Əmək bazarı...

Orada məzunlara yer varmı?

 Ölkənin ali təhsil müəssisələrinə cari ildə qəbul olanların siyahısını indi qeyd etsəm, sanıram, dəqiq olmaz. Çünki müəyyən səbəblərdən – ödənişli əsaslarla ali məktəbə qəbul olub, fəqət təhsil haqqını ödəmək imkanında olmayanların təhsildən imtina etməsi, yaxud, test üsulunun mövcud qaydalarına görə, abituriyentin seçdiyi bir neçə ixtisas içində istəmədiyi təhsil ocağına düşməsi və sonradan oxumaqdan vaz keçməsi və s. məqamlar mövcud statistikanı dəyişkən edir. Bu mənada, statistikanın tədris ilinin əvvəlindən sonunadək eyni nöqtədə dayandığını hesab etmək olmaz.

Lakin bəlli səbəblərdən ali təhsilini tamamlamayanlar, onu yarımçıq qoyanlarla birlikdə, universitetlərdən məzun olanlar da çoxdur. Onlara məzun deyirik, çünki bakalavr pilləsindən sonra təhsilini davam etdirənlərin sayı elə də çox olmur. Yeri gəlmişkən, çoxları magistr təhsilini daha çox xarici ölkələrin universitetlərində almağı münasib bilir. Bu məqam müxtəlif səbəblərlə bağlıdır və hazırda mövzumuz da o deyil. Bizi narahat edən məqam ali təhsilin bakalavr mərhələsini bitirəndən sonra məzunların əmək bazarında özünə iş, məşğuliyyət tapmaq problemidir.

Bəli, onun adı problemdir, çünki bu gün universitetdə oxuyan tələbənin yaxın gələcəkdə üzləşəcəyi ən böyük və ümdə məsələnin işlə bağlı olduğunu hamı bilir. Bu gün istənilən təhsil ocağında rəy sorğusu keçirsək, tələbələrin əksər hissəsi işlə bağlı narahatlığının olduğunu dilə gətirər. Onların bu narahatlığı yaşaması da təbiidir, çünki iş yerlərinin məhdud, mütəxəssis çoxluğunun yaşandığı hazırkı dönəmdə yalnız cüzi istisnalar var. Həmin istisnalar da mində-bir mütəxəssisə nəsib ola bilər ki, təhsili bitirən kimi müvafiq işlə təminat, bütövlükdə minlərlə universitet məzununun yalnız xəyal etdiyi məsələdir.

Bu problem əslində, tələbənin öz seçimindən dolayı yaranmayıb, neçə illərdir ali təhsil müəssisələrinin ixtisas siyahısında hansısa köklü dəyişikliklər edilmir. Ali təhsil müəssisələrinin fakültələri, verilən ixtisasların əksəriyyəti bir-birinin eyni, yaxud, müasir dövrün tələblərinə uyğun gəlməyən formadadır. Adlarını çəkməsəm də, əksəriyyət bilir ki, bəzi universitetlərdə bir-birinin tərkib hissəsi olan fakültələr də mövcuddur və əslində, onları bir fakültədə birləşdirmək daha səmərəli olardı. Bu, tələbələrin də xeyrinə olardı, bir fakültədə birləşən oxşar ixtisasların tədrisi gələcəkdə iş yeri tapmaq problemini az da olsa, həll edərdi. Çünki ən azından, əksər iş yerində fərdi qabiliyyətli deyil, çoxsahəli bacarığa malik kadrlar daha çox uğur qazana bilər. Bu və digər məqamlara diqqət yetirilməsi işsizlik probleminin müəyyən həddə həlli demək olardı.

Eyni zamanda, vaxtı keçən ixtisasların hazırda hələ də mövcud olması, əmək bazarında onlara həddən çox tələb olmaması da işsizlik probeminin bir hissəsidir. Misal üçün, kolxoz-sovxoz sistemi ləğv ediləndən sonra, yaranan fermer təsərrüfatlarına müəyyən həddə mütəxəssis gərək oldu. Lakin sovetdənqalma qaydalar hələ də öz sözünü dediyindən, kənd təsərrüfatı təyinatlı ali təhsil müəssisələrinə qəbul qaydalarında da ciddi dəyişiklik edilməyib. Doğrudur, istisnalar həmişə olub və olacaq da. Lakin sözügedən istiqamətli ali məktəblərdə əsaslı şəkildə dəyişiklik olmayıb və bu da ali təhsilli, ixtisaslı kadrların sonunda işsizlik probleminə rəvac verir. Sözügedən təyinatlı ali məktəblər müxtəlif üsullar tətbiq etməklə özünə tələbə ordusu yönəltməyə müvəffəq olmaq istəyir. Misal üçün, xüsusi, əlavə tələbə təqaüdləri təsis etməklə, hətta bəzi hallarda tələbələrə avtomobil hədiyyə edilməsi kimi xəbərlərlə diqqəti özünə yönəltməyə çalışır. Lakin bu, işin əvvəlidir, əsas məsələ daha çox tələbə yığmağa deyil, onların məzun olandan sonra hansı işlə və necə təmin edilməsinə yönəlməlidir.

Beləliklə, təhsil müəssisələri əmək bazarını diqqətdə saxlasa, onunla ayaqlaşan ixtisasların saxlanmasına çalışsa, oxşar fakültələri birləşdirsə, bu qəbildən olan məsələlərə hər il qəbul vaxtı nəzarət etsə, bu, məzunların işlə təminatında böyük irəliləyişə səbəb olar.

Bu probemin həlli istiqamətində bugünlərdə yayılan məlumatın da kağız üzərində qalmaması məzunların iş yeriylə bağlı yaşadığı həyəcana son qoyar. Belə ki, məlumata görə, ali məktəblərdə ixtisaslar əmək bazarına uyğunlaşdırılmalıdır. Yəni 2020-2021-ci illər ərzində tələbə qəbulunda nəzərdə tutulan ixtisasların əmək bazarının tələblərinə uyğunluğunun təmin edilməsi üçün təkliflər hazırlanmalı və bu istiqamətdə tədbirlər həyata keçirilməlidir. Bundan əlavə, Təhsil Nazirliyinə tapşırılıb ki, 2020-2025-ci illərdə təhsil müəssisələri tərəfindən məzunların əmək bazarına adaptasiyasının öyrənilməsi üzrə dövri müayinələrin aparılmasıyla bağlı tövsiyələrin hazırlanmasını təmin etsin.

Təmin etsin, nə deyirik, təki bu addım, bugünün bütün tələbələrinin - qızıldan qiymətli vaxtını, beynini, səbrini təhsilə sərf edən və mütəxəssis adlanacaq sabahın məzunlarının işlə təmin olunmaq arzusunu gözündə qoymasın.

 Nigar Orucova 

0.17583823204041