Avtomobil qəzasında xilas oldum

Ramin Musayev yazır...

Həyatım boyu altı dəfə qəza keçirmişəm: dörd avtomobil və iki motosikl.

Hər dəfə məni xilas edən göydə Tanrı, yerdə isə təhlükəsizlik sistemləri olub. Bunların hər ikisi mənim fəaliyyət növüm - avtomobil jurnalistikası ilə bağlıdır. Bəzən risk etmək məcburiyyətində olduğum üçün, təhlükə riskini azaldıram.

Avtomobilə oturarkən həmən təhlükəsizlik kəmərini bağlayıram. Uzun illərin alışqanlığıdır. Hər dəfə taksiyə oturarkən, kəmərə əl atan kimi sürücülərin çoxu deyir ki, “ehtiyac yoxdur”.

Səmimiliklə mənə yaxşılıq etmək istəsə də, amma risk altına atır. Yəni kim zəmanət verə bilər ki, yolda heç bir hadisə olmayacaq? Heç kim. Nə qədər peşəkar sürücü olsan və uzun illər avtomobil idarə etsən də, heç bir zəmanət yoxdur ki, qarşıdan gələn avtomobil qəza yaratmayacaq. Bir də ki, kəməri DYP cəriməsinə görə deyil, öz təhlükəsizliyinizə görə bağlayın. Sonunda, bu, sizin həyatınızdır.

Həmçinin, qeyd etməliyəm ki, bəzi taksilərdə təhlükəsizlik kəmərləri işləmir. Bu, gözardına vurulur. Belə hallarda mən taksi xidmətinə qeyd göndərirəm ki, problemi aradan qaldırsınlar. Yoxsa, sürücü onu təmir etməyəcək.

Təhlükəsizlik kəmərləri qəza zamanı sürücü və sərnişinləri qoruyur, amma bunun işləməsi üçün müəyyən şərtlər var. Birincisi oturacaqları düzgün ayarlamaq lazımdır. Bəzən gənc sürücülər uzanmış kimi otururlar və özlərini belə “cool” görürlər. Bu halda kəmərin qoruma effekti 80% azalır, çünki ekstramal tormozlama zamanı, sürücü kəmərin altından sürüşüb çıxacaq. Əgər sərnişin də ön oturacaqda uzanırsa, onu da eyni tale gözləyir. Avropa və Amerikada sürücülük məktəblərində birinci öyrətdikləri avtomobil oturacaqlarının ayarlanmasıdır, ikinci kəmərin taxılması. Yerli avtomobil məktəbləri isə təmamilə heç nə öyrətmirlər.

Təhlükəsizlik kəmərindən istifadə toqquşma zamanı 2.3, yandan zərbə zamanı isə 1.8 dəfə, aşma zamanı 5 dəfə ölüm riskini azaldır. Həmçinin, onu da bilmək lazımdır ki, təhlükəsizlik yastıqları qəza zamanı çox sürətlə açılır (300 km/s), kəmər olmadığı zaman o özü də təhlükə yarada bilər. Bütün istehsalçılar qaydalara tam riayət olunduğunda təhlükəsizliyə zəmanət verirlər.

Üçnöqtəli (avtomobillərdə standart olan) kəmərlər iki parçadan ibarətdir: bel və çiyin hissələri.

Hər ikisi bədənə kip oturmalıdır. Bəzən bel hissəsini ya arxaya atır, yaxud boş buraxırlar. Hər iki halda kəmərin qoruma səviyyəsi 70% azalır. Digər şərtlərdən biri isə qış, yaz və payız aylarında üst geyimdə avtomobilə oturarkən onların yaxası açılmalıdır ki, kəmər belə kip olsun. Ən yaxşısı isə imkan daxilində onların çıxarılmasıdır. 

Çox adam düşünür ki, əgər arxa oturacaqlara oturarsa, orada təhlükə olmaz. Amma toqquşma zamanı arxa oturacaqda olan sərnişin həm özü üçün, həm də qarşıda oturan sərnişinə təhlükə yaradır. Səbəbi də toqquşma zamanı, inersiyanın onu önə atmasıdır. Bu halda sürətdən asılı olaraq, bədən çəkisi dəfərlərlə artır. Bu haqda aşağıda oxuyacaqsınız.

Sükanın tutulması digər şərtlərdəndir. Onu 3 və 9 saat (saatın siferblatını xatırladır) hissələrdə tutmaq lazımdır ki, ekstramal vəziyyətdə, sükanla manevr edərək qarşıya çıxan maneədən asanlıqla qaçmaq olsun.

Qəza mərhələsinə gələk. Toqquşma zamanı, sərnişin və sürücünün çəkisi sürətdən asılı olaraq artır. Orta hesabla avtomobildəki adam 70 kq götürülür. 10 км/saat sürətdə bədənin çəkisi 1 ton olur, 40 km/saatda 2.5 ton, 60 km/s - 3.5 ton, 100 km/s isə 5 tona civarında olur. Sürət yüksəldikcə daha çox artır, 200 km/s sürətdən sonra təhlükəsizlik kəməri xilas etməyə qadir deyil.

İndi təsəvvür edin ki, arxada oturan sərnişinlə nə baş verir. 60 km/saat sürətdə toqquşma zamanı 70 kq şəxs 3.5 ton çəkisində öndəki oturacağa çırpılır. Bu anda qarşıda oturan sərnişin təhlükəsizlik kəmərindən istifadə edirsə belə, zəmanət yoxdur ki, qəzadan sağ çıxacaq.

Bir ağrılı məsələyə də toxunmaq istəyirəm, uşaqların təhlükəsizliyi. Çox zaman azyaşlı uşaqları öndə oturaraq, qucaqlarında tuturlar. Sürücünün sükan arxasında uşağı qucağında tutması isə tamamilə ağlasığılmazdır. Təsəvvür edin ki, 10-12 kq çəkisi olan uşaq 40 km/s sürətdə toqquşma zamanı 350-420 kq çevrilir. İndi deyin görüm, hansı böyük belə anda o qədər çəkini saxlaya biləcək? Bu, faciə ilə nəticələnə bilər.

Uşaqlar üçün ən təhlükəsiz variant avtomobildə uşaq oturacağından istifadədir. Avropada 12 yaşa kimi (yaxud boyu 135 sm kimə) uşaq oturacağından istifadə qanunla tələb olunur. Əks halda cərimə olunur.

Digər tərəfdən çox adam düşünür ki, şəhər yolları şosselərdən daha təhlükəsizdir. Amma bu yanlışdır və tam əksidir. Şəhərdə sürət aşağı olsa da, avtomobillərin sayı çoxdur və statistikaya görə qəzaların böyük hissəsi şəhərdə baş verir. Ona görə kəmərləri hər bir halda istifadə etmək lazımdır.

Avtomobil oyuncaq deyil, çox təhlükəli silah ola bilər. Ona görə özünüzü və sərnişinlərinizi qoruyun. Özəlliklə bu, taksi sürücülərinə aiddir. Çünki sərnişinlərə cavabdehlik sürücünün üzərindədir.

1.3466191291809