Xəzəri ən çox bu rayon çirkləndirir

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən növbəti monitorinq Abşeron yarımadasının Xəzər sahili ərazilərində keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb. 

İdarənin əməkdaşı Nərmin Babaşova deyib ki, monitorinqlərin nəticəsinə görə, Xəzəri ən çox çirkləndirən axarların Suraxanı rayonu ərazisində formalaşdığı məlum olub. 

O qeyd edib ki, rayon ərazisində formalaşan tullantı sular bir neçə axar, o cümlədən Abşeron Magistral Kanalı vasitəsi ilə təmizlənmədən və zərərsizləşdirilmədən sahil zolağından dənizə axıdılır:

“Sabunçu rayonunun Balaxanı, Sabunçu, Zabrat-1, Zabrat-2, Ramana və Yeni Ramana qəsəbələrində formalaşan tullantı sular isə Hövsan kanalı vasitəsilə birbaşa sahil zolağına, oradan da dənizə axıdılır. Monitorinqlərin nəticəsinə görə, Xəzərin suyunun çirkli olduğu ərazilərdən biri də Sumqayıt rayonu, H.Z.Tağıyev adına qəsəbənin sahil zolağıdır. 

Qəsəbədə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmadığından müəssisə və təşkilatlarda, fərdi yaşayış evlərində formalaşan tullantı sular bir neçə axar vasitəsilə birbaşa Xəzər dənizinə tökülür. Abşeron yarımadasının sözügedən ərazilərində keçirilən monitorinqlərin və aparılan analizlərin nəticəsi bunu deməyə əsas verir ki, Xəzərə axıdılan tullantı sularda kimyəvi və bioloji çirkləndiricilərin, bağırsaq çöpü bakteriyalarının miqdarı normadan çoxdur”.

N.Babaşovanın sözlərinə görə, tullantı sularının təmizlənmədən su hövzələrinə axıdılmaması üçün müəssisə və təşkilatların rəhbərlərinə təmizləyici qurğuların quraşdırılması məqsədi ilə tərəfimizdən növbəti xəbərdarlıq edilib və bildiriş məktubları göndərilib.

O qeyd edib ki, Abşeron yarımadasının Xəzər sahili ərazilərində monitorinqlər davam etdirilir.

0.65001583099365