Qara Bağa "uzanan" sonsuz yol

Torpaqları azad etmək lazımdır, müzakirə yox!

Məlum olduğu kimi, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin (əslində konflikt iki ölkə arasındadır, bu sadəcə olaraq ATƏT-in Minsk Qrupunun verdiyi addır ki, bizimkilər-də təkrar edir -A.N) vasitəçilərin yardımı ilə çözülməsi artıq zaman baxımından onilliklərə çevrilməkdədir. Ötən müddət ərzində ilk dəfə olaraq, 15 fevral 2020-ci il tarixində Münhen şəhərində iki ölkə lideri media qarşısında dialoq keçirdi. İndiyə qədər isə danışıqlar bir qayda olaraq bağlı qapılar arxasında aparılıb. Münhen dialoqu hamının təxmin etdiyi - standart tərzdə, rəhbərlərin "ev tapşırığı" səviyyəsində keçsə də, bir sıra qaranlıq məqamlara işıq saldı. Əvvala onu qeyd etmək yerinə düşər ki, hazırda Azərbaycan mətbuatının və müstəqil politoloqların əldə bayraq edərək təbligat ruporuna çevirdiyi Azərbaycan Respublikası Prezidentinin bu dialoqdakı üstünlüyü adi hal kimi qəbul edilməlidir. Ona görə ki, sözügedən dialoqda haqlı tərəf Azərbaycan, haqsız tərəf isə Ermənistandır. Azərbaycan prezidenti sadəcə olaraq reallıqlardan və həqiqətlərdən danışmaq imkanına deyil, imkanlarına malikdir. Hansı ki, həmin dialoqda həmin imkanlardan istifadə edərək İlham Əliyev geniş manevr etdi. Nikol Paşinyan isə daha pis mövqedən çıxış etmək - Ermənistan dövlətinin Rusiyanın koməyi ilə etdiyi işğal faktını ört-bastır etməli, haqsız mövqeyini haqlı kimi təqdim etməli idi. Göründüyü kimi, Azərbaycan prezidenti ilə müqayisədə Nikolun işi daha çətin və bəlkə də reallaşması mümkün olmayan bir tapşırıq idi. Bu, belə də oldu, Nikol Paşinyan açıq debatda Ermənistan dövlətinin mövqeyini heç cür haqlı kimi təqdim edə bilmədi, səsləndirdiyi "kiçik inqilablar" ideyası isə danışığa dekorasiya verməkdən başqa heç nəyə yaramadı. Ona görə də Paşinyan ərköyün uşaq kimi, onun "kiçik inqilablar" ideyası ilə heç kimin maraqlanmadığı, bu barədə ona sual ünvanlanmadığından elə dialoq prosesində gileyləndi. Bu da Paşinyanın siyasi lider olaraq diplomatik təcrübəsinin olmadığını üzə çıxardı. Əslində isə danışıqlar zamanı hər hansı bir ideya qarşı tərəfin və ya digər iştirakçıların marağına səbəb olmursa, həmin məqam üzərindən keçilməsini ideya müəllifi özü stimullaşdırmalıdır. Nikol isə gileylənməklə öz təcrübəsizliyini bir daha nümayiş etdirdi.

Açıq debatın təsdiqlədiyi reallıqlardın biri də o oldu ki, Ermənistan liderinin əlində, İlham Əliyevdən fərqli olaraq, heç bir tutarlı sənəd, erməni işğalına haqq qazandıracaq heç bir mənbə yoxdur. İlham Əliyev müqavilələrdən, sənədlərdən, hamı üçün əlçatan olan tarixi faktlardan çıxış etdiyi zaman, Paşinyan hansı millətə mənsub olduğu, harada yaşadığı bəlli olmayan, əfsanələrdə adı hallanan, eramızdan 400 il əvvəl yaşadığı iddia edilən  "Böyük Tiqran"a, adını və müəllifini belə səsləndirmədiyi "bir kitab"a, 100 il əvvəl yaşamış bölşevik Stepan Şaumyana sığınmaqdan başqa çarə tapa bilmədi. Əslində, bu Paşinyanın bir lider kimi zəifliyindən irəli gəlmir, bu, Ermənistanın haqsız mövqeyindən doğan bir reallıqdır. Bu gün danışıqlar masası arxasında Ermənistan dayaq kimi əlini hansı "kol"a atırsa, həmin "kol" dibindən qopur, çünki bu "kolları" ermənilər rusların tapşırığı və yardımı ilə iki əsr ərzində "əkiblər", onların kökü çox da dərində deyil. Bu səbəbdən də həmişə ermənilərin əsaslandığı faktlar "mənbələr" mücərrəd xarakter daşıyır. Hətta, Azərbaycan prezidenti istəsəydi qarşı tərəfi bir ritorik sualla "nokaut" edə bilərdi: Nə üçün yerevan adlandırdığınız İrəvanda yaşı 200 ildən çox olmayan kilsələrdən başqa tarixi abidə mövcud deyil? Məgər min illər boyu burda yaşayan haylar kilsələrdə yaşayıb? Bəli, İrəvan 100 il əvvəl çox zəngin tarixi abidələrə, saraylara, qalalara, məscidlərə və qədim hamamlara malik olub. Bütün bu abidələr türk memarlığı üslubunda tikildiyi üçün ermənilər tərəfindən dağıdılıb. Bu, danılmaz tarixi faktdır və ermənilər bu faktı öz xeyirlərinə heç cür arqumentləşdirə bilməzlər.

Məsələn, Paşinyan "Arqumenti i Fakti" qəzetində dərc edilmiş eks-prezident Ayaz Mütəllibovun müsahibəsinə əsaslanır, hansı ki, Ayaz Mütəllibov dəfələrlə elə həmin qəzetdə həmin fikrin ona məxsus olmadığını deyib. Hətta, A.Mütəllibov fikrinin kontekstdən çıxarıldığını da iddia etmir, o bildirir ki, müsahibə zamanı ümumiyyətlə, buna yaxın bir fikir belə, söylənilməyib.

Münhen debatında bütün dünya ictimaiyyəti Ermənistanın işğalçı olduğuna əmin oldu. İndiyə qədər bu fakt təhlillər və şərhlərlə deyilirdi, indi isə açıq şəkildə göründü ki, konfliktin dinc yolla həlli reallaşdırılsa, Ermənistanın Azərbaycan torpaqlarından çıxmaqdan başqa bir yolu qalmayacaq. Elə isə nə üçün beynəlxalq hüquqa hörmət edilmir, Azərbaycanın pozulmuş haqqı-ərazi bütövlüyü bərpa olunmur?

Bəli, bunun özəl səbəbləri var. Birincisi, hazırda özlərini mələk sifətində təqdim edən, dünyanın super gücləri sayılan Avropa ölkələri, Böyük Britaniya və ABŞ, eləcə də onların formalaşdırdığı beynəlxalq təşkilatlar "haqlı güclüdür" deyil, "güclü haqlıdır" prinsipi ilə işləyir. Deyə bilərsiniz ki, Ermənistan heç də Azərbaycan qarşısında güclü dövlət deyil. Bəli, belədir, amma Ermənistanın Rusiya kimi güclü himayədarı və müdafiəçisi var. Bu münaqişənin ədalətli həlli məsələsində yuxarıda qeyd etdiyimiz super güclər öz maraqları çərçivəsində müəyyən addımlar atmaq arzusundadır, bəlkə də. Lakin bu kiçik maraqları böyük maraqlara qurban verib, Rusiya ilə münasibətləri korlamağa dəymir. Nə qədər qəribə də olsa, biz də bir dövlət olaraq münaqişəyə sonuncu prinsiplə yanaşırıq- Rusiyanın xətrinə dəymək fikrindən kənarıq. Bu gün sadə Azərbaycan vətəndaşı da bilir ki, Ermənistan Azərbaycan torpaqlarını "Böyük Tiqran"ın arzusuna uyğun olaraq işğal etməyib, torpaqlarımızı Rusiya işğal edib. Ancaq biz münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar masasına oturanda işğalçı kimi yalnız Ermənistanı tanıyırıq. Rusiyanı isə nəinki işğalçı kimi tanımırıq, hətta, onu münaqişənin sülh yolu ilə həllində vasitəçi kimi tanıyırıq, qəbul edirik. Rusiyanın yaratdığı bənzər münaqişə ocaqlarının heç birində bu hal müşahidə edilmir. Məsələn, Ukrayna dövləti tanıyır ki, Krımı, Luqanskı və Donbası Rusiya işğal edib. Gürcüstan və Moldova da həmçinin, "öz müqəddəratını təyin etmək" istəyən toplumlarının arxasında Rusiyanın durduğunu bəyan edirlər. Biz isə Rusiyanın işğal faktında iştirak etməsinə dair əlimizdə tutarlı faktların olmasına baxmayaraq, rəsmi Moskvanı işğalçı kimi tanımırıq. Soyqırıma məruz qoyulan Xocalı şəhərini Rusiyanın 366-cı motoatıcı alayı tərəfindən işğal edildiyi bütün dünyaya bəllidir. Buna baxmayaraq, biz hələ də Rusiyanı özümüzün "etibarlı müttəfiqimiz" hesab edirik.

Münhen dialoqunun bir məqamı da diqqət çəkdi ki, hər iki dövlət rəhbəri məsələnin beynəlxalq məhkəmədə araşdırılması təklifinə mənfi münasibət bildirdi. Bu, yəqin Ermənistan tərəfinə sərf etmir, çünki işğalçı dövlətin məsələni beynəlxalq məhkəmədə çözülməsi arzuolunan deyil. Azərbaycan tərəfi isə yəqin düşünür ki, beynəlxalq məhkəmə də eyni dövlətlərin nümayəndələrindən təşkil ediləcəksə, yeni bir məsləhətçi qurumun yaranmasına lüzum yoxdur.

Fikrimizcə, Azərbaycanla Ermənistan arasındakı münaqişənin danışıqlar yolu ilə həlli variantı artıq çoxdan tükənib. Bu nə praktiki baxımdan, nə də psixoloji baxımdan mümkün deyil. Birincisi, indiyə qədər dünyada buna bənzər heç bir münaqişə sülh yolu ilə ədalətli həllini tapaməyıb. İkincisi, münaqişəni ədalətli sülh yolu ilə həll etməyə razı olan dövlət başçısı Ermənistanda bir gün də hakimiyyətdə qala bilməz. Bu iki səbəb kifayət edir ki, Azərbaycan öz ərazisində antiterror əməliyyatlarına hazırlaşsın və yaxın zamanlarda bunu həyata keçirsin.

Akif Nəsirli

0.40312194824219