Bu gün dünyanın ən böyük mənəvi ehtiyacı tolerantlıq və multikulturalizmdir

Azərbaycançılıq məfkurəsi ölkəmizdəki bütün konfessiya və etnosların həmrəylik və anlaşma içində birgəyaşayışının təminatçısıdır

Qloballaşan dünyamızın siyasi leksikonunda mühüm yer tutan multikulturalizm milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olmaqla, müasir dövrümüzdə həm də Azərbaycan dövlət siyasətinin prioritet istiqamətlərindən birinə və xalqımızın həyat tərzinə çevrilib.

Multikulturalizm ilk növbədə bir çox fərqli mədəniyyətlərin bir arada yaşadığı cəmiyyət mənasını özündə ehtiva edir. Multikulturalizm həm ayrıca götürülən ölkədə, həm də bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunmasına, inkişafına, həmrəyliyinə, eləcə də azsaylı xalqların, dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəlik bir siyasətdir. Multikulturalizm humanist və demokratik nəzəriyyə, yaxud ideologiya olaraq həm də tolerantlığı özündə əks etdirir. Belə olmasaydı yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq kimi ideyaların da gerçəkləşməsi mümkün olmazdı. Müasir dünya siyasətində mühüm yer tutan "Multikulturalizm" termini siyasi leksikonumuza ilk dəfə keçən əsrin 60-cı illərində Kanadada daxil olub. Daha bir müddət sonra -1970-ci ildə - Avstraliyada İmmiqrasiya naziri vəzifəsində çalışan Al Kresbi bu anlayışı siyasi arenaya gətirib. Nazir o dövrdə anglo-saksonlarla yeni avstraliyalılar arasında mövcud olan anlaşılmazlığı və nifaqı aradan qaldırmaq məqsədi ilə 1979-cu ildə Mədəni Müxtəlifliyin Problemləri üzrə Avstraliya İnstitutunu, 1987-ci ildə isə Multikulturalizm Problemləri Komitəsinin yaradılmasına nail olub. Bu da öz növbəsində, Avstraliya dövlətinin immiqrasiya siyasətində mühüm rol oynayaraq, onun irqçilikdən multikulturallığa qədər inkişaf etməsində mühüm rol oynayıb.

Qitələrin qovşağında yerləşən Azərbaycan dövləti əsrlər boyu fərqli sivilizasiyaların bir araya gəldiyi, mədəni müxtəliflik mühitinin formalaşdığı, müxtəlif millətlərin və konfessiya nümayəndələrinin sülh, anlaşma və dialoq şəraitində yaşadığı məkan olub. Bunu şərtləndirən əsas amil isə onun əlverişli coğrafi şəraiti, təbii imkanları, münbit və bərəkətli torpaq, ən əsası isə Azərbaycan xalqının səmimiyyəti, qonaqpərvərliyi və tolerantlığı olub. Bütün bu dəyərlər ta qədim dövrdən bu günümüzə qədər daha da inkişaf edərək ölkəmizin ərazisində mükəmməl bəşəri birgəyaşayış nümunəsini yaradıb ki, ona da biz multikulturalizm deyirik. Bütün bu dövr ərzində heç kimsənin milli-mənəvi baxımdan assimilyasiyası ilə üzləşməməsi, əksinə, dini və milli-etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsin mövcud mədəni zənginlikdən bəhrələnməsi də Azərbaycan xalqının tolerantlığının təzahürüdür.

Onu da qeyd etmək lazımdır ki, qədim dövlətçilik tarixinə malik olan Azərbaycanda milli adət-ənənələrin tərkib hissəsi olan multikulturalizm həm də ailə-məişət məsələlərindən tutmuş, dövlət idarəçiliyinədək müxtəlif sahələri əhatə etməklə uzun inkişaf yolu keçib və daha mükəmməl bir forma alıb.

Azərbaycan tarixinin qədim dövrünə nəzər salsaq görərik ki, hələ XV əsrdə dövlətimizin tarixində mühüm rolu olan Ağqoyunlular İmperatorluğunun hökmdarı Uzun Həsən islam inanclı, türksoylu bir dövlət başçısı olmasına baxmayaraq, xristian əsilli Trabzon imperatorunun qızı Teodra xanımla (ailə qurduqdan sonra Dəspinə xatun kimi tanınıb) ailə qurub. Bunun özü də, hələ o dövrdə Azərbaycanda tolerant düşüncənin və multikulturalizmin ən yüksək səviyyədə olduğunun göstəricisidir.

Digər bir misal, Azərbaycanda Səfəvilər İmperatorluğunun əsasını qoyan Şah İsmayıl Xətainin dönəmində dövlətin idarə olunmasında mühüm rol oynayan 74 saray əyanından 5 nəfərinin imperiya ərazisində yaşayan digər xalqların nümayəndələri olması da, tolerantlığa və multikulturalizmə hətta dövlət idarəçilik sistemində belə, xüsusi diqqət ayrıldığını göstərir.

XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin bərqərar olduğu dövrdə də, digər millətlərin, xalqların nümayəndələrinə ən yüksək səviyyədə tolerant yanaşmanın şahidi oluruq.  Məlumdur ki, o dövrdə ermənilər tərəfindən xalqımıza qarşı məqsədli şəkildə soyqırım siyasətinin həyata keçirilməsinə baxmayaraq,  parlamentdə 21 erməni, 10 rus, 1 alman, 1 yəhudi nümayəndəsi təmsil olunub. Sayları çox az olmasına rəğmən, parlament seçkilərində iştirak etmək hüquqları olmadığı halda, gürcülərin və polyakların da hərəsinə bir deputat olmaqla parlamentdə təmsil olunmaq imkanı yaradılıb.

Bütün bunlar Azərbaycan xalqının və dövlətinin öz vətəndaşlarına tolerant və multikultural yanaşmanın ən gözəl nümunəsidir. 

Azərbaycan xalqı 70 il totalitar sovet rejiminin əsarəti altında yaşadığı dövrdə belə,  digər milli-mənəvi dəyərlərimizlə yanaşı, multikultural dəyərlərimizi də qoruyaraq və  yaşadaraq, bu günümüzə qədər gətirib çıxarmağa müvəffəq olub.

Müstəqilliyin ilk illərindən özünün milli-mənəvi və dini dəyərlərinə qayıdış imkanlarından istifadə edən Azərbaycan xalqı, bu gün artıq bu sahədə böyük təcrübəyə malikdir. Bu da ona dünyanın ən mötəbər beynəlxalq təşkilatlarından olan -İslam Əməkdaşlıq Təşkilatı və Avropa strukturlarına üzvü olmaq imkanı verib. Hazırda Azərbaycan Respublikası bu təşkilatların ən fəal üzvü kimi mədəniyyət, din və sivilizasiyaların dialoqunun inkişaf etdirilməsinə yönəlik mühüm layihələrin, qlobal təşəbbüslərin, beynəlxalq forumların həyata keçirilməsində fəal iştirak edir.

Dünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Humanitar Forumu, Bakı Qlobal Forumu kimi tədbirlərin ölkəmizdə keçirilməsi də, Azərbaycanın bu sahədə böyük təcrübəyə malik olduğunu deməyə əsas verir. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun ölkəmizin paytaxtı Bakıda keçirilməsi də, həmin təcrübəni daha bir dünya miqyaslı tədbirlə zənginləşdirdi. Tədbirin məhz Bakıda keçirilməsi ilə bağlı qərar isə hələ 2014-cü ilin sentyabrın 26-da BMT Baş Assambleyasının 69-cu sessiyasında qəbul olunub. Bu da heç şübhəsiz ki, dünya birliyinin Azərbaycana yüksək etimadının və ölkəmizdəki multikultural mühitə münasibətinin açıq təzahürüdür.

Son illər dünyada baş verənlər onu deməyə əsas verir ki, bu gün dünyanın ən böyük mənəvi ehtiyacı qarşılıqlı şəfqət, xeyirxahlıq, anlaşma, dialoq, bir sözlə, tolerantlıq və multikulturalizmdir. Bütün bu dəyərlər tarixən bu torpaqda, son tikəsini qonşusu, qonağı ilə bölüşəcək qədər tolerant olan Azərbaycan xalqının mental xüsusiyyətində öz əksini tapıb. Buna görə də müasir dünyamızın hər yerindən tədqiqatçıların, siyasətçilərin, dövlət və din xadimlərinin tolerantlıq mühitinin nümunəsini görmək, dialoq yollarını birləşdirmək, mədəniyyətləri bir araya gətirmək üçün multikulturalizmin Azərbaycan modelinə müraciət etmələri də təsadüfi sayıla bilməz. Çünki Azərbaycanda zamanın sınağından keçmiş bir mənəviyyat qatı mövcuddur. Azərbaycanda mövcud olan multikultural dəyərlərin qaynağı da bu qatdadır.

Bu qatdan həm də  XX əsrin əvvəlində milli dəyərləri saxlamaqla modernləşmə xətti seçən ziyalılar da yararlanıblar. Xalqımızın böyük mütəfəkkiri Əli bəy Hüseynzadənin "türkçülük, çağdaşlıq və islamiyyət" məfkurəsi üzərində qurulan Azərbaycan Xalq Cümhuriyyətini sivilizasiyalararası dialoqun bir ölkə timsalında təcəssümü kimi qəbul etmək lazımdır. Məsələyə məhz bu kontekstdən yanaşan xalqımızın Ümummilli Lideri Heydər Əliyev Cümhuriyyət qurucularını minnətdarlıq hissi ilə yad edərək deyib: "Müsəlman dünyasında ilk parlamentli respublika yaradan Azərbaycan xalqı bununla əsrlərin ziddiyyət girdabında olan Qərb-Şərq münasibətlərinə yeni tarixi örnək verib. Cümhuriyyəti yaratmaq üçün Azərbaycanda o dövrdə böyük bir ziyalı dəstəsi meydana gəlib. Onların əksəriyyəti Avropada təhsil almış, dünya mədəniyyətini mənimsəmiş insanlar olublar. Onlar milli şüurun oyanmasına, milliliyin yüksəlməsinə böyük xidmətlər göstəriblər".

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu, müstəqil respublikamızın dünya birliyinə inteqrasiyasının, yeni inkişaf strategiyasının banisi olmaqla, həm də Azərbaycanda multikulturalizmin dövlət siyasətinə çevrilməsinin əsasını qoyan bir şəxsiyyətdir. 1993-cü ildə Azərbaycan xalqının tələbi və təkidi ilə yenidən hakimiyyətə gələn Ümummilli Lider elə həmin ilin 15 iyununda  Milli Məclisdəki ilk çıxışında bu məqamı xüsusi vurğulayaraq deyib: "Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Azərbaycanın ən başlıca sərvətlərindən biri qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən insanlardır. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Azərbaycanlı sözü bizi həmişə birləşdirib".

Ulu Öndər Heydər Əliyevin azərbaycançılığı ümummilli ideologiya olaraq irəli sürməsi də, onun Azərbaycan dövlətçiliyinə göstərdiyi tarixi xidmət, eləcə də ölkə vətəndaşlarına dərin hörmət və ehtiramının nəticəsidir. Çünki azərbaycançılıq məfkurəsi ölkəmizdəki bütün konfessiya və etnosların həmrəylik və anlaşma içində birgəyaşayışının təminatçısıdır.

Azərbaycançılıq ideologiyası həm də ksenofobiya və özünütəcrid üzərində köklənən erməni-daşnak ideologiyasının tam əksinə olaraq mütərəqqi bəşəri dəyərləri özündə təcəssüm etdirir. Bunun da kökündə başqa xalqlarla sülh içində yaşamaq, multikulturalizm və tolerantlıq fəlsəfəsi durur.

Bu gün dünyada elə bir sosial-siyasi mühit formalaşıb ki, bir çox hallarda sürətlə dəyişən hadisələri əvvəlcədən proqnozlaşdırmaq və qiymətləndirmək sadəcə mümkün olmur. Çünki bunun səbəbi milli, mədəni, ideoloji və dini ziddiyyətlərin gündən-günə artmasıdır. Bu hadisələrin qarşısının alınması üçün dünyanın hər yerində tolerantlıq, mehriban birgəyaşayış, qarşılıqlı anlaşma və multikulturalizmin təbliği mühüm rol oynayır. Eyni zamanda onu deməyə əsas verir ki, bəşəriyyətin gələcəyi mədəniyyətlərin dialoqundan, ünsiyyət və anlaşmadan, tolerant və multikultural dəyərlərə münasibətdən asılıdır.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.82124304771423