Dəyərlər...

Onu qorumağa dəyər

 Mental dəyərlərə adına uyğun əməl edildiyi və dəyər verildiyi dönəmdən bizi əsrlər ayırmır. Dünənədək idi bu zaman və yerindəcə qeyd edim ki, onun öz mübarək qədəmini kandarımızdan çəkməsi də bir göz qırpımında baş verdi.

Bəli, əsrlərlə mental dəyərlərin daşıyıcısı olan bizlər, onu göz bəbəyi kimi qoruyanlar ilk fürsətdə o dəyəri salıb itirdik. Doğrudur, onu kimsə əlimizdən “dartıb” almadı, amma yuxarıda qeyd etdiyim kimi, ilk fürsətdəcə mental dəyərlərimizdən asanlıqla əl çəkdik.

Bu “fürsət”lərin eləsi oldu ki, onu avropalaşmaq adıyla tezliklə tətbiq etdik, birmənalı şəkildə mənimsədik, özümüzdəki dəyəri müasir bir nəsnəyə qurban verdik. Nə olsun ki, o dəyərdən avropalı heç nə anlamayacaq, onun özündə hansı mənanı ehtiva etdiyini duymayacaq. Mental dəyərlərimizin əsrlərin sınağından keçərək bugünə qədər yaşamasında bir hikmət olduğunu anlamalıydıq, əslində. Onu da etmədik, çox heyf.

Kim deyə bilər ki, onilliklər öncə, bəyənmədiyimiz sovet dövründə eynicinslilərin nikahına adi, sıradan bir hadisə kimi baxıla, qəbul edilə bilərdi. Sanıram, heç kim. Hər halda, bu məsələ sovetlərin diqtə etdiyi, qılınc kimi başımızın üstündə asılan ideologiyanın təsirindən qaynaqlanmırdı. Yox, əsla. Doğrudur, o dövrdə elə məsələlər vardı ki, ona qarşı heç bir ideologiya duruş gətirə bilməzdi. Lakin bir az əvvəl qeyd etdiyim məsələni heç kim qəbul etmirdi, o barədə danışmaq, elə məlumatları paylaşmaq, onu təqdir etmək hansısa ideologiyaya, polad təbliğat-təşviqata görə deyil, mənəviyyatımıza, mentalitetimizə, milli qeyrətimizə görə yasaq idi. Mənəviyyatın yasaq bildiyi məqamlarda da sanıram, istənilən nomenklatur ideayaların gücü zəifləyir...

Bəli, illər öncə bizim mənəvi gücümüz qədərincə möhkəm, sağlam idi. Təkrar edirəm, əsrlərin gücündən güc alan mənəvi dəyərlərimiz bu qədər uzun yolu həmin qüdrətinə və həqiqətinə görə qət edə bilmişdi. Bu gün isə milli mentalitetimizdən birdən-birə imtina edərək maraqlı bir məxluqlara dönməyə başlamışıq. O məxluqlara ki, onların adı müxtəlif dillərdə öz adıyla çağrılır. Hər millət özündəkini, tanıdığı, bildiyi, adət, vərdiş etdiyi övladını özündən sayır, ona yad nəzərlə baxmır. Biz isə heç bir millətdə olmayan mentalitet adlı xəzinəmizi asanlıqla əldən verərək kimlərəsə bənzəməyə çalışırıq. “Yaratdığımız” obraz da göz qabağındadır...

Obrazların bəzisi əsl həyat səhnəsini sanki oyunçuluqla səhv salıb, bütün milli dəyərləri libas kimi dəyişməkdədir. O səhnələrdə kiminin kişi, kiminin qadın olduğu bilinmir. Təəssüf ki, bu dəyişim təkcə qiyafədə, libasda deyil, cinslərin yerdəyişməsi bioloji tələbat kimi meydana çıxıb, əslində.

Obrazlardan qadınlığını unudanlar, əsl azəri qadınının necə olduğunu hafizəsindən silənlər də var. Eyni qəlibdən çıxmış kimi, sifət cizgilərinə, həyat tərzinə, maraqlara, vərdişlərə, hal-xasiyyətə, maneraya malik olan, dəb qurbanına çevrilən qadınlarımızın əlindən həqiqi, təbii olanları artıq əldə çıraqla gəzirik. Çünki hara baxırsan, hamı eyni tipdə, eyni quruluşda, az qala, inkubator sexindən çıxmış həddədir. Bir sözlə, təbiətin ziddinə getməklə, təkcə mentallığımızı deyil, milliliyimizi də qeyb etmişik.

Bu qeybetmədə heç kimi günahlandıra bilmərik. Ona fərman verənlər də başqası deyil, özümüzük. Əsrlərin sınağından keçərək dünənədək gələn mentalitet adlı dəyəri qiymətdən salanda, böyük-kiçiyi hesaba almadan istədiyimiz addımı atanda, milli xüsusiyyətlərimizi ruhumuzdan qovub çıxaranda elə belə də olmalıydı.

Onda ki ev-məişət söhbətlərini, el arasına çıxarılmayan, eyib hesab olunan məsələləri ekrandan, efirdən külli-aləmə car çəkdik, danışılması, açılması mümkünsüz olanları açıb-ortaya tökdük, tifağımız onda dağıldı. İndi kiməsə abır-həyadan, mental dəyərlərdən, namus-qeyrətdən danışanda, qarşı tərəf çox halda buna xarakterin kompleksi kimi yanaşaraq, nələrisə üzə çıxarmamağı insan haqqının itirilməsi hesab edir. Nəinki bunu özlüyündə belə anlayır, başa düşür, hətta öz “həqiqətini” külli-aləmə yaymaqdan, başqalarını da yoluxdurmaqdan çəkinmir.

“Utanmasan, oynamağa nə var ki” misalının çoxdan dəbdən düşdüyü, onu səsləndirməyə imkan verilmədiyi hazırkı dünyamızda adımızın nə olacağını, gələcəkdə onun necə adlandırılacağını doğrusu, anlamıram. Bunu hazırda zatən, çoxları da bilə bilməz. O səbəbdən ki, millətimizin öz dəyərlərinə sahib dura bilməyən, o dəyərləri ilk fürsətdəcə salıb itirən bir kəsimi qadın, ya da kişi olduğu bilinməyən, öz cinsinə naxələf çıxanları dəyərləndirməkdə, onları təbliğ etməkdə, azsaylı bir qismə haqq qazandırmaqdadır. Zatən, haqları da var, dəyərlərin itirildiyi bir meydanda kimlərisə gündəm qəhrəmanı olaraq səhnəyə çıxarmaq da sınaqdan keçmiş üsuldur. Çətini o dəyərləri itirməkdir, sonrası asandır. O asanlığın içində də kimsə kimsədən haqq-hesab tələb etmir, soruşmur qadının heç tanımadığı insanlarla, qısamüddətli efir məkanında əks cinslə niyə qucaqlaşdığını, görüşüb-öpüşdüyünü, ekrandan evlərə sirayət edən yarıçılpaq halının milli dəyərləri məhv etdiyini. Efirdən, saytlardan, istənilən mənbələrdən bütün evlərə məcburi yol açan məlum səhnələr artıq günün sıradan, adi bir hadisəsinə çevrilib. Çevrilmədə də qəbahət görən yoxdur, çünki onu mentalitet adlı xəzinəni dərinə göməndə itirmişik.

Olub-qalan, hələ də var olan az kəsim isə zəmanədən geri qalmaqda, “müasir dünya” ilə ayaqlaşmamaqda suçlanmaqdadır. Dəyərlərin, dəyərlilərin günahlandırıldığı, qəbul edilmədiyi, əksinə olanların isə meydan suladığı bir zamanda sonuncuları qəflətdən ayıldacaq kəskin bir söz söyləməyə sanırıq, bu məqamda haqqımız var. Hələ ki birmənalı şəkildə, bütövlükdə, küll halında dəyərimizi itirməmişik, ocaqda qalan son közü külə çevirməyək...

Dəyərləri dəyərləndirməyə dəyər!

 Nigar Orucova 

1.1986310482025