Multikulturalizm Azərbaycan xalqının əsrlər boyu yaşatdığı dəyərlər sistemidir

Dini inancların fərqli olduğu məkanlarda müxtəlif etnosların sülh içində yaşaması tolerantlığın ən yüksək göstəricisidir

Müasir dünyamızın başağrısına çevrilən dini və milli zəmində qarşıdurmalar və anlaşılmazlıqlar müstəqilliyinin ilk illərində ölkəmizin də qarşılaşdığı ən ciddi problemlərdən biri idi. Erməni separatizmi ilə baş qaldıran bu münaqişə bu günə qədər də davam edir.  

Bununla belə, 1993-cü ildə xalqın tələbi və təkidi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin elə ilk gündən qarşısına qoyduğu əsas məqsəd ölkədə dini və milli məsələlərin tənzimlənməsinə nail olmaq idi. Ulu Öndər Heydər Əliyevin özünün uzaqgörən siyasəti ilə müəyyənləşdirdiyi bu kursa uyğun olaraq dövlət-din münasibətlərinin tənzimlənməsi, vicdan azadlığının təmin edilməsi, milli-mənəvi dəyərlərimizin qorunub-saxlanması, tarixi-dini abidələrimizin bərpası, multikulturalizmin təbliğ olunması sahəsində həyata keçirdiyi işlər az bir zamanda öz müsbət nəticələrini verdi. Çünki Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı dövlət -din münasibətləri sisteminin effektliyini təmin edən başlıca amil, bu sistemin Azərbaycan xalqının xarakterik xüsusiyyətlərinə, dövrün müasir tələblərinə və vicdan azadlığının təmin olunması prinsiplərinə tam uyğunlaşdırılması idi.

Ulu Öndərin bu siyasətinə sadiq qalan Prezident İlham Əliyevin ardıcıl, məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmiz həyatımızın bütün sahələrdə olduğu kimi dinə, vicdan azadlığına, tolerant və multikultural dəyərlərə münasibətdə də nümunəvi dövlət kimi tanındı.

Məhz bunun nəticəsidir ki, bu gün dinlər və sivilizasiyalararası dialoqun baş tutması üçün əsas şərtə çevrilən və mütərəqqi dünya tərəfindən başlıca demokratik dəyərlərdən biri kimi təbliğ olunan multikulturalizm Azərbaycan xalqının əsrlər boyu yaşatdığı dəyərlər sisteminə çevrilib. Əsasən mədəniyyətlərarası dialoq, əməkdaşlıq və birgəyaşayış anlayışlarını özündə birləşdirən multikulturalizm tarixən Azərbaycan xalqının dəyərlər sistemində mövcud olan döstluq, qardaşlıq və tolerantlıq prinsiplərini özündə ehtiva edir. Elə bu səbəbdən də Azərbaycanda tarixin heç bir dönəmində dinlərarası, məzhəblərarası və mədəniyyətlərarası qarşıdurma hallarına rast gəlinməyib. Bu da onunla əsaslandırılır ki, ölkəmizdə multikulturalizmin və dinlərarası münasibətlərin tənzimlənməsi məsələlərinə həmişə böyük diqqət ayrılıb.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin əsasını təşkil edən, zəngin tarixə malik İslam dini ölkəmizdə VII əsrin ortalarından yayılmasına baxmayaraq, xalqımızın ictimai şüurüna hakim olmağı bacarıb. Bu da ondan irəli gəlir ki, İslam özündən əvvəlki dinlərə nəinki qadağa qoyur, əksinə ayrı-ayrı dinlərə etiqad edən insanların vicdan azadlığının, öz məbədlərində dini ayin və mərasimlərini sərbəst yerinə yetirmək haqqının toxunulmazlığını təmin edir, eyni zamanda tovhid prinsiplərinə zidd olmayan ənənələrin legitimliyini tanıyır və ona zidd getmir. Bu da, yenicə İslam dünyasına qovuşan Azərbaycanda bütün xalqlara öz dini etiqadlarını, adət-ənənələrini qoruyub saxlamağa imkan verir. İslam dininin digər inanclara bu cür

yanaşmasının nəticəsidir ki, bu gün də ölkəmizdə bir çox dinlərin milli-mənəvi dəyərləri, abidələri qorunur və bərpa olunur. Azərbaycan xalqının və dövlətinin burada yaşayan insanlara, onların dini inanclarına dözümlü münasibəti ölkəmizdə güclü tolerantlıq ənənələrinin, multikulturalizmin təşəkkülünə, möhkəmlənməsinə və inkişafına geniş imkanlar yaradıb.

Məlumdur ki, 70 illik sovetlər dönəmində bu dövlətin tərkibində olan bütün millətlər öz milli-mənəvi dəyərlərindən uzaqlaşdırılaraq kommunist ideologiyasının daşıyıcılarına çevirmişlər. Əslində, heç bir mənəvi əsası olmayan bu ideologiyanın əsas məqsədi butun xalqları "sovet ailəsi" qanunlarına tabe etmək idi. Öz mənəvi dəyərlərini qorumağa çalışan millətləri isə xurafatçı adlandırırdılar.

Azərbaycan xalqı da 70 il öz kökükdən, milli-mənəvi dəyərlərindən uzaqlaşdırılaraq doğma bayramlarını belə, qeyd edə bilmirdilər, onlara məscid və ibadət evlərinə getmək qadağan olunurdu.

Elə bir dövürdə sovet hakimiyyətində yüksək pilləyə yüksəlməyi bacaran Azərbaycanın böyük oğlu Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, milli-mənəvi dəyərlərimizin qorunması, multikultural dəyərlərin təbliği istiqamətində böyük işlər görürdü. Ulu Öndərin bu uzaqgörənliyi və müstəsna xidmətləri sayəsində ölkəmizin bölgələrində belə, tariximizin qorunması üçün tarix-diyarşünaslıq muzeyləri yaradılır, Azərbaycan folklorunun araşdırılması, Novruz bayramının yüksək səviyyədə qeyd olunması, milli mərasimlərin təbliği istiqamətində mühüm işlər görülürdü.

Azərbaycan dövlətinin və xalqının düşdüyü ağır vəziyyəti nəzərə alaraq yenidən hakimiyyətə qayıdan Heydər Əliyev dövlət quruculuğu ilə yanaşı mədəni irsimizin, mənəvi dəyərlərimizin qorunması, dinlərarası dialoqun, multikulturalizm və digər humanitar məsələlərin həllinə də böyük diqqət ayırdı. Bu işlərin arasında Bakıda və regionlarda məscid, kilsə, senaqoq və ziyarətgahların bərpa olunması, yeni ibadət ocaqlarının tikintisi də mühüm yer tutur. Məscidlərlə yanaşı kilsə və sinaqoqlara göstərilən diqqət də Azərbaycanda əsrlərdən bəri mövcud olan tolerantlıq ənənələrinin açıq təzahürüdür.

Respublikamızın ərazisində yaşayan yəhudi və xristian icmalarının rəhbərlərinin Heydər Əliyevin onlara və inanclarına göstərdiyi diqqət və qayğı haqqında Avropa və Amerikada keçirilən nüfuzlu konfranslarda çıxışlar edərək, tolerantlıq baxımından Qərbə nümunə olan Azərbaycanın din modelindən böyük məmnunluqlu danışırlar.

Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin bütün dini mərasimlərlə bağlı rəsmi tədbirlər zamanı multikultural dəyərlərə böyük ehtiramla yanaşması, ölkəmizdə yaşayan bütün inanc sahiblərini bərabər statusa malik olduğunu xatırlatması da, dövlətimizin multikulturalizmə və toleratlığa münasibətinin bariz nümunəsidir. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin hər il Ramazan ayında müxtəlif dinlərin nümayəndələrini bir süfrə arxasına dəvət etməsi də, tolerantlıq nümunəsidir və artıq ənənə halını alaraq bütün dünyaya multikulturalizm alternativinin olmadığını bir daha bəyan edir.

Bu həm də, qloballaşan dünyamızda dinlərarası, məzhəblərarası münasibətlərdə gərginliyin artdığı, islamafobiya, ksenofobiya, antisemitizm kimi halların tuğyan etdiyi dövrdə multikulturalizm dəyərlərinə söykənərək onu qorumaq üçün edilən bir çağırışdır. Çünki Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan dövlətinin və xalqının əldə etdiyi ən böyük uğurlardan biri də multikulturalizimdir. Biz də bu uğurları qorumalı, davam etdirməli və gələcək nəsillərə ötürməyi bacarmalıyıq.

Bunun üçün də Azərbaycan dövlətinin başçısı, Qafqaz Müsəlmanları İdarəsinin və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin fəaliyyətini daim dəstəkləyir və onlara hər cür yardım edir. Bu qurumlar isə multikulturalizm dəyərlərini İslamın ana qaynağı hesab edilən Qurani-Kərimə və Peyğəmbərimizin kəlamlarına söykənərək təbliğ edirlər. Bəşəri birgəyaşayış haqqında Qurani-Kərimin bir çox ayəsində, Peyğəmbərimizin, imamlarımızın, böyük islam alimlərinin kəlamlarında tövsiyələr verilib, etiqad etdiyi inancla yanaşı bütün insanlara bir atanın, Adəm peyğəmbərin övladı olması xatırladılır və təbliğ olunur.

Burada bir ibratamiz rəvayəti diqqətinizə çatdırmaq istərdik. Məlumdur ki, İslam mənbələrində Peyğəmbərimizin həyatı ilə bağlı çox rəvayətlər nəql olunub və Allah elçisinin multikultural dəyərlərə nə dərəcədə üstünlük verdiyi qeyd edilir:"İslam peyğəmbəri bir gün yaxın qohumu və səhabəsi İbn Abbasla (619-687) birlikdə Kəbə evinin yanında oturmuşlar. Bu zaman bir dəstə insanın dünyasını dəyişən şəxsi tabutla

apardığını görürlər. Bunu görən Peyğəmbər dərhal ayağa qalxır. İbn Abbas Peyğəmbərə xitabən soruşur:"Ya Rəsulullah, bu bir yəhudi cənazəsidir, sənin onun üçün ayağa durmağın nə deməkdir?!". Peyğəmbər isə İbn Abbasa: "Yəhudi olsa belə, onu da, bir ana dünyaya gətirib, bir ata ərsəyə çatdırıb. Nəfəs alan, nəfəs verən insan övladı olub",  - cavabını verir. Bu rəvayətin özü də İslam dininin insanlar arasında heç bir fərq qoymadığını, hər bir insana sadəcə olaraq, insan olduğu üçün dəyər verdiyni göstərir. Bunun özü də multikulturalizmə verilən ən yüksək qiymətdir.

İnsanlar məhz bu baxımdan dəyər verildiyinə, əlverişli coğrafi şəraitdə yerləşməsinə  və zəngin təbiəti ilə hələ qədim dövrlərdən ölkəmizin ərazisi bir çoxlarının diqqətini cəlb edib və geniş yaşayış məskəninə çevrilib. Burada Zərdüştlükdən İslam dininə qədər olan bütün dinlərin numayəndələri məskunlaşıblar. Ən maraqlısı odur ki, həmin qədim inancların adətləri, tarixi qədimliyi bu günə qədər də qalır və qorunur. Bu da o deməkdir ki, dini inancların fərqli olduğu və yayıldığı məkanlarda müxtəlif etnosların sülh içində yaşaması multikulturalizmin və tolerantlığın ən yüksək dəyəridir. Bu dəyəri ölkəmizdə  Azərbaycan türkləri ilə bərabər dağ yəhudiləri, tatlar, talışlar, kürdlər, molokanlar, ingiloylar, saxurlar, avarlar, ləzgilər, xınalıqlılar, buduqlular, rutullar, udilər, assiryalılar və qrızlar da bu günümüzə qədər qoruyaraq inkişaf etdiriblər.

Ölkəmizin ən dilbər güşələrindən olan Lənkəran bölgəsi də, öz növbəsində zəngin birgəyaşayış mədəniyyəti və multikultural adət ənənələri ilə seçilir. Artıq neçə əsrlərdir ki, burada Azərbaycan türkləri ilə yanaşı talışlar, ruslar və bir sıra digər azsaylı xalqlar məskunlaşıblar. Lənkəranda yaşayan etnik qrupların nümayəndələri özlərini azərbaycanlı saysalar da, hər bir qrup özünəməxsus fərqli mədəniyyəti, inancı ilə seçilir. Ölkəmizin hər yerində olduğu kimi, burada da fərqli mədəniyyətlər, inanc və adətlər o qədər bir-birinə qarışıb ki, hətta müasir multikulturalizm prinsiplərini belə,  üstələyiblər.

Azərbaycan, məhz bu üstünlükləri ilə dünyada multikulturalizmin carçısı kimi çıxış edir.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.34307909011841