Azərbaycanda birgə yaşayırsa zidd olan dinləri yaymaq və təbliğ etmək qadağandır

Milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir və inkişafına böyük önəm verilir

Ötən yazıda qeyd etdiyimiz kimi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) tədbirlər mövsümünə start verib, hazırda iştirakçıları ölkəmizdəki multikultural mühitlə tanış olurlar. Mərkəzdən aldığımız məlumata görə, X Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinin iştirakçıları "Azərbaycanda dini müxtəliflik" mövzusunda mühazirələri dinləyiblər. Məlum olduğu kimi, respublikamızda digər mənəvi-mədəni dəyərlər kimi dinlər də müxtəlifdir. Ölkədə bütün səmavi dinlərə biət edən toplumlar yaşayır və bu toplumların hərəsinin ayrıca dini qurumları və dini liderləri fəaliyyət göstərir. Bütün dinlərin daşıyıcıları biribirinə hökmətlə yanaşı, dini bayramlarda  bayramlaşır, öz sevincini başqa dinlərin nümayəndələri ilə bölüşürlər. Təsadüfi deyil ki, Bakıda xristian qonşusu olan müsəlman Pasxa bayramında ona göndərilən qonşu payından imtina etmir, həmin təamları çox həvəslə öz süfrəsinə düzür. Xristianlar isə Müqəddəs Qurban bayramında qonşusunun göndərdiyi qurban payını eynilə həvəslə qəbul edir.

Bütün bu həqiqətləri Qız məktəbinin iştirakçılarına çatdırılması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Əli Həziyevin təqdim etdiyi mühazirədə geniş yer alıb. Mühazirədə vurğulanır ki, ölkəmizdə milli, dini və bəşəri dəyərlərə hər zaman böyük önəm verilib. BBMM rəsmi internet səhifəsində verilən şərhə əsasən mühazirədə bildirilib ki, qədim zamanlardan müxtəlif dinlərin və millətlərin qarşılıqlı anlaşma şəraitində yaşadıqları bir məkan olaraq Azərbaycan həmişə öz tolerantlığı və başqalarına qarşı dözümlülüyü ilə seçilən bir dövlət olaraq tanınıb. Ona görə də ölkəmizdə dini-mənəvi irsə ehtiram, müxtəlif mədəniyyətlərin dialoqu, tolerantlıq ənənələri hər zaman yüksək səviyyədə qorunur və inkişaf etdirilir. Müstəqilliyini bərpa etdikdən sonra isə milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir və onun inkişafına böyük önəm verilir. Azərbaycanda dövlət-din münasibətlərinin əsasını xalqımızın ümummilli lideri Heydər Əliyev qoyub və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.

Onu da qeyd edək ki, bu il reallaşdırılan X Beynəlxalq Multikulturalizm Qış Məktəbində Azərbaycan, Ukrayna, Kolumbiya, Xorvatiya, Hindistan, İraq, Yaponiya, İordaniya, Qazaxıstan, Qırğızıstan, Litva, Monteneqro, Moldova, Nigeriya, Portuqaliya, Rusiya, San-Tome və Prinsipi Demokratik Respublikası, Türkiyə, ABŞ və Braziliya kimi ölkələrin aparıcı universitetlərindən 25 tələbə iştirak edir.

Respublikamızda dövlət-din münasibətlərinə elmi yanaşmanın özü də müasir dönəmdə formalaşmaqda olan tendensiyalardandır. Müstəqilliyimizin ilk illərində dövlət hakimiyyət orqanlarının din, inanc, vicdan və əqidə azadlığı elan etməsi ilə müsbət meyillərlə yanaşı, mənfi çalarlar da müşahidə edilirdi. Məsələn, dünyanın bütün müsəlman ölkələrindən dindarların Azərbaycana axını başladı. Biz isə tolerant bir ölkə kimi bütün təriqət və məzhəblərə qucaq açdıq. Bundan istifadə edən bir sıra siyasiləşmiş dini təriqətlər Azərbaycanda bir sıra təxribatlar törətdi. Bu təxribatlar nəticəsində yüzlərlə ailə dağıldı, minlərlə gəncimizin taleyi darmadağın edildi. Vahhabi və ya Sələfi məzhəbinə xidmət edən dini qruplaşmalar Azərbaycan gənclərini İraqda və Suriyada Şam dövləti yaratmaq adı altında cihada cəlb edib məhv etdilər. İndi hanı İslam Şam Dövləti? (İŞİD) Əlbəttə, bu dünyanın böyük dövlətlərinin maraqları çərçivəsində İslamdan istifadə edən qruplaşmanın formalaşdırdığı fantastik layihə idi. Belə ki, bu gün İraqda və Suriyada açıq müharibə aparan dövlətlər əvvəlcə maskalanmış şəkildə fəaliyyət göstərirdilər. Məsələn, İŞİD və Suriya müxalifəti maskası altında ABŞ, hökumət qüvvələri maskası altında isə Rusiya döyüşürdü. İran və Türkiyə isə İraqda və Suriyada gedən proseslərdən özünü sığortalamaq məqsədi ilə bu və ya digər şəkildə qarşıdurmada iştirak edirdi. Amma bütün bunlar dünyanın bir çox müsəlman əhalisinin məhv edilməsinə səbəb oldu. Təsəvvür edin ki, bu gün də Azərbaycanda fəaliyyətdə olan vəhhabi məzhəbinin arxasından Amerika dövləti çıxır. Deməli, bu məzhəbin müsəlmanlar və İslamla heç bir mənəvi bağlılığı yoxdur, sadəcə onlar ABŞ-ın siyasi məqsədlərinin qulu olan, müsəlman maskası geyinmiş terrorçu təşkilatdır. Cəmi iki ildən sonra İŞİD və vahhabilər Suriyada qırılaraq yoxa çıxdı və onları Amerika əsgərləri əvəzlədi.

Düşünürük ki, hökumət haqlı olaraq, multikultural mühit yaratmaqla yanaşı, din pərdəsi altında gizlənən siyasi fırıldaqçılardan öz vətəndaşlarını qorumaq məqsədi ilə lazım olan bütün tədbirlər həyata keçirir. Hökumət sözügedən istiqamətdəki siyasətini elə bir formada qurmalıdır ki, cəmiyyətdəki multikultural və dözümlülük mühitindən siyasi möhtəkirlər sui-istifadə edə bilməsinlər. Son 10-15 ildə Azərbaycan dövlətinin bu istiqamətdə həyata keçirdiyi siyasətin müsbət nəticələri, artıq göz önündədir. Bu cəmiyyət tərəfindən təqdir olunur və dəstəklənir.

Azərbaycan hökumətinin və cəmiyyətinin birgə reallaşdırdığı dövlət-din siyasətinin nəticəsidir ki, əhalisinin 95 faizindən çoxu müsəlman olan və dini zəmində münaqişələrin, o cümlədən antisemitizmin qeydə alınmadığı Azərbaycan daim dinlərarası dialoqun inkişafına töhfə verən tədbirlərə ev sahibliyi edir.

Yuxarıda qeyd etdiyimiz kimi, respublikamızda müxtəlif dini konfessiyalar fəaliyyət göstərsə də, İslam dominat mövqe tutur. Konstitusiyamızın 48-ci maddəsinə əsasən hər bir ölkə vətəndaşı vicdan azadlığı hüququna malikdir. Ana yasamızın 18-ci maddəsinin 1-3 bəndlərində göstərildiyi kimi, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir, insan şəxsiyyətini alçaldan, insanlıq prinsiplərinə zidd olan dinləri yaymaq və təbliğ etmək qadağandır. Azərbaycan hökuməti öz çərçivə qanununun məhz bu maddəsinə əsaslanaraq, müxtəlif millətdən və inancdan olan vətəndaşlarının həyat və təhlükəsizliyini qorumaq üçün gərəkən tədbirləri görür. Əslində, bu siyasətin qabarıq görünən iki tərəfi var - inzibati tədbirlər və vətəndaş cəmiyyətinin təbliğatı. Hökumət hər vəchlə inzibati tədbirlərdən, güc tətbiqindən yayınmağa çalışaraq, vətəndaş cəmiyyətinin təbliğatına daha geniş yer verməyə çalışır. Məsələn, vətəndaşımız İslam dinini, onun müqəddəs kitabı olan Qurani-Kərimi mükəmməl bilərsə, ona bu dəyərləri siyasiləşmiş formada sırımaq mümkün olmaz. Bu gün siyasiləşmiş İslam və digər dini təriqətlər ona görə cəmiyyətdə özlərinə tərəfdarlar qazana bilir ki, cəmiyyətin əksər hissəsi hələ də biət etdiyi dini tam mükəmməl öyrənə bilməyib. Bu gün qeyri-hökumət təşkilatlarının, Qafqaz Müsəlmanlar İdarəsinin alt qurumlarının, Dini Qurumlarla İş üzdə Dövlət Komitəsinin və s. təşkilatların ayrı-ayrılıqda həyata keçirdikləri layihələr də, məhz vətəndaşlarımızın bu istiqamətdə maariflənməsini hədəfləyir. Bu istiqamətdə müxtəlif səpkili tədbirlər il boyu davamlı olaraq həyata keçirilir.

Bununla yanaşı "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməyə təminat yaradır. Ölkəmizin tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi burada müxtəlif dinlərin mövcudluğuna şərait yaradıb. Müxtəlif dövrlərdə bütpərəstlik, zərdüştlik, iudaizm, xristianlıq, islam və bir çox başqa dini cərəyanlar ölkəmizdə bu və ya digər dərəcədə yayıla bilib, biribirilərinə qarşılıqlı təsir göstəriblər. Hazırda respublikamızın ərazisində 510 dini icma qeydiyyatdan keçib. Bunlardan 32-i qeyri-islam təmayüllü dini icmalardır.

Azərbaycan hökuməti bütün bu cür müraciətlərə həssaslıqla yanaşır, ciddi araşdırıldıqdan sonra cəmiyyət üçün zərərsizliyi təsdiqlənən bütün dini icmalar qeydiyyata alınır. Məsələn, 1991-ci ildə Cen Mironosets kilsəsinin (1907-ci ildə Hacı Zeynalabdin Tağıyev tərəfindən inşa edilib) binası Rus Pravoslav kilsəsinə verilib. 2001-ci ilin may ayında Azərbaycanda səfərdə olan bütün Rusiyanın Patriarxı II Aleksi bu məbədə baş kafedral kilsə statusu verib. Hazırda Bakıda 3, Gəncədə və Xaçmazda 1 rus pravoslav kilsəsi fəaliyyət göstərir.

1999-cu ildə isə ölkəmizdə fəaliyyət göstərən katolik icması qeydiyyat üçün müraciət edib, müraciət araşdırılaraq, icma qeydiyyata alınıb. Öz dini ibadətlərin icra etmək üçün 2000-ci ildə dövlət vəsaitləri hesabına bu icmaya xüsusi bina alınıb. Bu bina həm də kilsəyə çevrilib. Azərbaycan Hökuməti ilə Vatikan arasındakı razılığa əsasən, 2007-ci ildə Bakıda Roma Katolik kilsəsinin inşası tamamlanıb. Roma katolik kilsəsinin başçısı II İohann Pavel 2002-ci ilin may ayında Bakıda səfərdə olub, dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri ilə görüşüb. 2003-cü ilin aprel ayında patriarx II Varfolomey Azərbaycanda rəsmi səfərdə olub, dövlət rəsmiləri, din xadimləri, müsəlman, xristian, yəhudi dini icmalarının rəhbərləri ilə görüşlər keçirib, Azərbaycan Respublikasının Prezident Heydər Əliyev tərəfindən qəbul olunub. 2003-cü ildə isə alban-udi dini icması dövlət qeydiyyatına alınıb. Şəkinin Kiş kəndində inşa edilən və Qafqazda, eləcə də bütün dünyada ən qədim məbədlərdən biri sayılan alban kilsəsi 2003-cü ildə əsaslı şəkildə bərpa olunaraq istifadəyə verilib. 2006-cı ilin may ayında Qəbələ rayonunun Nic qəsəbəsində Müqəddəs Yelisey qədim alban kilsəsinin yerində Çotari alban-udi kilsəsinin açılış mərasimi keçirilib. Bütün bu xronoloji hadisələr onu deməyə əsas verir ki, biz yalnız cəmiyyət olaraq deyil, həm də dövlət olaraq tolerant ölkəyik.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.94335389137268