölkəyə çevrildiyini bildirib.

Məruzədə həmçinin Azərbaycan Respublikasında multikultural və tolerant mühitin qorunub saxlanılması istiqamətində görülən sosial və siyasi tədbirlərdən söhbət açılıb, bu istiqamətdəki işlərin və tədbirlər planının ölkənin dini, etnik, mədəni, ideoloji və siyasi təhlükəsizliyi baxımından əhəmiyyəti qeyd olunub. Eyni zamanda Azərbaycanda yaşayan etnik, mədəni və dini qruplar haqqında ətraflı məlumat verib. İştirakçılara söylənilən məruzədə Azərbaycanın multikulturalizm siyasəti və cəmiyyət üçün vacibliyi,  multikulturalizm və tolerantlıq siyasətinin əsasları, həmçinin multikulturalizm və tolerantlıq siyasətinə uyğun praktik nümunələr barədə ətraflı məlumat verilib.

Yeri gəlmişkən diqqətinizə çatdıraq ki, Azərbaycan dövləti yalnız multikulturalizmi təbliğ etməklə deyil, həm də onu ölkə daxilində inkişaf etdirmək istiqamətində mühüm işlər görür. Sözsüz ki, bu fəaliyyətin bir hissəsi də vətəndaş cəmiyyəti institutlarının - qeyri-hökumət təşkilatlarının (QHT), dini icmaların, mətbuat və televiziyanın üzərinə düşür. Ölkəmizdə bu istiqamətdə fəaliyyət göstərən bir çox ixtisaslaşmış qeyri-hökumət təşkilatları var və onların böyük əksəriyyətinə hökumət maliyyə dəstəyi verir. Multikulturalizmin təbliği və inkişaf etdirilməsində çap və elektron KİV-lərin də böyük əməyi var. Əvvəla onu qeyd edək ki, bu gün Azərbaycan KİV-lərində çalışan mütəxəssislərin milli mənsubiyyətini araşdırsaq, çox maraqlı bir mənzərə ilə qarşılaşarıq. Ölkə KİV-ində yalnız bizim tanıdığımız kifayət qədər avar, ləzgi, talış, kumık, ingiloy, rus, ukraynalı, türk, saxur və s. millətin nümayəndələri çalışır. Bunun özü də onu deməyə əsas verir ki, Azərbaycan mediası milli-etnik baxımdan kiayət qədər rəngarəngdir. Belə bir rəngarənglik mühitində multikultural dəyərlərin təbliği də nisbətən rahat və səmərəli olur.

Multikulturalizm Qış Məktəbinin iştirakçıları məruzəni dinlədikdən sonra  Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyi ilə yaxından tanış olub, açıq səma altında "Şəxsiyyətlər muzeyi", "Heydər Əliyev seyrəngahı" və "Çənlibel" parkını gəziblər.

İştirakçıların diqqətinə çatdırılıb ki, Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri layihəsi BBMM-in "Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi" layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 21, Azərbaycanın isə 38 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır.

Azərbaycan hökumətinin multikulturalizm siyasəti ölkəmizdə yaşayan müxtəlif millətlərin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü olan siyasətdir. Multikulturalizm dedikdə yad mədəniyyətlərə və dinlərə tolerant yanaşma, tamamilə fərqli mədəniyyətlərin bir arada yaşadığı cəmiyyət təsəvvür edilməlidir. Çoxmədəniyyətliliyin bir siyasət olaraq mahiyyətinə görə tolerantlıqla sıx bağlılığı mövcuddur. Belə ki, multikulturalizm müxtəlif mədəniyyətlərin inteqrasiya olunmuş şəkildə yaşaması mümkün olan tolerant bir cəmiyyətin başlıca xüsusiyyətlərindən biri hesab olunur. Tolerant və yad mədəniyyətlərə qarşı dözümlülük cəmiyyətdə multikulturalizm mədəniyyətlərinin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur. Bu birlik mədəniyyəti da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə əlaqədardır.

İndiki mərhələdə müxtəlif mədəniyyətlilik - multikulturalizm Azərbaycanda əhəmiyyətli rol oynayır. Ta qədim zamanlardan Azərbaycan çoxmədəniyyətli dövlət olub. Qədim dövrlərdən bəri burada avarlar, talışlar, ləzgilər, udinlər və s. millətlər sülh və əmin amanlıq içərisində yaşayıblar. Müasir multikultural cəmiyyətlər müxtəlif mədəni strategiyalara əsaslanan düşünülmüş multikulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməz. Bunun sübutlarından biri Azərbaycan Respublikasının inkişafıdır ki, burada xalqımızın milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olunan müxtəlif xalqların nümayəndələri harmonik inkişaf edirlər.

Respublikamızda çoxmədəniyyətli cəmiyyətin yaranıb inkişaf etməsində coğrafi faktorun da rolu böyük olub. Çünki ölkəmizin əlverişli coğrafi ərazidə və müxtəlif milli mədəniyyətlərin qovşağında yerləşməsi burada bir çox xalqların və milli azlıqların məskunlaşmasına münbit şərait yaradıb. Bu əlverişli coğrafi mövqe Azərbaycanın etnik mədəni müxtəlifliyə malik olan bir cəmiyyət kimi formalaşmasında da özünü göstərib. Bu məkanda multikulturalizmin inkişafı təkcə əlverişli coğrafi şəraitdən asılı deyil. Ona görə ki, dünyada Azərbaycandan da münbit coğrafi şəraitə, xoş iqlimə malik onlarla ölkə var. Amma cöğrafi baxımdan "cənnət" sayıla bilən həmin ölkələrin bir çoxunda multikultural mühit bizdəkindən qat-qat aşağı səviyyədədir, milli və dini münaqişələr cəmiyyəti təngə gətirib. Multikulturalizm Azərbaycanda dövlət siyasəti olmaqla yanaşı, həm də əhalinin həyat tərzidir. Azərbaycan multikulturalizminin siyasi əsasları Azərbaycan Respublikasının Konstitusiyasının bəndlərində, qanunvericilik aktlarında, fərman və sərəncamlarda öz əksini tapıb.

Hər bir ölkənin sosial- iqtisadi inkişafı da onun mədəni inkişafı ilə sıx bağlıdır. Bir ölkə daxilində sosial-iqtisadi inkişaf mədəni inkişafdan kənarda mövcud ola bilməz. Dünyada qlobal maliyyə böhranının hökm sürdüyü dövrdə respublikamızda iqtisadiyyatın demək olar ki, bütün sahələrində inkişaf təmin olunur. Azərbaycan son dövrlər sürətli sosial-iqtisadi inkişafa nail olub və hazırda dünyanın qabaqcıl ölkələri sırasında öz yerini tutmaq üçün səylərini daha da gücləndirir. Bu gün Azərbaycan iqtisadi göstəricilərinə görə dünyanın qabaqcıl ölkələri sırasında öz layiqli yerini tutursa, bu həm də onun müxtəlif etno-mədəni qrupları özündə birləşdirməsi və qoruması siyasətindən irəli gələn göstəricidir. Ölkəmizdə sosial-iqtisadi inkişafın təmin edilməsində multikulturalizmin də böyük rolu var.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

1.3468720912933