Rusiya qarşısında öhdəliyi olan mərhum nazirin oğlu DTX-da yüksək posta necə təyin olunub?

Fevralın 5-də 46 saylı Şirvan seçki dairəsindən namizədliyi qeydə alınmış Rəşad Camalovun deputatlığa namizədliyinin ləğvi ilə skandala səbəb ola biləcək məqam üzə çıxdı.
Mərkəzi Seçki Komissiyası səbəb kimi Rəşad Camalovun ikili vətəndaşlığı olması göstərilib. Namizədliyini dekabrın 21- də təqdim etmiş R.Camalov sənədlərində ikili vətəndaşlığının olmadığını və başqa dövlət qarşısında öhdəliklərinin olmadığını bəyan edib. Onun namizədliyi 30 dekabr 2019- cı ildə qeydə alınıb. MSK tərəfindən araşdırmalar aparılıb.
Məlum olub ki, Rəşad Yavər oğlu Camalov həm də Rusiya vətəndaşıdır. Rusiya Federal Vergi Xidmətindən verilən məlumatda Camalov Rusiyada vergi ödəyicisi kimi qeydə alınıb. Mərkəzi Seçki Komissiyası Dairə Seçki Komissiyasının qərarını ləğv edib və dairə tərəfindən ona verilən namizədlik vəsiqəsi etibarsız hesab edilib. 
Bundan sonra məlum olub ki, ikili vətəndaşlığa görə deputatlığa namizədliyi ləğv edilmiş R.Camalovun 46 saylı Şirvan Seçki Dairəsi üzrə qeydə alınanların siyahısında əsas iş və xidmət yeri, vəzifəsi Dövlət Təhlükəsizlik Xidməti (DTX) göstərilib.  
Criminal.az araşdırıb ki, R.Camalov Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq Antiterror Təlim Mərkəzinin (DTX BATM) rəisidir. DTX-nın rəsmi saytında da onun həmin vəzifədə olmasını təsdiqləyən məlumat da yer alıb. Hətta R.Camalov 2019-cu il iyunun 11-də Qax şəhərində keçirilən "Xarici xüsusi xidmət orqanlarının ölkəmizdə həyata keçirdiyi pozuculuq fəaliyyəti” və "Terrorçuluqla mübarizədə gələcək nəslin maarifləndirilməsi” mövzularında elmi-praktik konfransda çıxış da edib.
 
 Rəşad Camalov həmin tədbirdə çıxış edərkən 

Onun hazırda həmin vəzifədə işləyib-işləməməsinə münasibət öyrənmək mümkün olmadı. DTX-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Arif Babayev Criminal.az-a bildirdi ki, bununla bağlı ya R.Camalovun özünə, ya da MSK-ya müraciət edin.
Sabiq təhlükəsizlik zabiti, "Şərq Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Criminal.az-a açıqlamasında bildirdi ki, bu gün dövlət təhlükəsizliyi orqanları ilə bağlı baş verən bütün anlaşılmazlıqların əsası xeyli əvvəl qoyulub. Onun sözlərinə görə, 2004-cü ildə DTX-nın sələfi olan MTN-nin rəhbərliyinin dəyişməsilə dövlət təhlükəsizlik orqanlarında işə qəbul şərtləri və kadrların seçilməsi üzrə kriteriyalar da dəyişdi:
"Bu da gözlənilən idi, çünki söhbət təkcə nazirin və ya nazirliyin rəhbərliyinin dəyişməsindən deyil, təhlükəsizlik orqanlarının özünün təyinatının və statusunun dəyişdirilməsindən gedirdi. Heydər Əliyevin dövründə möhkəmlənmiş, ayağa qalxmış MTN 2003-cü ildən sonra həmin güclü orqan keyfiyyətində artıq heç kimə lazım deyildi. Təkrar edirəm, heç kimə: nə hakimiyyətə, çünki ölkənin yeni rəhbərliyi bu orqanı daha çox özünü qorumaq üçün repressiv aparat kimi görmək istəyirdi; nə hakimiyyət bürokratiyasına, çünki korrupsiya və hər cür çirkli işlər içində boğulan, xarici dövlətlərlə şübhəli əlaqələrə malik olan bürokratiya MTN-ni özünə təhdid mənbəyi kimi görürdü; nə də xarici dövlətlərə, çünki onların Azərbaycanda kök atmaqda olan kəşfiyyatları bizim ölkəmizin təhlükəsizlik orqanlarını bu yolda onlar üçün ciddi maneə olacağını anlayırdı. Ona görə də MTN faktiki həm daxili, həm də xarici təhdidlər qarşısında təklənmiş duruma düşdü və həmin böyük güc qarşısında davam gətirə bilmədi.
 
"Niyə Eldar Mahmudov, Hilal Əsədov və digərləri hələ də azadlıqdadır?"
 
Dəfələrlə dediyim kimi, Eldar Mahmudovun və onun bandasının bu qurumun başına gətirilməsi xarici kəşfiyyatlar tərəfindən planlaşdırılmış addım idi və bundan sonra baş verənlər də dediyimi birmənalı təsdiq edir. MTN sıralarından peşəkar heyət kütləvi şəkildə kənarlaşdırılaraq polisdən qovulmuş, müəmmalı, bəzən isə açıq-aydın kriminal keçmişi olan şəxslərlə əvəzləndi, xarici kəşfiyyatlar kütləvi şəkildə bu orqana nüfuz edərək öz agentlərini yerləşdirməyə başladılar, xarici kəşfiyyatlarla mübarizə aparmalı olan MTN casus yuvasına və korrupsiya bataqlığına çevrildi. İş o yerə çatdı ki, bir sıra xarici kəşfiyyatlar onun daxilində sözün əsl mənasında agentura şəbəkəsı qurmağa, digərləri isə öz rəsmi əməkdaşları üçün MTN-nin binasında yerləşərək fəaliyyət göstərmək imkanları əldə elədi. Bu, Azərbaycanın hələ Sovet DTK-sı dövründən ənənəvi güclü məktəbə malik olmuş təhlükəsizlik orqanlarının və ümumilikdə dövlət təhlükəsizlik sisteminin iflası idi". 
Ərəstun Oruclu 
 
"Təəssüflə deməliyəm ki, bu iflas baş verdi və o zaman bunun qarşısını almaq hələ mümkün idisə, bu gün artıq onun nəticələrini də aradan qaldırmaq zəruridir ki, bu da böyük güc, resurslar, uzun zaman və ən başlıcası da siyasi iradə tələb edir. Amma təəssüf ki, nə həmin güc var, nə resurslar, nə vaxt, nə də ki, siyasi iradə. Azərbaycanın həm siyasi idarəetmə, həm iqtisadi, həm də təhlükəsizlik sistemləri dərin böhran içindədir. Odur ki, bu fonda hansısa bir ölkənin vətəndaşı olan şəxsin DTX-da və ya ondan əvvəl MTN-də işə götürülməsi 2003-cü ildən bəri baş verən metamarfozun çox xırda bir detalıdır. Törədilmiş minlərlə cinayətlərinə baxmayaraq, keçmiş MTN rəhbərləri bu gün də cəzasız qalmaqdadılar. Niyə? Çox sadə səbəbdən, çünki onlar xarici və daxili sifarişçilərin iradəsini həyata keçiriblər və buna görə də himayə olunmaqdadılar.
Şübhəsiz, onların belə etibarlı qorumnasına əllərində olan minlərlə ifşaedici materialların da təsiri var, amma bu, ikinci dərəcəlidir. Odur ki, hansısa MTN və ya DTX əməkdaşının ikili vətəndaşlığa malik olması məncə gündəm ola biləcək qədər ciddi məsələ deyil və MTN rəhbərliyinin kütləvi qanun pozuntularını və cinayətlərini, o cümlədən də dövlətə xəyanətini kölgədə qoymamalıdır. Əgər təhlükəsizlik orqanları haqda danışırıqsa, ilk və mərkəzi sual bu olmalıdır: niyə Eldar Mahmudov, Hilal Əsədov və digərləri hələ də azadlıqdadır? Qalan bütün suallar ikinci, üçüncü və bəlkə də yüzüncü dərəcəlidir".
 
Mənbə Criminal.az

 

1.7838079929352