Seçki bitdi - davammı, tamammı?

Saxtakarlara ictimai qınaq güclənib

Ötən yazıların birində Azərbaycanda keçirilən erkən parlament seçkisinin aktiv seçki hüququnun reallaşdırıldığı mərhələyə qiymət vermişdik. Ölkədə aktiv seçki hüququnu 1314 nəfər reallaşdıra bildi, yəni səsvermə mərhələsinədək bu qədər vətəndaş namizəd kimi qeydiyyatdan keçib, adını səsvermə bülletenlərinə yazdıra bildi. Həmin yazıda vurğulamışdıq ki, sözügedən mərhələ bir sıra müsbət özəllikləri ilə əvvəlki seçkilərdən fərqlənir. Bu fərqlər ölkə vətəndaşlarında - seçicilərin azad və ədalətli keçiriləcəyinə ümid yaratdı. Lakin erkən parlament seçkisinin səsvermə günü respublikanın bütün dairələrində total saxtakarlıqlarla müşayiət olundu. Bəlkə də əvvəlki seçkilərdə bunlardan daha genişmiqyaslı saxtakarlıqlar olub, amma indi smartfon telefonların və sosial şəbəkə platformalarının populyar olduğu bir dönəmdə reallaşdırılan saxtakarlıqlar daha çılpaqlığı ilə cəmiyyətə çatdırıla bilir. Seçki təcrübəsi olan bir şəxs kimi, sosial şəbəkə platformalarında yayılan video-çarxlarda izlənilən heç bir saxtakarlıq hərəkətləri bizi təəccübləndirmədi. Atalar yaxşı deyib, "Köhnə hamam, köhnə tas" - 2003-2005-ci illərdə vətəndaşların səsləri hansı üsullarla saxtalaşdırılırdısa, bu seçkidə də həmin metodlardan yararlandılar. Elə məntəqələr oldu ki, orada komissiya ümumiyyətlə, səsləri məntəqədə saymadı, sadəcə DSK-da sifariş əsasında saxta yekun protokolu tərtib edildi. Bu hal o məntəqələrdə baş verdi ki, orada gün ərzində müşahidəçilər komissiyanın saxtalaşdırma aparmasına imkan verməmişdi. Ümumi mənzərə onu deməyə əsas verir ki, əvvəlki illərdə olduğu kimi hökumət arzuladığı adamlara mandat vermək üçün iki qrup insanlardan istifadə edib. Bir tərəfdən dövlət idarə və müəssisələrində, bir sıra özəl sektorda işləyib yaxşı maaş alan insanları həm öz adlarından, həm də "karusel" əməliyyatı vasitəsi ilə arzuolunan namizədin xeyrinə seçkini saxtalaşdırmaq hədəflənib, digər tərəfdən isə məntəqə komissiyasına nəyin bahasına olursa-olsun iqtidarın arzuladığı namizədi qutudan çıxarmaq tapşırığı verilib. Yəni hakimiyyət komandası (seçki komissiyalarının üzvləri də, zatən bu komandaya aiddirlər) istədiyi namizədə mandat vermək üçün ikitərəfli qaydada işləyərək erkən parlament seçkisini bütün dairələr üzrə saxtalaşdırdı. Sadəcə olaraq əksər dairələrdə namizədlərin sayı çox olsa da, onların böyük əksəriyyətinin nə seçki təcrübəsi vardı, nə də saxtakarlıqları rəsmiləşdirməyi, görüntüyə almağı bacaran müşahidəçilərə malik deyildilər. Hazırda ortada olan təsdiqlənmiş faktlar seçki təcrübəsi olan, savadlı müşahidəçilər cəlb edə bilən azsaylı namizədlərin əməyinin nəticəsidir. Qeyd edək ki, "baykot" qərarı verib, münəccimlik edən müxalifət qanadı -Milli Şuranın namizədləri və digər layiqli müstəqil namizədlər seçkiyə qatılsaydı, bu gün 125 dairə üzrə ortada tutarlı faktlar olardı.

 Bu erkən parlament seçkisində iqtidara ən gərəkli "ayı xidməti"ni məhz Milli Şura göstərdi, demokratikləşmə yolunda növbəti addımın atılmasına yaranacaq şəraitin yetişməsi üçün bir kompanet kimi özünü kənarda qoydu. Təsəvvür edin ki, bütün müxalifət və digər nüfuzlu, parlamentə real iddialı olan vətəndaşlarımız seçkiyə qatılır və bütün məntəqələrdəki saxtakarlıqları sənədləşdirərək MSK-ya təqdim edir. Bu halda sözsüz ki, iqtidar seçim qarşısında qalacaqdı və saxta seçkilərin nəticəsini ləğv edərək demokratik seçki keçirməyə qərar verəcəkdi. Onu da xüsusi qeyd edim ki, Azərbaycan cəmiyyəti demokratik seçki keçirməyə heç vaxt bu qədər yaxın olmamışdı.

Bir çox namizədlər də var ki, həm özü deputatlığa layiq namizəddir, həm çox yaxşı seçki təbliğatı aparıb, həm də iqtidar komandasının müəyyən üzvlərindən xeyir-dua da alıb, lakin seçki saxtalaşdırılaraq mandatı oğurlanıb. Belə namizədlər öz , pozulmuş hüquqları uğrunda açıq mübarizə apara bilmir. Çünki onların iqtidara bağlılığı var və  cəzalandırıla bilərlər. Bu qisim namizədlər sən demə, qəsdən inandırılaraq seçkiyə göndərilib ki, cəmiyyətdə seçki mühiti görüntüsü formalaşsın. Bu cür aldadılan namizədlər daha pis vəziyyətdədir -həm aldadılıblar, həm də hüquqlarının müdafiəsi üçün addım ata bilmirlər. Necə deyərlər, "yuxarı tüpürürsən  bığ, aşağı tüpürürsən   saqqal..." Atalar yaxşı deyib, "hər zərərdə bir xeyir var". Azərbaycan xalqı bu zərərdən də bir xeyirlə çıxdı. Ümid edirik ki, ölkəmizdə azad və ədalətli seçki sisteminin formalaşacağı gün uzaqda deyil, cəmiyyət artıq buna hamilədir.

O ki qaldı, səsvermə günü həyata keçirilən saxtakarlıqlara və cəmiyyətin buna reaksiyasına, bu məsələdə də ciddi irəliləyişlər müşahidə olunur. İndiyə qədər saxtakarlıq edən komissiya üzvləri cəmiyyət tərəfindən kəskin qınağa tuş gəlməmişdi. İndi saxtakarlıq edən komissiya üzvləri sosial şəbəkələrdə ifşa edilir və ağır ifadələrlə təhqir olunur. Bunu isə onların ailə üzvlərinin əksəriyyətinin izləmək imkanları var. Hətta, bir məntəqədə seçki komissiyasının sədri seçki gününün axşamı istefa verərək, saxtakarlığa əl qoymaq istəmədi. Çünki o, əvvəlcədən bilirdi ki, saxtakarlığa əl qoysa cəmiyyətin buna reaksiyası kəskin olacaq. Nəzərə alsaq ki, seçki komissiyasının üzvlərinin əksəriyyəti qadın müəllimələrdir, cəmiyyətdən gələn ağır reaksiyaların təsiri bir qədər də güclənir. Bu tendensiya ailələrdə ciddi problemlərin yaranmasına səbəb olsa da, cəmiyyətdə seçki saxtakarlığını qeyri-adi qəbahət kimi qəbul edilməsinə təkan verir. Məsələn, şəxsən tanıdığım, Sabunçuda olan komissiya üzvü olan bir müəllimə sosial şəbəkələrdə təhqirlərə məruz qaldığına görə, ailəsi dağılmaq ərəfəsindədir. Həyat yoldaşı əvvəl bu təhqirlərə cavab verməyə çalışıb. Lakin geniş auditoriyanın ona qarşı gəldiyini görəndə arvadını boşamaqdan başqa çarə tapa bilməyib. Düşünürük ki, belə hallar kifayət qədərdir və bu tendensiya gələcəkdə öz təsirini göstərəcək.

Son olaraq qeyd edək ki, Azərbaycan cəmiyyətinin erkən parlament seçkisində qazandığı yeni dəyər ondan ibarət oldu ki, insanlar seçki saxtakarlığını ciddi əxlaqi qəbahət kimi qəbul etdi - bu saxtakarlığı edənlər isə ağır ictimai qınağa tuş gəldilər. Əvvəlki illərdə isə insanlar seçki saxtakarlıqlarına biganə yanaşır, belə də olmalı imiş kimi həzm edirdilər. İndi isə vəziyyət tamamilə dəyişib. Azərbaycan xalqı artıq qəflət yuxusundən oyanmaq üzrədir.  Görünür, mövcud hakimiyyət də, artıq bu tendensiyanın qarşısını almaq iqtidarında deyil.

 Akif Nəsirli

0.098786115646362