Azərbaycan dünyanın hər yerində multikulturalizmi və tolerantlığı qorumaqda inkişaf etdirməkdə maraqlıdır

Ölkəmizin birinci xanımı M. Əliyeva bəşəriyyəti, o cümlədən Azərbaycan xalqını  sülh və əmin-amanlıq içində görmək istəyir.

Müstəqilliyin ilk illərində bir çox maraqlı qüvvələrin bilavasitə dəstəyi ilə yaradılan münaqişələr ölkəmizdə dini və milli separatizm və millətçilik təzahürlərinin meydana gəlməsinə səbəb oldu. Bu, eyni zamanda xalqımızın milli-mənəvi dəyərlərinə, mədəniyyətinə, dostluq və qardaşlıq ənənələrinə də təsirsiz ötüşmədi.   

Demokratiya və müstəqillik dalğası ilə ölkəmizə ayaq açan bir sıra missioner təşkilatlar da, burada öz məqsədlərini həyata keçirmək üçün müxtəlif yollarla "su bulandırmağa" başladılar.

Xristian təəssübkeşliyinə və Rusiyanın dəstəyinə güvənən erməni-daşnak siyasi separatizmi də, məhz bu dövrdə özünün işğalçı niyyətini ortaya qoydu.

Belə bir qarışıq dövrdə xalqımızın böyük oğlu Heydər Əliyev xalqın təkidi ilə ölkə rəhbərliyinə gətirildi. Ulu Öndər özünün uzunmüddətli siyasi fəaliyyətində və dövlət idarəçiliyində topladığı təcrübəsindən istifadə edərək ilk növbədə ölkəmizə qarşı torpaq iddialarında bulunan erməniləri durdurmağa nail oldu. Daha sonra respublikamızın müxtəlif bölgələrində milli zəmində baş qaldıran anlaşılmazlıqların qarşısı alındı. Ölkəmiz demokratik inkişafın sülh və əmin-amanlıq mərhələsinə qədəm qoydu. Bu da öz-özlüyündə ölkəmizdə milli-mənəvi, dini, mədəni, eləcə də etnik problemlərin həllinə imkanlar yaratdı. Bu imkanların gerçəkləşdirilməsi məqsədilə Ümummilli lider Heydər Əliyev ölkəmizdə bir sıra dövlət qurumlarının yaradılması barədə qərarlar qəbul etdi. Eyni zamanda bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) və ictimai birliklərin (İB) dövlət tərəfindən dəstəklənməsinin vacibliyini bütün çıxışlarında xüsusi qeyd etdi. Ulu Öndərin tapşırıq və tövsiyələrini bir fəaliyyət proqramı kimi qəbul edən həmin qurumlar da,  öz fəaliyyətləri ilə az bir zamanda ölkəmizdə dini və milli anlaşmanın bərpasına nail ola bildilər.

Bu baxımdan Azərbaycanda mövcud olan milli-mənəvi, mədəni və dini dəyərlərinin qorunaraq  inkişaf etdirilməsində Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə yanaşı, Azərbaycan respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da müstəsna xidmətləri var. Qeyd etmək lazımdır ki, Mehriban xanım Əliyevanın təşəbbüsu ilə yaradılan Heydər Əliyev Fondu həm Ulu Öndərimizin ideyalarının gerçəkləşdirilməsi, həm də Azərbaycan mədəniyyətinin, incəsənətinin, dini və milli dəyərlərə özünəməxsus tolerant və multikultural yanaşmasının dünyada tanıdılması baxımından çox mühüm layihələr həyata keçirməklə diqqət çəkir. Məhz buna görə də, dünyanın bir çox yerlərində ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım sülhün və humanizmin carçısı kimi tanınır. Bunun da bir çox səbəbləri var. Əsas səbəb, Mehriban xanımın tanınmış siyasətçi olmaqla yanaşı, həm də dünyanın ən humanist peşəsi sayılan həkimlik peşəsinə sahib olmasıdır. Mehriban xanımın dini və milli dözümsüzlüyə bu dərəcədə həssaslığı da, yəqin ki bununla bağlıdır. O, bütün insanları, ümumilikdə bütün bəşəriyyəti sülh və əmin-amanlıq içində görmək istəyir, o cümlədən də Azərbaycanı və Azərbaycan xalqını.

Bu da danılmaz tarixi faktdır ki, ölkəmizdə müstəqilliyin bərpasından sonra digər sahələrdə olduğu kimi, milli-dini dözümlülüyün, tolerantlığın daha müasir formada inkişaf etdirilməsində də Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti mühüm rol oynayıb.

Cümhuriyyət dövründə Azərbaycanda yaşayan azsaylı xalqların və etnik qrupların, eləcə də dini konfessiya nümayəndələrinin təmsilçiliyini özündə birləşdirən bu siyasi davranış ötən əsrin sonlarından başlayaraq yeni müstəqil Azərbaycanın təməlini qoyan Ümummilli lider Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası səviyyəsinə qaldırıldı. Bu sahədə də tolerantlıq və multikulturalizm ənənələrinin bərpasına nail olundu. Bu da öz növbəsində ölkəmizdə tolerantlığın, milli dözümlülüyün, dini tolerantlığın, milli-mənəvi dəyərlərin inkişafında və təbliğində özünü açıq şəkildə göstərdi. Burada da, məhz Ulu Öndər Heydər Əliyevin adını daşıyan Fondun xidmətlərini inkar etmək mümkün deyil.

Qeyd etmək yerinə düşər ki, 26 noyabr 2015-ci ildə Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyası keçirilib. Bu mötəbər tədbirdə çıxış edən Prezident İlham Əliyevin ortaya qoyduğu konsepsiyanın bu gün də özünün ideyası və dünyəviliyi ilə mühüm əhəmiyyət kəsb etməsi, hələ də yaddaşlardan silinməyib: "Biz tam əminik ki, multikulturalizmin gözəl gələcəyi var. Sadəcə olaraq bəzi siyasətçilər, ictimai xadimlər öz çıxışlarında daha diqqətli olmalıdırlar. Çünki multikulturalizmin alternativi yoxdur. Alternativ ayrı-seçkilikdir, diskriminasiyadır, islamofobiyadır, ksenofobiyadır. Bu, gələcəyə aparan yol sayıla bilməz. Ona görə də, biz bu bölgədə öz siyasətimizlə və təşəbbüslərimizlə dinlərarası münasibətlərin gücləndirilməsi üçün çalışırıq və çalışacağıq".

Prezident İlham Əliyevin ortaya qoyduğu bu prinsiplərin bütün dünyada daha geniş yayılması istiqamətində fəaliyyət göstərən Heydər Əliyev Fondu elə həmin ilin sentyabrında "Azərbaycan Parisin ürəyində" adlı layihə çərçivəsində Parisdə "Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti" mövzusunda beynəlxalq konfrans keçirib. Eyni zamanda Fondun təşkilatçılığı ilə  "Parisin ürəyində Azərbaycan musiqisi" adlı möhtəşəm konsert proqramı tədbir iştirakçılarına təqdim olunub. Respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanımın təşəbbüsü ilə reallaşdırılan bu və digər layihələr yeni ideya və  proqramlar çərçivəsində bu gün də ardıcıl olaraq həyata keçirilir. Bu da, heç şübhəsiz ki, ölkəmizin başqa dövlətlərlə əlaqəsində, dostluq və qarşılıqlı anlaşmanın yaranmasında, münasibətlərin humanizmə söykənməsində mühüm əhəmiyyət daşıyır. Onu da xüsusi qeyd etmək lazımdır ki, 2016-cı ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Vatikanda keçirdiyi bir sıra görüşlər də, bu əlaqələrin daha da möhkəmləndiyini və davamlı xarakter aldığını göstərir. İtaliya respublikasına növbəti səfəri çərçivəsində yenidən Müqəddəs Taxt-Taca gəlməsindən məmnunluğunu ifadə edən Mehriban xanım Əliyeva Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası ilə bağlı 2012-ci ildən etibarən icra olunan layihənin əhəmiyyətindən danışıb. Mehriban xanım deyib: "Bu gün Azərbaycan sivilizasiyalararası, mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verir. Ölkəmizdə Beynəlxalq Multikulturalizm Mərkəzi fəaliyyət göstərir. 2016-cı il Azərbaycanda "Multikulturalizm ili" elan olunub. Bu mövzuda ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq forumlar, konfranslar, görüşlər multikulturalizm ideyasının, müxtəlif insanların, xalqların dostluq və qardaşlıq şəraitində birgə yaşadığını göstərir. Biz müsəlman ölkəsi olaraq ənənələrimizə, dinimizə, mədəniyyətimizə və tariximizə çox bağlıyıq. Eyni zamanda, biz ümumbəşəri dəyərləri qəbul edir və yüksək qiymətləndiririk". Mehriban xanım həmçinin qeyd edib ki, biz dünyanın hər yerində mədəni müxtəlifliyi, multikulturalizmi və tolerantlığı qorumaqda və inkişaf etdirməkdə maraqlıyıq və bunu çox yüksək dəyərləndiririk:"Öz dininə hörmətlə yanaşan insan hər zaman digər dinlərə də hörmətlə yanaşır..."

Mehriban xanım eyni zamanda qeyd edib ki, dövlətimizin mədəni müxtəlifliyə, dini əqidəmizə, ənənələrimizə, tariximizə bağlılığının nəticəsidir ki, Azərbaycan bu gün nəinki regionda, dünyada inkişaf etmiş ölkə kimi tanınır.

Bu da danılmaz həqiqətdir ki, ölkəmizin iqtisadi, mədəni səviyyəsi yüksəldikcə, inkişaf etmiş dünya dövlətlərinin ölkəmizə marağı da artır. Eyni zamanda Azərbaycan dövləti də maraqlıdır ki, dünyada multikulturalizm, milli-dini tolerantlıq inkişaf etdirilsin, bütün bəşəri dəyərlərə, humanizmə və həmrəyliyə rəğbət, hörmət və ehtiramla yanaşılsın, sülhün, əmin-amanlığın qorunmasında, məhz bu prinsiplər əsas götürülsün.

Bütün bunlara rəğmən qeyd etmək lazımdır ki, hər bir xalqı, milləti, dövləti dünyada tanıdan, milli-mənəvi və dini dəyərlərini yaşadan onun dilidir. Bu baxımdın Azərbaycan öz dili, mədəniyyəti, yaşayış məskənləri ilə seçilən və çox qədim bir tarixə malik bir dövlətdir. Azərbaycan tarixin bütün dönəmlərində dilimizin inkişafı ilə yanaşı, mədəni irsimizin qorunub saxlanması, multikultural ənənələrin, milli və dini tolerantlığın, dözümlülüyün, çox qədim tarixə malik mədəniyyət abidələrinin qorunması, dini məbədlərin bərpası üçün böyük işlər görüb, proses bu gün də davam etdirilir. Bu baxımdan Heydər Əliyev Fondunun dövlətçiliyimiz üçün mühüm olan, xalqımızın taleyində böyük əhəmiyyət kəsb edən digər məsələlərin, milli-mənəvi dəyərlərimizin inkişafının yeni ənənələrlə zənginləşməsi, dünyada tanıdılması və təbliği istiqamətində gördüyü işlər də bilavasitə multikulturalizmin və tolerantlığın inkişaf etdirilməsinə xidmət edir.

Multikulturalizm tolerantlığın, yəni dini dözümlülüyün parlaq təcəssümü olmaqla, həm də xalqların bir-birinə yaxınlaşması, mədəni müxtəlifliklərin qorunması kimi anlayışları da özündə ehtiva edir. Eyni zamanda son dərəcə incə, həssas olan bu münasibətlər demokratik prinsiplərlə yaşayan ölkələrdə humanizmə, bəşəri amal və duyğulara malik olan xalqların bir-birinə münasibətində daha aydın şəkildə özünü göstərir.

Bu baxımdan tolerantlıq özünün ehtiva etdiyi əsas mənası - digər inanc və əqidələrə dözümlü yanaşılması ilə Azərbaycanda ta qədim zamanlardan mövcuddur. Bütün tarixi faktlar da sübut edir ki, milli dəyərlərimizin, əxlaqımızın ifadəsi kimi tolerantlıq hələ çox qədimlərdən xalqımızın həyat tərzinə çevrilib. Azərbaycan xalqı minilliklər boyu ölkəmizin ərazisində məskunlaşan digər xalqların nümayəndələri ilə sülh, əmin-amanlıq şəraitində yaşayıb.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.77003693580627