Vaqif Əliyevin qohumu Nicat Qarayev ölkədən niyə qaçıb?

Xüsusi ilə külli miqdarda dələduzluqda ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. Onun zərərçəkmişlərə vurduğu maddi zərər milyonlarla manat dəyərindədir.

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi ilə külli miqdarda dələduzluqda ittiham edilən Qarayev Maarif Nicat oğlunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Eldar Ismayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmiş Quliyev Elçin Rəhim oğlu ifadə verib.

O deyib ki, Nicat Qarayevlə dostluq münasibətləri olub. İş qurmaq üçün Nicat Qarayevə hissə-hissə olmaqla 110 min manat verib.

Elçin Quliyev qeyd edib ki, Nicatı Ramil Nəsirov vasitəsi ilə tanıyıb.

"Nicat deyirdi ki, xalasının əri Vaqif Əliyev onlara dəstəkdir. Xalası oğlu Orxan Əliyev vasitəsi ilə bu işləri gördüyünü, "AZFEN" şirkətinin tenderlərini udacaqlarını və görüləcək iş qarşılığında bizə də faiz verəcəyini dedi. Şirkətin fəhlələrinə geyim və digər avadanlıqlar alınacaqdı. Bu işlər mənim və digər şəxslərin verdiyi vəsaitlə görüləcəkdi. Əldə edilən qazancdan bizə də faiz veriləcəkdi"- deyə zərərçəkmiş bildirib.

Zərərçəkmiş deyib ki, Nicata verdiyi 110 min manatdan 20 minini geri alıb.

Suallara cavab verən Elçin Quliyev bildirib ki, Nicat Qarayev pulları vaxtında qaytarmayıb və ölkədən qaçıb: "Problemlər yaranmağa başlayanda mən Nicatın səsini yazdım. Orda mənə deyirdi ki, pullar əmisi oğlu Orxandadır. Orxan pulları qaytarmadığı üçün camaatın pulunu qaytara bilmir".

Nicat Qarayev deyib ki, Elçin Quliyevdən qeyd edilən məbləğdə pul almayıb: "Mənə cəmi 70 min pul verib".

Elçin Quliyev söyləyib ki, evini sataraq, bankdan kredit götürərək Nicata 110 min manat verib: "Mənə 20 min qaytarılıb. Telefonda da danışanda özü 110 min aldığını təsdiqləyib. Səs yazısını məhkəməyə təqdim edə bilərəm. Mən ondan aldığım 20 mini qazanc kimi yox, öz pulundan silirəm. Mənə dedi ki, sənin 110 minini qaytaracam. Dedim ki, öz pulumu ver. 20 min almışam, 90 min qalır. Heç qazancı istəmirəm".

Prosesdə zərərşəkmiş Arif Qasımov da ifadə verib. Arif Qasımov ümumilikdə Nicat Qarayevə 363 min 700 manat pul tələb edir.

"Mən Nicatı bacanağım vasitəsi ilə tanıyıram. Onun bircə dəfə də olsun yalan danışdığını, səhv işini görməmişəm. İş görmək üçün iki ilə yaxın pul vermişəm. Həmişə də qazancı ilə geri qaytarıb"- deyən zərərçəkmiş söyləyib ki, qeyd edilən məbləğin bir hissəsi özünündür.

Arif Qasımov bildirib ki, Nicat Qarayev ona verdiyi pulun miqdarının 5-7 faizi qədər də qazanc qaytarırmış: "Mən özüm qızıl alveri ilə məşğul olurdum. Mənə dedi ki, qızılları sat, bu işə qoy. Mən həm öz pulumu, həm də başqalarınından aldığım pulu Nicata vermişəm. Telefon danışıqlarımızda bütün bunlar qeyd edilib".

Məhkəmə tərkibində olan hakimlərdən Samir Əliyev zərərçəkmişə deyib ki, onlar pulu Nicat Qarayevə faizlə verib.

Arif Qasımov qeyd edib ki, heç vaxt faizə pul verməyib: "Bu qazanc idi. Heç kim deyə bilməz ki, mən faizə pul vermişəm".

Nicat Qarayev ittihamı qəbul etməyib. Deyib ki, Arif Qasımovun pullarını qazancı ilə birlikdə geri qaytarıb.

Zərərçəkmiş Əlikram Eyvazov ifadə verən zaman deyib ki, bu tayfa ölkə içində ölkə yaradıblar. "Mən Vaqif müəllimə özüm şəxsən zəng eləmişəm. Dedim ki, Nicat başqasının pulunu aldığı üçün işdən qovulub. Siz onu yenidən işə götürmüsünüz. Vaqif müəllimə dedim ki, işçilərimiz siz cavandehsiniz. Mənə dedi ki, öz işimdir, özüm bilərəm".

Arif Qasımov 122 min manat pulunu tələb etdiyini deyib. Amma Nicat Qarayev bu zərərlə razılaşmayıb.

Zərərçəkmiş deyib ki, qohumları Nicatın arxayın ediblər: "Bu adam elə bilir ki, hər şey belə də gedəcək. Nicat, sən elə bilirsən ki, belə də qalacaq? Bu ölkədə ədalət var. Biz 17 səfirliyə müraciət də yazmışıq. Əıbəttə ki, sən cəzasız qalmayacaqsan, sənə 12 il cəza veriləcək".

Hakim Eldar İsmayılov qeyd edib ki, heç kim məhkəmənin obyektiv qərar çıxaracağına şübhə etməsin: "Özünüz də dediniz ki, bu ölkədə ədalət var. Bura da məhkəmədir və ədalət mühakiməsi aparılır. Siz hara şikayət etsəniz də məhkəməyə göndəriləcək. Əvvəldən də demişəm ki, heç kim məhkəmənin ədalətli və obyektiv qərar çıxaracağına şübhə etməsin".

İttihamda yazılır ki, Nicat Qarayev 05.06.2017-ci il tarixdən 24.06.2019-cu il tarixədək “Azfen” birgə müəssisəsinin “Azf-099” layihəsinin texniki ofis mühəndisi vəzifəsində işləyib.

Nicat Qarayev bu müddət ərzində “Scanex Enterprises Limited” xarici şirkətinin Azərbaycanda fəaliyyət göstərən filialı vasitəsilə “Azfen” BM üçün işlər gördüyünü və xidmətlər göstərdiyini, həmin işlərə yatırılmış vəsaitdən 45 gündən sonra 20% gəlir əldə edildiyini, sərmayə yatırdığı halda işin yekununda 7% gəlir ödəniləcəyini vəd edərək ayrı-ayrı şəxslərdən külli miqdarda pul alıb.

Belə ki, Nicat Qarayev ayrı-ayrı şəxslərdən aldığı pulların qarşılığında onlara müəyyən qədər gəlir verib. Bununla da onların etibarını qazanıb. Lakin sonradan aldığı pulları qaytarmayaraq dələduzluq edib.

İttihamda göstərilir ki, Nicat Qarayev Eyvazov Raman Əlikram oğluna qarşı 478.283 manat, Eyvazov Əlikram Mirzəxan oğluna 122.317, Qasımov Arif Məhərrəm oğluna 363.700 manat, Çıraqov İlqar Okean oğluna 125.520 manat, Nəsirov Ramil Eldəniz oğluna 200.000 manat, Musayev Sərxan Mətləb oğluna 1.929.500 manatlıq dələduzluq edib. Bu iş üzrə daha bir neçə zərərçəkmiş var.

Törətdiyi əmələ görə Nicat Qarayevə qarşı Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Elan olunmuş ittihamla Nicat Qarayev özünü qismən təqsirli bilib, deyib ki, zərərçəkmişlərin özlərini tanımır və bəzi zərərçəkmişlərin dediyi məbləğlər şişirdilib.

Məhkəmə araşdırması davam etdirilir.

Mənbə Musavat.com 

1.5786159038544