Bizi sona aparan sonsuz liderlər

"Avropasayağı" həyat tərzi Azərbaycanda özünü xüsusi əlamətləri ilə göstərir

Artıq bir neçə yazını bir qədər qlobal məsələlərə həsr etmişik. Bu, nə təsadüfdür, nə də kiminsə sifarişi. Sadəcə olaraq, istərdik ki, ölkə vətəndaşları məsələlərə bir qədər qlobal rakursdan baxmaq təcrübəsinə malik olsun. Diqqətinizə çatdırım ki, dünyanı bir mərkəzdən idarə etməyi qarşısına hədəf qoyan qüvvələrin qarşısında dayanan ən böyük maneə dini inanclar - ümumiyyətlə təkallahlılıq, milli-mədəni bağlar və ailə institutudur. İslam dini və bu dinin yayıldığı ərazilərdə formalaşan ailə institutu bu qüvvələri xüsusilə narahat edir. Çünki digər dini inancların (xristianlıq və iudaizm) populyar olduğu ölkələrdə bu dinin daşıyıcılarını alkoqollu içkilərin qəbuluna dində icazə olduğuna inandıra biliblər. Məsələn, Rusiyada hakim din xristianlıq olsa da, bu dinin daşıyıcıları alkoqollu içkilərin qəbulunu dini baxımdan məqbul sayırlar. Hətta, dəfn və digər dini mərasimlərdə belə, alkoqollu içkilər qəbul edirlər. Halbuki təkallahlı dinlərin hamısında ağlı başdan çıxaracaq hər bir qida və içki qadağan edilib. Bu qadağanı digər dinlərdə "aradan qaldırmağa" nail olsalar da, İslam dinində bunu etməyi, sadəcə olaraq bacarmayıblar. Amma əsrlər boyu İslamın insanlığa zərbə vura biləcək hərəkətlərdən çəkindirən bu və ya digər qadağalarının (haramların) aradan qaldırılması istiqamətində intensiv işlər gedir. İslamda yaranan bir çox təriqətlərin də hədəfi məhz budur. Ona görə ki, İslamın qadağaları (haramları) həm toplumun, həm də ailə institutunun monolitləşməsinə, insan həyatının daha rəvan məcrada davam etməsinə xidmət edir. İslamın yalnız ağlı başdan çıxaran nəsnələri (o cümlədən də alkoqolu) qadağan (haram) buyurması, yuxarıda qeyd etdiyimiz qüvvələrin işini pozur, onlara ciddi əngəllər yaradır. İslam fəlsəfəsi ailəni cəmiyyətin mono-elementi sayır, hansı ki, cəmiyyət onun toplumundan formalaşır. Lakin alkoqollu içki içməyən, həyatını ayıq başla, ailəsinə sadiq - zina etmədən yaşayan insanların yer üzündə çoxalması dünyanı bir mərkəzdən idarə etmək istəyən qüvvələrin işinə yaramır. Bu səbəbdən də həm yeni dini təriqətlər, həm də beynəlxalq qeyri-hökumət təşkilatları vasitəsi ilə İslam dünyasında bu dəyərləri yerlə- yeksan etmək istəyirlər. Ailə sözügedən dəyərlərin şah əsəri sayılır, o üzdən də bu gün əsas strateji hədəf ailədir.

Ailə institutunun deqradasiyaya uğradılması - dağıdılması istiqamətində aparılan iş yalnız cəmiyyətin içərisində deyil, həm də idarəetmə pramidalarının ən yüksək pillələrində belə, sürdürülür. Məsələn, bizim nümunə götürməli olduğumuz demokratik və inkişaf etmiş ölkələrə liderlərin seçilməsində cəmiyyətə məlum olmayan, yazılmayan qanunlar hökm sürür. Belə kürsülərə adətən ailəsi olmayan şəxslərin yiyələnməsinə çalışılır. Düzdür, bu bəzən alınmır. Amma bu alt-sistem həmişə çalışır, ailəsi olmayan və ya dağılan şəxslərə daha çox üstünlük verilir. Bu gün, artıq həmin siyasətin nəticələri ortadadır. Məsələn, Almaniya Federativ Respublikasında hökumət başçısı, kansler Angela Merkel, Fransa Prezidenti Emmanuel Makron, Şotlandiyanın Birinci naziri Stercen Danimarka, Niderlandın baş naziri Mark Rutte, İsveçin baş naziri Yon Fredrik Raynfeldt, Lüksemburq Baş Naziri Ksavye Bettel və Avropa Komissiyasının sədri Jan-Klod Yunkerin övladı yoxdur. Bu insanlar müxtəlif vaxtlarda kiminləsə yaşayıb, bəlkə də bioloji olaraq övladı var, lakin onlar heç vaxt övlad qayğısı çəkməyib, gələcəklə deyil, bu günlə yaşayan insanlardır. Bu siyahını bir qədər də genişləndirmək olar. Məsələn, hamının yaxşı tanıdığı, bir neçə ay əvvəl görəvdən alınan - istefa verən Böyük Britaniyanın eks baş naziri Tereza Mey də bu sıradan olan liderlərdəndir. Baxın, özü bu günlə yaşayan liderlər bizi hansı gələcəyə apara bilər? Nəzərə alın ki, onlar hələ bizim yox, bizim həyatlarına həsədlə baxdığımız avropalıların liderləridir. Avropa cəmiyyətlərinə belə liderləri həzm etdirmək ona görə asan olur ki, burada ailə institutu demək olar ki, artıq sıradan çıxarılıb. Hazırda Avropada ailə ənənələri, əsasən müsəlman və müsəlman mənşəli insanlar arasında qorunub saxlanılıb. Avropa cəmiyyətində isə onları mühafizəkar damğası ilə qaralayırlar.

Müasir mərhələrdə ailə institutunun dağıdılmasına yönəlik siyasət bütün dünyada inkişaf etməkdədir. Son zamanlar bu, Azərbaycanda da özünü bütün çılpaqlığı ilə göstərməkdədir. Hamının gözü önündə gənclər avropasayağı həyat tərzinə daha çox meyillənməkdədir. Konkret götürsək, "avropasayağı" həyat tərzi Azərbaycanda xüsusi əlamətləri ilə tanınır. Bunun üçün bütün milli-mənəvi dəyərlərlə vidalaşmaq - öz dəyərlərini yaratmaq, 18 yaşından sonra həyatını qurduqda ailə üzvlərinin məsləhətlərinə qülaq asmamaq, barlara getmək, ata-ana qarşısında heç bir məsuliyyət daşımamaq, hərəkətləri barədə onlara hesabat verməmək və s. sayılır. Göründüyü kimi, bu, əslində avropasayağı həyat deyil, bizim yuxarıda adını çəkdiyimiz qüvvələrin cəmiyyət üçün arzuladıqları həyatdır, sadəcə, bizə o həyatın adını bu cür sırıyırlar.

Ona görə də hesab edirik ki, ölkədə gəncləri milli-mənəvi dəyərlərə kökləmək, İslam dini ilə "silahlanması" və ailə institunun daha da möhkəmləndirilməsinə yönəltmək qarşıda duran ən vacib məsələdir. Bunu bizə gerizəkalılıq kimi irad tutanlar isə bir müddətdən sonra bizimlə olacaq. Çünki bəşəriyyətin bundan başqa yolu yoxdur.

Akif Nəsirli

0.10165905952454