Dinimiz Allahdan, dindarlığımız özümüzdəndir...

(Əvvəli 13 fevral tarixli sayımızda)

 Tabiin dövründə ictihad

 "Tabiin" sözü səhabələrə tabe olan, onların işini layiqincə davam etdirənlərə, ardıcıllara şamil olunur. Bu termin bilavasitə Quran ayəsi ilə əlaqəlidir: "(İslamı) ilk əvvəl qəbul edib (bu işdə başqalarından) irəli düşən mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə olanların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar" (Tövbə 100). Tabiinlərin ən böyük xidməti Peyğəmbər(ə)-nin kəlamlarını (hədisləri), səhabənin söz və ictihadlarını toplamaq, həmçinin haqqında səhabənin rəyi və ya Quran və sünnətdə hər hansı bir göstəriş olmayan məsələlərdə ictihadda olmalarıdır. Tabiinlərin bəziləri Quran, sünnət və səhabə sözlərində fətva tapa bilmədikləri zaman öz rəylərinə görə hökm veriblər. Digərləri isə həmin mənbələrdə bir dəlil tapa bilmədikləri halda, ictihaddan çəkiniblər. Həmin dövrdə (Əməvilərin hakimiyyəti zamanı, 661-750-ci illər) müsəlmanlar arasında ixtilaflar, antoqonist  ziddiyyətlər baş alıb gedirdi. Onların arasında bir-birinə küfr damğası vurmaqla kifayətlənməyən, hətta qılıncla din qardaşlarının qanını tökənlər də çox olub. O dövrdə zülmə baxmayaraq,  ədalətlə hökm verən alimlərlə yanaşı, fasiq iqtidara qul xidməti göstərən müctəhidlər də olub. Belələri həz. Peyğəmbərə istinad edilən yanlış, bəzən də firqə marağına uyğun yalan hədislər söyləyib. Zaman müsəlmanların  xaricilər, şiələr və əhli sünnət  vəl-camaat olmaq üzrə üç dini-siyasi cərəyana bölünməsini xarakterizə edən dövr olub. Belə bir şəraitdə Mədinə, Məkkə və İraq alimlərinin öz hüquq məktəbləri var idi ki, bu da əsasən, iki növ hüququn meydana gəlməsinə səbəb oldu: rəyə və hədisə söykənən fiqhlər. Həmin dövrdə mədinəlilər həz. Əbu Bəkr, həz. Ömər, həz. Osmanın, iraqlılar isə həz Əli, Əbu Musa  əl-Əşari və başqalarının hökm və fətvalarına istinad edirdilər. 

 Tabiin müctəhidlərdən sonra onların tələblərinin - Təbai tabiinin ictihadı gəlir. Bunlardan ən məşhurları imam Məhəmməd Baqir, Zeyd b. Zeynalabidin, Səid b. əl- Museyyib, Urvə  b. əz- -Zubeyr, Əbu Bəkr b. Ubeyd b. əl-Xaris və başqaları olub. Həmin dövrə müctəhid imamlar zamanı da deyilir.

 Zeyd b. Zeynalabidin (700-740) məktəbi və fəaliyyəti

 Hicri I yüzilliyin sonunda Peyğəmbər(ə) şəhərində (Mədinədə) qəlbi imanla dolu, nuru yer üzünü aydınlaşdıran bir şəxs yaşayırdı.  Bütün Mədinə onu çox sevirdi. Bu zat həz. Hüseynin qılıncların ağzından xilas olan oğlu Əli Zeynalabidin (Zeyn əl-Abidin - Allaha ibadət edənlərin ziynəti) idi. Əhli-beytdən sağ qalan yanlız o (şiələrin IV imamı)  idi. İmam Kərbəlada baş verən müsübət haqqında deyib: "Yaqub(ə) oğlu Yusif(ə) üçün gözləri kor olana qədər ağlayıb. Halbuki o, Yusifin ölüb-ölmədiyini bilmirdi. Mən isə əhli-beytimdən 10-dan artıq insanın bir sübh vaxtı gözlərimin önündə öldürüldüyünü gördüm. Siz bu dərdi yaddan çıxaracağımı düşünürsünüz?"

  Əli ibni əl- Hüseyn Zeynalabidin (655-713) özünü tam dini elmlərə həsr etmiş və əhli-beytin mənəvi mirasını qorumuşdur. Siyasətdən tamam uzaq olan IV imam bəzi radikal şiələrin həz. Əbu Bəkr və həz. Öməri təhqir etməsini qətiyyətlə pisləyərək, onlara "məndən uzaqlaşın," deyib. Məhəmməd Baqirdən (şiələrin V imamı) sonra dünyaya  gələn Zeyd gözəl ailə tərbiyəsi almaqla yanaşı, həm də dini elmləri atası Əli Zeynalabidindən öyrənib. 14 yaşında atasını itirən Zeyd, böyük qardaşı Məhəmməd Baqirin himayəsində olub. Zeyd həm də Məhəmməd Baqirin oğlu Cəfəri Sadiqlə (şiələrin VI imamı) həmyaşıd idi. Zeyd dini biliklərini Mədinədə aldıqdan sonra oranı tərk edir. Bununla da atası və qardaşının üsulundan ayrılır. Bəsrədə Vasil b. Ata ilə görüşən Zeyd mötəzili görüşləri ilə tanış olur. Elmdə böyük uğurlar qazanan Zeyd haqqında imam Əbu Hənifə belə deyib: "Zeyd b. Əlini gördüm. O, dövrünün ən bilgili alimidir".

 Lakin Zeydin və xüsusən əhli-beytin xalq arasında hörməti Əməvi xəlifəsi Hişam  b. Abdulməliki rahat buraxmırdı. Həmin səbəbdən xəlifə Zeydi şərləmək, hörmətdən salmaq üçün bütün vasitələrə əl atırdı. Nəhayət, Hişam əhli-beyt mənsubları arasında fitnə yaratmağa nail oldu. Bu, həz. Hüseyn nəslindən olan Zeyd ilə həz. Həsənin övladları arasında bir vəqf məsələsi barəsində idi. Fitnənin kimdən qaynaqlandığını və məqsədin nə olduğunu çox gözəl bilən Zeyd öz haqqından keçib həz. Hüseyn və həz. Həsən övladlarının qarşıdurmasına yol vermədi. Lakin Əməvilər ona qarşı təzyiqdən əl çəkmədilər. Nəhayət, Zeyd Hişama onu qəbul etməsi barədə  məktub yazdı. Xəlifə onu qəbul etməyərək, göndərilən məktuba belə dərkənar yazır: "Mədinədəki evinə dön!".  Ansaq Zeydin israrına görə onu qəbul edən Hişam, nəinki Zeydə oturmağı təklif edir, hətta onu təhqir etdikdən sonra (yuxarıda yazılıb) "bayıra çıx,"- deyir. Zeyd cavab verir: "Çıxıram, fəqət bundan sonra sənin istəmədiyin yerlərdə olacam". Əlbəttə, bu söz xəlifəyə açıq-aydın meydan oxumaq idi.

 Az sonra özlərini Əhli-beyt tərəfdarları kimi qələmə verən iraqlılar bu konfliktdən sui-istifadə edərək,  Zeydə beyət edib onun xəlifəyə qarşı silahlı üsyanına nail olurlar. Döyüş ərəfəsində onların əksəriyyəti beyətlərindən dönüb Zeydə xəyanət edirlər. (Xalq məsəlinə dönmüş "Əhli İraq, əhli nifaq" vaxtilə həz. Əli və həz. Hüseynə də,  XXI  əsrdə S. Hüseynə də eyni xəyanəti edib). Döyüşdə Zeyd öldürülür. Xəlifə Hişam Yezid və ibni Ziyadın 680-cı ildə həz. Hüseynə ölümündən sonra etdiklərini təkrar etdi. O, Zeydin qəbirini açdırıb cəsədini çıxartdırdı və Kufə meydanında asdırdı. Sonra meyidi yandırtdırıb külünü küləyə verdi. Digər mənbəyə görə, Zeydin cəsədi Kufədə çarmıxa çəkilib, kəsilən başı isə Dəməşqə- xəlifə Hişama göndərilib...

 Zeydin öldürülməsi və onun meyidinin qeyri-insani şəkildə təhqir edilməsi sözsüz ki, Əməvilərin rəqibi Abbasilərin xeyrinə işləyirdi. Belə ki, həz. Hüseynin öldürülməsi Sufyanı- Əməvi dövlətini çökdürüb yerinə Mərvanoğullarını necə gətirmişdisə, Zeydin öldürülməsi də Əməvilərin hakimiyyətinin sonunu tezləşdirdi. Rəbbimizin sonsuz hikmətlərinin bir nümunəsinə bax ki, Əməvi hökmdarlarının qəbirləri də açılıb cəsədlərinin qalıqları Zeydin cəsədi kimi yandırılaraq külləri küləyə təslim edildi. Bu tükürpədici olay haqqında Məsudi yazıb: " Əl-Heysəmi b. Adiy, ət- Tai Ömər b. Nanidən belə rəvayət edib: "Abdullah b. Əli ilə Əbul -Abbas əs- Səffah zamanında (Abbasilər dövrü- 750-ci il -V.C.)  Əməvi hökmdarlarının qəbirlərini açmağa başladıq.  Növbədə Hişamın qəbri idi. Onun cəsədini qəbirdən tam çıxartdıq. Yalnız burnunun bir hissəsi çürümüşdü. Abdullah b. Əli ona 80 dəyənək vurdu və sonra cəsədini yandırdı. Süleymanın qəbri  Dabuqda idi. Gedib onu da çıxartdıq. Onun başından başqa bir əzası qalmamışdı. Qalıqlarını toplayıb yandırdıq. Eyni işləri əvvəlki Əməvi hökmdarlarının meyitlərinə də etdik". Məsudi bu olayı təfsilatı ilə qələmə aldıqdan sonra belə yazıb: "Biz bu xəbərləri burada Hişamın Zeyd b. Əlini öldürdükdən sonra onun cəsədini yandırmaqla eyni hadisənin özünün də başına gəlməsini bir ibrət olaraq yazdıq".

  Bəli, diri və ölülərə qeyri-insani davranışı İslam dinində pis əməl sayır, onu rədd edir. Lakin Allahu- Təalənin hikmətlərindən ibrət alınsın deyə, bunları çağdaş İslam dünyasının bəzi rəhbərlərinin yadına salmaq  məcburiyyətindəyik. Çünki, Rəbbimiz zalımları bir-birinə qarşı qoyur. Əməvi zalımları haqqı tapdalayıb azğınlaşmışdılar, Əhli- beytə zülm etmişdilər. Hakimiyyəti ələ keçirən digərləri də onlara eyni zülmü tətbiq etdilər. Beləliklə, Rəbbimizin: "Qazandıqlarına (günahlarına görə) bəzilərini digərlərinin arxasına taxarıq (qiyamət gününün əzabında onları bir-birinə belə yaxınlaşdırarıq)" (Ənam 129).

 Vurğulanması vacib olan məqamlardan biri də, 750-ci ildə hakimiyyətə gələn Abbasilərin Əməvilərin qəbirlərini təhqir etmələri, həm də Əhli-beyt tərəfdarlarını özlərinə cəlb etmək üçün atdıqları siyasi gedişlərdən biri idi. Bunu onların hakimiyyətdə  gücləndikdən sonra Əhli-beytə təzyiqləri sübut etdi...

 Zeydin baxışları

  IV  imam Zeynalabidin oğlu Zeyd həz. Hüseynin şəhadətindən sonra Əhli-beytin yeganə nümayəndəsi kimi həm siyasət, həm də dini elmlərlə məşğul olub. Şiələrin bir qismi hesab edirdi ki, həz. Əbu Bəkr və həz. Ömər həz. Əlinin haqqını zəbt etdiyi üçün lənətə məhkumdur və s. və i. Belə bir durumda Zeyd bir rəhbər, imam kimi həmin insanları maarifləndirib.  Zeyd I və II xəlifələr barəsində həmin şiələrin səhv baxışlarını pisləyib. O, eyni zamanda xilafətin ancaq vərasət (varislik) yolu ilə həz. Əli soyuna məxsus olması fikrini də qəbul etməyib. Lakin  Zeyd xəlifənin həz. Əli nəslindən olmasını daha münasib sayıb. Zeyddən Əhli-beyt imamlarının xətasız olması barədə məlumata rast gəlmədik. Fəqət Zeyddən sonra Zeydiyyə təriqətinə mənsub olanlar - Əli, Fatimə, Həsən və Hüseyn həzrətlərini məsum hesab ediblər. Zeydə görə, xilafətin həz. Fatimə övladlarına verilməsi daha yaxşıdır. Onların həz. Həsən və ya həz. Hüseyn nəslindən olması şərt deyil. Bunun əksinə olaraq, İmamiyyə məzhəbi xilafətin yalnız həz. Hüseyn nəslinə məxsus olduğunu qəbul edib.

  İmam Zeyd qəza və qədərə inamın vacib, insanın itaət və üsyanda azad və iradə sahibi olduğunu qəbul edib.  Zeyddən rəvayət edilən "Məcmul- hədis" və  "Məcmul- fiqh" kitabları onun tələbələri tərəfindən yazılıb.

Ardı var 

Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru

 

1.2346420288086