İsraf...

Ona nəfsin tərbiyəsi yasaq qoyar

 İsrafçılıqdan qurtulmağı arzu edən insan övladı onu həqiqətən də ürəkdən istəməlidir. Yoxsa sözdə israfçılıqdan ağızdolusu danışaraq, əməldə tam onun əksini edənlərin israfçılığa rəvac verməsi bu bəlanın kökünü kəsməyəcək.

Ona bəla deyirəm, çünki israfçılıq doğrudan da bəladır. Bəlaların çoxu elə israfçılıqdan başlayır, əslində. Misal üçün, bu yaxınlaradək gündəmin əsas mövzusuna çevrilən məmur övladlarının lüks yaşam tərzinin sonda hansı bəlalara gətirdiyinin şahidləri də elə hamımızıq. Yaxud, millət vəkili adlanaraq, seçicisini ilk gündən unudan, yalnız var-dövlət, pul-para toplamağa, ticarət mərkəzləri, müxtəlif təyinatlı obyektlər qurmağa başı qarışanların aqibətini də gördük. Yüksək vəzifəyə sadə xalqa yuxarıdan baxmaq üçün təyin olunduğunu düşünənlərin aşağıya doğru enişi də göz qabağında baş verən olaylardır...

Qəribədir, hakimiyyətin yuxarı eşalonundakıların israfçılıqla hardan-hara gəldiyi mərhələli şəkildə baş verir və bu proses nədənsə, insanların daha çox marağında olur. Bu mərəzin hamını yoluxdurduğunu isə çoxları başa düşmür, elə bilirlər israfçılıq təkcə var-dövləti başından aşan, imkanlı, meşşan həyat tərzi sürən qismə məxsusdur. Lakin hər təbəqənin də öz israfçılıq həddi var ki, onun adı da bəzək-düzəksiz, sadəcə, israf etməkdir. Necə deyərlər, israfçılıq məsələsi müxtəlif təbəqələrdə cürbəcür formada təzahür edir.

Dünyanın bütün naz-nemətinə, rəngarəng həyat tərzinə adi baxanlarla, öz miyanə imkanları daxilində yaşamağı israfçılıqdan kənar hesab edənlərin hansısa ciddi fərqi yoxdur. Hər iki təbəqə özünü israfsız həyat tərzi keçirən kəs hesab edir. Onlar üçün insan övladı üçün lazım olub-olmayanların qədərindən ziyadə çoxluğu israfçılıq deyil. Təminatlı insanların adi baxdığı məsələləri ondan aşağı təminatlının israfçılıq adlandırması, birincilərin nəzərində, naxoş səslənsə də, “pişik” və “ət” misallıdır. Adi, sadə təminatlı insanların isə kənar rəyi, “qonşu-qonşuya baxar, özünü oda yaxar” misalını özünə əsas həyat devizi seçməsi də arzuolunmaz vəziyyətlə sona yetər. O qədər olub ki, pul qazanmaq şansı yaranan şəxsin onu vacib, lazımlı istiqamətə yönəltmək əvəzinə, xoşagəlməz vərdişlərə, lazımsız, əlavə xərclərə meyllənməsi, bir sözlə, bərəkəti israf etməsi, son məqamda yoxsulluğa qapı açıb.

Bərəkət demişkən, nə qədər danışılıb-yazılsa, müzakirə açılıb, rəy sorğusu keçirilsə, bir sözlə, hərtərəfli təbliğat aparılsa da, süfrənin bəzəyi olan çörəyin israf edilməsini yığıb-yığışdıra bilmirik. Hələ də məişət tullantıları qutularının böyür-başında, qapağının üstündə qoyulan, qulpundan asılan çörək torbaları insanlığa göz dağıdır. Qurumuş, köhnəlmiş, artıq alındığından israf edilmiş, məhz tullantı qabının yanında yer almış bərəkət!

Adında bərəkət mənasını ehtiva edən bu neməti tullantı qutularıyla yanaşı tutduğumuz üçün süfrəmizin bərəkəti qaçıb bəlkə?..

Onu da qeyd edim ki, çörəyin israfçılığında əhaliylə bərabər, mağazaların, marketlərin də günahı az deyil. Çünki, elə marketlər var ki, tanınmış brendin çörəyini elə obyektin daxili sexində istehsal edir və satışa buraxır. Fəaliyyət göstərdiyi ərazinin əhali kontingentini düzgün hesablamayan və ticarət menecmentliyindən xəbərsiz olan belə marketlərin istahsal etdiyi çörək, un, şirniyyat məhsulları piştaxtalarda qalır və köhnəlir.

Müşahidələrimizə və rəyini soruşduğumuz insanlara görə, çörək və digər un məhsullarının istehsalı əslində, böyük çeşiddə olmamalıdır. Ən azından, aparılan dietoloji və s. təbliğata görə, hazırda çörəyə tələbat elə də çox deyil. Un məhsulları isə daha çox konkret təyinatı üzrə fəaliyyət göstərən mağazalardan alındığı üçün, supermarketlərdə belə məmulatlar satılan bölmələrə tələbat cüzidir. Ona görə də sözügedən ərzaq məhsulları demək olar ki, piştaxtaların alınmayan, qalıb köhnələn, geri qayıdan gündəlik məhsulları sırasında olur. Daha böyük anlamda isə, israf edilən məhsullara çevrilir.

... Kimi pis vərdişlərlə, tənbəlliklə, günahlarla vaxtını israf edir.

Kimisi milli, dini mənəviyyata zidd əməllərlə əxlaqi dəyərləri israf edir.

Biri israfçılıq edir - mədəsi dolsa da, gözü doymadığından.

Biri öləndə yalnız boyu bərabəri torpağa qoyulacağını bilə-bilə, yaşadığı müddətdə hektarlarla torpaq sahələri alaraq, başqalarını bir komaya həsrət qoyaraq israfçılıq edir.

Digəri qonşusu, qohumu bir loxma çörəyə, bir tikə ətə, tək libasa möhtackən, ağlasığmaz qiymətə aldığı it-pişiyini dünyanın naz-nemətiylə yemləməklə, bütöv bir mənzili yalnız qarderoba istifadə etməklə israfçılığa rəvac verir.

Başqa birisi, yəni harının biri dünyanın hər rəngini yaşamaqdan doyaraq, “görmədiyim daha nə qaldı” sualıyla intiharı seçərək israfçılığa son möhürünü vurur...

Bəli, israfçılıq dünyada adı olan nə varsa, hamısında yaşanır. O, təkcə, yas və toy məclislərində olmur, həyatın bütün mərhələsində, yaşamın əksər məsələsində israfçılığa yol verilir. Kin necə bacardı, elə israfçılıq edir, xırda israfçılıqlardan başlayan addımların sürəti isə elə bir marafona start verir ki, onu dayandırmaq artıq mümkünsüzə çevrilir.

Yuxarıda qeyd etdiyim və müəyyən səbəblərdən deyə bilmədiyim məsələlərin əziyyətini çəkməmək də mümkündür, əslində. Hərə öz növbəsində israfçılıqdan çəkinsə, hamının küçəsində toy-bayram olar. Bunu bacarmayanlara, yəni adətinə xilaf çıxmayıb israfçılıq edənlərə həll variantı da təklif edə bilərik. Bu fikir isə mənə məxsus deyil, ideyanın müəllifi hörmət bəslədiyim bir şəxsdir ki, bugünlərdə təmtəraqlı bir toy məclisindən qayıdandan sonra yorğun şəkildə yalnız bu sözləri deyə bildi: “O toyda masada qalaqlananları, keyfiyyət mənasında sabaha qalmayanları kaş imkansız ailələrə, uşaq evlərinə, qocalar evinə aparaydılar”...

Təklif, çox istərdik ki, şadlıq sarayı rəhbərlərinin marağına səbəb olsun. Hər halda, belə savab və xoş niyyətlər toy menyusunun qalıqlarının sonrakı toylarda dövriyyəsi marağına üstün gələrsə...

Beləcə, yazıya son vermək məcburiyyətindəyəm, bu mövzuda uzun-uzadı danışmağa söhbət və misallar çox olsa da. Məcburiyyətin səbəbi də kənar-bucaqda deyil, bugünkü mövzunun mahiyyətindədir. Ki, ona əməl edək ki, həddini aşmayanlardan olaq...

 Nigar Orucova 

0.11827397346497