İtirmək və itirilmək İstəmiriksə

Cəmiyyətdə ailə məsələlərinin bir qədər qapalı hesab olunduğu yaxın keçmişdən fərqli olaraq, hazırda özgə bir olayların, hadisələrin şahidi olmaqdayıq. Bu qədər uzun bir cümlənin yazılmasına səbəb olanların hamısından bu məqamda bəhs etsək, ona söz yetirmək də çətin olar. Lakin hazırda problem kimi qalmaqda olan bəzi məsələlərdən danışmalıyıq ki, cəmiyyətin maariflənməsində, ağrı-acılı, mənfi motivli, son nəticədə, bədbəxt hadisələrin azalmasında, onların baş verməməsində bizim də bir payımız olsun.

Bəli, indiyədək var olan, dünənədək fəxr etdiyimiz, çox hallarda başqa millətlərə, ölkə xalqlarına, sivil cəmiyyətlərin az qala hamısına nümunə göstərdiyimiz ailə dəyərlərimiz sıradan çıxmaqdadır. Müsbət, hərtərəfli məqamların daşıyıcıları bəlkə də dünya üzrə tək-tük millətlərdə qalıb, bəlkə də o dəyərlər çoxdan atrofiyaya uğrayıb. Lakin öz cəmiyyətimizdə sözügedən dəyərlərin daşıyıcıları olduğumuzu qürurla deyirdik dünənədək.

Bu gün isə baş verən hadisələrə, ağlasığmaz olaylara baxdıqca, onların doğrudanmı özgəninki olmadığına, özümüzə aid olduğuna inana bilmirik. İnana bilmirik ki, baş verən mənfiliklərin iştirakçısı və müşahidəçisiyik artıq, qiymətli, ali dəyərlərin daşıyıcıları, bir azərbaycanlı olaraq. Doğrudan da, çox təəssüf.

Hansısa bir ailə başçısı övladlarının gözü qarşısında onların anasını, öz həyat yoldaşını döyürsə, işgəncə verirsə, küçənin ortasında öldürürsə, bu məqamda hansı yüksək dəyərlərdən danışmaq olar? Bir kənddə ki, balaca bir uşağın təhlükəsizliyi öz ailəsinin, qohumlarının, qonum-qonşunun, bir sözlə, kiçik bir kənd əhalisinin gözü qarşısında qoruna bilmirsə, şiddətin ən son mərhələsi yaşanırsa, burda hansısa bir sözə ehtiyac qalırmı? Bir ailədə ki, ta qədimlərdən ağsaqqal-ağbirçək olaraq dəyər verdiklərimizi qocalar, kimsəsizlər evinə yola salmağa çatan qeyrətimiz varsa, görəsən, axırımız hara gedir? O son aqibət hər birimizi gözləmirmi, dəyərlərə bu cür “dəyər” verməkdə davam edəriksə?

Görəsən, biz harda səhv etdik, hansı məqamda yüyəni əldən buraxdıq, cilovu vaxtında çəkə bilmədik? Məcazla dolu olsa da, həqiqət payı birbaşa insana aiddir, biz də həmin şüurlular, ali varlıqlar olaraq, ən vacib, lazımlı, taleyüklü məsələdə əks cəbhədə bizimlə göz-gözə dayananlara, dəyərlərə qarşı olanlara uduzduq.

Məğlub olmaq tək döyüş meydanlarında olmur, mənəviyyat müharibəsindən qalib kimi çıxmağı, nədənsə, əksəriyyətdə bacarmadıq. Onun acısıdır ki, indi ailə deyilən böyük bir dəyəri birdəfəlik itirməyə doğru, az qala hər gün, hər saat “yarışmaqdayıq”. Çünki kriminal xəbərlərin hər sətrində mütləq bir ailə dramının - ölüb-öldürmək, şikəst etmək, yaralamaq ağrısı var.

O xəbərlərə sıradan bir olay, məlumat, hadisə kimi yanaşanlar, onları öz ailəsində hiss etmiş kimi yaşayanlar, yaxud, heç nəyə etina etməyərək, o mənhus xəbərləri qulaqardına vuranlar da var aramızda. Cəmiyyət hər dürlü insanlardan, xarakterlərdən ibarətdir, əslində. Lakin onun nədən və necə təşkil olunması isə, sanırıq, az da olsa, öz əlimizdədir.

Bu mənada, vaxtilə mentallıq qarışıq, əsl ailə institutuna xas, ali dəyərlərdən ibarət hesab etdiyimiz məqamlara yenidən qayıtmalı, adına sivil, müasir zəmanə dediyimizin bəzən heçə çıxarmaq istədiyi istiqamətə dönməli, əsl qiymətliləri dəyərdən düşməyə qoymamalıyıq. O dəyərlərdən ən alisi də cəmiyyətin, dövlətin, millətin gələcəyi olan “kiçik dövlət”lərdir.

O dövlətlər əslində, mahiyyətini təşkil edənlərin həqiqi, birbaşa mənada əsl var-dövləti, gələcəyi, təminatıdır. Çoxları razılaşar, hərtərəfli, ən ali dəyərlərə malik olan “kiçik dövlət”lər olmadan qüdrətli bir dövlətin varlığından da söhbət gedə bilməz. Ən azından, zərrə olmadan, küll törəyə bilməz. Bu mənada, dəyərli zərrələrin vəhdətindən də qüdrətli bir küll yaranar ki, onu da bilə-bilə, görə-görə əlimizdən verməməliyik.

İstənilən səbəbdən, sosial-iqtisadi gərginlikdən, səbirsizlikdən, yaxud, gerizəkalılıqdan, bir sözlə, “ya zəlzələdən, ya da vəlvələdən”, öz dəyərlərimizi itirməməli, onları məhv etməməliyik. Çünki bir hadisə sabah başqa birisinə, ən xırda bir problemin həll edilməməsi daha böyüyünə rəvac verir. Bu gün onlara seyrçi olmaq sabah həmin olayların iştirakçısına, ən son həddə isə qurbanına çevrilmək deməkdir. Ona görə də, hazırda baş verən hadisələri, yayımlanan kriminal xəbərləri sıradan biri kimi, təbii olaraq qarşılamamalıyıq. Onlara məlumat, yenilik, dünya-aləmdən xəbər tutmaq kontekstindən deyil, insan, cəmiyyət olaraq yanaşmalıyıq.

Doğrudur, qayım-qədim adət-ənənəmizi, mədəniyyətimizi, mənəviyyatımızı, dünyada qürur mənbəyimiz olan möhkəm, təməlli ailə dəyərlərimizi, sonunda insanlığımızı qeyb etmək, itirmək istəmiriksə.…

 Nigar Orucova 

0.32362794876099