“Çox qəribə mənzərə yaranıb” - Azərbaycanda kredit kartları ilə bağlı nələr baş verir?

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2019-cu ildə ölkədə əmək haqqı kartlarının sayı 276 min ədəd artıb, kredit kartlarının sayı isə 63 min ədəd azalıb. Əgər əmək haqqı kartlarındakı artım iş adamlarının kölgədən çıxması və işçilərinin maaşlarını rəsmiləşdirməyə başlaması ilə izah oluna bilərsə, o zaman kredit kartlarının sayının azalması sual doğurur.

Bəs banklarda əhali əmanətlərinin və istehlak kreditlərinin sayının artması fonunda kredit kartlarının sayının azalmasının səbəbi nədir? Bu azalma hansı problemlər yarada bilər?

Suallarımıza cavab tapmaq üçün iqtisadçı ekspert Natiq Cəfərli ilə əlaqə saxladıq. O, “Yeni Sabah.az”a açıqlamasında bildirib ki, azalma valyuta depozitlərində müşahidə edilir və bu azalmaya əsas səbəb kredit kartlarının ləğv edilməsi, dövriyyədən çıxarılması olub:

“Əslində Mərkəzi Bankın özünün bununla bağlı bir analizi olmalı idi. Banklardan aldığı məlumatlar əsasında bu analizi etsəydi, ona uyğun da müəyyən fikirlərin bildirilməsi mümkün olardı. Təəssüf ki, Mərkəzi Bankın açıqlamasında ancaq rəqəmsal olaraq göstərilir. Bunun səbəbləri ilə bağlı isə analizi görmürük, lakin bu vacib məsələdir. Çünki banklardan alınan məlumatların toplanması problemin çözümü üçün əsas məlumat bazası təşkil edir. 

Mənim ehtimallarıma görə, Azərbaycanda bank sektorunda və manat depozitlərində ciddi azalma yoxdur. Yeganə azalma valyuta depozitlərində olub. Valyuta depozitlərinə bağlı olan kredit kartlarının ləğv edilməsi, dövriyyədən çıxarılması müəyyən azalmaya səbəb olub. Çünki valyuta kreditlərinin faizi kifayət qədər aşağı salınıb. Valyuta depozitlərində illik ortalama 1,5 və 2 faiz civarındadır. Bu da vətəndaşlara sərf eləmir. Yəni, 10 min dollarlıq depozitə ildə cəmi 150-180 dollar almaq insanlara sərf etmir və bu riskə getmək istəmirlər. Çox zaman bunun alternativi olaraq, yatırım mənbələri axtarırlar. 

Heç də təsadüfi deyil ki, bu dövr ərzində azərbaycanlıların Türkiyə və Gürcüstandan daşınmaz əmlak alışı artıb. Ola bilər ki, ölkəmizdəki depozitlərin bir qismi qonşu ölkələrdə daşınmaz əmlak bazarına yatırılır. Çünki orada gəlirlilik yüksəkdir. Həm Gürcüstanda, həm də Türkiyədə daşınmaz əmlakın gəlirliliyi illik olaraq təxminən, 6 və 8 faiz arası dəyişir. Bu depozitdən daha sərfəlidir. Yəni, yeganə ehtimal valyuta depozitlərinin azalması və buna bağlı olan kredit kartlarının dövriyyədən çıxması ola bilər”.

N.Cəfərli azalmanın çox da ciddi şəkil almadığını söyləyib. Eyni zamanda, o, onlayn alış-verişdəki problemlərdən danışıb:

“Hələ ki azalma o dərəcədə faciəvi, böyük deyil. Böyük problemlərin yaşanacağını düşünmürəm. Ümumiyyətlə, Azərbaycanda onlayn alış-verişin artması ilə bağlı problemlər var. Bu problemlərin həlli üçün kifayət qədər iş görülməlidir. Əslində, əmək haqları və təqaüd kartlarının da ödəniş vasitəsi kimi təbliğ olunmasına ehtiyyac var. 

Azərbaycanda çox qəribə mənzərə yaranır. Təqaüdün verildiyi bankomatların qarşısında növbələr olur. İnsanlar pulunu nəğdləşdirir, daha sonra o pulla nələrsə alırılar. Halbuki həmin kartla da ödəniş etmək mümkündür. Yəni, bu sahədə ciddi problemlər var. Nəğdsiz ödənişlərin artımı, onların təşviqi, onların daha geniş yayılması üçün həm Mərkəzi Bank, həm hökumət kifayət qədər zəif davranır. Bunun azalması da ölkə iqtisadiyyatına ciddi təsir göstərir”.

Məsələ ilə bağlı saytımıza danışan Qadir İbrahimli isə bildirib ki, kredit bazarlarında durğunluq yaşanır və insanların kredit resurslarına maraq səviyyəsində eniş müşhidə edilir:

“Ümumiyyətlə, kredit bazarında durğunluq yaşanıb. 2015-ci il devalvasiyasından sonra insanların kredit resurslarına marağı azalıb. İkinci bir tərəfdən, əhalinin alıcılıq qabiliyyəti də məhdudlaşıb. Belə olan halda kredit bazarı təbii ki, normal inkişaf edə bilməz. İstehlak kreditləri kəskin azalıb. Çox güman ki, bu vəziyyət yaxın zamanlarda da davam edəcək. Problemlər daha çox banklara aiddir. Kreditə etimadın yaranması lazımdır. Bu da vaxt tələb edən bir şeydir. Müəyyən problemlər var. Məsələn, insanlarda alıcılıq qabiliyyəti zəifləyib. Bunların aradan qaldırılması üçün zamana ehtiyyac var”.

1.3727958202362