Multikultural turizm seqmenti yaranmalıdır

BBMM-in təşkil etdiyi yay və qış məktəbləri multikultural turizmin formalaşmasında ilkin baza ola bilər

Bu gün Azərbaycan xalqının tolerantlığını, digər xalqlara və mədəniyyətlərə dözümlü yanaşmasını, bizcə, ciddi -cəhdlə, xüsusi vasitələrlə, özəl təqdimatla və metodlardan istifadə etməklə təbliğ etməyə ehtiyac yoxdur, sadəcə olaraq, olanlarımızı dünyaya çatdırmaq kifayətdir. Bəli, sadəcə olanlarımızı başa düşülən tərzdə təqdim etsək, dünyanın sivil kəsimi ölkəmizin unikal bir diyar olduğunu anlayar. Bu baxımdan ölkəmizə səfər edən turistlərdən bir çoxunun tarixi abidələrlə, qədim qalalar və məbədlərlə maraqlanması heç də təsadüfi deyil.

Bu yerdə bir haşiyə çıxaq ki, dünyanın inkişaf etmiş ölkələrində turizm sektoru müəyyən mərhələlərdə ixtisaslaşaraq seqmentlərə bölünür. Məsələn, istirahət turizmi, müalicə turizmi, yüksək texnologiyalar turizmi, təbiət turizmi, tarixi abidələr, qədim qalalar, mağaralar və digər qədim insan məskənləri - tarixi turizm və s. Sadaladığımız bu seqmentlər müəyyən inkişaf mərhələsində ümumi turizmdən ayrılaraq öz seqmenti üzrə ixtisaslaşır və daha səmərəli fəaliyyət göstərir. Məsələn, Yaponiyada ən çox inkişaf edən turizm seqmenti yüksək texnologiyalar turizmidir. Dünyanın müxtəlif ölkələrində buna görə həm həvəskar insanlar, həm də peşəkar alimlər gündoğan ölkəyə səfər məqsədi ilə milyonlarla dollar xərcləyirlər. Bunun üçün Yaponiya illərlə nou-xau sahəsində liderlik edib və bundan yararlanan sahibkarlar tələbatı nəzərə alaraq Avropadan və digər inkişaf etmiş ölkələrdən turlar təşkil edir. Nəticədə, Yaponiyanın texnoloji inqilabı barədə bütün dünya xəbər tutdu və bundan yararlanmağa başladı. Hər bir ölkə bu istiqamətdə baş verənlərə əsaslanaraq işini qurur. Fikrimizcə, Azərbaycanda tarixi turizm seqmentinin ümumi turizmdən ayrılmasının vaxtı çoxdan çatıb. Bu istiqamətdə turizm şirkətlərinin ixtisaslaşması üçün ilkin mərhələdə dövlət tərəfindən stimullaşdırıcı tədbirlərin görülməsi də mümkündür. Respublikamızda əsrlərlə yaşayan xalqların, millətlərin, etnik qrupların və bir kənd-bir millət olan etnosların çoxsaylı abidələri, məbədləri və qalaları mövcuddur. Bu gün təkcə Avropada bu sahəyə maraq göstərən milyonlarla potensial turistlər var. Turizmin bu seqmentinin inkişaf etdirilməsi həm bizi bir tolerant xalq kimi dünyaya tanıdar, həm də turizm şirkətlərimiz ciddi gəlir əldə etmək imkanı qazanar. Hazırda Yunanıstanın tarixi turizm şirkətləri hər il avropalı turislər hesabına on milyardlarla pul qazanır. Onlar bir tərəfdən tarixi abidələrini, digər tərəfdən bir millət kimi özlərini nümayiş etdirir, həm də çox əhəmiyyətli məbləğdə pul qazanırlar. Düşünürük ki, Azərbaycan bu təcrübədən istifadə etməklə, təxminən analoji modeli tətbiq edə bilər.

Respublikamızda tarixi turizmin inkişaf etdirilməsi, hətta, dünyada yeni bir turizm seqmentinin - multikulturalizm turizmi seqmentinin yaranmasına gətirib çıxara bilər. Məsələn, tarixi abidələrimizi ziyarət edən turistə məlumat verəndə ki, filan kəndin ayrıca dili var və dünyanın heç bir yerində bu dildə danışan ikinci toplum yoxdur, bu onlar üçün ciddi marağa səbəb olacaq və ölkəsində digər insanları belə məkanları ziyarət etməyə sövq edəcək. Bu baxımdan, multikultural turizm seqmentinin formalaşdırılması həm Azərbaycan xalqını, həm onun multikultural dəyərlərini təbliğ edər, həm də turizm şirkətləri qazanmaqla iqtisadiyyatımıza müəyyən töhfələr verə bilər.

Onu da qeyd edək ki, hazırda ölkəmizdə belə bir hədəf seçilməsə də, sözügedən istiqamətdə müəyyən işlər aparılır. Məsələn, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkil etdiyi yay və qış məktəbləri ölkəmizdə multikultural turizminin formalaşması üçün ilkin bazanı formalaşdırır. Çünki bu gün yay və qış məktəblərində iştirak edən hər bir şəxs hansısa bir ölkədən və ya bölgədən gəlir, o öz ölkəsinə gedəndə Azərbaycan multikulturalizmi barədə öz fikirlərini həmyerliləri, həmkarları və dost-tanışları ilə bölüşür. Nəticədə, xeyli xarici vətəndaş Azərbaycan multikulturalizmi barədə müəyyən təəssürata malik olur. Gələcəkdə isə həmin vətəndaş Azərbaycana multikultural tur barədə eşidəndə dərhal maraq göstərəcək. Bu nöqteyi-nəzərdən, indi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) həyata keçirdiyi yay və qış məktəblərinin xüsusi önəmi var.

Yeri gəlmişkən, yola saldığımız həftə sonu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yeni onuncu Qış məktəbinə start verib. Bu barədə qurumun internet saytında mütəmadi xəbər bülletenləri yerləşdirilir. Belə xəbərlərdən birində bildirilir ki, fevralın 16-da X Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinin iştirakçıları Qubada dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbə və Quba Soyqırımı Memorial Kompleksində olublar: "Qırmızı qəsəbəyə gələn qonaqlar burada "Altı günbəz" və "Giləki" sinaqoqları ilə yaxından tanış olublar. Qonaqların diqqətinə çatdırılıb ki, buradakı yəhudilər uzun illərdir azərbaycanlılarla birlikdə, sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Dağ yəhudilərinin Quba ərazisində yığcam şəkildə məskunlaşmasının tarixi XVIII əsrin ortalarına təsadüf edir. Quba xanlığına Fətəli xanın hökmdarlıq etdiyi dövrlərdə bütün ətraf ərazilərdə yaşayan yəhudilər buraya köçməyə başlayıblar. Həmin vaxt salınan yəhudi məhəllələrində 10-dan artıq sinaqoq inşa olunub. Qırmızı qəsəbədə yəhudilərin dini icması və milli mədəniyyət mərkəzi fəaliyyət göstərir.

Quba Soyqırımı Memorial Kompleksini ziyarət zamanı isə  Qış Məktəbi iştirakçıları ermənilərin törətdikləri soyqırım haqqında ətraflı məlumatlandırılıblar.

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılan sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırım aktları barədə bir neçə dildə məlumatlar əldə etmək mümkündür. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırım ilə bağlı olduğu müəyyən edilib.

Günün sonunda isə X Beynəlxalq Multikulturalizm Qış Məktəbi iştirakçılarına "Öz xalqını təqdim et" musiqili proqramı təqdim olunub. Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri layihəsi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi" layihəsinin davamı kimi keçirilir. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 21, Azərbaycanın isə 38 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır.

Fevralın 22-dək davam edəcək X Beynəlxalq Multikulturalizm Qış Məktəbində Azərbaycan, Ukrayna, Kolumbiya, Xorvatiya, Hindistan, İraq, Yaponiya, İordaniya, Qazaxıstan, Qırğızıstan, Litva, Monteneqro, Moldova, Nigeriya, Portuqaliya, Rusiya, San-Tome və Prinsipi Demokratik Respublikası, Türkiyə, ABŞ və Braziliya kimi ölkələrin aparıcı universitetlərindən 25 tələbə iştirak edir. Qış məktəbinin iştirakçılarına Azərbaycandakı multikultural durum, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc- yanaşı yaşaması haqqında mühazirələr təqdim ediləcək.

Artıq dəyərli ənənəyə çevrilən multikulturalizm yay və qış məktəblərinin nəticəsi olaraq xaricdə Azərbaycanın gənc dostlarının və onların yaxın çevrəsinin timsalında ölkəmizin haqq işini dəstəkləyən intellektual gənclərdən ibarət ünsiyyət platforması və güclü lobbisi formalaşıb. İntensiv şəkildə davam edən bu proses sübut edir ki, Prezident İlham Əliyevin Azərbaycanın dünyada tanıdılması istiqamətində müəyyənləşdirdiyi hədəflər uğurla reallaşmaqdadır.

Yuxarıda qeyd etdiyimiz kimi, BBMM yay və qış məktəbləri təkcə xalqımızın multikultural dəyərlərinin yayılmasına deyil, bununla yanaşı bir sıra məsələlərə öz müsbət təsirlərini göstərməkdədir. Belə ki, BBMM alt məsələ kimi Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ probleminin çözülməsində Azərbaycanın haqlı mövqeini də yay və qış məktəblərində iştirakçıların nəzərinə çatdırır. Beləcə, BBMM-nın həyata keçirdiyi kiçik həcmli bir layihə həm xalqımızın mənəvi zənginliyini təbliğ edir, həm dövlətimizin haqq işinə töhfə verir, həm də gələcəkdə formalaşaraq iqtisadiyyatımıza qatqı verəcək bir turizm seqmentinin - multikultural turizmin formalaşması üçün məlumat bazası yaradır. Onu da qeyd edək ki, bu turizmin yaranması üçün təkcə sahibkarlar deyil, həm də dövlət müəyyən layihələr həyata keçirməlidir. Məsələn, turistlərin ziyarəti üçün nəzərdə tutulan bütün yaşayiş məntəqələrinin yol və komunikasiya problemləri aradan qaldırılmalı, tarixi abidələr - məbədlər, qalalar və mağaralar restavrasiya edilməli, turistlərin bu yerləri rahat ziyarət etməsi üçün normal şərait yaradılmalıdır. Hazırda bir sıra bu cür yaşayış məntəqələrində qeyd edilən işlər aparılsa da, onların bir qismi hələ də baxımsız vəziyyətdədir. Hesab edirik ki, multikulturalizm turizmi üçün maraqlı olan tarixi yerlərin təmir və bərpa işlərində turizm işirkətləri də maraqlı olmalıdırlar. Çünki gələcəkdə bundan yaxşı pul qazana bilərlər. 

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

1.4743230342865